Bütövlük

Əgər bir insan ömrü şərəflə, qürurla, ləyaqətlə yaşanıbsa, geriyə boylanmağın qorxusu yoxdur. Azərbaycan jurnalistikasının nüfuzlu ağsaqallarından olan Telman Heydərovun memuar səpgili "Geriyə boylananda..." kitabını oxuduqdan sonra bir daha əmin oldum ki, müəllif, həqiqətən də, Tanrının bəxş etdiyi ömür payını ləyaqətlə yaşayıb.
Əslində, Telman müəllimin bu yaxınlarda "Elm və Təhsil" nəşriyyatında nəfis tərtibatla çapdan çıxan bu kitabı təkcə müəllifin ömür salnaməsi deyil, XX əsr mətbuat tariximizin ən sanballı mətbu orqanlarından biri olan keçmiş "Kommunist"in - bugünkü "Xaq qəzeti"nin də XX əsrin 60-cı illərindən bu günümüzədək keçdiyi yola işıq salan bir əsərdir. Telman müəllim nə az, nə çox, yarım əsrdən artıq müddətdə düz səkkiz baş redaktorla çiyin-çiyinə işləyib, qəzetin əsas yükünü çəkənlərdən biri olub.
Kitabın redaktoru İlham Abbasovun "Ağsaqqal ləyaqəti" başlıqlı ön sözündə qeyd edildiyi kimi, Telman Heydərov həyatda nadir halda rast gəlinən şəxsiyyətlərdəndir ki, bütün ömrü boyu eyni müəssisədə işləmişdir. O, 53 ildir ki, eyni qəzetin əməkdaşıdır. Telman müəllim ömrü boyu davranışı, oturuşu, duruşu, iş prinsipi ilə ətrafındakılara örnək olub.
Onunla bir yerdə işləyənlər yaxşı bilirlər ki, ləyaqət anlayışı onun əsas meyarıdır. "Geriyə boylananda..." kitabında da bu prinsipin onun həyat amalının qırmızı xətti olduğu aydın görünür. Digər cizgilər - ədalətli olmaq, düzlük, səhvini etiraf etməyi bacarmaq, ailəyə sədaqət, böyüyə hörmət, kiçiklərə qayğı Telman müəllimin əsas portret cizgilərindəndir ki, bütün bunlar kitabı oxuduqca göz önündə canlanır.
Telman müəllimin ömür kitabı birnəfəsə oxunur. Elə təəssürat yaranır ki, sanki müəllif bu kitabı heç fasilə vermədən, biroturuma yazıb. Kitabın ustad qələmindən çıxdığı onun hər cümləsindən duyulur. Təsadüfi deyil ki, "Xalq qəzeti"nin keçmiş redaktor müavinlərindən biri, böyük həyat yolu keçmiş Cahangir Əliyev özündən yaşca kiçik olan Telman müəllimə "Usdad" deyə müraciət edərdi. Cahangir müəllim bu ifadəni Telman müəllimin öz peşəsinin ustası olduğu və bu peşənin incəliklərini gənclərə sevə-sevə öyrətdiyi üçün söyləyirdi.
Doğma Çarxana kəndində kitabxana müdiri işləyə-işləyə, Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində qiyabi oxuyan Telman Heydərovun məqalələri "Azərbaycan gəncləri", "Sovet kəndi", "Kommunist" qəzetlərində, "Kirpi" jurnalında dərc olunurdu. Mərkəzi qəzetlərin birində işləmək niyyəti ilə 1960-cı ildə Telman Heydərov Bakıya gəlir. Üçüncü kursda oxuyarkən o dövrdə respublikanın ən nüfuzlu mətbu orqanı olan "Kommunist" qəzetində oxucu vəzifəsinə işə düzəlir. Həmin vaxt nüfuzu ilə respublikada sayılıb-seçilən ziyalılardan İsrafil Nəzərov qəzetin redaktoru idi. Telman Heydərov universiteti bitirən ili Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun aspiranturasına daxil olur. Lakin onun aspiranturada təhsili yarımçıq qalır. İnstitutun iki şöbə müdiri arasındakı münaqişədə vasitə kimi istifadə edilməkdən boyun qaçıran gənc aspirantı "sındırmaq" mümkün olmur. Onun yerinə bir başqası olsaydı, yəqin ki, gələcək karyerası naminə deyilənlərə əməl edərdi. Kitabda müəllifin başına dəfələrlə bu cür hadisələrin gəldiyinin, lakin hər dəfə Telman müəllimin həyat sınağından ləyaqətlə çıxdığının şahidi oluruq.
Ağababa Rzayevin "Kommunist"in baş redaktoru olduğu dövrdə Telman müəllim təbliğat-təşviqat şöbəsində ədəbi işçi vəzifəsindən şöbə müdiri vəzifəsinədək ciddi sınaqlarla dolu bir yol keçir. Telman Heydərov kitabda hər bir redaktorla işlədiyi dövrün ab-havası, məsul işçilərin kimliyi, onların xarakteri haqqında kifayət qədər obyektiv və dolğun məlumat verir. Bu məlumatlar mətbuat tarixi mütəxəssisləri üçün qiymətli xammal kimi əvəzsizdir.
Telman Heydərov öz memuarında dəfələrlə geriyə boylanaraq, öz xeyirxahı Ağababa Rzayevi dönə-dönə yad edir, onun ruhuna dualar oxuyur. Hələ körpə ikən yıxılaraq belindən xəsarət alan böyük oğlu Pərvizin müalicəsi üçün Ağababa Rzayevin necə böyük alicənablıqla köməkliklər etdiyini, hər gün onun səhhəti ilə maraqlandığını yazır. Telman müəllim, eyni zamanda, Ağababa Rzayevin dövründəki iş metodunun indi də bəzi qəzetlər üçün faydalı ola biləcəyini vurğulayır. O dövrdə cəmisi dörd səhifə həcmində çıxan qəzetdə rəsmi materiallarla yanaşı, həyatın bütün sahələrini əhatə edən yazılar dərc edilir, üstəlik, elmi-nəzəri məqalələrə də yer ayrılırdı. Həmin dövrdə müəlliflər şurası deyilən məsləhətçilər qrupu mövcud olmuşdu ki, müəyyən elm sahələri üzrə yazıları onlar oxuyur və dərc olunub-olunmaması barədə tövsiyələrini bildirirdilər.
Kitabı oxuyarkən Telman müəllimin fenomen yaddaşa malik olduğunu dərk edirsən. Müəllif özü etiraf edir ki, heç vaxt gündəlik yazmamışdır, qələmə aldıqları da onun "yaddaşında ilişib qalanlardır". Telman müəllim otuz-qırx il əvvəl olmuş bir hadisəni və yaxud hansısa rayonun hansısa kəndində ezamiyyətdə olduğu zaman kimlərlə görüşdüyünü, hansı mövzuda söhbət etdiklərini, hansı faktların üzə çıxarıldığını elə incəliklərinə qədər nəql edir ki, onun yaddaşına həsəd aparmaya bilmirsən. Telman müəllim yazır: filan tarixdə, filan mövzuda, filankəslərin iştirakı ilə redaksiyada dəyirmi masa keçirildi. Yaxud, filan alimin, filan tarixdə, filan mövzuda dərc olunan məqaləsinə kimlər necə reaksiya verdilər. Əlli il müddətində olub-keçənləri zərgər dəqiqliyi ilə, qəzetlərin qovluqlarını vərəqləmədən yenidən yaddaşda canlandırmaq hər qələm sahibinin hünəri deyil.
20 Yanvar faciəsindən sonra nəşriyyatın "Kommunist" adlı qəzeti çap etməməsi redaksiya kollektivinin ümumi yığıncağında qəzetin "Xalq qəzeti" adı ilə çap olunması barədə qərarına səbəb olmuşdu. Lakin vəziyyət normallaşmamış, əksinə, daha da ağırlaşmışdı. "Xalq qəzeti"nin çapının dayandırlılmasından sonra ailəsinin necə ağır maddi çətinliklə üzləşdiyini Telman müəllim kədərlə təsvir edir. Həmin müddətdə ona başqa bir qəzetdə redaktor müavini vəzifəsi təklif edilsə də, Telman müəllim 40 ildən artıq işlədiyi doğma qəzetindən ayrılmaq istəməmişdi.
1994-cü ilin avqustun 25-də Ümummilli lider Heydər Əliyevin ilk nömrəsinin çapdan çıxmasının 75 illiyi münasibətilə "Xalq qəzeti"nin kollektivinə ünvanlandığı təbrik məktubunda bu qəzeti bütün sovet dövründə Azərbaycanın ictimai-siyasi və mədəni həyatının güzgüsü adlandırması onun şan-şöhrətini özünə qaytardı. Bir müddət sonra "Xalq qəzeti" yenidən ölkənin ən nüfuzlu qəzetlərindən birinə çevrildi. Telman müəllim yenidən siyasət şöbəsinin rəhbəri oldu. 1998-ci ildə şöbənin tərkibində yüksək əməkhaqqı verilmək şərtilə analitik qrup yaradıldı. Mən özüm Telman müəllimin rəhbərliyi altında həmin qrupun tərkibində altı ildən artıq çalışdım. Hər gün Telman müəllim baş redaktorun yanında keçirilən planlaşmadan qayıtdıqdan sonra yazılması nəzərdə tutulan mövzuları qrup üzvləri arasında hər bir əməkdaşın mövzuya bələdolma səviyyəsini nəzərə alaraq bölüşdürürdü. Telman müəllimin özü də hər gün müəyyən mövzu üzərində işləyir, üstəlik, şöbə əməkdaşlarının hamısının yazdıqları məqalələri redaktə edir, sonra redaktor müavininə göndərirdi. Həmin proses bu gün də davam edir və Telman müəllimdə olan enerjiyə və işgüzarlığa heyran qalırıq.
Telman müəllimin böyüklüyü bir də ondadır ki, o, həyatında buraxdığı səhvləri etiraf etməyi və üzr istəməyi bacarır. O, sovetlər dönəmində günün tələbinə uyğun olaraq "Kommunist"in səhifələrində ateizm mövzusunda yazılar təşkil etdiyinə görə, hətta oruc tutmağın ziyanı haqqında qonşusunun adından məqalə hazırladığı üçün bu gün Ulu Tanrıdan bağışlanmağını diləyir.
Azərbaycan muğamlarının heyranı olan Telman müəllim xüsusən Alim Qasımovun pərəstişkarıdır. Rəsul Rza və Bəxtiyar Vahabzadə poeziyası onun ruhunu oxşayır.
O şəxslər xoşbəxtdir ki, onunla ünsiyyətdə olanlar, vaxtilə onunla bir yerdə işləyənlər, çörək kəsənlər onu müntəzəm olaraq axtarıb arayır, hal-əhval tuturlar. Bu mənada Telman müəllim xoşbəxtdir və bunu özü də təsdiqləyir.
Kitabı oxuyub qurtarandan sonra öz-özünə deyirsən ki, kaş bütün ziyalılarımıza Telman Heydərova qismət olan ləyaqətli ömür qismət olaydı. Kaş bütün ziyalılarımız Telman Heydərov kimi cəsarətlə geriyə boylana biləydilər...

{nl}

Nazim MUSTAFA

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında