15 iyun Milli Qurtuluş Gününün quruculuq ərməğanları
15 iyun - Milli Qurtuluş Günündən başlanan Heydər Əliyev xilaskarlıq missiyası dövlətçilik tariximizə şanlı bir səhifə kimi daxil olmuş, müstəqil Azərbaycan sürətli inkişaf və tərəqqi yoluna çıxmışdır.
Hər il Naxçıvan Muxtar Respublikasında Milli Qurtuluş Günü ərəfəsində ulu öndər Heydər Əliyevin siyasi xəttinin bəhrəsi olan yeni inzibati binalar, istehsal sahələri və sosial obyektlər istifadəyə verilir. Naxçıvan Milli Qurtuluş Gününü yeni sosial obyektlərin açılışı ilə qeyd edir.
İyunun 12-də Naxçıvan şəhərində 1 nömrəli uşaq bağçasının yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Açılış tədbirində çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov bildirmişdir ki, muxtar respublikamızda uşaqların yüksək sosial-mənəvi mühitdə böyüməsi, onların təlim-tərbiyəsinin, təhsilinin müasir səviyyədə təşkil olunması istiqamətində ardıcıl tədbirlər görülür, məktəbəqədər, məktəbdənkənar tərbiyə müəssisələri üçün yeni binalar tikilərək istifadəyə verilir. Bu gün istifadəyə verilən 1 nömrəli uşaq bağçasının binası ən müasir tələblərə cavab verir. Bütün bunlar muxtar respublikada uğurla həyata keçirilən dövlət uşaq-gənclər siyasətinin daha bir göstəricisidir. Vüqar Səfərov yaradılan şəraitə və göstərilən qayğıya görə minnətdarlığını bildirmişdir.
Ali Məclisin sədri Vasif Talıbov Naxçıvan şəhər 1 nömrəli uşaq bağçasının istifadəyə verilməsi və Milli Qurtuluş Günü münasibətilə kollektivi və valideynləri təbrik edərək demişdir: Bu gün Azərbaycanın, eləcə də Naxçıvan Muxtar Respublikasının inkişafının əsas hərəkətverici qüvvəsi ulu öndər Heydər Əliyevin ideyaları, onun siyasi xəttidir. 15 İyun - Milli Qurtuluş Günündən başlanan Heydər Əliyev quruculuq və inkişaf yolu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu yol Azərbaycanı iqtisadi inkişafına görə dünyanın lider dövlətləri sırasına çıxarmışdır. Ölkəmizin bugünkü inkişafı, yeni sosial obyektlərin, məktəb binalarının, səhiyyə, mədəniyyət ocaqlarının tikilməsi Milli Qurtuluş Gününün bəhrəsidir. "Ölkənin gələcək inkişafını təmin etmək üçün, ilk növbədə, uşaqlara yüksək qayğı göstərilməli, onlar sağlam mühitdə böyüməlidirlər", - deyən Ali Məclisin sədri dıhı sonra bildirmişdir ki, bu işləri həyata keçirmək üçün uşaq bağçaları və məktəblər üçün müasir binalar tikilməli, onların maddi-texniki bazası gücləndirilməlidir. Muxtar respublikamızda bu işə xüsusi diqqət göstərilir, uşaq bağçaları üçün tikilən yeni binalarda hərtərəfli şərait yaradılır. Hazırda muxtar respublikada fəaliyyət göstərən 15 uşaq bağçasından 12-si müasir şəraiti olan yeni binalarda yerləşir. 1928-ci ildə bir qrup və iki nəfərlik heyətlə fəaliyyətə başlayan Naxçıvan şəhər 1 nömrəli uşaq bağçası üçün bu gün 280 yerlik müasir bina istifadəyə verilir. Muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirlər hazırda da davam etdirilir. Naxçıvan şəhərinin Babək məhəlləsində və Sədərək rayonunda uşaq bağçaları üçün müasir binaların tikintisi aparılır. Gələcəkdə də uşaqların sağlam böyüməsi, cəmiyyət və ölkə üçün yararlı vətəndaş olması istiqamətində ardıcıl tədbirlər həyata keçirəcək, uşaq bağçaları və məktəb binalarının tikintisinə diqqət artırılacaqdır.
"Uşaqlara qayğı gələcəyimizə qayğıdır. Gələcəyimizin etibarlı olması isə müstəqilliyimizin əbədi olması deməkdir", - deyən Ali Məclisin sədri bir daha kollektivi 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik etmiş, uşaqların sağlam və təhsilli böyüməsində onlara uğurlar arzulamışdır.
Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olmuşdur.
Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada tikinti işləri Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsi tərəfindən yüksək keyfiyyətlə aparılmışdır. Burada müxtəlif yaş qrupunda olan uşaqların məktəbəqədər tərbiyəsinin günün tələbləri səviyyəsində təşkili üçün lazımi şərait vardır.
Ümumilikdə 280 yerlik bağçada 14 qrup fəaliyyət göstərir. Onlardan 4-ü körpə, 4-ü böyük, 3-ü orta, 3-ü isə məktəbə hazırlıq qruplarıdır. Binanın birinci, ikinci və üçüncü mərtəbələrində hər qrup üzrə ayrıca yataq və oyun otaqları, tədbirlər və şənliklər zalı, tibb otağı, metodiki kabinə, valideyn və iş otaqları vardır. Müəllim və tərbiyəçilərin nəzarətində uşaqların tərbiyəsinə, sağlamlığına və qidalanmasına ciddi diqqət yetiriləcək, qidalanma həkim-dietoloqlar tərəfindən müəyyənləşdirilmiş ümumi qrafik üzrə təşkil olunacaqdır.
Uşaq bağçasında tədbirlərin keçirilməsi üçün şənliklər zalı yaradılmış, pianino qoyulmuş, zala yüksək tərtibat verilmişdir. Şənliklər zalında uşaqlar Vətənimizə, ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söyləmiş, rəqs etmiş, Ali Məclisin sədri ilə xatirə şəkli çəkdirmişlər.
Bildirilmişdir ki, yaradılan şəraitin müqabilində uşaqlar gündəlik keçirilən nitqin inkişafı, bədii ədəbiyyatla tanışlıq, riyaziyyat, təsviri fəaliyyət, idman və musiqi məşğələlərində bilik, bacarıq və vərdişlərə yiyələnə biləcəklər. Ali Məclisin sədri təlim prosesində əyani vasitələrdən istifadəyə xüsusi diqqət yetirilməsinin vacibliyini qeyd etmişdir.
Valideynlər muxtar respublikada uşaq bağçalarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması, uşaqların intellektual, fiziki inkişafı və sağlamlıqlarının qorunması üçün yaradılan şəraitə görə Ali Məclisin sədrinə minnətdarlıqlarını bildirmişlər.
Binada ərzaq anbarı, mətbəx, yeməkxana, camaşırxana, qazanxana, dərzi və yardımçı otaqlar da vardır.
Binanın həyətində də geniş abadlıq işləri aparılmış, müasir uşaq-əyləncə meydançaları və istirahət guşələri yaradılmış, Heydər Əliyev prospektindən bağçaya qədər olan yola asfalt örtük salınmışdır.
Ali Məclisin sədri Vasif Talıbov binada həyata keçirilən inşaat işlərini yüksək qiymətləndirmiş, tikilənlərin, qurulanların qorunub saxlanılmasını tövsiyə etmişdir.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.