Azərbaycanın təhsil naziri Vilnüsdə bir sıra görüşlər keçirmişdir

Litva Respublikasının təhsil və elm naziri Gintaras Staponaviçyusun dəvəti ilə bu ölkədə səfərdə olan Azərbaycanın təhsil naziri Misir Mərdanov Vilnüsdə bir sıra görüşlər keçirmişdir.
Litva Edukologiya Universitetinin (LEU) və Vilnüs Universitetinin (VU) rəhbərliyi ilə keçirilən görüşlərdə iki ölkənin ali təhsil ocaqları arasında mövcud əlaqələrin genişləndirilməsi, müəllim-tələbə mübadiləsi, qarşılıqlı səfərlərin təşkili, eləcə də təhsil sahəsində uğurlu təcrübələrin öyrənilməsi məsələləri müzakirə olunmuşdur.
LEU-nun rektoru, akademik Algirdas Gaijutis rəhbərlik etdiyi universitetin Avropa İttifaqının elm və təhsil sahəsində bir çox proqramlarını uğurla icra etdiyini, bununla əlaqədar azərbaycanlı həmkarları ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirmişdir.
Universitetin geniştərkibli professor-müəllim heyəti qarşısında çıxış edən nazir Misir Mərdanov Azərbaycanın dost Litvanın ali təhsil ocaqları ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini, əvvəllər mövcud olmuş əlaqələrin bərpa edilməsi üçün çalışdıqlarını bildirmişdir.
Sonra nümayəndə heyətinin üzvləri Azərbaycanın təhsil sistemi barədə ətraflı məlumat vermiş, litvalı elm adamlarını maraqlandıran çoxsaylı sualları cavablandırmışlar.
Vilnüs Universitetində keçirilən görüşdə VU-nun rektoru, akademik Benediktas Yuodka rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat vermişdir. O, Litvanın ən böyük və ən qədim ali təhsil ocağı olan bu ali məktəbdə 22 mindən çox tələbənin təhsil aldığını diqqətə çatdırmışdır. Rektor Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na 2012-ci ildən Vilnüs Universitetinin də daxil edilməsindən məmnunluğunu xüsusi vurğulamışdır.
Sonra nazir M.Mərdanov və nümayəndə heyətinin üzvləri Litvada təhsil alan azərbaycanlı tələbələrlə görüşmüşlər.
Görüşdə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə çıxış edərək yaxın günlərdə Litva Azərbaycanlı Gənclər Təşkilatının (Azerbaijani Younq Organization of Lithuania-AYOL) rəsmən fəaliyyətə başlayacağını diqqətə çatdırmışdır. Səfir təşkilatın fəaliyyətinin genişləndirilməsində Litvada təhsil alan azərbaycanlı tələbələrin üzərinə mühüm vəzifələr düşdüyünü bildirmişdir.
Görüşdə nazir Misir Mərdanov azərbaycanlı tələbələri maraqlandıran suallara cavablandırmış, onların problemlərinin həllinə lazımi kömək göstəriləcəyini vəd etmişdir.

{nl}

Nigar HÜSEYNOVA AzərTAc-ın xüsusi müxbiri
Vilnüs

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında