Söhbət respublikanın Qərb bölgəsində müəllim kadrları hazırlayan ali məktəblərin yay imtahan sessiyasından gedir
Müəllim! Bu adı şərh etməyə ehtiyac yoxdur. Ona ən böyük, daha dəqiq qiyməti isə ulu öndər Heydər Əliyev verib: "Mən dünyada müəllim adından yüksək, şərəfli bir ad tanımıram".
Bu gün ölkədə müəllim kadrları hazırlayan ali məktəblərin sayı az deyil. Onlardan 3-ü respublikanın qərb bölgəsində yerləşən Gəncə Dövlət Universiteti və Azərbaycan Müəllimlər İnstitutunun Gəncə və Qazax filiallarıdır.
Gəncə Dövlət Universiteti 1938-ci ildə iki illik Gəncə Müəllimlər İnstitutu kimi fəaliyyətə başlamışdır. Bir qədər sonra Pedaqoji İnstitut, 2000-ci ildən bu günədək Dövlət Universiteti kimi fəaliyyət göstərir. Universitetdə tədris bakalavr və magistr pillələrində aparılır. Hazırda universitetdə 3500 nəfərədək tələbə təhsil alır və 37 tədris kafedrasında 15 elmlər doktoru - professor, 170 elmlər namizədi, dosent, 400-ə yaxın baş müəllim və müəllim çalışır. Universitetin 3 tədris korpusu, kitabxanası, idman zalı, yataqxanası və müasir kompyuter avadanlığı ilə təchiz olunmuş informasiya mərkəzi var.
Azərbaycan Müəllimlər İnstitutunun Gəncə və Qazax filialları isə digər 9 filial kimi ümummilli lider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli sərəncamına əsasən yaradılmışdır. Son vaxtlar Azərbaycan Müəllimlər İnstitutu dünyanın təhsil sahəsində inkişaf etmiş ölkələri olan Fransa, ABŞ, İngiltərə, İsveçrə, Almaniya, MDB ölkələri və digərləri ilə beynəlxalq əməkdaşlıq əlaqələri qurmuşdur.
Türkiyə, Fransa, Rusiyanın təhsil ocaqları və bir sıra beynəlxalq təşkilatlarının ölkəmizdəki nümayəndəlikləri ilə sıx əməkdaşlıq əlaqələri institutun və onun filiallarının müasir dünya təhsil standartlarına cavab verən tədrisin təşkilinə, əldə olunmuş təcrübənin təhsilin bütün pillələrində tətbiqinə imkan yaratmışdır.
Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı çox qısa vaxt ərzində zəngin maddi-texniki baza yarada bilmiş, tədrisin yüksək səviyyədə təşkili üçün hərtərəfli şəraitə nail olmuşdur.
İnstitutun Qazax filialının həyatında isə son aylar xüsusi canlanma hiss olunur. Burada daxili nizam-intizam xeyli gücləndirilmiş, müəllim və tələbə heyətinin təşəbbüskarlığı, fəallığı artmışdır. Tələbələrin özünüdavranış, geyim xüsusiyyətlərinə xüsusi fikir verilir, onların valideynləri ilə əlaqə saxlanılır.
... Artıq üç həftədən çoxdur ki, respublikanın hər yerində olduğu kimi Qərb bölgəsində də fəaliyyət göstərən ali məktəblərdə, o cümlədən yuxarıda adlarını çəkdiyimiz Gəncə Dövlət Universitetində, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə və Qazax filiallarında yay imtahan sessiyası keçirilir. İmtahanların təşkili, hər cür neqativ halların aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlər, yeniliklər haqqında danışmaq üçün həmin ali məktəblərin rəhbərləri ilə əlaqə saxladıq. Aldığımız cavabları dərc edirik.
Elman Məmmədov, Gəncə Dövlət Universistetinin rektoru, kimya elmləri doktoru, professor:
- Mövcud əsasnaməyə uyğun olaraq imtahan prosesi iki üsulla - yazılı və ya test formasında aparılır. 2010 - 2011-ci tədris ilindən başlayaraq universitetdə təhsilin hər iki forması üzrə imtahanlar test üsulunda kompyuter vasitəsi ilə keçirilir. Test imtahanları tələbə-müəllim arasında neqativ münasibətlərin aradan qaldırılmasına və subyektiv amillərin rolunun azaldılmasına xidmət edir. Test üsulunun müsbət tərəfləri ilə yanaşı bəzi çatışmazlıqların da olduğu aşkarlandı. Belə ki, test imtahanları üçün suallar tərtib olunan zaman kreditləri, yəni, dərs saatları az olan fənlərdən testlər yazmaq çətinlik törədir. Suallar bir çox hallarda təkrar olunur, bəzən aşağı səviyyəli suallar test bankına daxil edilirdi. Təbii ki, bu da imtahanların şəffaf keçirilməsini və tam obyektivliyin təmin olunmasını qeyri-mümkün edirdi. Tələbənin səhv cavablarının düz cavabları silməsi imtahan üçün nəzərdə tutulan proqramda nəzərə alınmamışdı. Bir çox tələbələr imtahanlara hazırlaşmadan gəlir, təsadüfi seçim yolu ilə suallara verilən cavabları kompyuterdə seçməklə bəzi hallarda müvəffəq qiymət almağa nail olurdular.
Test üsulu ilə aparılan imtahanlarda qeyd olunan bəzi qüsurlar araşdırılmış, onların həlli yolları Universitet Elmi Şurasında müzakirə edilmişdir. Universitet Elmi Şurasının qərarı ilə 2011/2012-ci tədris ilindən başlayaraq fənlərin xüsusiyyətindən asılı olaraq semestr imtahanlarının həm yazılı, həm qabiliyyət, həm də test üsulu ilə qəbul edilməsi qərara alınmışdır. Bir neçə ixtisasda isə "İfadəli oxudan praktikum" fənnindən şifahi imtahan aparılması qərara alınmışdır.
Test suallarının əvvəlcədən tələbələrə verilməsinin qarşısını almaq, imtahan üçün tərtib olunan test suallarının tədris olunan proqrama uyğun tərtib olunmasına nəzarət etmək məqsədi ilə test bunkerinin yaradılması qərara alınmışdır. Bunkerdə testlər müəllimlər tərəfindən hazırlanır və imtahan bazasına yüklənilir. Proqramda əvvəlcə nəzərdə tutulmayan dörd səhv cavabın bir düz cavabı silməsi də təmin olunmuşdur. Test bunkerinin tərtib olunması, imtahanlara nəzarətin gücləndirilməsi artıq öz bəhrəsini vermişdir. Universitetdə tədris intizamı gücləndirilmiş, tələbələrin imtahanlara daha yaxşı hazırlaşması təmin olunmuşdur.
İmtahanların gedişi zamanı tələbələrin qarşılaşdıqları hər hansı problemin həll edilməsi və müvafiq tədbirlərin görülməsi məqsədi ilə universitet üzrə Apelyasiya Komissiyası yaradılmışdır. Apellyasiya Komissiyasına daxil olan bütün ərizələr vaxtında araşdırılır və müvafiq tədbirlər görülür.
Universitetdə "Operativ qərargah" yaradılmış, imtahanların gedişi zamanı tələbələrin qarşılaşdıqları hər hansı neqativ halın aradan qaldırılması məqsədi ilə Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə məlumat verilməsi təmin edilmişdir. "Operativ qərargah"ın telefon nömrələri elan şəklində fakültələrin əmr və elanlar lövhəsindən asılmışdır.
Fakültələrdə keçirilən yazılı və qabiliyyət imtahanlarının gedişinə nəzarət etmək, qarşıya çıxa biləcək hər hansı neqativ halları vaxtında aradan qaldırmaq və universitet rəhbərliyinə məlumat vermək məqsədi ilə rektorluğun nümayəndələri fakültələrə təhkim edilmişlər. Həm yazılı, həm test, həm də qabiliyyət imtahanlarının gedişatına nəzarət etmək məqsədilə nəzarətçilər qrupu yaradılmış və fakültələrə təhkim olunmuşlar.
Ramiz Məmmədov, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının direktoru, fizika-riyaziyyat elmləri doktoru, respublikanın əməkdar müəllimi:
- Artıq neçə illərdir ki, imtahanlardan xeyli qabaq, hətta sessiyaların gedişi zamanı yerli televiziya kanallalarında elanlarımız verilir və bildirilir ki, "açıq qapı" günləri keçirilir. Bilirsiniz, biz çox istəyirik ki, valideynlər, ictimaiyyətin nümayəndələri imtahanlarda iştirak etsinlər. Bu bir tərəfdən bizim, digər tərəfdən tələbələrin məsuliyyətini artırır. Dünən kitabxanamızla maraqlandım və may, iyun aylarında neçə nəfər oxucunun müraciət etməsini öyrəndim. Başqa aylarda 20-30 nəfər tələbənin kitabxanadan istifadə etdiyi halda, təkcə may, iyun aylarında onların sayı 150 nəfəri keçib. Bu da onu göstərir ki, tələbələr imtahanlara ciddi hazıraşırlar, ilboyu əldə etdikləri bilikləri imtahanqabağı daha da təkmilləşdirirlər. Yeri gəlmişkən qeyd edək ki, filialımızın çox zəngin kitabxanası var və onun fondu 10 min ədədə yaxındır. Fondun təxminən yarısı, yəni 4600-ü dərsliklərdir ki, bu da tələbələrimizin nəzəri biliklərinin artmasına müsbət təsir edir.
Müəllim peşəsi nə qədər şərəfli də olsa, bir o qədər çətin və məsuliyyətlidir. Son illər, xüsusilə Aqiyə xanım Naxçıvanlı Azərbaycan Müəllimlər İnstitutuna rəhbərlik etdiyi vaxtdan bu peşəyə maraq xeyli artıb. Əvvəla institutda və onun filiallarınıda səmərəli təhsil üçün hərtərəfli şərait yaradılıb. İnstitutun rəhbərliyi hamımıza, o cümlədən bizim filiala hərtərəfli diqqət və qayğı göstərir. Bu gün auditoriyaya, fənn kabinetlərinə daxil olan gələcəyin müəllimi özünü sərbəst hiss edir, istədiyi biliyə, kompyuterlərin sirlərinə yiyələnə bilir.
Neçə gündür ki, imtahanlar başlayıb. Onların demək olar ki, hamısının gedişini izləməyə çalışıram. Səmimi deyirəm, bu günün tələbəsi 5-6 il əvvəlki tələbə deyil. O daha fəaldır. Hiss olunur ki, o daha çox oxuyur, internetdən lazımınca istifadə edə bildiyi üçün geniş informasiyaya malikdir. Seçdiyi ixtisasa dair ən çətin suallara cavab verməyə çalışır.
Tələbələrin dünyagörüşünə, onların daha hazırlıqlı olmasına cəmiyyətdə baş verən köklü dəyişilkliklər, həyatın bütün sahələrindəki inkişaf və tərəqqi təsir edir. Elə bunu təkcə Gəncənin timsalında görmək mümkündür.
Qədim Nizami yurdunun necə sürətli dəyişdiyini, dəqiq desək, gözəlləşdiyini görməmək mümkün deyil. Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncədə elə bir təşkilatçılıq, təşəbbüskarlıq və işgüzarlıq mühiti yarada bilib ki, onu neçə illər keçsə də dəyişdirmək mümkün deyil. Artıq hamı bilir ki, doğma torpağı, onun Nizamisini, Cavadxanını, hər bir abidəsini, daşını-kəsəyini təkcə sevmək, qürrələnməklə iş bitmir. Gərək öz əməlinlə, konkret bir işin qulpundan yapışmağınla bunu sübut edəsən, fəallıq göstərəsən. Əgər şəhərin mərkəzində hər hansı eybəcər bir beşmərtəbəli yaşayış binası yanından laqeyd ötürsənsə, öz şəhərinlə necə fəxr edə bilərsən?!
Ola bilər ki, qeyd etdiyim fikirlər yay imtahan sessiyasının gedişi ilə bir o qədər də uzlaşmır. Amma bunları deməkdə məqsədim odur ki, gələcəyin müəllimləri bu gün yuxarıda təsvir etdiyim hadisələrin içərisindədir. Torpağa, doğma şəhərə, kəndə bağlılıq onları bir an belə tərk edə bilməz.
Afaq Qasımova, Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının direktoru:
- Filialımızda bakalavr sistemi üzrə 447 nəfər tələbə təhsil alır. Tarix və coğrafiya, ibtidai sinif, riyaziyyat-informatika, Azərbaycan dili-ədəbiyyat müəllimliyi ixtisasları üzrə kadrlar hazırlayırıq. Ümumiyyətlə, son vaxtlar müəllimlik peşəsinə maraq bir qədər də artıb. Əgər bir vaxtlar cəmi 100-150 balla filialın tələbəsi olmaq mümkün idisə, hazırda bu rəqəm 400 balı keçib. Deməli, peşəyə maraq artıb. Digər tərəfdən Azərbaycan Müəllimlər İnstitutunun səviyyəsi yüksəlib. Hazırda institut dünyanın bir sıra ali məktəbləri ilə sıx əlaqə qura bilib, elmi əməkdaşlıq yüksəlib. İnstitut və onun filiallarının maddi-texniki bazası möhkəmləndirilib, nizam-intizam, tələbkarlıq artırılıb. Bütün bunlar institutun rektoru, millət vəkili Aqiyə xanım Naxçıvanlının təşəbbüskarlığının, daim yenilik hissi ilə yaşamasının müəllim kadrlarının yetişdirilməsinə xüsusi həssaslıqla yanaşmasının nəticəsidir.
Artıq yay imtahan sessiyası başa çatmaq üzrədir. Filialımızda da bu vacib mərhələnin yüksək səviyyədə təşkili üçün bütün imkanlardan istifadə etməyə çalışmışıq. "Açıq qapı" günlərinin keçirilməsi ilə bağlı yerli televiziyada və mətbuatda dəfələrlə çıxışlarımız olub. "Münaqişə komissiyamız" var. Hər cür neqativ halın qarşısını vaxtında almağa çalışırıq. İmtahanlara nəzarətçi müəllimlərdən bir neçəsini cəzalandırmışıq və onları imtahanlardan kənarlaşdırmışıq.
Tələbə bilirsə o, qiymət almalıdır. Biz kəmiyyətə yox, keyfiyyətə üstünlük veririk. Hətta, daha çox qeyri-müvəffəq qiymət alan varsa, bundan çəkinmirik, süni şişirdilmiş qiymətlər yazmırıq. Nəzarətçiləri xüsusi qayda ilə seçirik. Yəni o, imtahan başlayan dəqiqəyə kimi bilmir ki, hansı auditoriyada olacaq, hansı ixtisasın imtahanlarına nəzarət edəcək.
Tələbələrin imtahanlarda iştirakı, cavabları onların ilboyu davranışından, nizam-intizamından da çox asılıdır. Təkcə indi, imtahanların gedişi zamanı deyil, bütün ilboyu dəhlizlərdə kənar şəxslərə rast gəlmək mümkün deyil. Onların istər geyimlərində, istərsə də filialın tələbəsi olmasını bildirən məlumat lövhəciklərinə qədər diqqət yetirilir. Bilirsiniz, səliqə-sahman, intizam olmayan yerdə heç bir müvəffəqiyyətdən söhbət açmaq mümkün deyil.
Bu gün imtahan verən, sabah sinifdə imtahan qəbul edəcək. Gərək bunu heç vaxt unutmayasan.
{nl}
Hamlet QASIMOV, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.