İmtahan cavablarının çıxmasına kimi onlar yaşıdlarından o qədər də fərqlənmirdilər. Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələrinin açıqlanmasından sonra onları göstərdikləri nəticəyə görə ictimaiyyət tanıdı və sevdi. Hər il olduğu kimi, bu il də ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə əldə edərək 700 bal toplayan abituriyentlər öz uğur və sevinclərini həm də jurnalistlər vasitəsi ilə yaşıdlarıyla bölüşdülər. Onlardan ikisi- IV ixtisas qrupu üzrə 700 bal toplayan Kamil Sərdarlı və Kamran Həmidov redaksiyamızın qonağı oldu və onlarla bu nailiyyətlərinin sirləri, gələcək planları barədə söhbət etdik.
Kamil və Kamran Bakıda fəaliyyət göstərən Türkiyə Diyanət Vəqfinin Bakı Türk liseyinin məzunu, həm də sinif yoldaşıdırlar. Kamil Sərdarlı ilk təhsilini Bakıda Atatürk liseyində, Kamran Həmidov isə Siyəzəndəki C.Cabbarlı adına orta məktəbdə alıb.
Onlar üçün tələbə adını qazanıb yüksək nəticə göstərmək gözlənilən olsa da, uğurlarını gərgin zəhmət və oxuduqları liseydəki ab-hava, müəllimlərinin diqqəti və savadı ilə izah edirlər.
Uşaqlıqdan həkim olmaq istədiyini deyən Kamil Sərdarlı bu yüksək nəticəni göstərdiyi üçün özünü xoşbəxt sayır. "Bunlar mənim üçün çox gözəl hisslərdir. Özümü xoşbəxt hiss edirəm. Təbii ki, mənim 700 bal toplamağımda oxuduğum məktəbin və eləcə də valideynlərimin rolu böyük olub. Onlar həmişə mənə dəstək veriblər. Bu baxımdan deyə bilərəm ki, valideynlərim hər zaman mənə güvəndiklərini deyirdilər. Bu da məni daha da ruhlandırırdı. Sevinirəm ki, ölkə üzrə ən yüksək nəticəni mən və mənim sinif yoldaşım Kamran göstərib. Biz tələbə adını qazanmaq üçün çox ciddi hazırlaşırdıq. Təvazökarlıqdan uzaq olsa da, deyə bilərəm ki, mən 700 bal toplayacağıma əmin idim,"-deyə həmsöhbətim Kamil Sərdarlı bildirir.
Kamran Həmidovun sözlərinə görə isə hər kəs uşaqlıqdan qarşısına bir məqsəd qoymalı, ona çatmaq üçün çalışmalıdır. Əks halda gələcəkdə cəmiyyətdə layiqli vətəndaş və mütəxəssis ola bilməzsən. "Həmişə düşünürdüm ki, yaxşı mütəxəssis olmaq istəyirəmsə, qarşıma məqsəd qoymalı və ona çatmaqda hər bir çətinliyə dözməliyəm. Onuncu sinifdə oxuyanda iki fəndən- kimya və biologiyadan hazırlığa gedirdim. On birinci sinifdə oxuyanda öz məktəbimizdə kurs təşkil olundu. Həmin kurslarda dörd fəndən hazırlaşdım. Riyaziyyatı isə əvvəldən yaxşı oxumuşdum deyə əlavə hazırlaşmadım. Ümumiyyətlə, aşağı siniflərdən bütün fənləri yaxşı oxumuşam,"-deyə Kamran Həmidov söhbət zamanı əlavə edir.
Gələcəyin tibb işçiləri, həkimləri ilə səmimi söhbətimiz ilk şad xəbəri necə eşitmələrindən düşür.
Kamran deyir ki, imtahandan çıxandan sonra test kitabçasındakı cavablarına müəllim baxanda razı qalıb. Yüksək nəticəni eşidən kimi isə valideynləri və özünün sevincinin həddi-hüdudu olmayıb. Kamil Sərdarlı isə şad xəbəri ilk olaraq qardaşından eşidib. " Yeddi yüz bal topladığımı qardaşım yoxlayıb dedi. Çox sevindim,"-deyə gülümsünür.
Bu gün təhsildə uğurların əldə edilməsində və bunun təməlində, sözsüz ki, sağlam müəllim-şagird münasibətləri xüsusi rol oynayır. Müəllimlərin təkcə yüksək intellekt və dünyagörüşünə sahib olması yox, onların şagirdlərə fərdi yanaşma metodu, eləcə də onlarda fənnə maraq və həvəs yaratması da əsas şərtlərdəndir. Həmsöhbətlərim bu baxımdan məzunu olduqları liseydə müəllim-şagird münasibətlərindən razı qaldıqlarını xüsusi vurğulayırlar.
"Məktəbdə biz bir ailəyik. Müəllimlər bizim təkcə təhsilimizə deyil, eyni zamanda, təlim-tərbiyəmizə də diqqət edirlər. Bizi narahat edən mövzular olanda dinləyib köməklərini əsirgəmirlər. Buna görə başda müdirimiz Kadir Bektaşoğlu başda olmaqla bütün müəllimlərimizə təşəkkür edirəm. Başqa məktəbdə oxusaydım, bəlkə də belə uğur qazana bilməzdim,"- deyə Kamran Həmidov əlavə edir.
Söhbət əsasında öyrənirəm ki, Türkiyə Diyanət Vəqfinin Bakı Türk Liseyini builki məzunlardan 16 nəfər qızıl, 7 nəfər gümüş medalla bitirib. Onların sinfində 15 nəfərdən 8 nəfəri qəbul imtahanında 665 baldan yuxarı nəticə göstərib.
Uğura gedən yolda çətinliklərin, eniş-yoxuşların olması təbiidir. Sözsüz ki, həmsöhbətlərim az da olsa, bu cür hadisələrlə qarşılaşıblar. Xüsusilə də Kamran: "Bakıda yataqxanada, sonra isə kirayədə yaşamışıq. Çətinliklərim olub. Xüsusilə də kitablarımı yeni evə daşımaq çətin olub. Məktəblə evimizin arası uzaq olduğundan yolda çox vaxt itirirdim. Dərslər saat 2-3-də qurtarırdı və təxminən 1-2 saata evə çatırdım, azca istirahət edirdim. Axşam saat 7-dən sonra dərs oxumağa başlayırdım, bəzən gecə saat 3-ə qədər dərs oxuyurdum. İyul ayı, demək olar ki, heç dərs oxumadım. Kompyuteri özümə qadağan etmişdim, televizora isə ancaq yemək yeyəndə baxırdım. Məqsədim yüksək bal toplamaq idi, ən azı 650-ni keçmək istəyirdim. Heç vaxt dərsi ikinci plana atmamışam. Hər zaman fikirləşirdim ki, birinci dərs oxuyum, sonra istirahət edərəm".
Abituriyentlər yüksək nəticəni tibb sahəsində göstərsələr də, hələ konkret ixtisas seçimi etməyiblər. Kamil müalicə işi fakültəsində oxumaq arzusundadır. Gələcəkdə o da böyük qardaşı kimi dövlət xətti ilə xaricdə təhsilini davam etdirməyi düşünür: " Qardaşım Cavanşir Türkiyənin Anadolu Universitetində jurnalistika üzrə təhsil alır. Mən də istəyərəm ki, Türkiyədə, ya da digər ölkədə oxuyum." Kamran Həmidovun da xaricdə təhsil almaq fikri var. Digər planı isə gələcəkdə tibb üzrə peşəkar elmi mütəxəssis olmaq, elm sahəsində tanınmaqdır.
Hələ ki, dərslərin başlanmasına bir ay var. Odur ki, Kamil və Kamran dincəlmək barədə düşünürlər. Boş vaxtlarını müxtəlif üsullarla səmərəli keçirməyə çalışırlar. "İstirahət üçün hələ planlarım yoxdur. Universitetdə dərslər başlayana qədər istirahət üçün yetərincə vaxtım olacaq. Biz Siyəzən rayonundanıq, yəqin istirahət üçün də ora gedərəm. Boş vaxtım olanda elmi sənədli verilişləri, eləcə də dini elmi proqramları izləyirəm."- Kamran bildirir.
Kamil isə boş vaxt olanda dostları ilə görüşür, eləcə də kompyuter arxasında vaxt keçirir.
" Biz də digər yaşıdlarımız kimiyik. Düzdür, bizə 700 bal topladığımıza görə çoxları heyranlıq və həsədlə, qeyri-adi adam kimi baxırlar. Hətta sizin redaksiyaya gələndə qapıda polis bizi görüb yanındakına "700 bal toplayan uşaqlardır"-dedi. Heç nə deməyib güldük. Bu uğur bizi və valideynlərimizi, müəllimlərimizi daha çox sevindirir. Amma unutmaq olmaz ki, hər bir gənc uğur qazana bilər. Yetər ki, istəsin və çalışsın,"-deyə Kamil Sərdarlı söhbət zamanı bildirdi.
Ən yüksək nəticə sahibləri olan gənclərin yaşıdlarına məsləhətləri də var. Onların fikrincə, tələbə olmaq arzusunda olan gənclər məqsədlərinə çatmaq üçün məsuliyyətli olmalı, vaxtlarını səmərəli bölməlidirlər.
Bu gün gənc və dinamik inkişafına görə seçilən Azərbaycanın gələcəyi yüksək savada, intellektə və dünyagörüşünə malik vətənpərvər gənclərin əlindədir. İnanırıq ki, Kamran və Kamil gələcəkdə bacarıqlı mütəxəssis olmaqla, insanlara şəfa verəcək, xalqın sağlamlığının keşiyində duracaqlar.
Bu işdə onlara uğurlar arzulayırıq!
{nl}
Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.