Şriftin ölçüsü:
19.06.2012 11:03 | Oxunma sayı: 777
Və ya xəbərsiz ötən
zamandan soraq verən kitab
{nl}
Zamanın necə və hansı sürətlə ötdüyünü biz yalnız illər ötəndən, yaşımızın üstünə yaş gələndən sonra anlayıb dərk edirik. Zamanı olduğu kimi saxlayan yeganə material yaradıcı insanın yazdıqlarıdır. Çünki bu yazıların hər birində qələmə alınmış mövzunun rəng çaları ilə yanaşı, insanın daxili aləmi, psixoloji vəziyyəti, o zaman və məqamda düşündükləri öz əksini tapır. Birdə ki, sənətkar ömrü boyu hansı janrda, üslubda, ölçüdə yazmasından asılı olmayaraq yalnız və yalnız özünü ifadə edir.
Haqqında söhbət açmaq istədiyim müəllif sözün min bir nazını çəkən, ona könül verdiyi gündən bu ali nemətə ülvi hislərlə bağlanmış, tanınmış qələm adamlarımızdan biri - Sona Vəliyevanın yenicə çapdan çıxmış kitabı da zamanla sənətkar arasında bir bağlantıdır. O da hamı kimi zamanın, vaxtın xəbərsiz ötməsindən danışır, amma bunu, olduqca yeni və orijinal deyimlərlə təzələyir.
"Zaman xəbərsiz ötdü..." kitabı şairə, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın oxucularla növbəti görüşü olmaqla yanaşı, həm də yaradıcılıq hesabatıdır. Beş bölmədən ibarət kitabda şairənin həyat yolu, dünyaya baxışı, poetik fikir dünyası, Vətənə sevgisi və bütövlükdə, əsl Azərbaycan qadını kimi vətəndaşlıq mövqeyi, insanlığa münasibəti öz əksini tapmışdır.
Oxucular kitabın "Portret cizgiləri" bölməsində şairənin həyat yolu, ədəbiyyat və sənət haqqında fikirləri ilə tanış olmaqla yanaşı, onun müxtəlif vaxtlarda KİV-lərə müsahibələrini də oxuya biləcəklər.
Müsahibələrin birində Sona Vəliyeva deyir: "Həmişə çalışmışam ki, insanlarla münasibətdə yaxşı xüsusiyyətləri görüm, bu halda münasibətlər alınacaq. Ünsiyyətdə bir-birinizə müsbət enerji ötürə bildinizsə qarşıya qoyulan bütün məqsədlərə çatacaqsınız".
"Çəhrayı rəngli dünyam" bölməsinin adı şairin eyniadlı kitabından götürülmüşdür. Burada onun müxtəlif vaxtlarda qələmə aldığı şeirlər, habelə ədəbiyyat adamlarının və ictimai xadimlərin şairənin yaradıcılığı haqqında məqalələri yer almışdır.
Kitabın "Arazboyu düşüncələr" bölməsində isə Sona Vəliyevanın Vətən, torpaq, vətəndaş təəssübkeşliyi mövzusunda yazılmış şeirləri, məqalələr verilmişdir.
Uzun illər publisistik fəaliyyətlə məşğul olan Sona Vəliyevanın ayrı-ayrı vaxtlarda qələmə aldığı seçmə məqalələri "Publisistik etüdlər" bölməsində cəmlənmişdir. Azərbaycançılıq ideologiyası ilə bağlı müəllifin tədqiqat əsəri ilə "Alim və ictimai xadim" bölməsində tanış olmaq mümkündür. Hər bir bölmə ayrı-ayrılıqda insanı düşündürən, onu yaşamağa səsləyən, oxucuya mənəvi zənginlik gətirən böyük bir söz xəzinəsidir. İstər müsahibələr, publisistik yazılar, istərsə də poetik düşüncələr ötən zamanın heç də hədər getmədiyindən, onun istedadlı qələm adamının fədakarlığı və min bir zəhməti ilə dəyərləndirildiyindən xəbər verir.
"Qanun" nəşriyyatında çapdan çıxmış nəfis tərtibatlı 568 səhifəlik bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Kitabda, həmçinin Sona Vəliyevanın həyatının müəyyən məqamlarını əks etdirən fotoşəkillər də yer almışdır.
"Ümidlər və arzular şairəsi" başlıqlı "Ön söz"də "Kaspi" qəzetinin baş redaktoru, əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədli yazır: "Sona xanım azərbaycançılıq ideologiyasının tarixini, nəzəri köklərini araşdıran bir tədqiqatçıdır. Onun bu elmi problemin ayrı-ayrı aspektlərini əhatə edən bir çox monoqrafiyaları işıq üzü görmüşdür - bu kitabda yer alan "Azərbaycançılıq ideologiyasının təşəkkülü və tarixi inkişaf yolları" əsəri son tədqiqatların bəhrəsi olmaqla yanaşı, bu sahədə yeni bir səhifə açan dəyərli tədqiqat kimi də diqqəti cəlb edir. Sona xanımın Vətən məhəbbəti kökdən, torpaqdan güc almaqla yanaşı, həm də Cəlil Məmmədquluzadənin irsi ilə üzvi sürətdə bağlıdır".
Kitabda yer almış yazılar oxucuya ötən zamandan xəbər tutmağa imkan verəcəkdir.
{nl}
AzərTAc
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.