Azərbaycanlı şair Türkiyədən mükafatla qayıtdı

Bu yaxınlarda Türkiyənin Bayburt şəhərində ənənəvi on səkkizinci Beynəlxalq Dədə Qorqud Mədəniyyət və Sənət Festivalı böyük bayram əhval-ruhiyyəsi ilə başa çatdı. Müxtəlif ölkələrdən 350-dən çox insanın iştirak etdiyi festivalda ölkəmizi şair-tərcüməçi Akif Əhmədgil və yazıçı Loğman Rəşidzadə təmsil edib.
Festival çərçivəsində şair Zihninin şərəfinə düzənlənən şeir müsabiqəsində Akif Əhmədgilin "Tapılmır Şuşada açılan güllər" şeiri maraq və coşğuyla qarşılanıb və mükafata layiq görülüb. Akif Əhmədgil festivalla bağlı bildirdi:
- Festival çox yüksək səviyyədə təşkil edilmişdi. Azərbaycanla yanaşı, Rumıniya, Gürcüstan, Kosovo, Sloveniya, Polşa, eləcə də Türkiyənin müxtəlif bölgələrindən sənət adamları iştirak edirdi. Biz festivala TÜRKSAV başqanı Yəhya Akenginin dəvəti ilə qatıldıq. Festival əsl şeir və sənət bayramı olmaqla, mədəniyyətlərin qovuşduğu bir tədbir idi. Azərbaycan musiqiçilərinin ifaları əcnəbi qonaqlarda müsbət ovqat yaratdı. Festival günlərində Ağsuda son dövrlər aparılan arxeoloji qazıntıları əks etdirən sərgi də nümayiş olundu. Bizi Bayburtun gəzməli və görməli məkanlarına da qonaq etdilər. Dədə Qorqudun Masat kəndindəki türbəsini, Bamsı Beyrəyin məzarını ziyarət etdik. Şair Zihninin adına düzənlənən şeir müsabiqəsi də maraqla keçdi. Şairlərdən ilk olaraq, mənə söz verdilər. Oxuduğum "Tapılmır Şuşada açılan güllər" şeiri maraqla qarşılandı. Bu şeirin yaranma tarixçəsi haqqında onu deyə bilərəm ki, Qarabağdan millət vəkili seçilən tələbəlik dostum Bəxtiyar Əliyevə xitabən yazmışam. Böyük şairimiz Səməd Vurğunun "Komsomol poeması"ndan "Bəxtiyar, məni də komsomola yaz" misrasından poetik fənd kimi istifadə etmişəm. Səmimi deyim ki, şeirə görə mükafat gözləmirdim. Məqsədim poeziyanın dili ilə insanları xəyalən də olsa, Qarabağa aparmaq idi.
Mükafatı Bayburt bələdiyyə başqanı Hacı Ali Polatın əlindən alan müəllif bu şeirdə özünəməxsus incə və lirik düşüncələrlə Qarabağ həsrətini obrazlaşdırır. Şuşadakı güllərin ətrini heç bir gülün vermədiyini bildirən müəllif Qarabağa aparan yollara baxır:
İndi hardan tapaq "Xarı Bülbülü",
Yazsaq da Bakının küçələrinə.
Versək də adını vermir ətrini,
Xəbər yollamışam neçələrinə
Tapılmır Şuşada açılan güllər.
Xatırladaq ki, hər il düzənlənən Dədə Qorqud mədəniyyət və sənət festivalında indiyədək bir çox yazar və şairlər - Anar, Elçin, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Məmməd İsmayıl, Abbas Abdulla kimi söz ustalarımız iştirak ediblər. Keçən il isə festivalda Azərbaycanı millət vəkili Qənirə Paşayeva və şair Elxan Zal təmsil etmişdi.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında