Son günlər türkdilli ölkələrin, xüsusən qardaş Türkiyənin kütləvi informasiya vasitələri İstanbulda "Gül və könül mədəniyyəti" şüarı ilə keçirilmiş beynəlxalq simpoziumunun gündəliyi barədə geniş söhbət açırlar. TRT televiziyası simpoziumda Azərbaycan nümayəndə heyətinin nümayiş etdiyi fəallıqdan söz açır, "Zaman" qəzeti isə iki min nəfərlik zalda iştirakçıların azərbaycanlı alim Hacı Fərhad Mirzənin çıxışının son cümlələrini ayaq üstdə, alqışlarla qarşıladığını bildirir.
Söhbət Türkiyə Cumhüriyyəti Mədəniyyət Nazirliyinin dəstəyi, Əs- Seyyid Osman Hülusi Əfəndi Vaqfının təşkilatçılığı ilə keçirilən "Beynəlxalq Somuncu Baba və Hülusi Əfəndi Simpoziumu"ndan gedir. İstanbuldakı Lütfi Kirdar Konqres Sarayında düzənlənən tədbirdə Böyük Britaniya, Pakistan, Bosniya və Hersoqovina, Azərbaycan, Özbəkistan, Misir və Səduiyyə Ərəbistanından olan tanınmış alimlər iştirak edirdilər.
Mərmərə Universitetinin (İstanbul), Ümmül Kürrə Universitetinin ( Mədinə), İldırım Bəyazit Universitetinin (İstanbul), Eyn Şəms Universitetinin ( Qahirə), Ankara Universitetinin, Qazi Osman Paşa Universitetinin, Saraybosna Universitetinin (Bosniya və Hersoqovina), Bahavalpur Universitetinin (Pakistan), Koverpment Kordan Kollecinin (Pakistan), Özbəkistan Elmlər Akademiyasının, Yıldız Texniki Universitetinin, (Türkiyə), Qahirə Türk Araşdırmaları Mərkəzinin, Azərbaycan Texniki Universitetinin İngiltərədəki Türk Diasporunun, Bosniya Türk Araşdırmalar Mərkəzinin və digər elm və təhsil mərkəzlərinin nüfuzlu alimləri konfrans iştirakçılarına gündəlikdə dayanan məsələ ilə bağlı əhatəli və maraqlı məlumatlar verdilər. Qeyd olundu ki, Fateh Sultan Mehmedin müəllimi olmuş Ağ Şəmsəddini Hacı Bayram Vəli, onu isə türk tarixinə Somuncu Baba (çörək verən ata) adıyla düşmüş Şeyx Həmidi Vəli həzrətləri yetişdirmişdir. Somuncu Babanın həm əbədi yaradıcılığını, həm də təsəvvüf fəlsəfəsinin (İslam əxlaqı və islami dəyərlər) iyirminci əsrdə yaşatmış Osman Hülusi Darendevi Əfəndi təkcə sonuncu peyğəmbərin nəslindən olmasıyla deyil, eləcə də, dərin ictimai- siyasi dünyagörüşünə görə Türkiyənin bir çox siyasətçi və dövlət xadiminin diqqətini çəkmiş, əksər dövlət xadimləri Malatyaya onun görüşünə getmişlər. 1990-cı ildə vəfat etmiş Hülusi Əfəndi təhsil, səhiyyə və sosial həyatda böyük xeyriyyəçilik və təşkilatçılıq işləri görmüş, təkcə təhsilə göstərdiyi maddi və mənəvi dəstəyə görə Türkiyə Prezidentinin fəxri diplomuna layiq görülmüşdür. Ancaq simpoziumda əsasən Hülusi Əfəndinin təsəvvüf görüşləri və " Divanı" barədə söhbət açıldı.
Simpozium iştirakçıları qeyd etdilər ki, bu gün türk dünyasının müxtəlif ölkələrində Hülusi Əfəndinin ədəbi və əməli fəaliyyətləri davam etdirilir. Azərbaycanlı yazıçı- filosof Hacı Fərhad Mirzə isə Osman Hülusi Darendevinin yaradıcılığı və xeyriyyəçilik fəaliyyəti barədə heç bir məlumata malik olmadan- 20 ildir ki, məhz eynilə onun kimi fəaliyyət göstərir. Təsadüfi deyildir ki, simpoziumda səsləndirilən məruzələrdən biri məhz "Osman Hülüsi Darendevi ilə Hacı Fərhad Mirzənin ədəbi və əməli eynilikləri" adlanırdı.
Məruzədə qeyd edilirdi ki, bu gün yaradıcılığının və əməllərinin işığına toplaşdığımız Hülusi Darendevi ilə Hacı Fərhad Mirzənin ədəbi və əməli eynilikləri vardır. Osman Hülusi Darendevinin fərdi əməli, əxlaqı və islami dəyərlərin təbliğinə verdiyi töhfələr bütün türk dünyasında örnək kimi, məktəb şəkilində qəbul olunur. Çünki o dünyada gözəl olan hər şeyi insanların xidmətinə verməyə çalışırdı. Bu gözəlliklərin məcmuyu isə islam əxlaqı ilə daha da süslənir, zinətlənir. Osman Hülusi Darendevini görməyən və onun yaradıcılığı ilə dərindən tanış olmayan Hacı Fərhad Mirzə hələ 15 il qabaq yazırdı: "Əməl görülmüş işlər, əxlaq isə onun zinətlərindəndir".
Azərbaycanın öz dövlət müstəqilliyinə qovuşduğu ilk illərdə bu ölkə çox böyük bəlalar və məhrumiyyətlər içərisində idi. Əhali Türkiyədən başqa heç yerdən kömək görmürdü. Hər kəsin vəziyyəti ağır idi. Ən çətin vəziyyətdə olanlar isə öz yurd- yuvalarından didərgin salınmış qaçqın-köçkünlər, cəbhədən yaralı və əlil qayıtmış insanlar, şəhid ailələri və uşaq evlərində yaşayan məsum cocuqlar idi. Belə bir vəziyyətdə özünün şəxsi imkanları hesabına özəl şirkət yaradan Hacı Fərhad Mirzə 500 nəfərdən çox qaçqın, köçkün, şəhid ailəsi və Qarabağ əlilinə iş yeri açmışdı. 1000 nəfəri isə himayəsində saxlayırdı. İqtisadi böhran girdabında çabalayan Azərbaycanda qaçqının və ya əlilin özünə iş yeri tapması, ailəsini dolandırmaq üçün para qazanması nə demək idisə, onu izah etməyə ehtiyac yoxdur. Hacı Fərhad 20 ildir ki, öz şəxsi hesabına Bakı ətrafındakı bütün uşaq evlərinə yardım göstərir, bütün bayramlarda cocuqların yanında olur. Fikrimizcə bu, islam əxlaqının ən dəyərli nümunələrindəndir. Buraya İbrahim əleyhissalamdan qalan körpə uşaqların sünnət mərasimlərinin, özü də hər il təşkil olunmasını da əlavə edirik.
Osman Hülusi Darendevi iyirminci yüzillikdə divan yazan bəlkə də yeganə türk şairidir. Hacı Fərhad Mirzə isə həmin əsrdə çağdaş kəlam- özdeyiş məktəbi yaradan yeganə türk-azəri mütəkəlimidir. Biz məmnunluqla bildiririk ki, hörmətli xocamızın 20-ci əsrin son onilliyində yaratdığı kəlam məktəbi yeni əsrin ilk onilliyində dünyanın az qala bütün ölkələrini dolaşmaqdadır.
Yeri gəlmişkən xatırladaq ki, Hacı Fərhad Mirzənin 300-ə qədər bəşəri mövzunu əhatə edən "Kəlamlar" kitabı Azərbaycan, Türkiyə, Rusiya və Almaniyada müxtəlif dillərdə 50 min tiraja qədər çap olunmuş, tam təmənnasız olaraq oxuculara paylanmışdır. Ədəbi- fəlsəfi yaradıcılığına görə Romanın fəxri vətəndaşı seçilən Hacı Fərhad Mirzə Birləşmiş Millətlər Təşkilatı yanında İctimai Təltiflər Şurasının Puşkin adına Qızıl medalı da daxil olmaqla 50- yə qədər orden, medal və 100-dən çox diplom, fəxri fərman və başqa mükafatlara layiq görülüb. Ukrayna və Kanadada keçirilən beynəlxalq kitab sərgilərində uğurla nümayiş etdirilən "Kəlamlar" kitabı qardaş Türkiyə Cümhuriyyətinin Burdur şəhərindəki dövlət xəstəxanasının seçdiyi "Ruha ilac kitablar"ın sırasındadır. Həmin məqsədlə dünyanın müxtəlif xalqlarını təmsil edən 155 yazıçının əsəri seçilmişdir. "Kəlamlar" kitabı Müstəqil Dövlətlər Birliyinə daxil olan dövlət başçılarının əksəriyyətinin stolüstü kitabına çevrilib.
Simpoziumda Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının adından çıxış edən yazıçı- filosof Hacı Fərhad Mirzənin "Hülusi Əfəndi türk müdrikliyinin zirvəsindən biridir" adlı məruzəsi nəinki zalda alqışlarla qarşılanmış, eləcə də yuxarıda qeyd etdiyimiz kimi kütləvi informasiya vasitələrinin böyük marağına səbəb olmuşdur. İstanbulun və Malatyanın (Hülusi Darendevi Malatiyanın Darəndə qəsəbəsində doğulub böyümüş, ömrü boyu orada yaşamışdır) dövlət rəsmilərinin, bələdiyyə rəhbərlərinin, deputatların və mədəniyyət nazirliyi əməkdaşlarının iştirak etdiyi simpoziumda Azərbaycan nümayəndəsinin çıxışını ayaq üstündə alqışlanması bizim üçün maraqlı və iftixar gətirən məqam olmuşdur.
Şəkildə: Mərmərə Universitetinin professoru Səbahət Dəniz (İstanbul), simpoziumun ikinci bölməsinin aparıcısı professor Xeyrəddin İvgin (Ankara) və azərbaycanlı yazıçı- mütəkəllim Hacı Fərhad Mirzə, (foto Aslan Təkdaşındır).
{nl}
Natəvan İSMAYILLI
{nl}
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.