Gənclər bütün dövrlərdə gələcəyin aparıcı qüvvəsi, dövlətin və cəmiyyətin inkişafında müsbət rola malik potensial insan resursu hesab edilib. Bu gün qloballaşan dünyada gənclər həm də kapital resursu sayılır. Çünki gələcəyin dövlət işçisi, həkimi, mühəndisi və digər zəruri peşə sahibləri onlar arasından seçilir və təkmilləşir. Odur ki, dünyanın inkişaf etmiş ölkələrində təhsil sektoruna ayrılan maliyyə xüsusi önəm kəsb edir. Ölkəmizdə isə qəbul edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nda gənclərin təhsili ilə yanaşı, digər zəruri sahələrdə fəaliyyət imkanlarının artırılması ilə bağlı məsələlər də öz əksini tapıb.
Təhsilin inkişafına olan diqqətin nəticəsidir ki, ən yüksək bal toplayıb tələbə adını qazanan gənclər müxtəlif beynəlxalq təhsil proqramlarında iştirak edir, xaricdə təhsilini davam etdirir və Prezident təqaüdünə layiq görülür.
Məmmədli qardaşları bu təqaüdə layiq görülən və öz təhsilləri ilə nümunə olan gənclərdəndir. İntellekti, savadları ilə yanaşı, yüksək dünyagörüşü və milli duyğu və vətənpərvərlikləri ilə də seçilən Nicat və İlkin qardaşlarını bir çox oxşar cəhətlər birləşdirir. İkisinin də təhsili neft və qaz sahəsiylə bağlıdır, ikisi də yüksək balla Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olub və ikisi də buna görə Prezident təqaüdünə layiq görülüb. Sözsüz ki, bir ailədən iki övladın bu cür uğur və yüksək nailiyyət əldə etməsi təkcə valideynlərin uşaqlara verdiyi təlim-tərbiyədən deyil, dövlətin istedadlı və intellektual gənclərin daha yaxşı təhsil almaları üçün yaratdığı imkanlardan da asılıdır. Odur ki, qardaşların qazandığı uğurları, bu nailiyyətə aparan yolun sirlərini öyrənmək üçün onların ailəsiylə daha yaxından tanış olub, söhbətləşirəm. Yəqin ki, qardaşların bu uğuru necə qazandıqlarını bilmək böyük həyəcanla tələbə arzusunda olan abituryentlər üçün daha çox maraqlı olar.
Nicat və İlkin qardaşları ziyalı bir ailədə böyüyüb boya-başa çatıblar. Ataları Fəxrəddin Məmmədov və anaları Təranə müəllimə pedaqoqdur. Görünür, müəllim övladı olmağın təsirindəndir ki, uşaqlıqdan nizamla və ciddiyyətlə böyüdülən qardaşlar elmə maraq göstərmiş, daim boş vaxtlarını kitablarla keçirmişlər.
ADNA-nın ikinci kurs tələbəsi olan Nicat Məmmədli deyir ki, istər məktəbdə, istərsə də dost-tanış arasında fəal olmağa çalışıb və bilmədiyi mövzuları öyrənməyə maraq göstərib. Onun Neft-qaz sahəsinə olan maraq və həvəsi 2011-ci ildə onu ADNA-ya gətirib çıxarıb. Həmin ildə isə yüksək balla arzuladığı fakültəyə-neft-qaz mədəni ilə bağlı fakültəyə qəbul olub. Həmin il ailə üçün ikinci sevinc isə Nicatın yüksək bal (695) topladığına görə Prezident təqaüdünə layiq görülməsi oldu. "Məktəbdə ikən dərslərimi daim yaxşı oxuyur, verilən tapşırıqları layiqincə yerinə yetirməyə çalışırdım. Bilmədiyim və mənə qaranlıq qalan mövzularda müəllimlərim həmişə mənə dəstək olublar. Həvəslə mövzunu başa salıblar. Sınaq imtahanlarından yaxşı nəticə göstərirdim. Ancaq bu məni arxayın etmirdi. Yenə oxuyur, əlavə bilgilər axtarırdım. Uğurumun əsas səbəbini ilk olaraq özümə inamımda, həvəslə oxumağımda görürəm. Valideynlərim də mənə mənəvi, psixoloji dəstək olurdu" - deyə həmsöhbətim sözə başladı.
Onu dinlədikcə Nicatın həm də akademiyanın ictimai həyatında fəallıq göstərdiyini və tələbə həmkarlar təşkilatının üzvü olduğunu öyrənirəm: "Maraqlı tədbirlərimiz olur, tələbə dostlarımla boş vaxt olanda universitetin tədbirlərində iştirak edirik. Bu bizim üçün həm əyləncə, həm də dünyagörüşünün formalaşmasıdır".
Dərslərinə həvəslə yanaşan Nicat hələ birinci kursu bitirsə də, gələcək arzu və planları çoxdur. Ən böyük arzusu isə oxuduğu ixtisas üzrə yaxşı mütəxəssis kimi yetişməkdir. "Bunun üçün isə magistr təhsilimi xaricdə almaq arzum var. Çünki qayıdandan sonra dövlətin inkişafına daha çox xeyir verə bilərəm. Savadlı kadr dövlətin və cəmiyyətin inkişafı deməkdir".
Söhbətimizdən anladım ki, böyük qardaşı İlkin Məmmədli heç vaxt Nicata mənəvi dəstəyini əsirgəmir: "Qardaşım İlkin də Akademiyanın məzunudur. Hazırda öz ixtisası üzrə işləyir. İstər dərslərimdə, istərsə də məni maraqlandıran mövzularda yardım edir. Onun da yüksək bal tolayıb Prezident təqaüdü alması məndə özümə inamımı daha da artırdı. İnsanda özünə inam əsas şərtdir".
Həmsöhbətim bu sualı eşitcək öz imtahan verdiyi günü yada salıb gülümsədi: "Müəllimlərim mənim yüksək nəticə göstərəcəyimə inanırdılar. Mən də çalışırdım ki, müəllimlərimin və valideynlərimin etimadını doğruldum. Birincisi, imtahana hazırlaşan abituriyentin psixoloji hazırlığıdır. Həyəncanlanmamalı, özünə inanmalıdır. Dərsləri yaxşı oxuyan, hazırlaşan hər bir kəs uğur qazana bilər".
Qardaşların atası Fəxrəddin Məmmədov övladları ilə fəxr edir, onların bu uğuru təkcə onların çalışqanılğı, ailədə verilən təlim-tərbiyə ilə bağlamır. Onun sözlərinə görə, dövlətimizin yürütdüyü gənclər siyasəti, təhsilə göstərilən diqqət bu işdə mühüm rol oynayır.
"Gənclər bizim gələcəyimizdir. Dövlətimizin inkişafı onların savadlı kadr kimi yetişməsindən asılıdır. Prezident İlham Əliyevin gənclərə göstərdiyi qayğı və diqqət öz müsbət nəticəsini göstərir. Gənclərimiz daha inamla çalışırlar. Sevinirəm ki, gələcəyimiz inamlı əllərdədir" - deyə fizika-riyaziyyat elmləri namizədi Fəxrəddin Məmmədov əlavə etdi.
Nicat Məmmədli imtahanlara hazırlaşır, imtahan sessiyasını uğurla başa vurmaq üçün çalışır.
Qarşıda isə onu hələ çox həyat imtahanları gözləyir. Onlardan önəmlisi isə Vətənə layiq övlad olmaqdır.
{nl}
Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.