Parisdə keçirilən beynəlxalq konqresdə azərbaycanlı filosofun yeni kitabının təqdimatı olmuşdur

Avqustun 8-10-da Parisin Lüsenari Milli İncəsənət Teatr Mərkəzində "Kosmosun gücü və həyatın ontopoetik genezisi" mövzusunda 62-ci Beynəlxalq Fenomenologiya Konqresi keçirilmişdir.  
Dünya Fenomenologiya İnstitutu tərəfindən təşkil edilmiş konqresdə 23 ölkədən 100-ə yaxın tanınmış mütəxəssis iştirak etmişdir. Yığıncağın ilk günündə təşkilati məsələlərə baxılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü professor Səlahəddin Xəlilov konqresin rəyasət heyətinə və elmi-təşkilati şuraya üzv seçilmişdir.
Fəlsəfənin müxtəlif aspektləri ilə bağlı məruzələrin dinlənildiyi konqresin plenar iclasında Səlahəddin Xəlilov "Həyat fenomenologiyasında Şərq və Qərb düşüncə ənənələrinin vəhdəti" mövzusunda çıxış etmişdir. O, müasir Qərb fəlsəfəsinin inkişafı üçün yenidən Şərqə müraciət edilməsinin zəruriliyini əsaslandırmaqla yanaşı, şəxsi tədqiqatlarının bu vəhdətə əsaslanan nəticələrinin şərhini vermişdir.
Konqresin ilk iş günü keçirilən bölmə iclasında Azərbaycanın digər nümayəndəsi, fəlsəfə elmləri doktoru Könül Bünyadzadənin "Vəhdət əl-vücud və həyat loqosu: fəlsəfi komparativistika" mövzusunda məruzəsi dinlənilmişdir. İştirakçıların böyük marağına səbəb olan məruzədə təsəvvüf fəlsəfəsinin bir çox ideyalarının bu gün də aktual olduğu və Qərb fəlsəfəsinin əsas ideya mənbələrindən biri kimi çıxış etdiyi əsaslandırılmışdır.
Konqres çərçivəsində Səlahəddin Xəlilovun ingilis dilində "Həyat fenomenologiyası və ya ideyanın həyatı" kitabının təqdimatı olmuşdur. Azərbaycanda fenomenologiya sahəsində yazılmış bu ilk kitab həyat fenomenologiyasının banisi, görkəmli amerika filosofu Anna-Tereza Timineçkaya ithaf olunmuşdur. Əsərdə müasir Qərb fəlsəfi fikrinin mühüm cərəyanlarından biri olan fenomenologiyanın orta əsr islam fəlsəfi fikri ilə əlaqələri, Şərq və Qərb düşüncə tərzinin qovşağında açılan yeni fikir fəzasının metodoloji əsasları şərh olunmuşdur.
Təqdimatda Dünya Fenomenonlongıya İnstitutunun vitse-prezidenti, professor Daniela Verduççi çıxış edərək bildirmişdir ki, bu kitab həyat fenomenologiyasına əhəmiyyətli bir töhfədir. Əsər bir növ Şərq və Qərb fəlsəfəsi arasında körpü rolunu oynayır. Anna-Tereza Timineçkanın həyat fenomenologiyası Şərqin bir çox filosofları, o cümlədən, Sührəvərdi və Molla Sədranın görüşləri ilə müqayisə olunur. Bu kitab mədəniyyətlərarası dialoqun inkişafına da əhəmiyyətli töhfə olacaqdır.
Almaniyalı professor Detlev Quintern isə kitab haqqında demişdir: "Hesab edirəm ki, bu əsər Anna-Tereza Timineçkanın neçə onilliklər ərzində qoyduğu ənənənin davamıdır. Bizim institutun mədəniyyətlərarası dialoqa həsr olunmuş yeddi cildliyi çapdan çıxmışdır. Bu əsərin yazılması da mədəniyyətlərarası dialoqun inkişafı istiqamətində mühüm bir addımdır. Biz dialoqu məhz fəlsəfə səviyyəsində davam etdirməliyik. Şərq və İslam fəlsəfəsi yalnız Sührəvərdi və Molla Sədradan ibarət deyildir. Müəllifə minnətdarlığınmı bildirirəm və ümid edirəm ki, bu kitabla başlanmış ənənə daha geniş miqyasda davam etdiriləcəkdir.
Təqdimatın sonunda müəllif kitabın nüsxələrini imzası ilə oxuculara hədiyyə etmişdir .

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında