Şriftin ölçüsü:
07.07.2012 05:30 | Oxunma sayı: 1068
Abşeron rayonu ilə qardaşlaşmış Misirin Qalubiyyə vilayətində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adını daşıyan məktəbin şagirdləri ölkəmizdə səfərdədirlər.
Abşeron Rayon İcra Hakimiyyətinin dəvəti ilə reallaşan səfər çərçivəsində qonaqlar Heydər Əliyev Fondunu ziyarət etmiş, şəhərin bir sıra görməli yerləri ilə tanış olmuşlar.
Qonaqlar Abşeron Rayon İcra Hakimiyyətində Azərbaycan-Misir dostluğundan bəhs edən fotostendə baxmışlar. Sonra keçirilən görüşdə Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın salamlarını qonaqlara çatdırmışdır. O, 2007-ci ildə Qalubiyyə ilə Abşeron rayonunun qardaşlaşması barədə protokolun imzalanmasını xatırladaraq, sənədin bütün müddəalarının uğurla yerinə yetirildiyini söyləmişdir. Bildirilmişdir ki, Abşeronda Azərbaycan-Misir dostluq parkı, Xırdalan şəhərinin mərkəzində Qalubiyyə küçəsi, Misir-ərəb təmayüllü məktəb, Qalubiyyədə isə Heydər Əliyev Parkı, Azərbaycan küçəsi və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın adını daşıyan məktəb vardır.
Zakir Fərəcov Azərbaycan-Misir birgə layihələrindən danışmış, bu layihələrin böyük perspektivə malik olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, yaxın gələcəkdə Abşeron rayonundan 20 şagird Misirdəki Mehriban Əliyeva adına məktəblə tanış olmaq üçün bu ölkəyə səfər edəcəkdir.
Qalubiyyədəki Mehriban Əliyeva adına məktəbin direktoru Abira Ali Abaza qonaqpərvərliyə görə minnətdarlığını bildirmişdir. O, Misirdə böyük nüfuza malik olan Mehriban Əliyeva adına məktəbin xalqlarımız arasındakı dostluğun göstəricisi olduğunu bildirmişdir. Məktəbin direktoru iki minə yaxın şagirdi olan bu təhsil ocağının uğurlarından da danışmışdır.
Misirin təhsil nazirinin müşaviri Mahmud Əl Amuriki səfərə görə Misir Prezidentinin təşəkkürlərini çatdırmış, xalqlarımız arasındakı münasibətlərin tarixi kökləri barədə danışmışdır. Mahmud Əl Amuriki Mehriban Əliyeva adına məktəbin böyük nüfuza malik olduğunu vurğulamışdır.
Məktəbin təlim-tərbiyə üzrə müdiri Əbubəkr Ramadan Azərbaycana səfərin çox maraqlı keçdiyini demişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Ə.Ramadan problemin tezliklə həll ediləcəyinə və Azərbaycan torpaqlarının işğaldan azad olunacağına əminliyini bildirmişdir.
Mehriban Əliyeva adına məktəbin heyəti adından Abşeron rayonuna xatirə hədiyyəsi təqdim olunmuşdur. Misirli qonaqlara da Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından qiymətli hədiyyələr verilmişdir.
Sonra qonaqlar Xırdalan şəhərindəki Misir-ərəb təmayüllü 9 nömrəli orta məktəbdə olmuşlar. Misirli qonaqlar məktəb şagirdlərinin hazırladıqları konsert proqramını maraqla izləmişlər. Məktəblilərin əl işlərindən ibarət sərgi də qonaqlarda böyük təəssürat doğurmuşdur. Burada nümayəndə heyəti Azərbaycan-Misir dostluq guşəsi ilə tanış olmuşdur. Məktəbdə keçirilmiş dostluq dərsində isə ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan-Misir əlaqələrinin inkişafına verdiyi töhfələrdən danışılmışdır. Dərsdə azərbaycanlı və misirli şagirdlər ərəb dilində şeirlər söyləmişlər.
Abşeron Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq zamanı bildirilmişdir ki, burada rayon ərazisində aşkar edilən qədim əşyalar, müxtəlif dövrlərə aid mədəni-tarixi abidələrin qalıqları saxlanılır.
Heydər Əliyev adına mədəniyyət və istirahət parkını gəzən qonaqlara məlumat verilmişdir ki, bura Xırdalan şəhərinin sakinlərinin və qonaqların ən sevimli yerlərindən biridir.
Sonra qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar. Məlumat verilmişdir ki, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması ulu öndər Heydər Əliyevin yorulmaz səyləri nəticəsində mümkün olmuşdur.
Qonaqlar Xırdalandakı Qalubiyyə küçəsində yerləşən Azərbaycan-Misir dostluq parkını da gəzmişlər. Bildirilmişdir ki, bu park dövlətlərimiz arasındakı dostluq və qardaşlığın rəmzidir.
Misirli qonaqlar "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda da olmuşlar. Məlumat verilmişdir ki, bu ərazi Prezident İlham Əliyevin Sərəncamı ilə 2007-ci ildə qoruq elan edilmişdir. Nadir təbiət abidələrindən olan "Yanardağ"ın ərazisi haqqında çox qədim mənbələrdə məlumat verilir.
Qalubiyyə vilayətində Mehriban xanım Əliyevanın adını daşıyan məktəbin təlim-tərbiyə işləri üzrə müdiri Əbubəkr Ramadan ölkəmizlə bağlı təəssüratlarını bölüşərək demişdir: "Biz Azərbaycanı çox inkişaf etmiş bir ölkə kimi gördük. Mən Azərbaycan xalqının sədaqətini xüsusi qeyd etmək istərdim. Biz Şəhidlər xiyabanında Vətən, azadlıq uğrunda öz canlarını qurban vermiş azərbaycanlı gənclərin məzarlarını gördük. Bu, millətin Vətəninə sevgisi deməkdir. Bu cəhəti yüksək qiymətləndirirəm".
Məktəbin direktoru Abira Ali Almaza demişdir: "Misir və Azərbaycan xalqları arasında möhkəm dostluq vardır. Azərbaycan çox gözəl ölkədir. Qalubiyyə vilayətində Mehriban Əliyevanın adını daşıyan məktəbi mirvariyə bənzədirəm. Mehriban xanım Əliyeva UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti kimi bir çox xeyirxah işlər görmüşdür. Onun adını daşıyan məktəbin inşası isə xalqlarımız arasında dostluğun rəmzidir. Mehriban xanım Əliyevanın fəaliyyəti təqdirəlayiqdir. Misir xalqı bu fəaliyyəti yüksək qiymətləndirir".
Misirin təhsil nazirinin müşaviri Mahmud Əl Amuriki demişdir: "Azərbaycan xalqının qonaqpərvərliyi bizi valeh etdi. Biz ən yüksək səviyyədə qarşılandıq. Səfər zamanı bir çox maraqlı yerlərdə olduq, Şəhidlər Xiyabanını ziyarət etdik. Azərbaycan dövlətinin şəhidlərin xatirəsinə göstərdiyi hörmət bizi çox təsirləndirdi. Biz Azərbaycanda həm də yüksək tolerantlığın şahidi olduq. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adını daşıyan məktəb Misirdə çox böyük nüfuza malikdir və keçirilən bütün müsabiqələrdə qalib gəlir".
Məktəbin şagirdi Əhməd Əziz ölkəmizdə gördüklərini böyük maraqla qarşıladığını bildirərək demişdir: "Əvvəllər Azərbaycan haqqında bir qədər məlumatım var idi. Lakin bu səfər zamanı Azərbaycan haqqında daha çox məlumat əldə etdim".
Qeyd edək ki, Qalubiyyə vilayətində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın adını daşıyan məktəb tədrisin keyfiyyətinə görə Misirin aparıcı təhsil ocaqlarından biri hesab olunur.
AzərTAc
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.