Şərqi titrədən və Qərbi heyran qoyan filosof

Onu böyük alman mütəfəkkiri İmmanuel Kantla bərabər tuturlar. Amma əminliklə deyə bilərik ki, o, Kantı nə az - nə çox, düz altı yüz il qabaqlamışdır. Dünya fəlsəfəsini işığa qərq edən dahi filosof Şihabəddin Əbülfutuh Yəhya Həbəş oğlu Sührəverdi tarixçi V.A.Qordlevskinin də yazdığı kimi, mənşəcə Azərbaycan türklərindəndir. 1154-cü ildə Zəncan mahalının Sührəverd qəsəbəsində doğulmuşdur. İşraqilik (yəni nurlandırma) fəlsəfəsinin yaradıcısıdır. Bundan əlavə, günümüzədək gəlib çatmış "İmam Sührəverdinin divanı" ("Divan imam əs-Suhravardi") adlı ərəbcə şeirlər toplusunun müəllifidir.
İlk təhsilini Azərbaycanın qədim şəhəri Marağada həmin dövrün məşhur filosof və İslam fiqh bilicisi Cim Məcdəddindən alan Şihabəddin sonradan elmini İsfahanda Zahir Farisinin şagirdi olmaqla davam etdirmişdir. Lakin belə bir deyim var ki, çox zaman şagird, ustadını elmdə üstələyir. Əslində, bu, belə də olmalıdır. Çünki zaman dəyişdikcə, yeni düşüncələr də yaranır və inkişaf edir. Şihabəddin nəinki müəllimlərinin bütün bildiklərinə yiyələndi, hətta elmin zirvəsinə çatmaqla onları xeyli üstələdi. Amma Şihabəddinin gənc ömründə qazandığı bilikləri, yaratdığı yeni fəlsəfəni onun heç bir şagirdi təkrar edə bilmədi. Daha doğrusu, yalnız təkrar etdi, ondan yüksəyə ucala bilmədi. Bununla da Şihabəddin tarixə ən uca məqam sahibi olan filosoflardan biri kimi düşdü.
Böyük Azərbaycan mütəfəkkiri azadfikirliliyinə, yüksək fəlsəfi ideyalarına görə Şərq ölkələrində tanınmış, geniş şöhrət tapmışdır. O, elmi-fəlsəfi görüşlərini Yaxın Şərq ölkələrində, əsasən Kiçik Asiyada yaya bilmişdir. Bu barədə onun şagirdi olmuş Şəmsəddin Şəhrəzuri yazır: "Allah ruhunu təqdis eləmiş (Şihabəddin Sührəverdi nəzərdə tutulur A.T.) çoxlu ölkələr gəzib dolaşmış, elmlərdə özünə həmfikir tapmağa güclü cəhd göstərmişdir." O, Səlcuq hökmdarı Qılıc Arslanın rəğbətini qazanmış, onun övladları olan Süleyman, Börküyarıq və Məlikşaha müəllimlik etmişdir. Bir sıra mənbələr Şihabəddin Sührəverdinin sufilərlə əlaqəsini bildirir və onun səyahət etdiyi yerlərdə sufi alimləri ilə görüşdüyü, onlarla fikir mübadiləsi apardığı da qeyd edilir. Onun yaradıcılığından danışarkən, ilk növbədə, işraqilik fəlsəfəsinə həsr olunmuş " Həyakilən-nur " (Həya heykəlləri və ya nur), "Hikmət əl-işraq" (Nurlandırma fəlsəfəsi) əsərlərini qeyd etmək olar. Bunlardan başqa, sufizmə, məntiqə, metafizikaya dair qiymətli əsərlərindən "Ət-Təlvihat" (Qeydlər), "Ruzi ba cəmaete sufiyan" (Bir gün sufilərlə), "Lüğəte muran" (Qarışqaların dili) və başqa əsərlərinin adını çəkmək mümkündür. Onun əsərlərinin və əsərlərinə yazılmış şərhlərin əlyazma nüsxələri dünyanın bir sıra fondlarını və kitabxanalarını bəzəyir.Yazdığı əlli iki əsərinin on üçü peripatetizm, on beşi sufizm, səkkizi işraqilik və on altısı digər müxtəlif mövzulara həsr olunub. Sührəverdinin fəlsəfi irsinin yayılmasında görkəmli fransız şərqşünası A.Korbinin xidmətləri danılmazdır. Daha sonra O.Spis, Hilmi Ziya, Orhan Hancerlioğlu, Azərbaycandan Z.Məmmədov, A.Rzayev, R.Mirhəşimli və digər alim və tədqiqatçılar da onun əsərlərinin xüsusilə "İşıq heykəlləri" traktatını nəşr etdirmiş və şərhlər yazmışlar.
İşraqilik fəlsəfi cərəyanı öz ideya məzmununu Sührəverdinin "İşıq haqqında", "İşraq hikməti" və "İşığa dair traktat" adlı əsərlərindən götürmüşdür. Bu traktatın əsas məzmunu varlıq təlimidir. Bu təlimdə bütün varlığın vahid işıqdan yaranması və bu işığın, eyni zamanda, həqiqəti, bərabərliyi, dürüstlüyü ifadə etməsi göstərilirdi. O, dünyəvi prosesin işığın qələbəsi ilə tamamlanacağına inanırdı. Onun əsərlərində Aristotelə və Platona istinad açıq-aydın hiss edilir və o, bu filosofların görüşlərini müdafiə edirdi. Sührəverdidə zərdüşdülüyün təsiri özünü göstərmişdir. Bütün mövcud olanların işıq və kölgələrdən ibarət olduğunu bildirən işraqilik, əslində, nurla qaranlığı ifadə edir və bu iki ayrılmaz məfhumu başlanğıcların əsası kimi qəbul edirdi. O yazır: " İşıq hər bir şölədən hərəkət kimi meydana çıxır və hər bir hərəkət sonrakı şölə üçün hazırlanır. Bununla da şölələrin növbələşməsi hərəkətin növbələşməsi ilə şölələnmələrlə davam edir". Qurani-Kərimin Nur surəsində deyilir: "Allah göylərin və yerin nurudur...İstədiyi kimsəni öz nuruna qovuşdurar..." (35-ci ayə). Bu və digər bu qəbildən olan surə və ayələri nəzərdən keçirsək görərik ki, İslamda nur fenomeni xüsusi əhəmiyyət daşıyır, bu, istər ağılda, istərsə də Kainatda özünü büruzə verir. Bu baxımdan böyük filosofun nur təlimi Yaradanın ideyaları ilə nəinki ziddiyyət təşkil edir, hətta onlarla tamamilə üst-üstə düşür. Sadəcə, metafizik təməldən çıxış etməklə bu fikirlər yeni bir fəlsəfi anlayış ortaya qoyur ki, bu da ilahi biliklərlə onun dərki üsulları arasında yalnız körpü yaratmaqdan ibarətdir.Yəni burada məntiqə riayət edilməsi vacibdir.
Məşhur türk filosofu Hilmi Ziya Ülkən Sührəvərdiyə istinadən yazır: "Sührəverdi Əflatun (Platon) kimi ideyaların xaricdə mövcud olduğunu qəbul edərək, əşyanı kölgəgədən ibarət görməmişdir. Onda ideyalar və əşya "nur" və "zülmət" ilə ifadə edilmişdir. Nur ilə zülmət arasında varlıq fərqi deyil, ancaq dərəcə fərqi vardır." Bir sözlə, böyük filosof təkcə nuru, ideyanı və ya qaranlığı, materiyanı yox, onların ikisini də varlığın forması kimi görürdü. Bu, bir nadir sintez idi ki, elmi dillə desək, Aristotel və Platon fəlsəfəsinin də birləşdirilməsi idi. Hərçənd ki, o, öz əsərlərində daha çox Platonu üstün tuturdu. Necə ki, M.Q.Hodqson yazırdı: "Sührəverdi Aristotel sisteminin "forma"larını Platon düşüncəsindəki "ideya"larla əlaqələndirirdi. Platon və Aristotel eyni bir fikri fərqli perspektivdə görməkdə idi. Bununla da Sührəverdi idrak problemini ifrat idealist və ifrat materialist mövqelərdən daha rasional bir zəminə gətirmiş oldu."
İslam fəlsəfəsinin yaradıcılarından sayılan dahi mütəffəkir İbn-Ərəbi ilə Sührəverdinin fikirləri arasında oxşarlıqlar mövcuddur. Dahi təsəvvüf bilicisi İbn-Ərəbi də öz sistemini qurarkən Sührəverdinin nəzəriyyələrindən, xüsusilə "nur" kəlməsindən geniş istifadə etmiş, ondan müəyyən dərəcədə bəhrələnmişdir. Onun vəhdəti-vücud fəlsəfəsi ilə Sührəverdinin işraqilik fəlsəfəsi arasında müəyyən bağlı nöqtələr olmuş və hər ikisi Allahın vahidliyindən, ona ucalmaq, onu dərk etmək üçün vücud və nur prinsipindən bəhrələnməyi əsas götürmüşlər.
Alimlər böyük alman filosofu İmanuel Kantın inqilabi fəlsəfi tezisləri ilə də Sührəverdinin işraqilik prinsiplərinin oxşarlığını iddia edirlər. Sinkretik fəlsəfi təlim Avropaya Kantla tanıdılsa da, əslində, ondan altı əsr əvvəl Şərqdə bu təlimin ilk rüşeymləri Sührəverdi ilə atılmışdır. Bu sinkretizmi şərtləndirən əsas amil mənəvi və maddi, təfəkkür və təbiət qütbləşməsindən Allah-insan- təbiət üçlüyünün daxili münasibətlər sisteminə keçididir. Kant fəlsəfəsinin əsas subyekti idrak nəzəriyyəsidir. Bu nəzəriyyə fəlsəfədə "Kopernik çevrilişi" hesab olunur. Lakin Şihabəddinin əsərləri ilə, xüsusilə işraqilik fəlsəfəsi ilə tanış olsaq görərik ki, bu nəzəriyyənin bir çox detalları XII əsrdə yaşamış böyük mütəffəkirimizin irsində irəli sürülmüşdür.
Şihabəddin Sührəverdi irsini araşdıran alimlərimizdən professor Zakir Məmmədov Şihabəddini Şərqin Eynəlqüzzat Miyanəçi və İbn-Rüşt kimi görkəmli filosoflarla bir cərgəyə qoyur. Bundan əlavə, İran filosofu Seyid Nəsr özünün "Üç müsəlman mütəffəkiri" adlı kitabında Sührəverdinin görüşlərini dünya elminin korifeyləri sayılan İbn-Sina və İbn- Ərəbinin dünyagörüşləri ilə yanaşı incələyərək yazır: "Sührəverdi və İbn əl-Ərəbinin yorulmadan göstərdikləri cəhdlər nəticəsində müsəlmanların durğunluqla keçən həyatı yeni, intellektual məzmunla zənginləşdi və zənginlik Səfəvilər dövründə öz zirvəsinə çatdı." Alimin yazdığından aydın olur ki, Səfəvilər öz "Səfəviyyə" təriqətinin, qızılbaşçılıq ideologiyasının prinsiplərini qurarkən Sührəverdi irsindən bəhrələnmiş, alimin fikir və mülahizələrindən istifadə etmişlər.
Fransız alimi A.Korbendə öz növbəsində filosof haqqında maraqlı fikirlər bildirərək yazır: "Sührəverdi, eyni zamanda, yalnız sufi və həkim olmaqla qalmamış, həmçinin həqiqi fəlsəfənin mahiyyətinə varmış bir insan olmuşdur. Bir filosof kimi o, həm nəzəri biliklərlə, həm də mənəvi bəsirətlə silahlanmışdı."
Göründüyü kimi, barəsində yüksək fikirlər bildirilmiş, əsərləri alimlərin tədqiqat mövzusuna çevrilmiş, fikirlərinə şərhlər və haşiyələr yazılmış böyük Azərbaycan mütəffəkiri Şihabəddin Sührəverdi ölümündən səkkiz yüz il keçməsinə baxmayaraq, dünyanı düşündürməkdə davam edir. Təəssüflər olsun ki, böyük filosof o dövrün naşı alimlərinin, qaraguruhçu ruhanilərin təhriki ilə "dindən dönük" iddiası ilə 1191-ci ildə Sultan Səlahəddin Eyyubinin əmri ilə Hələb hakimi əl-Məlik-əz -Zahir tərəfindən qətlə yetirilmişdir. Şərq fəlsəfəsi tarixində "pərişan filosof" (əl-feyləsuf əl-məqtul) və yaxud "öldürülmüş" (əl-məktul) adı ilə xatırlanmışdır.

{nl}

Anar TURAN, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında