RUHLAR, CİNLƏR
Bizim televiziyaların ekranlarında hər gün elə hoqqalar çıxarırlar, qalırsan mat-məəttəl. O gün televiziyaya baxıram, görürəm qara-qura geyinmiş bir arvadı çıxarıblar ekrana, o da ağlına və ağzına gələni danışır. Deyir ki, ağappaq geyimdə bir ruh görüb. Hətta, ekranda ruhu da göstərdilər, birdən-birə necə qeyb olduğunu da. Ortaya sual çıxır: Ruhu qara-qura geyinib ekrana çıxan qadın görüb, bəs televiziya işçiləri bunu necə çəkiblər?
Məni əvvəlcə gülmək tutdu. Sonra birdən hirsləndim. Elə bil, başıma cin vurdu! Yəni bu "televizionşiklər" tamaşaçıları cəlb etmək üçün mövzu tapa bilmirlər ki, ruh haqqında veriliş hazırlayırlar? Bu ruh deyilən nədirsə, bizə niyə rast gəlmir, hə? Məxləs...
Səhəri gün eşitdim ki, şəhər camaatının hamısı ruhdan danışır. Ağlını itirən kim, çıldağa gedən kim! Aləm qarışıb bir-birinə. Necə deyərlər, "ara qarışıb, məzhəb itib".
Bir həftə sonra xəbər tutdum ki, ruhu "görən" arvad özünü pir elan eləyib. Onun ziyarətinə gedənlər səhərdən axşama kimi bu "xoşbəxtliyə" nail olmaq üçün növbəyə dururlar... Qəzetlər də onun haqqında bir-birindən "maraqlı" yazılar dərc eləyirlər. İndi həmin arvad olub məşhuri-cahan, var-dövlət, ev-eşik, ölkəmizdə və xaricdə villalar sahibi...
Hekayəni burada tamamlamaq istəyirdim ki, televiziya ekranına yenə bir arvad çıxdı və dedi ki, "ay camaat, mən cinlə yaşayıram". Bu o deməkdir ki, arvadın əri cindir! Paatonnan! Belə yerdə deyiblər ey, "Qulaq gündə bir söz eşitməsə, kar olar".
Sonra da televiziyaya çağırılmış bir-birindən "ağıllı" qonaqlar cinlər haqqında cürbəcür fikirlər söyləməyə girişdilər. Heç demə, cinlər tüstüsüz (!) oddan yaranan məxluqlardır. Onlar bədheybət və qorxuncdurlar. Amma onların hamısı pis deyil, içərilərində bəziləri mömin (!) olur... Cinlər müxtəlif vəzifələr daşıyırlar. Onlar ayrı-ayrı "sortlara" bölünürlər. İnsanları vururlar və belələrinə "cin vurmuş adamlar" deyirlər. Onlar icazəsiz-filansız insanların daxilinə girirlər. Bəzən namaz qılanlara mane olurlar. Uşaqları incidirlər. Adamların gözlərinə görünür, sonra gözdən itirlər. Cinlər də insanlar kimi evlənirlər, boşanırlar (məhkəməsiz?), doğub-törəyirlər.. Allah amandı!
Qəribəsi budur ki, cinlərin hücumlarına məruz qalanların çoxu qadınlardır. Tamam hövsələdən çıxdım, "cin vuran adam kimi" qışqırdım: Bu cinlər niyə ən çox qadınlara hücum edirlər?
Sonra da ekranda cindarların, çıldağ edənlərin "elmi təcrübələri" və onların qəbuluna gələnlər nümayiş etdirildi.
Deyəsən, bu camaat yavaş-yavaş dəli olur!
KİŞİLƏR VƏ ARVADLAR
(Nəzirə)
- Dünən idarəmizin yazıçıları arasında bir belə mübahisə üz verib: Söhbət müsəlman arvadları barəsində düşmüşdü ki, aya, yer üzündə bir belə müsəlman arvadı tapıla bilərmi ki, əri onu döyməmiş olsun? Biri deyir ki, tapılar, biri deyir ki, tapılmaz. Axırda mərc gəlmişik.
İndi möhtəşəm oxuculara təvəqqe edirik ki, əgər bir yanda bir belə arvad, yəni elə bir arvad ki, onu əri döyməmiş ola, əgər, bir yanda tapılsa, yazıb idarəmizə bildirsinlər ("Molla Nəsrəddin").
Bizim də bu xüsusda - yəni kişilər və arvadlar xüsusunda öz fikirlərimiz var. Aya, yer üzündə bir belə müsəlman kişisi tapıla bilərmi, arvadına xəyanət etməmiş olsun? Biri deyir ki, tapılar, mini deyir ki, tapılmaz. Axırda suala düzgün cavab tapa bilməmişik.
İndi möhtərəm oxucular, təvəqqə edirik ki, əgər bir yanda bir belə kişi, yəni elə bir kişi ki, arvadına xəyanət etməmiş ola, əgər bir yanda tapılsa, bizə bildirsinlər.
Bir də, aya, yer üzündə belə müsəlman kişisi tapıla bilərmi ki, durub-oturub "mən kişiyəm" deməsin? Biri deyir ki, tapılar, mini deyir ki, tapılmaz. Bizim də bildiyimiz odur ki, yer üzündə cəmi iki cins var: kişi, arvad. Əgər bu belədirsə, onda tez-tez "mən kişiyəm" deməyin mənası nədir? Hər hansı bir mənası varsa, təvəqqe edirik, bilənlər bilməyənlərə bildirsinlər...
Bəlkə, "mən kişiyəm" deyənlər arvadlarını döyənlər, "kişi kimi" onlara xəyanət edənlərdir?
ƏSAS MƏNƏVİYYATDIR...
Ömrüm boyu kasıb yaşadım. Özümü ha ora-bura çırpdımsa, xeyri olmadı. Yanımda puldan-paradan söhbət düşəndə, elə hey dedilər:
- Əşi, pul-para, var-dövlət boş şeydir, əsas mənəviyyatdır. Vallah-billah, mənəvi zənginlik hər şeydən üstündür.
Doğrusu, belə sözləri uşaqlıqda çox eşitdiyimdən bir müddət deyilənlərlə razılaşırdım. Amma illər keçdikcə görürdüm ki, "zəngin mənəviyyatla" dolanmaq olmur. Yəni "zəngin mənəviyyatla" bazarlıq eləmək olmur, uşaqlara paltar almaq mümkün deyil, ad gününə əliboş getməli olursan, oğlunu, qızını oxuda bilmirsən, onların toyunu görə bilmirsən, və sair və ilaxır. Bir sözlə, yavaş-yavaş başa düşürdüm ki, "zəngin mənəviyyat" yaxşı şeydir, amma gərək bir az da pulun-paran olsun.
Məni yandıran o idi ki, "zəngin mənəviyyat" yolunu tutmağı məsləhət görənlərin hamısının vəzifəsi, ev-eşiyi, maşını, bağı, nəhayət, xərcləməyə çoxlu pulları vardı. Mən də yavaş-yavaş başa düşürdüm ki, pulun olması üçün vəzifə tutmaq lazımdır.
Belə-belə ömrümün çoxu getdi. Əlli yaşa çatanda mənə kiçik bir vəzifə verdilər ki, bala, get, dolan. Yenə də quru maaşa baxmağa başladım. Yan-yörəmdəkilərin hamısının hər şeyi oldu, təkcə məndən başqa.
Bir gün lap böyük vəzifəlinin biri ilə görüşdüm. Söz dolanışıqdan-zaddan düşdü. Dedim, mən də vəzifədəyəm, amma elə əvvəlki kimi yaşayıram. Fərqi ondadır ki, burada məni xidməti maşın gəzdirir. Həmin vəzifəli də mənə nə desə yaxşıdır?
- Qardaşoğlu, əlli il belə yaşamısan, bundan sonra da yaşaya bilərsən. Neynirsən pulu-zadı? Əsas mənəviyyatdır!..
Bu sözləri eşidəndə hirsimdən ağlım başımdan çıxdı. Dəli kimi qışqırdım:
- Zalım balası, məni ələ salmısan? Mənəviyyat yaxşı şeydirsə, özün yaşa da mənəviyyatnan! Elə acından ölmək mənə qalıb?!
ÖLƏ DƏ BİLMİRƏM
... Dəridə ləkələr varsa, filan dərmanı qəbul edin... Gözlərin yaxşı görməsi üçün filan dərmanı tapın... Gözəl görünmək istəyirsinizsə, filan dərmanı axtarın... Duzları əritmək üçün filan dərmanı qəbul edin... Baş ağrısını kəsmək üçün filan dərman yaxşıdır... Ürəyiniz ağrıyırsa, filan dərmanı dilinizin altına qoyun...
Bütün televiziya kanalları gecə-gündüz dərman reklam edir. Reklamlarda onu da deyirlər ki, "bu dərmanlar filan əczaxanalarda satılır".
Bir adamda on-on beş cür xəstəlik olur. Hansı dərmanı alsın?
Məsələn, mənim allergiyam var, gözlərim ağrıyır, qan təzyiqim kəlləçarxa vurur, dizlərim "qırılır", boynumda duz var, yavaş-yavaş radikulit oluram. Hələ çox xəstəliklər ola bilər. Deyirsiniz yəni hər biri üçün dərman alım, udum? Hərdənbir qrip də oluram. Həkimə gedən kimi yeddi-səkkiz dərman yazır. Bunları da gəlin o birilərinin üstünə, onda gərək, gündə on beş, on altı dərman içəm. Dərman içməkdən bədənim tamam zəhərlənib. İlan məni vursa ölər. İlan ölər ey, mən yox!
Bir zarafatcıl dostum var, deyir: Bu qədər dərman içə-içə yaşamaqdansa, ölməyin yaxşıdır! Gündə min dəfə ölürəm, dirilirəm. Birdəfəlik ölüb qurtara da bilmirəm. Bu işdə mənə kömək etsəniz o dünyada cənnətə düşərsiniz...
HƏRƏNİN ÖZ YERİ
Uzunqulaqla it təzəcə dostlaşmışdılar. "Can" deyib, "can" eşidirdilər. Aralarından su da keçmirdi. Bir gün it uzunqulağa dedi:
- Gəl, biz də torpağı əkib-becərək, ona-buna möhtac olmayaq.
Uzunqulaq anqırıb razılığını bildirdi, ancaq hər ehtimala qarşı soruşdu:
- Nə əkək, it qardaş?
- Məsələn, buğda.
Uzunqulaq fikrə getdi:
- Onda məhsulun torpağın üstünə çıxan hissəsi mənim olsun, kökü sənin, razısan?
İt hürərək razılığını bildirdi.
Buğdanı əkib-becərdilər, sünbül hissəsini uzunqulaq götürdü, kökünü də it. İt başa düşdü ki, uzunqulaq onu aldadıb. Öz-özünə fikirləşdi: "Borclu borclunun sağlığını istər".
O biri il uzunqulaq gəldi ki, it qardaş, gəl kartof əkək...
İt dostunun sözünü ağzında qoydu:
- Onda məhsulun torpağın üstünə çıxan hissəsi mənim olsun, altında qalan hissəsi də sənin, razısan?
- Razıyam - deyə uzunqulaq qulaqlarını şəkləyib bic-bic gülümsədi.
Əkdilər, becərdilər. İt yenə aldandığını görüb, əllərini göyə qaldıraraq dedi:
- Ay Allah, məni yaratmışdın, bəs uzunqulağı niyə yaradırdın, hə?! Məni ona möhtac etməsəydin, olmazdı?
Qeybdən bir səs gəldi:
- Sən belə işlərə qarışma, küçük! İtin it yeri var, uzunqulağın da uzunqulaq! Bildin?!
ATA ÜRƏYİ
Hər dəfə "Vağzalı" çalınanda kövrəlirəm, gözlərimdən isti yaş axır. Niyə? Üç qızım var. Bütün həyatımı onlara həsr etmişəm. Ata kimi çox sevirəm onları. "Vağzalı" çalınanda onların toyu yadıma düşürdü. Elə bilirdim bir an belə ayrı qala bilmədiyim balalarımdan bir gün ayrılacağam. Nə qədər özümə ürək-dirək verirdim, nə qədər anlamağa çalışırdım ki, "qız köçəridir", sakit olmurdum. Ağlım kəsirdi, qəlbim barışmırdı. Heç demə, qızların beynində ailə qurmaqdan başqa bir fikir olmur. Bir də görürsən, elçi kəsdirir başının üstünü. Heç bilmirsən kimdi-nəçidi? Qızdan soruşursan, a bala, bunlar kimdir? Cavab verir, hər kim olurlarsa-olsunlar, mənə nə dəxli? Mən oğlanı sevirəm.
İstəyirsən araşdırasan, gələcək qohumların əsl-nəcabətini öyrənəsən, hərə bir tərəfdən dillənir ki, onsuz da xeyri yoxdur, qız kimi istəyir, gərək ona da verəsən. Mane olmaq istəsən deyəcəklər: "Qara keşiş kimi araya girmə".
Toyumdan əvvəl atamla söhbətimi xatırlayıram. Atam deyirdi:
- Gəl, sənə filan qızı alaq. Əsli-nəcabəti var, atası hörmətli kişidir, anası yaxşı arvaddır. Qardaşlarının hərəsi bir evin diyəridir...
Kişinin sözünü kəsirdim:
- A kişi, az təriflə onları! Mən başqasını sevirəm.
Odur-budur, qız işinə qarışmıram. Deyirəm, birdən istədiyinə vermərəm, bədbəxt olar, düşünər ki, atam elədi.
Beləliklə, istədikləri ilə evləndilər. Yaxşı toyları oldu. Səhəri gün gəldilər ki, nə evimiz-eşiyimiz var, nə pulumuz-paramız, nə vəzifəmiz. Bizə bir kömək...
Əvvəllər öz ailəmi güclə dolandırırdım, indi onları da dolandırmalı olmuşam. Puldan-paradan verirəm, yaşayırlar özləri üçün. İndi gecə-gündüz onlara iş axtarmaqla məşğulam. Qəribə burasıdır ki, balalarım üçün etdiklərimə sevinirəm. Pulum da gedir, canım da. Amma mən sevinirəm. Təki pis gün görməsinlər...
Universiteti bitirib əsgərliyə getmişdim. Elə hey məktub yazıb müəllim işləyən kasıb atamdan pul istəyirdim. O da özünün, anamın, qardaş-bacılarımın ağzından kəsib mənə göndərirdi. Bir gün məktub yazıb soruşdum ki, ata, necə olur ki, mən də sənin kimi ali təhsil almışam, hələ də səndən pul istəyirəm? Sən isə heç zaman məndən heç nə istəmirsən? Atam cavab yazdı ki, "ata olanda özün bilərsən". Bu sözlərin dərin mənasını çox sonralar - ata olandan sonra başa düşdüm.
Doğru deyiblərmiş, "Qız yükü, duz yükü". Amma bütün zəhmətlərə razıyam, təki qızlarım yaxşı yaşasınlar. Xoşbəxt olsunlar. Vallah, ata ürəyidir...
"Vağzalı" çalınanda həmişəki kimi kövrəlirəm. Dərdim bir az da çoxalır. Axı, qızlarımdan ayrı düşmüşəm...
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.