Son iki yüz il ərzində Azərbaycan tarixşünaslığında xalqımızın taleyində mühüm rolu olan ayrı-ayrı hadisələrə siyasi yöndən yanaşılaraq subyektiv qiymət verilib. Ona görə də ulu öndərimiz Heydər Əliyev 1997-ci il yanvar ayının 31-də Azərbaycan MEA-nın rəhbərliyini və aparıcı alimlərin bir qrupunu qəbul edərkən elm sahəsində, o cümlədən tarix elmi sahəsində islahatların aparılmasının vacibliyini vurğulamış, onun inkişaf strategiyasının əsas müddəalarını müəyyənləşdirmiş, Azərbaycan xalqının real tarixinin yazılmasını bir vəzifə olaraq qarşıya qoymuşdur.
Respublikamızda azərbaycançılıq məfkurəsinin və milli ruhun yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması nəticəsində tarixçi alimlərimiz Qarabağ, Naxçıvan, İrəvan xanlıqlarının tarixinə dair elmi və ictimai-siyasi əhəmiyyəti ilə seçilən fundamental əsərlər yazdılar. "İrəvan xanlığı" əsəri Azərbaycan (2009), rus və ingilis dillərində (2010) kütləvi tirajla işıq üzü gördü, elmi və siyasi elitanın iştirakı ilə parlament səviyyəsində təqdimatı keçirildi. Bu kitab İrəvan xanlığının tarixini bilavasitə əks etdirən mənəvi bir abidədir. Ona görə də AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Yaqub Mahmudovun rəhbərliyi və görkəmli tarixçi alimlərin iştirakı ilə hazırlanmış bu nadir ensklopedik və monoqrafik nəşr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2012-ci il tarixli sərəncamı ilə Dövlət mükafatına layiq görülmüşdür.
Dövlət mükafatına layiq görülən tarixçi alimlərdən biri də Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycan tarixi kafedrasının müdiri, əməkdar elm xadimi, tarixi elmləri doktoru, professor Süleyman Abbas oğlu Məmmədovdur. Bu il 80 yaşı tamam olan Süleyman müəllim Vedibasar mahalının Xalisa kəndində anadan olmuşdur. O, uşaq ikən həyatın acı sınağına tuş olmuş, atası Abbas kişi repressiyaya məruz qaldığından məşəqqətli bir həyat yolu keçmişdir. 1948-ci ildə səkkizinci sinfi bitirən Süleyman Məmmədov İrəvandakı Azərbaycan pedaqoji məktəbinə daxil olur. O dövrdə bu pedaqoji məktəb İrəvan şəhərində elmi-mədəni və təhsil mühitinin inkişafında çox mühüm rol oynayırdı.
S. Məmmədov 1951-ci ildə pedaqoji məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra elə həmin il də imtahansız Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunur, lakin maddi imkansızlıqdan təhsilini davam etdirə bilmir. Ailənin bütün qayğıları onun üzərinə düşdüyündən anasının yanına qayıtmağa məcbur olur. Yeddillik məktəbdə müəllim işləməklə əmək fəaliyyətinə başlayır. Lakin millətçi ermənilər ona pedaqoji fəaliyyətini davam etdirməyə imkan vermədilər. Hərbi xidmətə göndərərək pedaqoji fəaliyyətdən uzaqlaşdırdılar. Halbuki, anasının qocalığı və əmək qabiliyyətini itirməsi onun hərbi xidmətdən azad edilməsinə kifayət edirdi. Təhsilini davam etdirmək məqsədilə o, 1954-cü ildə Bakıya qayıtdı və yenidən BDU-nun tarix fakültəsinə daxil oldu. O, iti zehni, işgüzarlığı, zəhmətsevərliyi və erməni dilini bilməsi ilə digər tələbələrdən seçildi. Universiteti bitirərkən müəllimi Məmməd Şəriflinin zəmanəti ilə indiki Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın orta əsrlər tarixi" şöbəsində baş laborant kimi işə başladı. Tarix İnstitutunun rəhbərliyi onu erməni qaynaqları üzrə mütəxəssis kimi hazırlamağı qərara alır. Bu məqsədlə ona qədim erməni dilini öyrənməsi üçün lazımi şərait yaradılır. Erməni dilini mükəmməl öyrənməsi, qaynaqlara daha dərindən müraciət etməsi məqsədilə 1960-cı ildə Tarix İnstitutu S. Məmmədovu Ermənistan EA-nın Dilçilik İnstitutuna iki il müddətinə elmi ezamiyyətə göndərir. O, burada iki il qədim erməni dili üzrə təhsil alır. Süleyman müəllim bu müddət ərzində İrəvandakı Matenadaranda (əlyazmalar fondu), akademiyanın, universitetin kitabxanalarında və şəhər mərkəzi kitabxanasında, habelə arxivlərdə Azərbaycana aid materiallarla ətraflı tanış olur. Süleyman müəllim xoş xasiyyəti, iradəsi, dözümü və inadkarlığı nəticəsində qısa bir müddətdə Azərbaycan tarixi ilə bağlı zəngin məxəzlərlə tanış olur. İki ildən sonra Bakıya qayıdıb Azərbaycan EA Tarix İnstitutunun orta əsrlər tarixi üzrə məqsədli aspiranturasına imtahan verir. Ermənistan EA Tarix İnstitutuna göndərilən S.Məmmədov burada "XVII əsrin ikinci yarısı - XVIII əsrin birinci otuzilliyində Azərbaycanın sosial-iqtisadi, siyasi həyatı" adlı namizədlik dissertasiyasını vaxtından əvvəl yazıb başa çatdırır və elmi şuraya təqdim edir. S. Məmmədovun dissertasiyasında irəli sürdüyü bir çox mülahizələr, orta əsr inzibati və ticarət mərkəzləri olan Gəncə, Naxçıvan, Culfa, Bakı, Şamaxı və s. şəhərlərin yüksək inkişafı məsələsinə yeni elmi yanaşma erməni alimlərini qane etmədiyindən onlar elmi işə mane olmağa çalışırlar. Uzun müddətli müzakirələrdən sonra erməni alimləri S.Məmmədovun məntiqi mülahizələri qarşısında geri çəkilməyə, dissertasiyanı müdafiəyə təqdim etməyə məcbur olurlar.
Süleyman müəllimin müdafiəsi 1966-cı il iynun 30-na təyin olunsa da, o, yalnız üç aydan sonra,1966-cı il sentyabrın 6-da Ermənistan EA Tarix İnstitutunun ixtisaslaşdırılmış müdafiə şurasında tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiyasını müdafiə edir.
Süleyman müəllim 1971-ci ildən taleyini Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bağlayır, Azərbaycan tarixi kafedrasında baş müəllim, dosent kimi çalışır, pedaqoji fəaliyyətini elmi işlə uzlaşdırır. S.Məmmədov universitetin (ADPİ-nin) üç şöbəsində (Azərbaycan, rus, erməni) dərs deməklə bərabər orta əsr erməni qaynaqları üzərində axtarışlarını davam etdirir, Azərbaycana aid materialları toplayır, "XV-XVIII əsrin birinci yarısında erməni qaynaqları Azərbaycan haqqında" adlı doktorluq dissertasiyası üzərində ciddi çalışır. 1983-cü il martın 23-də doktorluq dissertasiyasını uğurla müdafiə edir. Mütəxəssislər Süleyman müəllimin doktorluq dissertasiyasını yüksək qiymətləndirirlər.
Professor S. Məmmədov bir sıra regional və beynəlxalq konfranslarda iştirak etmişdir. Onun çıxışları Moskva, Sankt-Peterburq, Tbilisi, İrəvan, Bakı, Suxumi, Batumi, Kutaisinin akademik nəşrlərində çap olunmuşdur. S. Məmmədov 10 cildlik ASE-nin, 2 cildlik "Naxçıvan tarixi"nin, 2 cildlik "Naxçıvan ensiklopediyası"nın müəlliflərindən və Azərbaycan Milli Ensiklopediyasının "Xüsusi cild"inin məsləhətçilərindən biridir. Onun ümumtürk tarixinə həsr olunmuş bir sıra məqalələri Türkiyənin nüfuzlu elmi nəşrlərində çap olunmuşdur.
S.Məmmədov həyatın mənasını yorulmadan işləməkdə və çətinliklərə sinə gərməkdə görür. Onun həyatının bütün sevinci elmi-pedaqoji yaradıcılığı ilə bağlıdır. İndiyə kimi onun irili-xırdalı 400-dən artıq elmi-pedaqoji və publisistik yazısı işıq üzü görüb. 5 monoqrafiyanın, 19 ümumtəhsil və 5 ali məktəb dərsliyinin, 15 dərs vəsaiti və proqramın müəllifidir. Onun Azərbaycan tarixinin az öyrənilmiş sahələrinə həsr edilmiş və erməni böhtanlarına layiqli cavab verən çoxsaylı monoqrafik əsərləri Azərbaycan tarixşünaslığına dəyərli töfhədir.
Qədim erməni dili üzrə Azərbaycanda yeganə mütəxəssis olan Süleyman Məmmədovun iki əsəri - "XVII əsrin II yarısı - XVIII əsrin birinci otuz illiyində Azərbaycanın sosial iqtisadi həyatı" (1977), "Azərbaycan XV-XVIII əsrin I yarısı qaynaqlarında" (1993) Nyu York Konqres Akademiyasının kitabxanasının kataloquna düşmüşdür.
Professor Süleyman Məmmədov ömrünün müdrik və məhsuldar çağlarını yaşayır və Azərbaycan tarixinin tədqiqi, təbliği və tədrisi sahəsində öz elmi məktəbini yaratmış, bu işi bu gün də uğurla və gənclik həvəsi ilə davam etdirir.
S.Məmmədov güclü məntiqə, geniş erudisiyaya, tədqiqatçı səliqə-sahmanına malik nüfuzlu alimdir. Sadə, tələbkar və xeyirxah elmi rəhbərdir. Bacarıqlı və prinsipial kafedra müdiridir. 23 ildir ki, ADPU-nun Azərbaycan tarixi kafedrasına rəhbərlik edir. Kafedrada Azərbaycan tarixi ilə bağlı fundamental elmi tədqiqatların aparılmasında, müasir tələblərə cavab verən mühazirə materiallarının metodiki tövsiyələrin hazırlanmasında S.Məmmədovun böyük xidmətləri olub.
S.Məmmədov Azərbaycan elmi-pedaqoji və ictimai-siyasi həyatında yaxından iştirak edir. O, 18 ildir ki, Təhsil Nazirliyinin nəzdində tarix üzrə fəaliyyət göstərən elmi-metodik şuranın, 15 ildir ki, Ali Attestasiya Komissiyasının tarix bölməsi ekspert şurasının üzvüdür. S.Məmmədov pedaqoji və elmi - pedaqoji kadr hazırlığında yaxından iştirak edir. Onun rəhbərliyi ilə 16 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. Hazırda 10 nəfər aspirant və dissertantı Azərbaycanın orta əsrlər dövrünün müxtəlif istiqamətləri üzrə axtarışlar aparırlar. Professor S.Məmmədov ADPU-da fəaliyət göstərən İxtisaslaşdırılmış Müdafiə Şurasının elmi katibi, BDU-da fəaliyyət göstərən dissertasiya şurasının həmsədri, Təhsil Problemləri İnstitutunun və Tarix İnstitunun nəzdində fəaliyyət göstərən ixtisaslaşdırılmış şuraların üzvü olmuşdur. O, onlarla namizədlik və doktorluq dissertasiyalarının rəsmi opponenti, elmi-nəzəri və ictimai-siyasi əhəmiyyəti ilə seçilən kitabların redaktoru və rəyçisi olmuşdur. Onun publisistik yazıları da səmimiliyi, obyektivliyi və elmiliyi ilə seçilir.
Zəhməti və istedadı mütəmadi olaraq ona uğur gətirmişdir. Tarix elmləri doktoru, professor S.Məmmədova 2006-cı ildə əməkdar elm xadimi fəxri adı verilmişdir. Bu il isə Süleyman müəllim bir qrup həmkarı ilə birgə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür. Ürəyi yurd həsrəti ilə döyünən professor S.Məmmədovun ən böyük arzusu ana yurda, İrəvan xanlarının at çapıb, qılınc oynatdığı əzəli və əbədi torpağımız Vedibasara dönməkdir.
Tarix elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, əməkdar elm xadimi S.Məmmədov ömrünün müdriklik çağlarını yaşayır. Yüksək əxlaqı, fəziləti və düşüncə tərzi ilə insanlara örnək olan Süleyman müəllimə gözəl həyat və yeni-yeni elmi nailiyyətlər arzulayırıq.
{nl}
İsmayıl HACIYEV, AMEA-nın Naxçıvan bölməsinin sədri, akademik, əməkdar elm xadimi, Cəbi BƏHRAMOV, AMEA-nın
{nl}
A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru,
{nl}
professor, Fərrux RÜSTƏMOV, ADPU-nun pedaqoji fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.