Parlaq istedad, böyük ürək sahibi

Qəbələnin məşhur Bum kəndində hələ uzaq keçmişdən məskunlaşıb qərar tutan, tarixləşən bir əsilzadə nəsil var: dərin köklü, şaxəli, qollu-budaqlı Şıxməmmədbəylilər nəsli. Bu kök, bu ocaq təkcə Şəkidə, Şirvanda deyil, daha geniş ərazidə tanınıb. Yüksək insani keyfiyyəti, ağayanalığı, bəyliyi, bəyzadəliyilə sayılıb-seçilən bir nəsil... Məsləhət, məşvərət, səxavət ocağı olan bir nəsil... Qeyrətli oğulları, ismətli qızları ilə seçilən bir nəsil... Görkəmli ziyalıları, elm adamları, şəxsiyyətli insanları ilə ad qazanan bir nəsil... 
Dəhşətli dövrandan, qorxulu zamandan qorunmaq, iz itirmək, gözdən, sözdən, könüldən iraq olmaq məqsədilə bu nəslin bir qolu Ağdaşa üz tutmuşdu. Görünür, bu da bir tale, bir sınaq, bir imtahanmış...
Şıxməmmədbəylilər ocağında isinən, od alan, ocaqlandıran, bu kökdən köklənən onunla fəxr edən, qürur duyan, bu nəsli şərəfləndirən, bu nəslə başucalığı gətirən Muxtar Rzaqulu oğlu Abduyev 1926-cı il fevral ayının 14-də Ağdaş şəhərinin Üçqovaq məhəlləsində dünyaya gəlmişdi. Orada məktəbi müvəffəqiyyətlə başa vurandan sonra Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsinə daxil olmuşdu. Ömrünü yazıb-oxumağa, gərgin axtarışlara sərf edən Muxtar Abduyev 1957-ci ildə kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdı.
Torpaq ilkindi, əzəldi, başlanğıcdı, sonra Vətəndi. Torpaq insanların məskunlaşdığı, qərar tutduğu əbədi məkandı, dayanacaqdı, sığınacaqdı. Həyatdır, həyat mənbəyidir. Münbit, məhsuldar torpaqlar bin-bərəkətdir. Torpaqsız nə həyat, nə yaşarılıq var.
Böyük alim Muxtar Abduyev Azərbaycanın şorlanlaşmış, yaralı torpaqlarını öz inadı, inamı ilə qarış-qarış gəzib, pərvanələr tək başına dönüb-dolanıb, ürəyini dinləyib. Torpaqlaşan ananın, analaşan torpağın dilini bilib, onunla torpaq dilində danışıb. Torpağın qəlbini dinləyib. Küskün, miskin halına yanıb. Bunu həyatının mənası bilib.
Xalqımızın "Bir ovuc torpaq bir ovuc qızıldan qiymətlidir" müdrik kəlamını həmişə uca tutan, bu inamı gücləndirən alimin elmi yaradıcılığının qayəsində, məqsəd və məramında həmişə bir problem əsas götürülüb: sağlam, münbit qara torpaqların şoranlaşmasının qarşısının alınması problemi. Torpağın sağalmaz yaralarına həm təbib, həm məlhəm olması problemi...
Qətiyyətli, inamlı, yorulmaz tədqiqatçı olan Muxtar müəllim bu çətin, son dərəcə əhəmiyyətli və şərəfli məsələnin həlli istiqamətində 10 ildən artıq müddətdə elmi axtarışlar aparıb, bir sıra təcrübələr həyata keçirib. O, bu problemin elmi-nəzəri və praktiki əhəmiyyəti haqqında tutarlı nəticələr əldə edib, əsərlərilə məşhur torpaqşünas-alim ünvanı qazanmaq şərəfinə nail olub.
Muxtar Abduyev öz namizədlik dissertasiyasının mövzusu əsasında 1957-ci ildə "Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri" adlı monoqrafiyasını çap etdirmişdi. Bu tədqiqatda susuzluqdan cadar-cadar olan torpaqların yaman günə qalmasının səbəbləri və onların dərdinə çarə qılınması yolları öz geniş əksini tapıb, şorlaşmanın coğrafi və genetik xüsusiyyətləri tədqiq edilib. Torpaqların duz və su rejiminin tənzimlənməsi məsələləri aydınlaşdırılıb. Həmin əsər alimin gələcək böyük elmi axtarışlarının möhkəm təməli, uğurlu başlanğıcı, ilk fərəhli nəticəsi idi.
Sonralar alimin bir-birinin ardınca işıq üzü görən monoqrafiyaları öz dərin məzmunu, konkret məqsədi və aydın məramı ilə diqqəti çəkir. Bu qəbildən alimin gərgin və səmərəli fəaliyyətinin nəticəsi olan, 1960-cı ildə nəşr edilən "Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları" adlı monoqrafiyasını xüsusi qeyd etmək lazımdır. Bu fundamental tədqiqat işi öz orijinallığı, problemin hərtərəfli və dərin təhlili, elmi-nəzəri cəhətdən maraqlı novator olması ilə seçilir. Alimin eyni məqsədə xidmət edən və həmin əsərin məntiqi davamı sayılan "Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması" adlı monoqrafiyası 1961-ci ildə çap olunaraq geniş elmi müzakirəyə təqdim edilmişdi. Bu əsər onun tədqiqatlarının yüksək elmi dəyərini bir daha ortaya qoyub təsdiqləyirdi.
Ensiklopedik biliyi, geniş erudisiyası, güclü məntiqi, dərin müşahidə qabiliyyəti, fitri istedadı, qətiyyəti, yorulmazlığı və əməksevərliyi ilə seçilən Muxtar Abduyev elmi yaradıcılıq sahəsində ağlasığmaz, xəyalagəlməz uğurlar qazanmışdı. Özü də buna qısa müddət ərzində nail olmuşdu. M.Abduyevin 1966-cı ildə doktorluq dissertasiyasını uğurla müdafiə etdiyi və onun əsasında "Delüvial formalı şorlaşmış torpaqlar və onların meliorasiyası məsələləri" adlı fundamental monoqrafiyası 1968-ci ildə rus dilində işıq üzü görmüşdü.
Heç şübhəsiz ki, bu fundamental monoqrafiya alimin başucalığı, həyatının mənası, sönməz məşəlidir. Bu əsər onun öz kamilliyi, yetkinliyi, bitkinliyi ilə seçilən şah əsəridir...
Burada bir vacib məqamı xatırlatmaq yerinə düşərdi. Muxtar Abduyevin şah əsəri sayılan və ona böyük şöhrət gətirən "Delüvial formalı şorlaşmış torpaqlar və onların meliorasiyası məsələləri" adlı fundamental monoqrafiyası 1970-ci ildə V.V.Dokuçayev adına mükafata layiq görülmüşdü. Belə yüksək elmi mükafata layiq görülən əsər çox şeydən xəbər verir, onun elmi dəyərini bir daha təsdiqləyir.
İstedadlı alim əldə etdiyi uğurlarla kifayətlənməyərək sonrakı illərdə də yorulub-usanmadan yaradıcılığının zirvəsinə doğru inadla irəliləyirdi. 1973-cü ildə işıq üzü görmüş "Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması" adlı yeni monoqrafiyası Muxtar Abduyevin elmi yaradıcılığında xüsusi mərhələ sayıla bilər. Əsərdə 340 min hektar sahəni əhatə edən ərazinin müfəssəl təsviri verilib, oranın təbii ehtiyatlarının torpaq örtüyü və torpaqlarda gedən proseslər əsaslı şəkildə təhlil edilib.
Böyük alim, gözəl insan, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü V.R.Volobuyev Muxtar Abduyevin insani keyfiyyətlərini və hərtərəfli elmi yaradıcılığını yüksək qiymətləndirir, ona xüsusi ehtiram və qayğı ilə yanaşırdı. Bu səbəbdən də o, yaxın dostunun sonuncu monoqrafiyası olan və 1977-ci ildə rus dilində işıq üzü görən "Azərbaycanın gilli şoranlıqlarının sürətli meliorasiyası" əsərinin elmi redaktoru olmuşdur.
Bu əsər öz əhatəliliyi, dərin məzmunu, siqləti, qayəsi, məziyyəti baxımından alimin Azərbaycan elminə ikinci böyük və sanballı töhfəsi idi. Yeni fikirlər, yeni təklif və axtarışlarla zəngin uğurlu tədqiqatlarının məntiqi nəticəsi idi. Bir ömürə sığmayan, xəyala gəlməyən, heyrətamiz nəticə idi...
Monoqrafiyanı vərəq-vərəq, sətir-sətir oxuyub mahiyyət və məzmununa varanda heyrətə gəlirsən. Bu insanda elmə nə qədər böyük vurğunluq, məftunluq varmış! O, nə böyük hünər, iradə, istedad, qətiyyət sahibi imiş, İlahi! Sanki əsərin hər vərəqində alimin ürəyi döyünür...
Monoqrafiyadakı izahedici və məzmunlu, zəngin illüstrativ materiallar, cədvəllər, hesablamalar, müxtəlif rəqəmlər, şərhlər əsərin dəyərini, əyaniliyini bir daha artırır, ona tamlıq, bütövlük gətirir.
Monoqrafiyada respublikamızda və xarici ölkələrdə nəşr olunan çoxsaylı ədəbiyyatdan istifadə edilib, onlara istinad olunub, bu vaxta qədər yazılan əsərlər zərgər dəqiqliyi ilə incələnib ki, bu da alimin elmə dürüst münasibətinin, onun elmi araşdırmalarının universallığının göstəricisidir. Bu əsərin hər fəslində bu sahədə əvvəllər aparılan elmi işlərə xüsusi vicdanlı münasibət var. Bu isə həqiqi alimə xas olan üstün cəhət sayılır. Yeri gəlmişkən, onu da deyək ki, elmi-bədii yaradıcılıqla, elmi axtarışlarla məşğul olanlara qayğı göstərmək, arxa durmaq, uğurlarına sevinmək yüksək insani keyfiyyətlərə malik böyük ürək sahiblərinə məxsus unikal məziyyətdir. Heç şübhəsiz ki, bu baxımdan xalqımızın müdrik ağsaqqalı, dünya şöhrətli alim, akademik Həsən Əliyevin Muxtar Rzaqulu oğluna xüsusi qayğısı-diqqəti, rəğbət və ehtiramı nə danılar, nə unudular, nə də yaddan çıxar.
Azərbaycanda torpaqşünaslıq elminin banilərindən biri olan dünya şöhrətli akademik Həsən Əliyev Muxtar Abduyevin hərtərəfli dünyagörüşünə, ifrat zəhmətsevərliyinə, cəfakeşliyinə, işgüzarlığına, istedad və qabiliyyətinə qayğı göstərir, ehtiramla yanaşır, elmi uğurlarını yüksək qiymətləndirirdi. Bu səbəbdən Həsən müəllim 1972-ci ildə Azərbaycan Elmlər Akademiyasına növbəti seçkilər zamanı Muxtar Abduyevin müxbir üzvlüyünə namizədliyinin irəli sürülməsində və müdafiə edilməsində böyük xidmətlər göstərmişdi. Lakin bu seçkidə baş verən ədalətsizlik və haqsızlıq Muxtar müəllimi ruhdan salmamış, onun əzmkarlığını qıra bilməmişdi. O, elmin zirvəsinə yüksəlməkdə eyni həvəs, inam və inadkarlıqla davam edirdi.
Aydın təfəkkürə malik alimin eyni məqsədə xidmət edən 6 monoqrafiyasından başqa, 150-yə qədər elmi məqaləsi qarşıya qoyulan problemin həllində əvəzsiz rol oynamışdı. Onun tədqiqat işindəki yeniliklərinin beynəlxalq elmi jurnallarda dərc edilməsi, xarici alimlərin marağına səbəb olması heç də təsadüfi deyildi.
Alimin təkcə keçmiş SSRİ-də deyil, bir sıra xarici ölkələrdə keçirilən qurultay, konqres, elmi konfrans və simpoziumlardakı dərin məzmunlu məruzələri böyük maraq doğururdu.
Elmin təşkilatçılıq məsələsi elmi yaradıcılıq qədər çətin və məsuliyyətlidir. Burada dərin bilik, hərtərəfli təşkilatçılıq bacarığı və tələbkarlıq mühüm şərtdir. Bütün bu yüksək keyfiyyətləri özündə birləşdirən professor Muxtar Abduyev uzun illər Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi işlər üzrə direktor müavini işləyərkən elmin təşkili və inkişafı ilə bağlı bir sıra mühüm tədbirlər həyata keçirmişdir. Onun işlədiyi institut yüksək nailiyyət və uğurları ilə tanınır. Alim, eyni zamanda kadr hazırlığı məsələsinə xüsusi diqqət yetirirdi. O, bir çox aspirant və dissertanta elmi rəhbərlik edib.
Böyük elm fədaisi, professor Muxtar Abduyev Məhəmməd Peyğəmbərin (s) elmlə bağlı müdrik kəlamlarını: "Mən elmin şəhəri, Əli onun qapısıdır", "Elm Çində olsa da dalınca gedin", "Alimin mürəkkəbi şəhidin qanından üstündür" kimi hikmətlərini həyatının mənası, şam-çırağı, zövqü-səfası sayırdı, ulu varlıq, müqəddəs məbəd, yanar ocaq, sönməz məşəl bilirdi. Bu kəlamları elmi yaradıcılığının qayəsi, məqsədi, məramı kimi qiymətləndirirdi.
Xalqımızın hörmətli müraciət forması olan, müqəddəs müəllimlik sənətini ucadan da uca tutan və onu şərəflə yaşayan və yaradan Muxtar Abduyev uzun illər respublikamız üçün ali təhsilli kadrların hazırlanmasına da böyük əmək sərf etmişdir. Azərbaycan Dövlət Universitetində, Azərbaycan Politexnik İnstitutunda, Azərbaycan Pedaqoji İnstitutunda dərs demiş, zəngin bilik və bacarığını tələbələrinə verməkdən şərəf duymuşdu. Tələbkarlığı, qayğıkeşliyi və səmimiliyi ilə tələbələrinin doğmasına, əzizinə, sevimlisinə çevrilmişdi.
Maraqlı olduğu qədər də çox qəribədir. Böyük alimin həyat və yaradıcılığından bəhs edən yazarlar, nədənsə incə mətləbli, zərif duyğulu, mənən zəngin Muxtar müəllimin sazlı-sözlü, min bir avazlı xalqımızın musiqi dünyasına vurğunluğunu, pərvaz xəyal olduğunu unudurlar. Onun çoxəsrlik şeir-sənət aləminə məftunluğunu yaddan çıxarırlar. Şairanə təbiətli bu insanın zəngin şeir incilərindən söhbət açmırlar.
Muxtar Abduyevin ilhamından süzülüb gələn, muncuqlanıb misralara düzülən şeirləri öz siqləti, məqsəd-məramilə diqqət çəkir. "Dağlarım mənim" kitabında toplanan ibrətamiz şeirlərdə qədirbilən xalqımızın incə, nəcib duyğuları, Ana Vətənin təkrarsızlığı, torpağa vurğunluğu tərənnüm edilir. Onun qeyri-adi könül əmanətində ayrılıq, həsrət, acı qürbət var, ah var, nalə var. Dupduru, tərtəmiz eşqin, məhəbbətin sönməz yanğısı, iztirabları, odu-atəşi qəlbləri heyrətləndirir, xəyala qol-qanad verir...
Böyük elmin yorulmaz yolçusu Muxtar Abduyev elm üçün dünyaya gəlmişdi. O, həyatının mənasını elmdə görürdü. Düşünürsən, cəmi 53 il ömür yaşayasan, amma ağlasığmaz uğurlar qazanasan, möcüzələr yaradasan. Görünür, bu hünər elmə sonsuz məhəbbətin, torpağa qəlbən bağlılığın, xalqına təmənnasız xidmətin nəticəsidir.
Qəlbi yazıb-yaratmaq eşqi ilə döyünən alimin həyatı və yaradıcılığı yarımçıq qalsa da, onun zəngin və tükənməz irsi böyük bir xəzinədir. Hazırda coğrafiyaşünas və torpaqşünas-alimlər öz araşdırmalarında da tez-tez bu mənbəyə müraciət edir, o xəzinədən yetərincə faydalanırlar.
Professor Muxtar Abduyev təbiətin tacı, yer üzünün əşrəfi sayılan nəcib, təvazökar insan idi. Kök üstə köklənən əslə-nəslə minnətdar idi. Mərhəmətli, rəhmli, yumşaq, ürəyi geniş, qəlbi təmiz, özü bütöv, sözü bütöv idi. Ləyaqətini uca tutan, sadə, səmimi, sədaqətli, istiqanlı, vətəncanlı idi. Dərdə şərik çıxan, dərd bölüşən idi...
Ailəni kiçik dövlət sayan, müqəddəs bilən Muxtar müəllim və vəfalı həyat yoldaşı Səyyarə xanım övladlarının təlim-tərbiyəsinə, ərsəyə gəlməsinə, kamala yetişməsinə hər cür qayğı və tələbkarlıqla yanaşırdılar. Bu əsilzadə xanım həyat yoldaşının elmi işlə ciddi məşğul olmasını nəzərə alaraq ona hər cür şərait yaradır, yaradıcılığına şam-çıraq tuturdu. Övladları çoxlarına nümunə olan ailənin şərəfini uca tutur, valideynlərinə layiq işlər görür, onlarla fəxr edir, şərəf duyurlar...
Muxtar Abduyev həyatının müdriklik çağında, yaradıcılığının daha da yüksəlişi dövründə-1979-cu il iyulun 16-da bir qızmar yay günündə dünyayla vaxtsız vidalaşır, başqa bir aləmə qovuşur.
Lakin zaman keçir, həyat öz axarı ilə davam edir. Şıxməmmədbəylilər nəsli yaşayır, ömür sürür. Bu nəslə-tayfaya şərəf gətirir. Bu kökün ən qabaqcılı, doğması, əzizi Muxtar Abduyevin övladları, nəvələri zaman-zaman bu ocağa pənah gətirir, bu ocaqdan od alır, bu ocaqla ucalır, fəxr edir, qürur duyurlar.

{nl}

Teymur BÜNYADOV, akademik, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında