Müxtəlif dövrlərdə müəyyən səbəblər üzündən, yaxud taleyin hökmü ilə Azərbaycan övladları da dünyanın bir çox ölkələrinə səpələnmişlər. Məcburiyyət üzündən başlarını götürüb qürbət ellərə üz tutan soydaşlarımızdan uzun illər xəbər tuta bilməmişik, müəyyən obyektiv və subyektiv səbəblərdən onların taleyinə bir növ biganə qalmışıq. Lakin onların əksəriyyəti hansı ölkədə yaşamalarından asılı olmayaraq, Vətəni unutmamış və Azərbaycan həsrəti ilə yaşamışdır. Bu baxımdan belələrinin Vətən sevgisi, el yanğısı, öz xalqına sədaqəti, torpağa məhəbbəti və onun təəssübünü çəkmək qeyrəti örnək olmalıdır. Belə qərib taleli insanlardan biri də Türkiyənin İzmir şəhərində Egey Universitetində işləmiş, nüvə fizikası sahəsində ilk elmlər doktoru olmuş azərbaycanlı qadın, professor Dilşad xanım Elbrus Talıb xandır.
Dilşad xanım 1916-cı ildə (bəzi mənbələrdə 1917-ci il göstərilir) may ayının 31-də Qarabağ quberniyasında Qarabağ xanlarının nəslindən olan Talıb xanın ailəsində dünyaya göz açmışdır. Dilşad xanımgilin ailəsi (anası Xeyransa xanım, bacıları Sürəyya və Qəmərlə birlikdə) 1927-ci ildə Azərbaycandakı gərgin siyasi vəziyyətdən, daha doğrusu, bəy-xan ailələrinə düşmən münasibətdən baş götürüb Türkiyəyə köçmüşdür.
Onların Türkiyəyə köçməsində həmin vaxt Türkiyədə yaşayan dayısı Hüseyn Kamal Yanar bəyin köməyi olmuşdur. Ailə İstanbulda məskunlaşdıqdan sonra Dilşad xanım əvvəlcə qızlar liseyində oxumuş, sonra isə İstanbul Universitetinin fizika fakültəsinə qəbul olunmuşdur. O, İstanbul Universitetini bitirdikdən sonra Egey Universitetində işləmiş, orada adi elmi işçidən professor vəzifəsinə qədər yüksəlmiş, nüvə fizikası sahəsində dərin elmi axtarışlar aparmış və bu sahədə Türkiyədə və Avropada tanınmış mütəxəssis olmuşdur. Seçdiyi ixtisasın xarakteri onun Almaniya, İngiltərə və Amerikada uzunmüddətli elmi-tədqiqat işləri aparmasını zəruri etmişdir. Bu səbəbdən o, alman, ingilis, fransız dillərini mükəmməl öyrənmişdir. Uzun müddət xarici ölkələrdə elmi-tədqiqat işləri ilə məşğul olmasına baxmayaraq, Dilşad xanım türk-Azərbaycan dilinin bütün incəliklərini ömrü boyu unutmamışdır.
Dilşad xanım 1977-ci ildə Egey Universitetindən təqaüdə çıxmış, sonra İzmirdən İstanbula gələrək ömrünün sonuna kimi Bağdad prospektindəki evində yaşamışdır. O, ailə həyatı qurmamışdır. Böyük bacısı Sürəyya xanımın oğlu Can Odoğlunu öz övladı kimi saxlamış və mehrini ona salmışdır. 1979-cu ilin aprel ayının 11-də uzun sürən ağır xəstəlikdən sonra vəfat etmiş və İstanbulun Əhməd Qaraca qəbiristanlığında dayısı Hüseyn Kamal Yanar bəyin (o, da 1974-cü ildə vəfat etmişdir) qəbrinin yanında dəfn olunmuşdur. Həmin vaxt Türkiyə qəzetlərində belə bir kədərli xəbər dərc edilmişdir: "Dərin hüznlə bildiririk ki, nüvə fizikası sahəsində çoxlu tədqiqat əsərinin və elmi kəşflərin müəllifi, Egey Universitetinin professoru, elmlər doktoru Dilşad xanım Elbrus Talıb xan vəfat etmişdir". O vaxt bu xəbər Türkiyədə çoxlarını kədərləndirmişdir. Azərbaycan isə qərib övladının vəfatından xəbər tutmamışdır.
Dilşad xanımın elmi yaradıcılıq fəaliyyəti ilə əlaqədar uzun müddət dünyanın bir çox ölkəsində yaşaması onun Azərbaycana məhəbbətini artırmış, qəlbində Vətən həsrətini daha da alovlandırmışdır. Məhz bu səbəbdən qürbət ellərdə olduğu zaman beynəlxalq elmi simpozium və konfranslarda nümayəndələr arasında Dilşad xanımın gözləri Azərbaycan alimlərini axtarmış və həmişə öz yurddaşları ilə əlaqə saxlamağa çalışmışdır. Qəlbi Vətən həsrəti ilə döyünən Dilşad xanım onu da yaxşı bilirdi ki, totalitar bir rejimin hökm sürdüyü Sovetlər Birliyində onun Azərbaycana yolu həmişəlik bağlanmışdır.
Dilşad xanım Azərbaycan Demokratik Cümhuriyyətinin 1920-ci il 27 aprel süqutunu və Azərbaycanın öz müstəqilliyini itirməsini ömrü boyu acı xatirələr kimi yada salıb kədərlənmişdir. Buna görə də həmişə 27 apreli Azərbaycan Demokratik Respublikasının matəm günü kimi qeyd edirdi. Dilşad xanım Oksfordda yaşayarkən Türkiyədəki yurddaşlarına yazdığı 1955-ci il 24 aprel tarixli məktubunda Azərbaycanın öz müstəqilliyini itirməsinin 35 illiyi münasibətilə öz kədərini aşağıdakı kimi bildirmişdir: "Əziz Azərbaycanımızın, vəhşi bir istilaya uğradığı günün (1920-ci ilin 27 apreli nəzərdə tutulur - S.H.) ildönümünü dərin bir ələmlə anaraq içdən bir ürək ağrısı duymaqdayam. Sizlərdən çox uzaqda olmama rəğmən, qəlbimin sizlərlə bərabər bu böyük matəmimizin kədərini duymaqda olduğunu bu sətirlərlə bilirtmək istədim. Tanrım bu vəhşi istilanın daha fəzlə davam etməsini rəva görməyərək, əziz yurdumuzu ən yaxın gələcəkdə istiqlala qovuşdursun!".
Azərbaycanın istiqlalı ömrü boyu Dilşad xanımın həyat qayəsi olmuşdur. Bu fikir onu yaxından tanıyanların, həmkarlarının, rəfiqələrinin xatirələrində də qeyd olunur. Dilşad xanımın yaxın rəfiqələrindən biri Fövziyyə Tanseldir. Fövziyyə Tansel 1928-32-ci illərdə İstanbulda qızlar liseyində Dilşad xanımla bir yerdə oxumuş, sonra isə ömrü boyu dost olmuşlar. Fövziyyə xanım İstanbul Universitetinin dil-ədəbiyyat fakültəsini bitirmişdir. O, Dilşad xanım haqqındakı xatirələrinin birində göstərir ki, bir dəfə Ankarada bizdə olarkən (4 avqust 1977-ci il) Dilşad xanım məndən qələm-kağız istədi və mənə bir şeir bağışlayacağına söz verdi. Mən ona mane olmamaq üçün dinmədim. O isə xeyli yazdıqdan sonra şeiri mənə verdi. Sonra məlum oldu ki, "Bayrağım enərkən" adlanan bu şeiri Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin əmisi qızı Ümmügülsüm Rəsulzadə (Sadıqzadə) yazıb. Həmin şeir indiyə kimi heç yerdə nəşr olunmayıb. Dilşad xanım bu şeiri Ümmügülsüm xanımda əlyazma şəklində olarkən əzbərləyib, uzun illər hafizəsində saxlayıb və indi də kağıza köçürüb mənə hədiyyə verir.
Fövziyyə xanım Dilşad xanım Elbrusun güclü hafizəsi qarşısında heyrətə düşdüyünü söyləyir və həmin şeiri mətbuatda çap etdirməyə söz verir. Bu şeiri olduğu kimi təqdim edirik:
{nl}
Sən, bayrağım, yüksək şanlarınla enərkən,
Mavi göyə bir duman gəldiyini sordum mən.
Qoynundakı ağ nurlu ay-ulduzun sönərkən
Üzərimə doğacaq günəşlərdən bezdim mən.
Al-yaşıllı bağında çiçəklərin solarkən,
Ürəyimdə pək acı bir inilti yüksəldi.
Hıçqırıqlar içində bayılırkən, düşərkən,
Məni tutub qaldıran xain, murdar bir əldi.
Yazıq səni, bayrağım, endirdilər, öyləmi?
Səni yazıb devirən o zəhərli ruzigar,
O haqq deyən haqsızlar, vəhşilər, tanrısızlar,
Yanar ocağımı da söndürdülər, öyləmi?
Bir röyamı oldu o gördüklərim hamısı?
Bağlandımı üzümə Türk elinin qapısı?
{nl}
Çox güman ki, Ümmügülsüm Rəsulzadə "Bayrağım enərkən" adlanan bu şeiri Azərbaycan Demokratik Cümhuriyyətinin devrilməsilə əlaqədar yazmış, şeirin adını isə Məmməd Əmin Rəsulzadənin "Bir kərə yüksələn bayraq, bir daha enməz!" - kəlamına xitabən götürmüşdür. Yaxşı olardı ki, tədqiqatçılarımız Ümmügülsüm Rəsulzadənin həyat və yaradıcılığını araşdırsınlar. Fövziyyə xanımın Dilşad xanım haqqındakı xatirə və məktublarından məlum olur ki, Ümmügülsüm xanımın xalqın azadlığı, Vətənə, torpağa məhəbbəti ilə bağlı başqa şeirləri də olmuşdur.
Fövziyyə Tansel yazır ki, Dilşad xanım nüvə fizikası sahəsində görkəmli mütəxəssis olmaqla bərabər, həm də Azərbaycan ədəbiyyatının, xalq musiqisinin və folklorunun gözəl bilicisi imiş. Fövziyyə xanım göstərir ki, biz liseydə oxuyarkən Dilşad xanım 20-ci illərdə Azərbaycanda, xüsusən Qarabağda baş verən hadisələrdən, qaçqınların acınacaqlı vəziyyətindən danışarkən bizim gözlərimiz yaşarır və ona təskinlik verərdik. Rəfiqələr bir yerə toplaşanda Dilşad xanım qəmli Azərbaycan mahnıları oxuyub bizi də kövrəldərdi.
Fövziyyə xanım qeyd edir ki, Dilşad xanım hərtərəfli biliyə malik alim, humanist və sadə qəlbli insan, qayğıkeş dost olub. Buna görə də onu tanıyanlar xatirini çox istəyir, həmişə ona qayğı və məhəbbətlə yanaşırdılar. Dilşad xanımın vəfatı ilə əlaqədar Türkiyə qəzetlərində çap olunan nekroloq və xatirələr də deyilənləri təsdiq edir.
Ümumiyyətlə, yaxşı olardı ki, Dilşad xanım Elbrus Talıb xanın həyatı, elmi fəaliyyəti, xüsusən nüvə fizikası sahəsində olan kəşfləri... dərindən və hərtərəfli araşdırılsın, bütövlükdə onun şəxsiyyəti haqqında geniş məlumatlar Azərbaycan oxucularına çatdırılsın. Dilşad xanım və onun kimi Vətəndən didərgin düşən yurddaşlarımızın həyat və fəaliyyətinin öyrənilməsi , xüsusən, indiki şəraitdə gənclərimizin vətənpərvərlik və milli mənlik şüurunun tərbiyə edilməsində böyük rol oynaya bilər.
Müstəqil Azərbaycanın dünya dövlətləri ilə siyasi-iqtisadi, ticari, mədəni, elmi, humanitar əlaqələrinin genişləndiyi bir şəraitdə, xarici ölkələrə gediş-gəlişin artdığı bir vaxtda Vətəndən kənarda yaşayan soydaşlarımız, diaspor təşkilatlarımız olduqları şəhərlərdə, gəzdikləri yerlərdə qərib taleli yurddaşlarımızın axtarılıb tapılmasında çox iş görə bilərlər.
{nl}
Sakit HÜSEYNOV, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.