Elmimizdə hadisə

Azərbaycanın geologiya elmində görkəmli şəxsiyyətlər çox olub. Onlar nəinki Azərbaycan, habelə dünya elminə dəyərli töhfələr veriblər. Bu görkəmli alimlərin elmi irsini bu gün uğurla davam etdirən yeni alim-geoloqlar nəsli yetişib ki, onlar da yüksək nailiyyətlər əldə edirlər.
Buna əyani sübüt olaraq bu günlərdə akademik Akif Əlizadənin təşəbbüsü və rəhbərliyi ilə alimlərimizin bir qrupunun, o cümlədən akademik İbrahim Quliyev, müxbir üzv Əkbər Feyzullayev və professor Adil Əliyevin "Palçıq vulkanları haqqında nə bilirik", akademik İbrahim Quliyevin, AMEA-nın müxbir üzvü Əkbər Feyzullayevin və geologiya-minerologiya elmləri namizədi Məlahət Əfəndiyevanın "Neft haqqında nə bilirik", həmçinin geologiya-mineralogiya elmləri doktorları Tələt Kəngərlinin və Şıxəli Babayevin "Azərbaycan Respublikasının geoloji irsi", ümumilikdə "Azərbaycanın geoloji möcüzələri" adlı yeni kitabları işıq üzü görmüşdür. Bu elmi əsərlərin hər biri çox nəfis şəkildə tərtib olunmuş unikal nəşrdir. Kitabların əcnəbi dillərdə də təqdim edilməsi, ayrı-ayrı bölmələr üzrə elmin hərtərəfli işıqlandırılması Azərbaycan təbiətinin nadir hadisələrinə elmi yanaşma, elmimizin daha dərindən təhlilinə əsaslı sübutdur. Elmi-kütləvi dildə yazılmasına, səlis dilinə, orijinal tərtibatına, yüksək elmi səviyyəsinə görə onları milli elm tariximizdə mühüm hadisə kimi qiymətləndirmək olar.
Palçıq vulkanizmi problemi geologiya elminin prioritet tədqiqat sahələrindən olub, yer dərinliklərində neft-qaz yığımlarının axtarışı ilə əlaqədardır. Azərbaycanı palçıq vulkanları məkanı adlandırırlar. Burada həm quruda, həm də Xəzərin akvatoriyasında xeyli palçıq vulkanı mövcuddur. Dünyadakı 800-dən çox palçıq vulkanının təxminən 350-si Azərbaycan ərazisində toplanmışdır. Azərbaycan hüdudlarında palçıq vulkanları Abşeron yarımadasında, Abşeron və Bakı arxipelaqları rayonlarında, Şamaxı-Qobustan, Küryanı, Xəzəryanı-Quba neftli-qazlı rayonlarında, eləcə də Kür və Qabırrılı çayları arasında yerləşir. Hələ 1925-ci ildə Sovet İttifaqının ayrı-ayrı geoloji əyalətlərinin hüdudlarında yerləşən palçıq vulkanlarını öyrənən akademik İ.M.Qubkin geoloqların diqqətini palçıq vulkanlarının neft yataqları ilə əlaqəsini öyrənməyə yönəltmişdir. Məhz Şərqi Azərbaycan ərazisində palçıq vulkanizminin çöküntü qatlarının neft-qazlı olması barədə fikirlər söylənmiş və bunun əyani təsdiqi kimi 1932-ci ildə Lökbatan palçıq vulkanı rayonunda iri neft yatağı kəşf edilmişdir.
"Palçıq vulkanları haqqında nə bilirik" kitabında qeyd olunan bölmələrdə Azərbaycandakı və dünyanın bir sıra ölkələrindəki palçıq vulkanları haqqında oxuculara ətraflı məlumat verilir. Belə ki, palçıq vulkanlarının əmələ gəlməsi, onların səciyyəvi xarakterləri, təsnifatı, paylanma qanunauyğunluqları, fəaliyyəti, püskürmə xüsusiyyətləri, neft-qaz yataqlarının seysmikliklə əlaqəsi və maqmatik vulkanlarla müqayisə olunaraq bir çox cəhəti ətraflı qeyd olunur. Bunlarla yanaşı, əsərdə vulkan palçıqlarının müalicəvi əhəmiyyəti, püskürmə məhsullarından istifadə qaydaları, vulkanların qorunması, onların ekoturizmə cəlb olunması və s. məsələlər də öz əksini tapmışdır. Ümumiyyətlə, qeyd etməliyik ki, elmi dəlillərə əsaslanan bu əsərlər olduqca maraqlı və oxunaqlı bir dildə yazılmışdır.
"Azərbaycan Respublikasının geoloji irsi" haqqında buraxılan kitab isə ölkəmizin başı qarlı-dumanlı dağları, əzəmətli zirvələri, füsunkar qayaları, mavi rəngli gölləri, zümrüd meşələri, möcüzəli təbiət abidələri, valehedici mənzərələri barədə tam təsəvvür yaradır. Odur ki, bu əsərlərin Azərbaycanda turizmin inkişafında da mühüm rolu qeyd olunmalıdır. "Neft haqqında nə bilirik" kitabında isə neftin üzvi maddədən əmələ gəlməsi və karbohidrogenlərə çevrilməsi, onların miqrasiyası və yataqların formalaşmasından tutmuş, axtarış, hasilat, daşınma və emalına, eləcə də dünya birliyinin inkişafındakı roluna qədər bütün aspektləri təsvir olunur. Azərbaycanın neft sənayesinin tarixinə burada xüsusi bölmə həsr olunmuş, bu sahədə baş vermiş ən mühüm hadisələr haqqında məlumatlar verilmiş və Azərbaycanın ilk neft sənayeçiləri barədə qısa bioqrafik arayışlar təqdim edilmişdir. Sözsüz ki, kitab bu problemlər barədə məlumatı olmayan, yaxud da az məlumatı olan geniş oxucu kütləsi üçün dəyərli və zəngin bilgilər toplusudur.
Neftin müalicəvi xassələrinə gəldikdə isə bu xüsusiyyət insanlara çox qədimlərdən məlumdur. Yalnız Azərbaycan ərazisində yaranmış və dünyada yeganə müalicəvi neft yatağı olan Naftalan nefti qədim dövrlərdən bu günədək xəstələr üçün möcüzəvi şəfa mənbəyidir. Başqa neftlərdən fərqli olaraq onun xüsusi özəlliyi yanmamasıdır. Adi neftdən fərqli olaraq Naftalan nefti ağır neft sayılır. Qara rəngdə, zəif aromatik qoxulu bu neftin tərkibində müəyyən miqdarda azot, naften turşuları və az miqdarda benzin, habelə ağ neft vardır. Bu neftin əsas kütləsini qaynayan yağlı fraksiyalar təşkil edir. Görünür, bu neftin əmələ gəlmə və yetişmə xassələri xüsusi müalicə keyfiyyətlərinin formalaşmasına şərait yaratmışdır.
Onu da qeyd edək ki, hələ orta əsrlərdən zəngin neft və qaz yataqları ilə tanınan Azərbaycan XIX əsrin sonu - XX əsrin əvvəllərində dünya neft biznesində aparıcı mövqe tuturdu. Buna baxmayaraq, təəssüflə qeyd etmək lazımdır ki, ölkəmiz heç də hər zaman öz sərvətlərinin tam hüquqlu sahibi olmamışdır. Azərbaycan dövlət suverenliyini bərpa etdikdən sonra güman edirdi ki, "qara qızılın" sehrli qüvvəsini tezliklə xalqın mənafeyinə yönəltmək üçün əlverişli imkan yaranmışdır. Lakin hər şey göründüyü qədər də asan deyildi. SSRİ-nin dağılmasından sonra Azərbaycanda iqtisadiyyat viran olmuş, neft sənayesini inkişaf etdirmək üçün zəruri olan iri maliyyə ehtiyatları yox dərəcəsində idi. Cənubi Xəzərin dərin hissələrində yataqların işlənilməsi üçün zəruri texnologiyaların olmaması vəziyyəti daha da çətinləşdirirdi. Bütün bunlar Azərbaycana xarici investisiya və texnologiyaların cəlb edilməsini zərurətə çevirdi. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və müdrikliyi sayəsində 1994-cü ilin sentyabr ayında Bakıda dünyanın ən nəhəng neft şirkətləri ilə "Əsrin müqaviləsi" imzalandı. Bununla da müstəqil Azərbaycan Respublikasının neft strategiyasının uğurlu startı başlandı. Hazırda Azərbaycanın neft sərvətlərinin istismarında 30-dan artıq xarici neft şirkəti iştirak edir. Qərb geoloqlarının araşdırmalarına görə, Xəzər regionunun yer təkində 40 milyarddan 200 milyard barrelə qədər neft ehtiyatı vardır. Müqayisə üçün deyək ki, dünyada hesablanmış ən iri neft ehtiyatları Səudiyyə Ərəbistanındadır və bu, 260 milyard barrel təşkil edir.
"Neft haqqında nə bilirik" kitabının sonunda Azərbaycanın məşhur neft sənayeçiləri - Əjdər bəy Aşurbəyov, Şəmsi Əsədullayev, Teymur bəy Qulubəyov, İsa bəy Gəncinski, Kərbəlai Abdulla Zərbəliyev, Murtuza Muxtarov, Ağa Musa Nağıyev, Hacı Zeynalabdin Tağıyev, Hacı Əhədulla Eldarov, Alfons Rotşild, Markus Samuel, Lüdviq, Alfred və Robert Nobel qardaşları barəsində də məlumatlar verilir.
Onu da qeyd edək ki, AMEA-nın Geologiya İnstitutunun tarixində hələ belə samballı və nəfis kitablar nəşr olunmamışdır. Adlarından göründüyü kimi, hər cildin öz elmi zənginliyi və dəyəri ilə yanaşı, bu kitablar həm də müasir dövrümüzün tələblərinə cavab verir. Belə ki, Azərbaycanda turizmin inkişafı və ekoloji problemlərin həlli baxımından da bu əsərlərin olduqca böyük qiyməti vardır. Ümid edirik ki, üç cilddən ibarət olan "Azərbaycanın geoloji möcüzələri" adlı elmi-kütləvi əsərlər toplusundan Azərbaycanımızın gələcək inkişafında bir elmi proqram kimi istifadə olunacaqdır.
Geologiya İnstitutu əməkdaşlarının hazırladığı bu kitablar milli və elmi mədəniyyətimizin tarixində, habelə Azərbaycanın dünyaya təqdimatı baxımından çox əhəmiyyətli hadisə olan Avroviziya-2012 mahnı müsabiqəsinə həsr olunmuşur. Bu yanaşma geoloq-alimlərimizin vətənpərvərliyinin, onların vətəndaşlıq mövqeyinin ifadəsidir. Eyni zamanda bu əsərlər Azərbaycanı dünyaya daha yaxından tanıtmaq siyasəti yürüdən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasi dəsti-xəttini ürəkdən dəstəkləyən ən mühüm hadisələrdəndir. Onu da qeyd etmək lazımdır ki, yüksək zövqlə hazırlanmış və geniş məzmun əks etdirən bu miniatür formalı kitablar milli elm tariximizdə uzun ömürlü olacaq və gələcək nəsillərə ən dəyərli ərməğandır.
Bu kitabların yenicə işıq üzü görməsinə baxmayaraq institut rəhbərliyinə müxtəlif mənbələrdən, o cümlədən bir neçə elm və təhsil ocaqlarından çox yüksək müsbət rəylər ünvanlanır. Ümid edirik ki, bu kitabların çoxsaylı oxucu auditoriyası olacaq və nəinki ölkəmizdə onun hüdudlarından çox-çox uzaqlarda da Azərbaycan elmini təbliğ edəcək.

{nl}

Hikmət MAHMUDOV, geologiya-mineralogiya elmləri doktoru, professor

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında