Gəncə xanlığının şanlı tarixinə layiqli töhfə

Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının qərarı ilə Elgün Tofiq oğlu Babazadənin "Gəncə xanlığının tarixindən" kitabı "Şərq-Qərb" nəşriyyat evində nəfis tərtibatla çapdan çıxımışdır. Şanlı tariximizin ən parlaq səhifələrindən birinə həsr olunmuş bu əsərə Azərbaycan Milli Məclisinin deputatı, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Yaqub Mahmudovun yazdığı ön sözü oxuculara təqdim edirik:
Azərbaycan xalqı qədim və zəngin dövlətçilik ənənələrinə malikdir. Yalnız öz torpaqlarını deyil, qonşu məmləkətləri də idarə etmək ənənələrinə malik olan xalqımız zaman-zaman qüdrətli imperiyalar da yaratmış, dünya tarixində həmişə söz sahibi olmuşdur. Bu inkarolunmaz tarixi həqiqətdir... Bu da bir gerçəklikdir ki, zaman-zaman tarixin sərt sınaqlarına məruz qalan və müvəqqəti olaraq müstəqil dövlətçiliyindən məhrum olan Azərbaycan xalqı heç zaman yadlara boyun əyməmiş, istiqlal savaşına qalxaraq yenidən müstəqillik qazanmış, dövlətçiliyini, dövlətini bərpa etmiş, bununla təkrar-təkrar sübut etmişdir ki, o, özgələri tərəfindən idarə olunan xalq deyil, əksinə, başqalarını idarə etmək ənənələrinə layiq və qadir olan bir xalqdır...
... XVIII yüzilliyin ortalarında tariximizin çox ağır dövrlərindən biri başlandı. Böyük Azərbaycan sərkərdəsi Nadir şahın ölümü ilə onun Baş Qafqaz dağlarından Hindistan hüdudlarına qədər (Hindistanın bir hissəsi də daxil olmaqla) çox geniş əraziləri əhatə edən Böyük Əfşar imperiyası dağıldı. Vaxtı ilə Nadir şahın asılı hala saldığı xalqlar imperiyadan qopub ayrıldılar. Yurdumuzda xanlıqlar dövrü başlandı.
Xanlıqlar dövrü Azərbaycan tarixinin dramatik hadisələrlə dolu olan ən çətin, ən mürəkkəb dövrü olmaqla yanaşı, həm də, yerli dövlətçilik ənənələrimizin dirçəlişi dövrüdür, parça-parça, hissə-hissə olsa da müstəqillik dövrümüzdür! Yarım əsrdən artıq müstəqil xanlıqlar şəklində yaşayan Azərbaycan dövlətləri öz müstəqilliklərini qorumaq üçün çətin mübarizə aparmışlar. Azərbaycan xanları arasında vahid, qüdrətli Azərbaycan dövləti yaratmaq uğrunda mübarizə aparan Şəki xanı Hacı Çələbi xan, Urmiya xanı Fətəli xan Əfşar, Qarabağ xanı İbrahimxəlil xan, Quba xanı Fətəli xan kimi görkəmli dövlət xadimləri də olmuşdur...
Lakin nə yazıqlar ki, öz cırtdan mənafelərinin əsiri olan və bir-biri ilə didişən bəzi xanların öz aralarında razılığa gələ bilməməsi üzündən Azərbaycan o zaman vahid və qüdrətli dövlət halında birləşə bilmədi. Məmləkətimiz Qafqazın işğalına başlayan Rusiya imperiyası qarşısında aciz vəziyyətə düşdü...
Zamanın sərt dönüşünə baxmayaraq xanlıqlar dövründə Azərbaycanın hərbi-siyasi tarixində mühüm rol oynayan xanlıqlarımız da oldu, Vətənin azadlığı naminə qanlı çarpışmalarda hünər göstərən, şəhid düşən Cavad xan Ziyadoğlu kimi xanlarımız da!
Gəncə xanlığı Şimali Azərbaycanın ən qüdrətli xanlıqlarından idi. Keçmiş Gəncə - Qarabağ bəylərbəyliyinin əhatə etdiyi ərazisinin bir hissəsində yaranmış Gəncə xanlığı strateji mövqeyinə görə Azərbaycan xanlıqları içərisində çox önəmli bir yer tuturdu. Məhz bu səbəbdəndir ki, Şərqi Gürcüstan ərazisindən hücum meydanı kimi istifadə edərək Azərbaycan Car-Balakən bölgəsini ələ keçirən Rusiya imperiyası dərhal Gəncə xanlığını da işğal etmək siyasəti yürütdü. Çünki Gəncə qalası Rusiya qoşunlarının Azərbaycanın içərilərinə doğru irəliləməsi üçün mühüm strateji əhəmiyyətə malik idi. Tarixən Azərbaycanın bu bölgəsini ələ keçirməyə çalışan gürcü və erməni qəsbkarları da bu işdə Rusiyanın ən yaxın "silahdaşı"na çevrildilər.
Tariximizin bu dönəmini tam aydınlığı ilə araşdırıb ortalığa qoymaq üçün Azərbaycan xanlıqlarının hər birinin tarixinin ayrı-ayrılıqda, hərtərəfli tədqiq olunması tarixşünaslığımız üçün çox mühüm əhəmiyyətə malikdir. Azərbaycanın dövlətçilik tarixinə kölgə salmağa çalışan bəzi üzdəniraq fars və erməni tarixçiləri Azərbaycan xanlıqlarını İrandan asılı torpaqlar kimi təqdim etməyə cəhd göstərirlər. Bununla da, əslində, Azərbaycan xanlıqlarının müstəqil siyasi varlıq kimi mövcudluğunu inkar edir, Azərbaycan ərazisinin Rusiya imperiyası və Qacarlar İranı tərəfindən bölüşdürülməsinə bir növ haqq qazandırırlar.
Bu baxımdan Elgün Babazadənin ərsəyə gətirdiyi "Gəncə xanlığının tarixindən" monoqrafiyası Azərbaycanın xanlıqlar dövrünün gerçək tarixinin öyrənilməsi yolunda mühüm, həm də uğurlu bir addımdır. Yeri gəlmişkən, vaxtı ilə görkəmli Azərbaycan tarixçisi Fuad Əliyevin elmi rəhbərliyi ilə başa çatdırılmış bu monoqrafiya ilk dəfə 2003-cü ildə rus dilində işıq üzü görmüşdür. Lakin çox təəssüflər olsun ki, bu qiymətli əsər cüzi bir tirajla nəşr olunduğundan o zaman geniş yayılmadı. Elə buna görə də Tarix İnstitutunun Elmi Şurası bu qiymətli tədqiqatın Azərbaycan və rus dillərində yenidən nəşr olunması barədə qərar qəbul etdi.
Elgün Babazadənin oxucuların diqqətinə təqdim olunan bu monoqrafiyasında Gəncə xanlığının yaranması ərəfəsində baş verən siyasi hadisələr - Azərbaycan torpaqlarına Rusiya və Osmanlı imperiyası hərbi qüvvələrinin işğalçı yürüşləri, Nadir şah Əfşarın Səfəvi dövlətinə son qoyaraq, özünü şah elan etməsi, Qacarlar nəslindən olan Gəncə bəylərbəyi Uğurlu xan Ziyadoğlunun ona qarşı çıxması, bundan əlavə, Nadir şah Əfşarın bəylərbəyliklərini ləğv etməsi və Azərbaycan adlı inzibati vahid yaratması geniş şəkildə tədqiqata cəlb olunmuşdur. Müəllif bütün tarixi Azərbaycan torpaqlarının vahid mərkəzdə birləşdirilməsini mühüm əhəmiyyətli hadisə hesab edir və həmçinin bu birliyin möhkəm olmamasının səbəblərini araşdırır. Bundan əlavə, Nadir şahın öldürülməsindən sonra (1747) keçmiş Gəncə - Qarabağ bərləybəyliyinin ərazisində iki xanlığın - Gəncə və Qarabağ xanlıqlarının yaranması göstərilir. Gəncə xanlığının yaranması və təşəkkülü, xanlığın iqtisadi vəziyyəti və ticarət əlaqələri xüsusi paraqraflarda nəzərdən keçirilir. Monoqrafiyada Gəncə xanlığının meydana gəlməsindən çar Rusiyası tərəfindən ləğv edilməsinədək bütün dövr ətraflı şəkildə öz əksini tapır.
Tədqiqat işində Gəncə xanlığının yaranmasından Cavad xan Ziyadoğlunun hakimiyyətə gəlməsinədək olan dövrdə (1747-1786) xanlığın tarixinin ən mühüm hadisəsi kimi Qarabağ xanlığının və Kartli-Kaxeti çarlığının asılılığından çıxaraq müstəqillik uğrunda mübarizəsinə xüsusi önəm verilir.
Monoqrafiyada Cavad xanın (1786-1804) hakimiyyəti dövründə baş verən siyasi hadisələr daha geniş şəkildə tədqiqata cəlb olunmuşdur. Cavad xanın 18 illik hakimiyyəti dövründəki gərgin diplomatik fəaliyyəti - regionda həlledici qüvvəyə çevrilən dövlətlərin nümayəndələri ilə danışıqlar aparması, yazışmalarda iştirak etməsi, onların hər biri ilə aparılan danışıqlarda Gəncə xanlığının müstəqilliyinin təmin edilməsinə çalışması tədqiq olun dövr Azərbaycanın beynəlxalq əlaqələri tarixin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Elgün Babazadə "Gəncə xanlığının tarixindən" monoqrafiyasında Cavadxanın işğalçı Rusiya qoşunlarının yeni təyin edilmiş komandiri P.D.Sisyanovla apardığı danışıqları, xüsusilə onlar arasındakı yazışmaları dövrün ilk mənbələrini tədqiqata cəlb etməklə, unikal sənədlərdən faydalanmaqla qabarıq surətdə canlandırmışdır.
Müəllif Gəncə xanlığının tarixinə həsr olunmuş kitabın sonuncu fəslində xanlığın təsərrüfat və sosial-iqtisadi vəziyyətindən bəhs etməklə yanaşı, xanlığın əhalisinin sayı, tərkibi, kənd təsərrüfatı, sənətkarlıq, ticarət həyatı və s. məsələlərlə bağlı olduqca maraqlı və elmi dövriyyəyə yeni gətirilmiş faktlar cəlb edə bilmişdir.
Kitabın sonunda Qafqaz Arxeoqrafiya Komissiyasının aktları əsasında Gəncə xanlarının şəcərəsi verilmiş, bu qiymətli tədqiqata xanlığın tarixinə dair müxtəlif xarakterli çoxsaylı sənədlər əlavə olunmuşdur. Bu, təqdirəlayiq hal almaqla əsərin dəyərini daha da artırır.
Şübhə etmirəm ki, Milli Elmlər Akademiyası Tarix İnstitutu Elmi Şurasının qərarı ilə oxuculara Azərbaycan və rus dillərində təqdim olunan "Gəncə xanlığının tarixindən" monoqrafiyası tariximizin xanlıqlar dövrünün çox məsələlərinə aydınlıq gətirəcəkdir.
Nəhayət, gənc tədqiqatçı Elgün Babazadə "Gəncə xanlığının tarixindən" adlı çox qiymətli bir monoqrafiya yazmaqla həm Vətən tarixinin çoxlarına bəlli olmayan şanlı səhifələrini açdı, həm də bu gün erməni qəbskarlarına qarşı müharibə vəziyyətində olan azad Azərbaycanın gəncliyi üçün örnək olan Cavad xan Ziyadoğlu şəxsiyyəti, onun qəhrəmanlığı bəradə çox qiymətli bir yadigar qoyub getdi.
Elgün Babazadənin şanlı tariximizin ən parlaq səhifələrindən birinə həsr olunmuş bu əsəri həm də elə bir istedaddan xəbər verir ki, əgər ömür onun sahibinə vəfa etsəydi o, tarix elmimizə, tarixini sevən oxuculara neçə-neçə qiymətli əsərlər ərməğan edəcəkdi...

{nl}

Yaqub MAHMUDOV, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında