İyulun 7-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında ilk məzun buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Mərasimdə Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi, Rusiya Federasiyası Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutski, İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, nazirlər, komitə sədrləri, ali məktəblərin rektorları, deputatlar, valideynlər iştirak etmişlər.
Əvvəlcə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yaranması və fəaliyyəti haqqında film nümayiş olunmuşdur.
Tədbiri açan Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz PAŞAYEVA mərasim iştirakçılarını salamlayaraq demişdir:
- Bu gün Moskva Dövlət Universitetinin Bakı filialının həyatında əlamətdar tarixi gündür. Zənnimcə, bu mühüm və parlaq hadisə təkcə bu günlə bağlı deyildir. Mən bir məsələdə əminəm ki, hər şeyə qadir olan zaman gələcəkdə öz hökmünü və müdrikliyini göstərərək, bu mühüm hadisənin dövlətlərimizin həyatında, Azərbaycan və Rusiya vətəndaşlarının həyatında dolğun və parlaq qiymətini daha dəqiq verəcəkdir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin şöhrəti bütün dünyaya məlumdur.
Universitetlərin bütün zamanlarda bilik və nəcib məziyyətlərin yaradıcısı və qoruyucusu olduğunu qeyd edən Nərgiz Paşayeva demişdir ki, kəşməkəşli XXI əsrin əvvəlində ölkələrimiz sülh və əmin-amanlığın, qarşılıqlı hörmət və həmrəyliyin hökm sürdüyü, elmi mübahisələrdən başqa heç bir mübahisənin olmadığı ümumi bir ev - Moskva Dövlət Universitetinin Bakı filialını yaratmağa nail olmuşlar.
Ali məktəbin ilk məzunlarını təbrik edən rektor demişdir:
- Əziz məzunlarımız, siz bu günün qəhrəmanlarısınız. Biz bütün bu illər ərzində sizə təkcə biliklər deyil, həm də qəlbimizin və ruhumuzun bir parçasını vermişik. Biz sizə təkcə tələbkar müəllim deyil, həm də mehriban dost olmağa çalışmışıq. Biz çalışmışıq ki, siz biliyin, elmin, təhsilin gücünə, özünüzə, ədalətə, dürüstlüyə, xeyirxahlığa inanasınız, sizi böyüdüb boya-başa çatdıranlara, qayğınızı çəkənlərə hörmət bəsləyəsiniz, həqiqi peşəkarlar, ən başlıcası isə öz ölkənizin əsl vətənpərvərləri olasınız.
Möhtərəm müəllimlər, Moskva Dövlət Universitetindən olan əziz həmkarlar, sizə sonsuz minnətdarlığımı bildirmək üçün söz tapmaqda çətinlik çəkirəm. Axı, məhz siz bu dörd il ərzində universitetimizin canlı mənbəyi olmusunuz. Sizin nəcib və misilsiz əməyiniz, qəlbinizin hərarəti olmasaydı, biz belə yüksək nəticələrə nail ola bilməzdik. Bizim üçün etdiklərinizə görə qarşınızda baş əyirik.
Nərgiz Paşayeva salonda olan bakılı müəllimlərə və məzunların valideynlərinə minnətdarlığını bildirmişdir.
Bakı filialının rektoru M.V.Lomonosov adına MDU-nun rektoru, akademik Viktor Sadovniçiyə xüsusi minnətdarlığını ifadə etmişdir:
- Sizin dəstəyiniz və ən başlıcası mənə göstərdiyiniz etimad olmasaydı, mənim üçün çox çətin olardı. Güman etmirəm ki, mən və bütün həmkarlarım nail olduqlarımızı edə bilərdik. Güman etmirəm ki, qarşımıza qoyduğumuz bütün plan və vəzifələri həyata keçirə bilərdik. Siz bizim xeyirxah himayədarımızsınız. Siz bu dörd il ərzində bizi dəstəkləyən, başa düşən, ruhlandıran, istiqamətləndirən, bütün uğur və nailiyyətlərimizi vurğulayan insansınız. Çox sağ olun.
Sonra Nərgiz Paşayeva Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkini tribunaya dəvət etmişdir.
Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey NARIŞKİN mərasim iştirakçılarını salamlayaraq bu gözəl bayram tədbirində iştirak etdiyinə ürəkdən şad olduğunu bildirmişdir. Üç il yarım bundan əvvəl Moskva Dövlət Universitetinin Bakı filialının açılışında iştirak etdiyini xatırladan S.Narışkin demişdir ki, indi ona ali məktəbin ilk məzunlarına diplomlar təqdim etmək imkanı nəsib olmuşdur.
Rusiya Dövlət Dumasının sədri vurğulamışdır ki, M.V.Lomonosov adına MDU-nun Bakı filialının məzunları üçün bu, əlamətdar və fərəhli gündür, çünki onlar ali təhsil haqqında diplom alırlar. Rusiya Dövlət Dumasının sədri məzunlara müraciətlə demişdir: "Kimsə zarafatla demişdir ki, ali təhsil haqqında diplom bu sənədin sahibinin nə isə öyrənmək şansı olduğunu təsdiq edir. Ancaq sizin barənizdə danışanda bu, yalnız zarafatdır. MDU-nun Bakı flialının məzunları bu şansdan yüz faiz istifadə etmişlər". O vurğulamışdır ki, Moskva Dövlət Universiteti təkcə Azərbaycanda və Rusiyada deyil, bütün dünyada tanınan və dəyərləndirilən brenddir. MDB-nin Bakı filialının məzunu adını daşımaq şərəfli olmaqla yanaşı, həm də məsuliyyətlidir. Çünki bu ali məktəbin məzunu adını daim uca tutmaq lazımdır. Rusiya Dövlət Dumasının sədri əmin olduğunu bildirmişdir ki, MDB-nin Bakı filialını bitirmiş gənclər harada işləmələrindən asılı olmayaraq - istər dövlət, istər bələdiyyə idarəsi, biznes, sosial sahələrdə hər yerdə ən yüksək səviyyəyə qalxmağa imkan verən gözəl biliklər əldə etmişlər. Bu gün müasir, gələcəyə doğru irəliləyən Azərbaycana sizin kimi novator, yaradıcı, həqiqətən müasir biliklərə malik gənclər lazımdır. S.Narışkin demişdir: "Biz yaşlı nəslin nümayəndələri də ali məktəbləri bitirmiş, ali təhsil almışıq. İndi xatırlayıram ki, bu məqamda mən həyəcan keçirir, arzulayırdım, peşə karyeramla bağlı planlar qururdum. Doğrusunu deyim ki, mənim arzularımın bir hissəsi həyata keçdi".
Rusiya Dövlət Dumasının sədri məzunlara təhsil illərində qazandıqları bilikləri həyatda tətbiq etməyi arzulamışdır. O, məzunlara xeyir-dua verərək demişdir: "Səhvlərə az yol verin, müdrik müəllimlərinizin öyrətdiklərini tez-tez yada salın. Bir də xahiş edirəm Rusiya ilə Azərbaycan arasında dostluğun ildən-ilə möhkəmlənməsi üçün əlinizdən gələni əsirgəməyin. Bu dostluğun, həqiqətən, dərin tarixi kökləri vardır. Sizin bu münasibətlərə əlavə edəcəyiniz enerjidən, hisslərdən Azərbaycanın gələcəyi, Rusiyanın gələcəyi çox asılıdır". O, gənclərə böyük uğurlar və xoşbəxtlik arzulamışdır.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor SADOVNİÇİ mərasimdə çıxış edərək bildirmişdir ki, universitetlər onilliklərlə, yüzilliklərlə təşəkkül tapır. Lakin ilk buraxılış istənilən ali məktəbin tarixində başlıca səhifələrdən biri olur. MDU-nun rektoru demişdir: "Siz artıq tarixin bir hissəsisiniz. Gələcək nəsillər sizin barənizdə həmişə deyəcəklər: onlar universiteti ilk bitirənlərdir. Onlar müstəqil həyata ilk qədəm qoyanlardır".
V.Sadovniçi ümummilli lider Heydər Əliyevin Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafında və dərinləşməsində, vahid elm və təhsil məkanının qorunub saxlanmasında böyük rolunu diqqətə çatdırmışdır. O demişdir: "MDU-nun Bakı filialının yaradılmasının əsasını Heydər Əliyev ideyaları, onun xalqlarımızın, ölkələrimizin həmişə bir yerdə olmasına yönəldilmiş fədakar əməyi təşkil edir". MDU-nun rektoru vurğulamışdır ki, Moskva Dövlət Universitetinin Bakı filialının yaradılması ideyası onun Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündə meydana gəlmişdir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin təxminən üç əsrlik tarixi ərzində ilk dəfə MDU-nun Bakı filialı kimi qurumun yaradılmasına yaşıl işıq yandırılmışdır. Akademik V.Sadovniçi demişdir: "Bir neçə il ərzində universitet qüvvətlənmiş və az vaxt keçməsinə baxmayaraq, indiki təhsil ocağına çevrilmişdir".
Rektor bildirmişdir ki, bu gün müstəqil həyata qədəm qoyan məzunların qarşıda çətinlikləri, sınaqları, qələbələri, sevincləri və uğurları olacaqdır. O demişdir: "Müstəqil qərarlar qəbul etməyə, çalışmağa, yeni uğurlar qazanmağa, mürəkkəb həyat pillələrində yeni addımlar atmağa hazır olun. Ümidvarıq ki, universitetdə çətin təhsil illəri bunu sizə öyrətmişdir".
V.Sadovniçi ali məktəbin yaradılması üçün çox işlər görmüş Bakı filialının rektoru, professor Nərgiz Paşayevaya təşəkkürünü bildirmişdir. O, həmçinin M.V.Lomonosov adına MDU-nun Bakı filialının ilk məzunlarına diplomların təqdim olunması mərasimində iştirak edən Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinə minnətdarlıq etmişdir.
Çıxışlardan sonra S.Narışkin, V.Sadovniçi və N.Paşayeva məzunlara diplomları təqdim etmişlər.
Məzunlar adından çıxış edən Sona Nəsibova qonaqlara, mərasim iştirakçılarına və müəllimlərə minnətdarlığını bildirmişdir.
Daha sonra məzunların ifasında beynəlxalq tələbələr himni səslənmişdir.
Təntənəli mərasim tələbələrin ifasında ədəbi-bədii kompozisiya ilə başa çatmışdır.
AzərTAc
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.