Milli coğrafiya elminin yorulmaz tədqiqatçısı

Görkəmli tədqiqatçı alim, fəal ictimai xadim, ölkəsini, xalqını, milli dövlətçiliyi ürəkdən sevən, həyatını coğrafiya elminin inkişafına sərf edən həmyerlimiz, AMEA-nın həqiqi üzvü Budaq Əbdüləli oğlu Budaqovun elmi yaradıcılığının 60 illiyi tamam olur. 
Minədək elmi, elmi-publisist, metodik, elmi kütləvi məqalənin, o cümlədən 40-dan çox monoqrafiyanın, 20 atlas və xəritənin, onadək ali və orta məktəb dərsliklərinin müəllifi olan Budaq Budaqov 1928-ci ildə Şərur rayonunun Xanlıqlar kəndində dünyaya göz açmışdır. Bir müddət sonra ailəsi Zəngibasara köçdüyü üçün orta məktəbi bu mahalımızda bitirmişdir. 40 yaşında coğrafiya elimləri doktoru, 41 yaşında professor adına layiq görülən Budaq Budaqov 48 yaşında Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Akademik çox qısa zamanda nəinki Azərbaycanın, bütün dünyanın elmi ictimaiyyəti tərəfindən tanınmış, coğrafiya elmi sahəsində özünəməxsus yer tutmuşdur.
Elmi yaradıcılığının 38-ci ilində, yəni 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilən professor Budaq Budaqovun elmi yaradıcılığı, Azərbaycan Respublikası ərazisinin, eləcə də Qafqaz və Orta Asiyanın geomorfologiyasının, landşaftının, yeni tektonikasının, paleocoğrafiyasının, ətraf mühitin qorunmasının problemləri kimi mühüm sahələrin araşdırılmasına, inkişafına həsr edilmişdir.
Budaq Budaqov 1952-1958-ci illərdə Qafqazın Şərq hissəsində apardığı elmi-tədqiqat işləri nəticəsində yeni buzlaq-moren çöküntüləri tapmış, keçmiş tədqiqatçıların bu sahədə apardıqları tədqiqatların nəticələrinin bir çoxunun yanlış olduğunu isbat etmişdir. Görkəmli alim Qafqazda qədim buzlaşmaların sayını dəqiqləşdirmiş, mövcud olmuş qədim buzlaşmaların tutduğu ərazilərin real sərhədini elmi əsaslarla müəyyən etməklə dünya coğrafiyasında öz sözünü demişdir.
Akademik, eyni zamanda, palçıq vulkanlarının landşaftının differensiyasını müəyyənləşdirmək məqsədi ilə onların intensiv yayıldığı rayonların landşaftının öyrənilməsində və palçıq vulkanlarının Böyük Qafqazın cənub yamacında relyefin mənfi 28 metrlə 1500 metr arasında yüksəklik diopozonlarını əhatə etməklə, dağ-cəmən, dağ-meşə, dağ-çöl, quru-çöl və yarımsəhra landşaftları daxilində yayılmasını müəyyən etmişdir.
1957-ci ildə Budaq Budaqovun coğrafiya elmi baxımından çox əhəmiyyətli bir əsəri- "Cənub-Şərqi Qafqazın şimal yamacının geomorfologiyası" kitabı çap olunmuş və burada Azərbaycan geomorfologiyasının bir sıra problemli məsələlərinin həllinə aid təkliflər irəli sürülmüşdür. Respublika ərazisində aparılan intensiv geomorfoloji tədqiqatlar o dövrdə keçmiş sovet respublikaları arasında ilk dəfə olaraq "Azərbaycan SSR-nin geomorfoloji xəritəsi"nin tərtibi və M.Müseyibov, N.Şirvaninin də müəllifləri olan "Azərbaycanın geomorfologiyası" monoqrafiyasının nəşri ilə ümumiləşdirilmişdir.
"Azərbaycanın geomorfologiyası" əsərinin aparıcı müəlliflərindən biri olan Budaq Budaqov əsərdə Azərbaycan relyefinin genetik tiplərinin regionlar üzrə təhlilini, relyefin tektonika ilə əlaqəsi, relyef əmələ gətirən proseslərin, geomorfologiyanın tətbiqi məsələlərini vermişdir. Azərbaycan Respublikasının ərazisini kompleks şəkildə öyrənmək məqsədiylə 1958-ci ildə 1:200 000 miqyasında geomorfoloji xəritənin tərtibi planlaşdırıldı. Bu məsuliyyətli və ağır işin öhdəsindən görkəmli alim uğurla gəldi və işi 1965-ci ildə başa çatdırdı. Buna paralel olaraq, 1961-ci ildə müəllifin "Cənub-Şərqi Qafqazın relyefi və yeni tektonik hərəkətləri", 1969-cu ildə isə "Böyük Qafqazın cənub yamacının geomorfologiyası" adlı əsərləri çapdan çıxmışdır.
Budaq Budaqovun "Cənub Şərqi Qafqazın geomorfologiyası və yeni tektonik hərəkətlər" (1973) adlı monoqrafik əsəri yüksək qiymətləndirilərək o dövrdə əhəmiyyətli elmi qurum olan SSRİ Coğrafiya Cəmiyyətinin N.A.Prijevalski adına qızıl medalına layiq görülmüşdür. Akademik bu əsərdə Alp-Orogen qurşağında yerləşən Karpat, Krım, Qafqaz və Kopetdağ dağ sistemlərini geomorfoloji və yeni tektonik hərəkətləri baxımından müqayisə edərək bir sıra qanunauyğunluqlar müəyyən etmişdir. Hörmətli alimin dili ilə desək, "Cənub-Şərqi Qafqazın relyefi və yeni tektonik hərəkətləri " adlı monoqrafiya öz məzmununa görə dar çərçivədən çıxaraq elmi baxımdan daha geniş məzmun aldığından mütəxəsislər bu əsəri yüksək qiymətləndirmışlər.
1977-ci ildə yaradılmış "Aerokosmik metodların Coğrafiyaya tətbiqi" laboratoriyasının materialları əsasında akademikin rəhbərliyi ilə Böyük Qafqazın Şərq hissəsinin və Kiçik Qafqazın Azərbaycan hissəsinin morfostrukturları tədqiq edilmişdir. Azərbaycan geomorfoloqlarının xüsusi nailiyyətləri kimi respublika ərazisində geniş inkişaf etmiş, xalq təsərrüfatına ziyan vuran sellərin və sürüşmə zonalarının tədqiqini qeyd etmək lazımdır. Bu tədqiqatlarda Budaq Budaqovun özünəməxsus dəsti-xətti var.
Görkəmli alimin 1967-ci ildən başlayaraq Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunun landşaftşünaslıq şöbəsinin müdiri vəzifəsində işlədiyi dövr ərzində Azərbaycan Respublikasının, onun ayrı-ayrı regionlarının, o cümlədən Cənubi Qafqazın landşaft xəritələri və bir neçə monoqrafik əsərləri dərc edilmişdir. Belə ki, Azərbaycan Respublikasının çap edilmiş ilk landşaft xəritəsinin nəşri Budaq Budaqovun adı ilə bağlıdır. O, relyefin morfostruktur quruluşundan asılı olaraq landşaftın differensasiyasını, yüksəklik üzrə landşaft tiplərinin dəyişməsini və respublika lantşaftının üfüqi istiqamətdə strukturunu tədqiq etmiş, professor Müseyib Müseyibovla birgə respublikanın fiziki coğrafi landşaft rayonlaşmasını aparmış, həmçinin ilk dəfə olaraq yeni tektonik hərəkətlərin ölkə ərazisinin landşaftının formalaşmasına təsirini müəyyənləşdirmişdir. Beləliklə də 1985-ci ildə tədqiqatların bəhrəsi olaraq " Cənub-Şərqi Qafqaz landşaftının yeni tektonika ilə əlaqədar formalaşması və inkişafı" əsəri çapdan çıxmış olur.
Tanınmış alimin paleocoğrafiya sahəsində də böyük xidmətləri olmuşdur. O, Azərbaycanın ayrı-ayrı bölgələrində mezazoy və kaynazoy erasının müxtəlif dövrlərində mövcud olmuş ümumi paleocoğrafi vəziyyəti əks etdirən xəritələrin tərtibində böyük əmək sərf etmişdir. Eyni zamanda, Azərbaycan təbiətinin qorunması sahəsində də qiymətli araşdırmalar aparmışdır. Onun "Təbiəti qoruyaq", "Dözümlü dözümsüz təbiət" kitabları və onlarla məqaləsi ətraf mühitin qorunmasına həsr edilib.
Budaq Budaqovun təşəbbüsü və rəhbərliyi ilə 1973-cü ildə Birinci respublika toponomika konfransı keçirilmişdir. Türk toponimlərinin tədqiqinə təkan verən bu hadisə toponomika sahəsində tədqiqat aparan müəllifləri əlaqəli işləməyə sövq etdi. 1994-cü ildə toponomika elminə məhəbbət onun "Türk uluslarının yer yaddaşı" adlı əsərini meydana gətirir. Coğrafi adların tədqiqi ilə bağlı müəllifin yüzə yaxın məqaləsi çap olunur. Türk dünyası toponimlərinin öyrənilməsi sayəsində B.Budaqovun Q.Ə.Qeybullayevlə birlikdə tərtib etdiyi 425 səhifəlik "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti" adlı əsəri çap edilir. Lüğətdə verilmiş toponomlərdən aydın olur ki, Ermənistan ərazisində erməni adı əsasında yaranmış coğrafi ad yox dərəcəsindədir.
Akademikin səmərəli elmi və elmi-təşkilati fəaliyyəti, yüksək insani keyfiyyətləri, elmi kadrların yetişdirilməsində səmimi, qayğıkeş münasibəti, hər bir məsələdə obyektivliyi, Vətənə sonsuz məhəbbəti onu elm aləmində ucaltmış, xalqının dərin hörmətini və məhəbbətini qazandırmışdır. Bu gün onun akademik, elmlər doktoru səviyyəsinə qalxmış yetirmələrinin səsi Rusiya, Türkiyə, İran, Özbəkistan və digər dövlətlərdən gəlməkdədir.

{nl}

Elnarə SEYİDOVA, Etiqad BEKTAŞİ, Naxçıvan Dövlət Universitetinin Coğrafiya kafedrasının əməkdaşları

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında