BDU-da "Dağlıq Qarabağ: dünyanın unutduğu müharibə" kitabının təqdimatı olmuşdur

İyunun 14-də Bakı Dövlət Universitetində (BDU) 15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə holland mənşəli hərbi müxbir Çarlz Van der Leunun BDU-nun təşəbbüsü ilə Fransanın L.Harmattan nəşriyyatında fransız dilində nəşr edilmiş "Dağlıq Qarabağ: dünyanın unutduğu müharibə" kitabının təqdimatı olmuşdur.
Tanınmış alim və mütəxəssislərin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Milli Qurtuluş Gününün geniş qeyd olunmasının əhəmiyyətindən danışmışdır.
Müstəqil dövlətimizin yaranmasında, inkişafında və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini vurğulayan rektor, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırmışdır.
Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən bəhs edən akademik A.Məhərrəmov Azərbaycanın dinamik inkişaf etdiyini, onun nüfuzunun yüksəldiyini bildirmişdir.
Eyni zamanda, təqdim olunan "Dağlıq Qarabağ: dünyanın unutduğu müharibə" kitabı və onun müəllifi barədə məlumat verilmişdir.
Nəşrin müəllifi Çarlz Van der Leun 1992-ci ildə Azərbaycana gəlmiş, 7 il burada yaşamışdır. Bu illər ərzində "Azərbaycan: şəxsiyyət axtarışında" (ingilis dilində), "Qafqazda fırtına" (ingilis və alman dillərində), "Qafqazda və Xəzərdə neft və qaz: tarix" (ingilis dilində) kitablarını yazmışdır. Onun sonuncu analitik kitabı "Dağlıq Qarabağ: dünyanın unutduğu müharibə" əsəridir.
Akademik A.Məhərrəmov qeyd etmişdir ki, erməni lobbisinin təsiri altında yazan bir çox müəlliflərdən fərqli olaraq Çarlz Van der Leun Qarabağ hadisələrinə, onun tarixinə real yanaşmışdır.
Rektor, həmçinin alman alimi Heiko Krügerin "Dağlıq Qarabağ konflikti - hüquqi araşdırmalar" kitabı barədə də fikirlərini bildirmişdir. Diqqətə çatdırmışdır ki, həmin kitab BDU-nun təşəbbüsü ilə ingilis dilindən rus dilinə tərcümə olunmuşdur. Nəşrdə Dağlıq Qarabağ probleminin hüquqi analizi verilmiş, bu münaqişənin obyektiv təhlili aparılmışdır.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ədalətli şəkildə, beynəlxalq hüquq normaları, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır və hər bir vətəndaş bu məsələdə fəallıq göstərməlidir. Qeyd edilən münaqişənin əsl mahiyyəti, Azərbaycan həqiqətləri barədə dünya ictimaiyyətinə daha da ətraflı məlumatlar çatdırılmalıdır.
Təqdim olunan "Dağlıq Qarabağ: dünyanın unutduğu müharibə" kitabı barədə danışan N.Məmmədov, bu nəşrin xarici dildə və xarici ölkədə yazılmasının çox böyük əhəmiyyəti olduğunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, nəşrin müəllifi Çarlz Van der Leun Yaxın Şərq, Qafqaz, o cümlədən Azərbaycanla tanış olmağa maraq göstərmiş, burada gedən proseslərə diqqət yetirməklə məşğul olmuş və əhəmiyyətli işlər görmüşdür. Ədalətli mövqe tutan müəllif öz nəşrlərində Azərbaycan, onun tarixi, Dağlıq Qarabağ reallıqları barədə oxuculara geniş məlumatlar verir.
Nəşrin çox gərəkli olduğunu vurğulayan N.Məmmədov, müvafiq mövzuda kitabların yazılmasının zəruriliyini söyləmişdir.
Azərbaycanın mühüm geosiyasi mövqedə yerləşdiyini xatırladan N.Məmmədov ölkəmizin düzgün, uğurlu xarici siyasət apardığını bildirmişdir.
Akademik Vasim Məmmədəliyev və digər çıxış edənlər də təqdim edilən kitab barədə fikirlərini bildirmiş, onun əhəmiyyətindən danışmışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında