Maarifçilik və demokratiya carçısı

Xalqımızın yetirdiyi ən böyük tarixi şəxsiyyətlərdən biri olan Mirzə Fətəli Axundzadə öz həyat amalını belə ifadə etmişdir: "Mən istəyirəm ki, xalqımın qəlbində qeyrət, namus, ədalət, bərabərlik toxumu əkilsin. Xalqın içərisində olan nifaq və ədavətin birlik və səmimiyyətə çevrilməsini, zəlillik, yoxsulluq və düşmənçiliyin aradan qaldırılmasını arzu edirəm."

{nl}

Yaşadığı mürəkkəb və ziddiyyətli mühitin bütün reallıqlarını dərk edən Mirzə Fətəli maddi-mənəvi cəhətdən əzilən, hüquqları tapdalanan, hər addımda təhqir olunan geniş xalq kütlələrinin zəruri oyanışını, öz insan haqları uğrunda mübarizə yolunu - ilk növbədə savadlanmaqda, təhsil almaqda, elmlərə yiyələnməkdə, dünyada baş verən ictimai-siyasi, sosial-iqtisadi, mədəni-mənəvi proseslərdən baş açmaqda, nəhayət, bu köklü dəyişikliklərdən əməli surətdə faydalanmaqda görurdü.
Şərq xalqlarının qədim tarixinə, zamanın sınaqlarından çıxmış ənənələrinə, zəngin mədəni sərvətlərinə, özünəməxsus inkişaf xüsusiyyətlərinə yaxşı bələd olan Mirzə Fətəli böyük inamla yazmışdı: "Deməliyəm ki, mənim xalqımın fitri istedadı ümum Avropa xalqlarının fitri istedadından əskik deyil, qat-qat artıqdır." Onun fikrincə, bu fitri istedaddan bacarıqla faydalanaraq "hər şeydən əvvəl bilik, bundan sonra azadlıq, azadlıqdan sonra isə var-dövlət" əldə etmək lazımdır. "Gəlin əl-ələ verək, xalqın xoşbəxtliyi barəsində düşünək!" amalı ilə yaşayan mütəfəkkir "əhalisi yoxsul, yolları xarab, kəndləri viranə" olan məmləkətdə, pozulmuş "ədaləti yerinə yetirmək və zülmü aradan qaldırmaq üçün millətin özü bəsirət və elm sahibi olmalı, ittifaq və yekdillik əsaslarını əldə etməli, sonra zalım haqqında: "səltənət və hökumət busatından əl çək!" - hökmünü verməlidir.
Özünü "bəşər dostu" adlandıran Mirzə Fətəli, təkcə Şərq xalqlarının, yaxud müsəlman dünyasının maraq və mənafeyini deyil, bütün insanların taleyinə cavabdeh kimi çıxış yolunu belə müəyyənləşdirmişdi: "Bəşəriyyətin xoşbəxtlik və səadəti o vaxt mümkün olacaqdır ki, istər Asiyada, istərsə də Avropada insan əqli əbədi zindandan tamamilə xilas edilib, əməl və fikirlərində rəvayət deyil, yalnız insan əqli sənəd və sübut hesab edilsin."
Cəmiyyət üzvləri öz düşüncə və fikirlərində sərbəst olmalıdırlar ideyasını irəli sürən müəllif hakim dairələrə xatırlatmağı zəruri saymışdır ki, qorxu əsasında yaradılmış bir tabelik heç zaman etibarlı ola bilməz. Canlılar aləmində insanı daima "tərəqqi tələb edən bir varlıq" kimi dəyərləndirən Mirzə Fətəli qeyd edirdi ki, cəmiyyətdə "fikir azadlığı olmadan, tərəqqi mümkün ola bilməz".
Ölkəsinin və xalqının "sərvət, qüdrət sahibi olmasını" arzulayan müəllif, bunun üçün "indi insanlara elm lazımdır, mədəniyyət lazımdır" ideyasını irəli sürür və göstərirdi: "Bütün dünyaya məlumdur ki, Avropa xalqları elmlərin, biliklərin, sənət və hünərin inkişafında bütün yer üzünün xalqlarından irəlidə gedirlər." Doğrudan da, "elə ki xalq tərəqqi yoluna qədəm qoydu, elə ki elm geniş yayıldı, elə ki xalq xarüqələrin, möcüzələrin və kəramətlərin imkan xaricində şeylər olduğundan xəbərdar olub dini əqidələrin əfsanə olduğunu başa düşərək, bu puç əqidələri bütün xalqların arasından qaldırdı və mədəniyyət dairəsinə daxil oldu, o zaman.... xalq cəhalətdən, hərc-mərclikdən xilas olduğu kimi, despotun zülmündən də azad olar."
Deməli, "bütün işlərin əsası bilikdir və bilik isə əlifbanın asan olub-olmamasından asılıdır" məntiqi nəticəsinə çıxış nöqtəsi kimi istinad edən M.F.Axundzadə bu istiqamətdəki səylərinin uğursuzluğundan çox məyus olsa da, dönməz bir mövqe tutaraq yazmışdı: "Ola bilsin ki, deyəcəksiniz: Mirzə Fətəli, bütün bunlar soyuq dəmiri döymək kimi bir işdir. Bəli, bunu mən özüm də başa düşürəm. Lakin yenə də yazıram və nə qədər ki, sağam, yazmaqda davam edəcəyəm ki, əlifbanı dəyişdirmək fikri bütün xalq arasında yayılmış olsun."
Mirzə Fətəlinin ictimai-siyasi, iqtisadi-sosial, mədəni-mənəvi düşüncələrində və çoxcəhətli ədəbi yaradıcılığında əks olunmuş liberallıq (ədalətli hakim); radikallıq (çevrilişə çağırış); ateizm (dini cəhalətə, xürafata münasibət); əlifba islahatı (savadsızlığın ləğvi, elm-təhsilin inkişaf zəruriliyi) ideyalarının bir-birindən təcrid olunmuş şəkildə təhlili, yaxın keçmişdə müşahidə etiyimiz kimi, yanlış münasibət doğurmuşdur ki, bu da nəhəng, lakin ziddiyyətli dahi şəxsiyyətin mənəvi aləmini tam xarakterizə edə bilməz. Fikrimizcə, Şərqdə və Azərbaycanda maarifçiliyin, milli özünüdərkin, demokratik oyanışın, zəruri dəyişikliklərin aparılması ideyalarının banisi sayılan Mirzə Fətəlinin tarixi rolu - konkret zaman-məkan reallığında, məqsəd, habelə ona çatmaq yolları müstəvisində obyektiv surətdə təhlil olunub qiymətləndirildiyi halda, onun ictimai-mədəni tariximizdəki misilsiz xidmətləri aydın olar.
Tarixi xidmət isə təkcə nə etməklə deyil, ilk növbədə insanın özündən əvvəlkilərə nisbətən yeni nələr etdiyi meyarları ilə ölçüldüyündən, "Fətəli zirvəsi" həqiqətən əlçatmaz bir ucalıqdır... Bu mənada ən etibarlı mənbə müəllifin acılı-şirinli düşüncələri, fikirləri və etiraflarıdır: "Mənim məqsədim islam xalqlarını sarsıdan cəhaləti aradan qaldırmaq, elmləri, sənətləri inkişaf etdirmək, xalqımızın azadlığı, rifahı və sərvətinin artması üçün ədalətə rəvac verməkdir."; "Bizim fikirlərimiz həyata keçirilərsə, vəziyyət daha yaxşı olacaqdır, despot hakimiyyəti əvəzində mötədil və azadlıq hakimiyyəti qurulacaqdır, hünərsizlərin bazarı kəsad olacaqdır, hər kəs öz bacarığı və biliyinə görə vəzifə sahibi olacaqdır."; "Xalqın mənafeyi, ölkə və Vətənimizin abadlığı onu tələb edir ki, xalqla dövlət arasında birlik və mehribanlıq yaransın"; "İslam dini ancaq o zaman yaşayıb davam edə bilər ki, insanlar dinin mahiyyətini şüur və mərifət əsasında anlamış olsunlar."; "Mən din və dövlət düşməni deyiləm. Mən xalqı sevən, canını bu yolda qurban verməyə hazır olan bir insanam. Bəlkə mənim bu əndazədə vətənpərvərliyimdən dinə qarşı düşmənçilik mənası çıxarmaq olar. Lakin bu məna mənim düşmənlərimin düşündüyü qədər dərin deyildir. Siz bilirsiniz ki, mən müsəlmançılıqda nə qədər möhkəm və inamlıyam. Mən heç bir dini dünyada islam dinindən üstün bilmirəm."; "Bu dünya fanidir! Dünyada yaşamağın yeganə mənası yaxşı ad qazanmaqdır ki, o da xeyir əməllərin sayəsində əldə edilə bilər."
Eyni zamanda, yaşadığı mühitin, hakim dairələrin, ətrafındakıların onu başa düşmədiklərindən, geniş xalq kütlələrinin isə cəmiyyətdə dəyişikliklər aparılmasına hələ hazır olmadıqlarını məyusluqla qeyd edən müəllif ürək ağrısı ilə yazırdı: "Allaha and olsun, hər zaman ki, həmvətənlərimiz və həmməzhəblərimizin vəziyyətini və onların cəhalətdə qalmasını xatırlayıram, təəssüf atəşinin tüstüsü qəlbimdən beynimə vurur. Bu vəziyyətin və cəhalətin səbəbi elmsizlik və savadsızlıqdır."; "Böyük bədbəxtlikdir ki, insan belə bir millətin içərisində yoxluq aləmindən varlıq aləminə qədəm qoysun və haqqı anlasın, ancaq öz həmvətənlərinə onu anlada bilməsin və bu dünyadan qüssə və həsrətlə getsin"; "Biz... tərəqqi və səadət istəyirik. Onlar isə bizim kafir olmağımıza hökm verir və bizə lənət yağdırırlar".
Ani ildırım çaxmasını və dolmuş buludların yağışını xatırladan bu təbii insan hisslərinin bədbin çalarları, zəmanəsinin ictimai-iqtisadi ədalətsizliklərinə qarşı etiraz şikayətləri, dahilərə məxsus kədərli düşüncələri, məyusluq anları, mütəfəkkir Mirzə Fətəlinin bir şəxsiyyət kimi həyat məqsədi saydığı - maarifçilik, azadlıq, demokratik dəyişikliklər, əlifba islahatı kimi işıqlı ideyalarından yaşadığı cəmiyyətdəki cəhalət və xürafata, savadsızlıq və geriliyə yönəldilmiş mübarizə yolundan sonadək yayındıra bilməmişdir... Onun "mən o həriflərdən deyiləm ki, düşmən qarşısında diz çöküb onların əmrinə tabe olum... Nə qədər ki sağam, qələmimlə vuruşacağam..." qətiyyəti buna sübut olub, əsl vətəndaşlıq-kişilik-insansevərlik mövqeyinin danılmaz təsdiqidir.
Bu sarsılmaz inamın və uzaqgörənliyinin ifadəsi kimi o tam əminliklə yazmışdı: "Bir zaman gələcəkdir ki, bizim arzularımız xəyaldan həqiqətə çevriləcəkdir... Bizim adımız həmişə tarixdə qalacaq və övladlarımız tərəfindən hörmətlə, iftixarla yad ediləcəkdir".
Dahilər yanılmırlar, onların fikir sürəti öz dövrlərinin ləng axarını xeyli qabaqladığından, mütərəqqi ideyalarının, oyanış çağırışlarının müəyyən bir "zamana ehtiyacı" olsa da, "hər şeyin axıb-dəyişdiyi" dünyada həmin dəyərlər tədricən başa düşülərək dərk olunur və hökmən həyata keçirilir.
Son 200 ildə çar Rusiyası və bolşevik rejiminin əsarətində olmuş Azərbaycanın uzun mübarizə sayəsində Şərqdə ilk parlamentli demokratik dövlət qurması, habelə onun xarici zorakı işğalçılıq nəticəsində süqutu; nəhayət, 70 ildən sonra müstəqilliyimizin yenidən bərpası dövründə qazanılmış ciddi sosial-iqtisadi uğurlar, ölkəmizin Qafqaz regionunun liderinə çevrilməsi, müasir dünyanın iqtisadi inteqrasiya proseslərində fəal iştirakı xalqımıza böyük sələflərinin, o cümlədən Mirzə Fətəlinin ruhu ilə qürurlanmaq haqqı verir.

{nl}

Qüdrət ƏBDÜLSƏLİMZADƏ, iqtisad elmləri doktoru, professor

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında