Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakının Yasamal rayonundakı 27 və 325 nömrəli uşaq bağçalarının yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur

İyulun 10-da Bakı Şəhər İcra Hakimiyyətinin Yasamal rayonundakı 27 və 325 nömrəli uşaq bağçaları əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir. 
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və fondun vitse-prezidenti Leyla xanım Əliyeva təmir və yenidənqurmadan sonra uşaq müəssisələrində olmuş, buradakı şəraitlə maraqlanmışlar.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və fondun vitse-prezidenti Leyla xanım Əliyeva əvvəlcə 27 nömrəli uşaq bağçasında oldular. Bildirildi ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən ötən il paytaxtdakı 305 bağçadan 57-si əsaslı surətdə yenidən qurularaq istifadəyə verilmişdir. Bu il isə 61 bağça müasir tələblər səviyyəsində yenilənir. Proqrama əsasən bu iş gələn il tam yekunlaşacaqdır.
Uşaq bağçasının əvvəlki və hazırkı görkəmini əks etdirən fotostendlə tanışlıq zamanı məlumat verildi ki, ötən əsrin əvvəllərində yaşayış evi kimi inşa olunan, 1930-cu ildən uşaq müəssisəsi kimi fəaliyyət göstərən bağçada əsaslı təmir və yenidənqurma işlərinə 7 ay əvvəl başlanılmışdı. Qəzalı və yararsız vəziyyətdə olan binanın özülü qısa zamanda bərkidilmiş, dam örtüyü, fasadı yenilənmişdir.
Bağçanın 750 kvadratmetrlik ərazisi təmizlənmiş, ikimərtəbəli bina tamamilə yenidən qurulmuşdur. Səksən yerlik uşaq bağçasında balacaların təlim-tərbiyəsi və əyləncəsi üçün hər cür şərait yaradılmışdır. Həyətdə yeni attraksionlar, oturacaqlar quraşdırılmış, bağçanın istilik sistemi təzələnmişdir. Burada 3-6 yaş arasında 4 qrup vardır. Uşaqların estetik zövqünü formalaşdırmaq üçün xüsusi musiqi və rəqs zalları yaradılmışdır. Balacalarla 8 tərbiyəçi məşğul olacaqdır.
Mehriban xanım Əliyeva uşaqların qidalanması, onların tibbi müayinəsi ilə maraqlandı. Məlumat verildi ki, burada balacaların keyfiyyətli qidalanması üçün zəruri ərzaq məhsullarından ibarət menyu tərtib olunmuşdur. Bağçadakı yeməkxana, mətbəx, həmçinin tibb otağı, bütün yataq ləvazimatları yenilənmişdir.
Sonra Heydər Əliyev Fondunun hədiyyəsi olan 2 soyuducu, 2 televizor və 2 xalça bağçaya təqdim olundu.
Görülən işlərdən razı qalan Mehriban xanım Əliyeva və Leyla xanım Əliyeva bağçanın kollektivi ilə xatirə şəkli çəkdirdi.
* * *
Elə həmin gün Bakı Şəhər İcra Hakimiyyətinin 325 saylı uşaq bağçası da təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Uşaq bağçasına gələn Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva burada görülən işlərlə tanış oldular.
Məlumat verildi ki, ümumi sahəsi 2100 kvadratmetr olan bağça 1963-cü ildən istifadədədir. İkimərtəbəli binada təmir və yenidənqurma işlərinə yeddi ay əvvəl başlanılmış və keyfiyyətlə sona çatdırılmışdır. Bağçanın həyəti abadlaşdırılmış, ərazidə 300-dən çox həmişəyaşıl ağac, 2 mindən çox dekorativ gül kolu əkilmişdir. Eyni zamanda, uşaqların bağçanın həyətində istirahət edib əylənmələri üçün lazımi şərait, müxtəlif oyun guşələri yaradılmış, yelləncəklər quraşdırılmışdır. Bağçada 5 qrupda 100 uşaq məktəbə hazırlıq keçir.
Heydər Əliyev Fondunun prezidenti otaqları gəzdi, burada balacalar üçün yaradılan şəraitlə maraqlandı. Diqqətə çatdırıldı ki, təhsilin ilkin mərhələsinə yiyələnən 3 yaşından 6 yaşınadək olan uşaqlar burada həm də musiqi və idmanla məşğul olacaqlar. Bağça hər cür dərs ləvazimatı ilə təchiz edilmişdir. Binada tibb, mətbəx, kitabxana, dərs, yataq otaqları, yeməkxana vardır. Uşaqların təlim-tərbiyəsi ilə 26 nəfər məşğul olacaqdır.
Mehriban xanım Əliyeva uşaqların qidalanması və istirahəti ilə maraqlandı.
Heydər Əliyev Fondunun hədiyyəsi olan 2 soyuducu, 2 televizor, 2 xalça və elektron piano bağçaya təqdim edildi.
Fondun prezidenti Mehriban xanım Əliyeva görülən işlərdən razılığını bildirdi.
AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında