Şriftin ölçüsü:
30.06.2012 03:49 | Oxunma sayı: 1044
Azərbaycanda mühüm neft-qaz layihələrinin operatoru olan bp şirkəti ölkəmizdə bir sıra sosial sərmayə proqramlarının təşəbbüskarı və icraçısı kimi də çıxış edir. Şirkətin həyata keçirdiyi humanitar layihələr sırasında təhsilə dəstək təşəbbüsləri mühüm yer tutur. Yeri gəlmişkən, bp-nin irəli sürdüyü təhsil təşəbbüslərinin əksəriyyətini energetika sənayesinin inkişafına dəstək verilməsi, texniki sahələrdə təhsil imkanlarının genişləndirilməsi və biznes tədrisinin yaxşılaşdırılması təşkil edir. Artıq bir neçə ildir ki, şirkət Azərbaycan Dövlət Neft Akademiyasının bir qrup birinci və ikinci kurs tələbəsinə öz illik xüsusi mükafatlarını təqdim edir.
Xatırladaq ki, bp-nin illik xüsusi mükafatlar proqramı şirkətin Azərbaycanda təhsilin inkişafını dəstəkləmək öhdəliyinin bir hissəsidir. Bu proqram Dövlət Neft Akademiyasında neft-qaz mədən, geoloji kəşfiyyat, neft mexanikası, energetika, istehsalat proseslərinin avtomatlaşdırılması sahəsində ixtisaslaşan ən yaxşı tələbələri təhsildə yeni uğurlara ruhlandırmaq məqsədi daşıyır.
bp-nin Bakıdakı "Hilton" otelində keçirdiyi növbəti tədbirdə Azərbaycan Dövlət Neft Akademiyasının 60 tələbəsinə 2012-ci ilin xüsusi mükafatları təqdim edilmişdir. Həmin tələbələrin 30 nəfəri akademiyaya qəbul zamanı ən yüksək bal toplamış birinci kurs tələbəsidir və onlara xüsusi mükafat kimi bp tərəfindən kompyuterlər verilmişdir. Qalan 30 nəfər isə ikinci kurs tələbəsidir ki, onları da bp şirkəti riyaziyyat, fizika və məntiq üzrə özünün keçirdiyi texniki testlərin nəticələri əsasında xüsusi olaraq seçmişdir. Bu tələbələrə isə öz ingilis dili bilgilərini təkmilləşdirmək üçün bp-nin maliyyəsi ilə xüsusi təlim proqramında iştirak etmək imkanı verilmişdir. Bu bilgilər onların texniki sahələrdəki yüksək biliklərini tamamlayacaq.
Tədbirdə çıxış edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşir demişdir: "Bu il biz Azərbaycandakı fəaliyyətimizin 20 illiyini qeyd edirik. Sevinirik ki, tariximizin belə mühüm bir hadisəsini həm uğurlarımızla, həm də əhəmiyyətli tədbirlərlə əlamətdar edə bilirik. Bu baxımdan neft və qaz ixtisaslı tələbələrə öz xüsusi mükafatlarımızı təqdim etmək üçün keçirdiyimiz bugünkü tədbirimizin özü də əlamətdardır. bp gənc azərbaycanlı istedadların inkişafını daim dəstəkləyib və biz onların təhsilinə və ixtisaslarının artırılmasına sərmayə qoymaqda davam edəcəyik. Şirkətimizdə də belə gənc istedadlar çoxdur, biz onların çoxunun mütəxəssis kimi inkişafına və şirkətdə çox yüksək vəzifələrə yüksəlişinə nail olmuşuq. bp-nin idarə etdiyi iri neft və qaz layihələri yeni mərhələyə qədəm qoyduqca işçilərimizin bütünlüklə yerli Azərbaycan vətəndaşlarından ibarət olması bizim kadrlar üzrə əsas məqsədimiz və strategiyamızdır. Ümidvarıq ki, bp-nin hər il neft və qaz ixtisaslı tələbələrə təqdim etdiyi xüsusi mükafatları bizim digər sanballı təhsilə dəstək proqramlarımızla birlikdə şirkətimizin Azərbaycanda neft və qaz ixtisaslı gənclərin inkişafına yönəlmiş səylərinin uğuruna mühüm tohfə olacaq".
Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayev isə bp şirkətinin ölkəmizdə həyata keçirdiyi sosial sərmayələr proqramının mühüm tərkib hissələrindən sayılan təhsilə dəstək layihələrinin uğurlu nəticələr verdiyini vurğulamış, rəhbərlik etdiyi ali təhsil ocağı ilə adıçəkilən şirkət arasında yüksək əməkdaşlıq əlaqələrinin mövcudluğunu diqqətə çatdırmışdır. S. Qarayev bu əlaqələrin tələbələrin bilik səviyyəsinin artırılmasına, eləcə də ölkəmizin neft-qaz sənayesi üçün bacarıqlı kadrların yetişdirilməsinə mühüm töhfələr verdiyini bildirmiş, qalibləri təbrik etmişdir.
Sonda qalib tələbələrə bp şirkətinin xüsusi mükafatları təqdim olunmuşdur.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.