Son vaxtlar Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında keçirilən tədbirlər öz rəngarəngliyi, məzmunu və forma zənginliyi ilə seçilir. Müəllim və tələbələrin də fəallığı xeyli artmış, onların belə tədbirlərə marağı yüksəlmişdir.
Bu günlərdə filialda keçirilən belə tədbirlərdən biri də yaddaqalan və məzmunlu olmuşdur. Söhbət Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlının bu yaxınlarda "Yazıçı" nəşriyyatında çapdan çıxan "Şəxsiyyətin qüdrəti" kitabının təqdimetmə mərasimindən gedir. Kitab görkəmli dövlət xadimi, dahi şəxsiyyət, müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuşdur.
Müəllim və tələbələrlə yanaşı, rayon ictimaiyyəti nümayəndələrinin də iştirak etdiyi tədbiri filialın direktoru, dosent Afaq Qasımova açaraq qeyd etdi ki, professor Aqiyə Naxçıvanlının vaxtilə ümummilli lider Heydər Əliyevlə ünsiyyətdə olmuş ictimai-siyasi xadimlərin, alimlərin, deputatların müxtəlif kütləvi informasiya vasitələrində çap olunmuş məqalələrini bir kitabda toplaması və ön söz yazaraq bunları "ürək sözləri" adlandırması diqqəti cəlb edir. Burada dahi şəxsiyyətin həyat və fəaliyyəti iki dövrə - yəni sovetlər dövrünə və müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrlərə bölünür. A.Naxçıvanlı ümummilli liderin sovet dövründəki fəaliyyətindən qısaca söhbət açır və qeyd edir ki, ötən əsrin 60-cı illərində keçmiş ittifaqın hər yerində tənəzzülün baş verdiyi bir vaxtda SSRİ rəhbərliyi Azərbaycanı belə bir vəziyyətdən çıxarmağa yeganə namizəd Heydər Əliyevin olduğu qənaətinə gəlir və çox keçmir ki, dahi şəxsiyyət respublikanı qabaqcıllar sırasına çıxarır. İqtisadiyyatın, mədəniyyətin, digər sahələrin inkişafında elə bir sıçrayış baş verir ki, bütün digər respublikaların diqqəti Azərbaycana yönəlir.
Afaq Qasımova öz çıxışında göstərdi ki, "Şəxsiyyətin qüdrəti" kitabı siyasət, dövlətçiliyin idarə olunması, milli-mənəvi dəyərlərin, dilimizin qorunması baxımından olduqca qiymətlidir.
"Şəxsiyyətin qüdrəti" kitabında yer almış Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri, akademik Ramiz Mehdiyevin "Heydər Əliyevin siyasi portretinin cizgiləri", Milli Məclisin sədri Oqtay Əsədovun "Heydər Əliyev parlamentarizm ənənələri", baş nazirin birinci müavini Yaqub Eyyubovun "Heydər Əliyev iqtisadi modeli müasir tərəqqinin əsasıdır", Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun "Heydər Əliyevin geosiyasi təlimi: XXI əsrdə Azərbaycanın əsas geosiyasi vəzifələri və perspektivləri" məqalələləri və digər müəlliflərin yazıları çox böyük maraqla oxunur.
Tədbirdə çıxış edənlər kitabın əhəmiyyətindən danışdılar. Onun dahi rəhbərin həyat və fəaliyyətini öyrənmək baxımından çox dəyərli olduğunu dönə-dönə qeyd etdilər, maraqlı fikirlər, təkliflər irəli sürdülər.
Filialın Azərbaycan dili, ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının baş müəllimi İlhamə Rəcəbova bildirdi ki, professor Aqiyə Naxçıvanlı kitabda Heydər Əliyevin dahi şəxsiyyət kimi çoxşaxəli fəaliyyətini bütövlükdə işıqlandırmağın qeyri-mümkün olduğunu vurğulayıb. Amma bütün bunlarla yanaşı, kitabda toplanmış məqalələr də öz elmliyinə, əhatə dairəsinə görə görkəmli şəxsiyyətin zəngin irsinin geniş oxucu kütləsinə çatdırılması baxımından olduqca qiymətlidir.
Azərbaycan dili, ədəbiyyatı və tədrisi metodikası kafedrasının müəllimi, filologiya elmləri namizədi İradə Əliyeva kitabdakı məqalələrin hər birinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirmişdir. O, xüsusilə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin məqaləsinə toxunaraq qeyd etmişdir ki, müəllif sanki rəssam fırçasını işə salmış, ulu öndərin siyasi portretini çəkmişdir. İ.Əliyeva Ramiz Mehdiyevin məqalədə qeyd etdiyi "Heydər Əliyev özü bu dilin parlaq bilicilərindən olmuşdur. Onun nitqləri, müsahibələri yeni siyasi üslubu formalaşdırmış və Azərbaycan dilini o qədər əhəmiyyətli dərəcədə zənginləşdirmişdir ki, tədqiqatçıların hələ neçə-neçə nəsli natiqlik sənətinin bu nümunələrinə müraciət edəcəkdir" sözlərinə istinad edərək göstərmişdir ki, bu gün filialda təhsli alan hər bir tələbə də, müəllim də bu sənətdən bəhrələnməlidir.
Filialın dekan əvəzi Məmməd Yusubov, tələbələrdən Esmira Şirinli, Aysel Hüseynova və başqaları da kitabın əhəmiyyətindən, ulu öndərin keçdiyi yolu öyrənmək baxımından çox dəyərli olduğundan danışdılar.
Tədbirə filialın direktoru Afaq Qasımova yekun vuraraq "Şəxsiyyətin qüdrəti" toplusunu ərsəyə gətirdiyi üçün Aqiyə Naxçıvanlıya müəllim və tələbələr adından öz minnətdarlığını bildirdi və bu nəşrin hər kəsin stolüstü kitabı olacağına əminliyini vurğuladı.
{nl}
Hamlet QASIMOV, "Xalq qəzeti"nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.