Şriftin ölçüsü:
22.08.2012 10:11 | Oxunma sayı: 850
Avqustun 18-də Bakıda Xaricdə Təhsil Alan və Məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) X Beynəlxalq Yay Forumu keçirilmişdir.
44 ölkədən 500-dək azərbaycanlı gəncin iştirak etdiyi forumun məqsədi xarici ölkələrdə təhsil alan gənclərin şəbəkələşmə prosesini gücləndirmək, azərbaycançılıq məfkurəsi ətrafında birləşərək Azərbaycan həqiqətlərinin xaricdə təbliğinin daha səmərəli təşkilində, informasiya mübadiləsində gənclərimizə kömək etməkdir.
Forumda əvvəlcə ASAİF-in yaranma tarixindən bəhs edən film təqdim olunmuşdur.
ASAİF-in sabiq sədri Orxan Əkbərov təşkilatın ikiillik fəaliyyəti ilə bağlı hesabat məruzəsi ilə çıxış etmişdir. O.Ələkbərov diqqətə çatdırmışdır ki, forumda ilk dəfə olaraq 44-dən çox ölkədə təhsil alan azərbaycanlı gənclər iştirak edirlər. ASAİF-in xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclərin təşkilatı olduğunu vurğulayan sabiq sədr son iki ildə bu istiqamətdə daha geniş işlərin aparıldığını bildirmişdir.
Sonra tədbirdə ASAİF-in mərkəzi nəzarət-təftiş komissiyasının ikiillik fəaliyyəti ilə bağlı hesabatı dinlənilmişdir.
Forumun keçirilməsini yüksək qiymətləndirən xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev ölkəmizdə gənclərə olan dövlət qayğısından danışmışdır.
Gənclərimizin xaricdə təhsil almasının Azərbaycan həqiqətlərinin dünyada təbliğ edilməsində çox böyük rol oynadığını vurğulayan H.Paşayev demişdir ki, elmin sürətlə inkişaf etdiyi hazırkı dövrdə Azərbaycan gəncləri onlara verilən imkanlardan səmərəli istifadə etməlidirlər. Təcrübə onu göstərir ki, bu gün Azərbaycan dünya ölkələrini təkcə enerji resursları ilə özünə cəlb etmir, eyni zamanda, ölkəmiz yüksək təhsili ilə də tanınır. H.Paşayev azərbaycanlı gənclərin xaricdə təhsil almaq üçün göndərilmələrini təqdirəlayiq hal kimi dəyərləndirmiş və bu işin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulamışdır.
Xaricdə oxumağın əhəmiyyətindən danışan rektor bildirmişdir ki, hazırda bu sahədə imkanlar daha da genişlənmişdir. Xaricdə təhsil alan gənclərin əsas vəzifəsi odur ki, dünyanın qabaqcıl ali məktəblərində biliklərə yiyələnərək həyatda layiqli yer tutsunlar və sonrakı fəaliyyətlərində Azərbaycan elmini, təhsilini yüksəklərə qaldırsınlar. ASAİF-in üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayan H.Paşayev bildirmişdir ki, gənclərimizin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində gördükləri işlər dövlətçiliyimizin daha da inkişaf etdirilməsinə böyük dəstəkdir.
Forumun əhəmiyyətindən danışan gənclər və idman nazirinin müavini İntiqam Babayev xaricdə və ölkəmizdə təhsil alan gənclərimizin bir araya gəlməsində belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulamışdır. ASAİF-in iki il ərzində gördüyü işləri yüksək dəyərləndirən İ.Babayev demişdir ki, təşkilatın hər bir üzvünün təhsil almaqla yanaşı, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması kimi vacib bir missiyası da vardır.
Təhsil nazirinin müavini Qulu Novruzov xaricdə təqaüdlə təhsil alanlarla yanaşı, öz hesablarına oxuyan azərbaycanlı gənclərin də olduğunu diqqətə çatdırmışdır. Q.Novruzov aparılan hesablamalara görə, xaricdə təhsil alan tələbələrimizin sayının 10 mindən artıq olduğunu demişdir. Bildirilmişdir ki, onların 1500-ü Təhsil Nazirliyinin idarə etdiyi təqaüd proqramları, dövlət proqramı və xarici ölkələrlə təhsil sahəsində imzalanan ikitərəfli müqavilələrin şərti ilə təhsil alanlardır. Bundan başqa, Rusiyada, Türkiyədə öz hesablarına təhsil alan tələbələrimiz də vardır.
Milli Məclisin deputatı Ceyhun Osmanlı ASAİF-in səmərəli fəaliyyətinə görə qurumun üzvlərini təbrik etmiş, bu cür forumların keçirilməsinin müsbət cəhətlərindən biri kimi müxtəlif ölkələrdə təhsil alan gənclərin bir araya gələrək yeni tanışlıq və yeni əlaqələrin qurulmasında mühüm rolunu qeyd etmişdir.
C.Osmanlı xaricdə təhsil alan gənclərlə bağlı bir çox qurumların yaradıldığını, lakin cəmiyyətimizdə ASAİF-ə rəqib heç bir təşkilatın olmadığını vurğulamışdır. O qeyd etmişdir ki, ASAİF müasirlik, elm, gənclik, diaspor təşkilatıdır.
Qeyd olunmuşdur ki, bu ilin oktyabrında ASAİF-in Vyana Forumu keçiriləcəkdir. Milli Məclisin deputatı gənclərimizin həmin forumda da fəal iştirak edəcəklərinə əminliyini bildirmişdir.
Milli Məclisin deputatı Asim Mollazadə, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı, TürkPA-nın baş katibi Ramil Həsənov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və başqaları da öz çıxışında forumun əhəmiyyətindən danışmış və tələbə gənclərə uğurlar arzulamışlar.
Sonra hesabat-seçki konfransının katiblik, mandat və mərkəzi nəzarət-təftiş komissiyalarının tərkibi müəyyənləşmişdir.
Təşkilatın X Bakı Forumunda növbəti iki il üçün ASAİF-in sədrliyinə namizədlərin çıxışları dinlənilmiş, səsvermə yolu ilə Ramin Həkimov qurumun yeni sədri seçilmişdir.
Forum "Azərbaycanlı gənclərin ölkədən kənarda lobbiçilik fəaliyyəti; Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasının yeni metodları" və "ASAİF-lə iki il! ASAİF şəbəkəsi, müsbət və mənfi tərəfləri, uğur və perspektivlər" mövzularında panel iclaslarında müzakirələrlə davam etdirilmişdir.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.