Xalqımızın böyük oğlu və ümummilli lideri Heydər Əliyevin kitabın girişində verilmiş sözləri çox böyük strateji əhəmiyyət daşıyır: "Türkdilli xalqlar qədim, çoxəsirlik tarixi boyu Avrasiya qitəsinin böyük hissəsində yaşayaraq dünya, bəşər mədəniyyətinə böyük töhfələr vermiş, onu zənginləşdirmişdir. Qədim tarix boyu türkdilli xalqların həyatı cürbəcür, bəzən xalqların varlığını təhlükə altına alan mübarizələrlə, döyüşlərlə, təcavüzlərlə bağlılığı onların bütün bu mərhələlərdən, imtahanlardan, sınaqlardan çıxarmışdır".
Azərbaycan məktəb və pedaqoji fikir tarixinin görkəmli tədqiqatçısı akademik Hüseyn Əhmədovun gərgin zəhməti ilə ərsəyə gələn "Avrasiya xalqlarının məktəb və pedaqoji fikir tarixinə dair oçerklər" katabı (2012) milli təhsil və pedaqoji fikir tariximizə dəyərli töhfədir.
Müsəlman xalqlarının XIX-XX əsrlərdə məktəb və pedaqoji fikir tarixinə ekskurs edən qocaman elm xadimi bu məkanda formalaşmış müsəlman, xüsusilə türk milləti maarifçilərinin bir çox görkəmli nümayəndələrin fəaliyyətinin mühüm məqamlarını tədqiq etməklə bu ziyalıların əsərlərindən seçmələr vasitəsilə gənc nəslin milli məktəb və təhsil tariximizə marağının artırılmasına təşəbbüs göstərmişdir. Kitab bu ölkə xalqları arasında formalaşmış çoxtərəfli münasibətlər tarixinə nəzər salmaq baxımından da çox ibrətamizdir.
Kitaba daxil olan materiallarda Şimali, Cənubi və Qərbi Azərbaycanda, Türkiyə, İran, Rusiya kimi ölkələrdə, əsasən Krım, Kazan, Sibir və Türkmənistanda yaşayan türkdilli və digər müsəlman xalqlarının təhsil sistemi, məktəb işinin məzmunu, təlim-tərbiyə məsələləri, dünyəvi məktəblərin yaranması, dövri mətbuat və pedaqoji fikirlərlə bağlı çoxqatlı məsələlər işıqlandırılır.
Oçerklər ilk dəfə olaraq ümumazərbaycan kontekstində Çar Rusiyası işğalı dövrü maarif və məktəbə dair məsələlərdən bəhs edilir. Eləcə də Türkiyədə, İranda, Rusiyada məktəb və pedaqoji fikrin inkişafında milli maarifçilərimizin tarixi xidmətlərinin göstərilməsi də əsərin mühüm tarixi pedaqoji məziyyətini göstərir.
Şimali Azərbaycanda məktəb və pedaqoji fikir tarixinə həsr edilmiş əsərlər səkkiz fəsli əhatə edir. Burada Türkiyənin məşhur təhsil tarixçisi, professor, doktor Nadir Dövlətin 2002-ci ildə Bakıda nəşr edilmiş "Rusiya müsəlmanlarının milli maarifçilik tarixindən" monoqrafiyasından (tərcümə edənlər: Mirzə Ənsərli, dos.Həsən Bayramoğlu) iki paraqrafın, "Azərbaycan türkləri tərəfindən nəşr olunmuş qəzet və jurnallar" və "Azərbaycan türklərində maarif" əsərlərinin verilməsinin çar Rusiyasının Azərbaycandakı təhsil siyasətinə dair obyektiv və ciddi elmi araşdırma olmasını xüsusi qeyd etməliyik. Burada Yaxın və Orta Şərq xalqları ilə elmi-pedaqoji əlaqələr tarixinə, xüsusilə, müsəlman təhsil sisteminin ölkəmizdə yayılması, çar Rusiyası dövründə yeni tipli təhsilin və maarifçiliyin formalaşması məsələlərinə, hətta Azərbaycanda elm, maarif və mədəniyyətin inkişafının sovet dövrünə ekskurs edilmiş, təlimin ana dilində aparılması, yeni milli məktəblərin yaradılması, ana dilli dərsliklərinin hazırlanması, təhsilin məzmununun milliləşdirilməsi, yeni təlim metodlarının tətbiqi milli maarifçilərin ictimai-siyasi və pedaqoji fəaliyyətini əsas istiqaməti kimi səciyyələndirilmişdir.
Oçerklərdə Qərbi Azərbaycanda məktəb və pedaqoji fikir tarixinə xüsusi yer verilməsi ilk təşəbbüs olaraq təqdir edilməlidir. Xüsusilə, İrəvanda ədəbi-mədəni və pedaqoji mühitin araşdırılması, dini məktəblərlə bərabər yeni tipli təhsilə keçidin, xüsusilə, üsuli-cədid məktəblərinin formalaşması, İrəvan, Naxçıvan və Təbriz mədəni-maarifçi mühitin qarşılıqlı əlaqələrindən geniş bəhs edilmişdir.
Qərbi və Cənubi Azərbaycan, İran məktəb və pedaqoji fikrinin vahid kontekstdən araşdırılması isə təbii olduğu qədər müasirdir. Burada İranda maarif və təhsil sisteminə, elmə və yeni tipli üsuli-cədid maarifçi hərəkatının Rusiyadan İrana keçməsi, İrəvan Təbriz maarif məktəbinin klassikləri olan Mirzə Cabbar Bağçaban və Mirzə Həsən Rüşdiyyə haqqında məlumat verilmiş, eləcə də onlarla bağlı tədqiqat işlərindən bəhs edilmişdir.
Əsərdə Türkiyədə həm islamaqədərki, həm də islamdan sonra müsəlman təhsil sisteminin formalaşması və inkişafından bəhs edilməklə, çox yığcam, amma əhatəli məlumat verilmişdir.
Kitabda Rusiya müsəlmanlarının görkəmli nümayəndəsi İsmayıl bəy Qaspralının fəaliyyətinin bəzi məqamları, xüsusilə yenilikçilik hərəkatının Avrasiyada yayılması sahəsindəki xidmətləri, eləcə də Türküstanda, Tatarıstanda və başqa Şərq əyalətlərində yeni maarifçilik hərəkatı və s. məsələlər əhatə olunmuşdur.
Ümumiyyətlə, akademik Hüseyn Əhmədovun "Avrasiya xalqlarının məktəb və pedaqoji fikir tarixinə dair oçerklər" əsəri müasir mərhələdə Avrasiya geopolitik arealında baş verən siyasi və tarixi proseslər kontekstində çox aktual elmi əhəmiyyətə malikdir.
Avrasiya geopolitik arealı və burada formalaşmış nəhəng imperiyalar Türk-rus etnobirliyinin nəticəsi olmaqla, sivilizasiyaya yön vermiş passionar təkanların nəticəsidir. Təəssüf ki, tarixin müxtəlif mərhələlərində Rusiyada bu faktora qısqanclıqla yanaşılmışdır. Ona görə də Avrasiya arealına daxil olan etnosların birləşdirici mahiyyəti onların məktəb və maarif işinin də tarixi təşəkkülündə qarşılıqlı rol oynamışdır.
Çox geniş tarixi, ictimai, siyasi və mədəni aspektdə birləşdirici mahiyyət daşıyan Avrasiya müsəlmanlarının məktəb və pedaqoji fikir tarixinə dair araşdırmalar zaman-zaman öz aktuallığını qorumaqdadır. Akademik Hüseyn Əhmədovun bu təşəbbüsü tarixi-pedaqoji proseslərə yeni rakursdan stimul vermək nöqteyi-nəzərindən, xüsusilə, MDB məkanında yeni tipli iqtisadi və humanitar əlaqələrə dair ideyalar baxımından çox aktual və müasirdir.
{nl}
Fərrux RÜSTƏMOV, pedaqogika üzrə elmlər doktoru, professor, əməkdar elm xadimi Şamil VƏLİYEV, filologiya üzrə elmlər doktoru, professor, Həsən BAYRAMOĞLU, pedaqogika üzrə fəlsəfə doktoru, dosent
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.