İnkişafın yeganə qarantı: oxumaq

Keçmiş sovetlər dönəminin neqativ hallarını, demək olar ki, hamılıqla yaxşı bilirik və bunu haqlı olaraq tənqid edirik. Amma etiraf etməliyik ki, o zamankı cəmiyyətimiz mütaliəyə daha çox üstünlük verirdi, nəinki indiki. O zaman kitabxanalar ən yaxşı istirahət guşələrindən biri sayılırdı. İnsanların əksəriyyəti gərgin əməkdən sonra vaxtını kitabxanalarda və ya evdə kitab oxumaqla keçirmək istəyirdi. 
Onu da nəzərə almalıyıq ki, o dövrün ən arzuolunmaz halı senzura idi. Sovet senzura maşını insanların daha çox öyrənməyinin qarşısını açıq-aşkar alırdı. Dünya ədəbiyyatına sərbəst çıxış yox idi. Yalnız sovet ideologiyasına uyğun elmi və bədii ədəbiyyat mövcud idi. Üstəlik, dünya kitab xəzinəsinə əsas çıxış rus dilində idi. Amma bütün bu çətinliklərə baxmayaraq, insanlar yenə də həvəslə oxuyurdular.
Keçmiş postsovet ölkələrindən olan Ukraynada 45 milyon əhaliyə 1479 kitab dükanı düşür. Bu, təqribən hər 30000 insana 1 kitab dükanının düşməsi deməkdir. Əhalisinin sayı bizdən, demək olar, iki dəfə az olan Gürcüstanda 75 kitab dükanı var. 25 dükan konkret olaraq Tiflis şəhərində fəaliyyət göstərir. Qalan 50-si isə bölgələrdə. Avropada isə hər 20000 insana bir kitab mağazası düşür. Bəs Azərbaycanda vəziyyət necədir? Vaxtilə təkcə Bakı şəhərində 150-yə yaxın kitab mağazası olduğu halda, indi bu rəqəm 10-a enmişdir. Və ya işləyən dükanların bəzilərində kitabla yanaşı, ofis və məktəb ləvazimatları da satılır. Bu, təəssüf doğuran hal olmaqla yanaşı, həm də düşündürücüdür.
Müstəqil Azərbaycan Respublikasında dövlət tərəfindən insanların kitab oxumağı, mütaliə etməyi üçün hər cür şərait yaradılsa da, senzura ləğv olunsa da, oxucunun hərtərərəfli biliyə sahib olması üçün dünyanın əksər qabaqcıl elm və ədəbiyyat xadimlərinin əsərləri ölkəyə gətirilsə də, nədənsə mütaliəyə həvəs əvvəlki kimi deyil. Hazırda dünya şöhrətli ədəbiyyat xadimlərinin əsərləri silsilə şəklində doğma dilimizə tərcümə edilir. Əgər bir neçə il bundan öncə ölkədə Azərbaycan dilində kitab azlıq təşkil edirdisə, indi vəziyyət əhəmiyyətli dərəcədə dəyişmişdir. Bakıda fəaliyyət göstərən azsaylı kitab mağazalarına girdikdə demək olar ki, istənilən sahəyə aid yetərincə çeşidli ədəbiyyatın qarşımızda olduğunun şahidi olarıq. Hansı ki, bir vaxtlar bu əsərlərin heç biri tərcümə olunmamış və yaxud onların ölkəyə girişinə qadağa qoyulmuşdu. Bu gün dilimizə tərcümə olunmuş ən məşhur əsərlərin belə maksimum 5-10 manat qiyməti var. Düzdür, bu qiymətlə razılaşmayan xeyli oxucu da vardır ki, onlar kitab qiymətlərinin ucuzlaşdırılmasını istəyirlər. Təbii ki, kitabın ucuzlaşdırılması üçün əvvəlcə poliqrafik xərclərin, kağızın və tərcümə qiymətlərinin endirilməsi gərəkdir. Ancaq ən əsas amil, şübhəsiz ki, tirajın azlığıdır. Bu gün ölkəmizdə çap olunan kitabların əksəriyyətinin tirajı nadir hallarda 500 nüsxəni keçir. Çox vaxt isə 200 nüsxə tirajla çap olunur. Onu da qeyd edək ki, Rusiyada nəşr olunan kitabların tirajı 15-20 min olur. Qardaş Türkiyədə isə tanınmış bir yazıçının əsəri təxminən 150-200 min nüsxə tirajla işıq üzü görür.
Əvvəllər insanlar dünya ədəbiyyatına çıxış əldə etmək üçün əziyyətə qatlaşıb rus dilini öyrənirdilərsə, indi cəmiyyətimizin xeyli hissəsi nəinki dil öyrənməyə cəhd etmir, tərcümə olunmuş əsərləri belə oxumaq istəmir. Bu fikirləri deyərkən Azərbaycanda gündəlik mətbuatı, müxtəlif elmi və bədii əsərləri oxuyan əhali zümrəsini də unutmaq istəmirik. Təbii ki, əhalimizin müəyyən intellektual hissəsi var ki, özünü mütaliədən ayrı təsəvvür edə bilmir. İstər dünya ədəbiyyatını oxuyanlar olsun, istər araşdırma aparanlar olsun, intellekt dərəcəsi inkişaf etmiş və etməkdə olan xüsusi təqdirəlayiq zümrə mövcuddur. Amma həqiqət acı olsa da qəbul edilməlidir. Çünki bu zümrənin nəzərəçarpacaq say çoxluğunun olmaması ölkənin inkişafının qarantına çevriləcək sosial bazanın formalaşması üçün kifayət etmir.
Təbii sual yaranır: Bəs onda niyə kütləvi şəkildə oxumağa meylli deyilik? Bizi mütaliədən ayıran səbəblər nədir? Əvvəla, onu bir daha qeyd edim ki, Azərbaycanda qapalı sovet cəmiyyəti ilə müqayisədə xeyli sərbəst seçim imkanları mövcuddur ki, bu da insanların azad, fərqli düşünmələrinə şərait yaradır. Dünyada durmadan inkişaf edən texnoloji innovasiyaların, demək olar ki, hamısının ölkəmizdə satış və istifadə icazəsi mövcuddur. Bu, demokratik yolla irəliləmək istəyən ölkəyə xas olan bir haldır və bu prosesin maneəsiz gedişatı ölkəmizin beynəlxalq imicinə müsbət təsir göstərir və insan haqlarına önəm verən ölkə olduğumuzu bir növ təsdiqləyir. İnternet, mobil rabitə, peyk avadanlıqlarının ölkəmizdə rahat istifadəsi, çoxsaylı telekanalların və radioların mövcudluğu, qəzet və jurnalların çapı, cəmiyyətimizin dünyagörüşünün inkişafına, sivil cəmiyyətin qurulmasına xidmət etsə də, digər tərəfdən əhalinin mütaliəyə marağını azaltmışdır.
Təbii ki, burada məlumat mənbələrinin çoxalmasını qınaq obyektinə çevirmək olmaz. Çünki bu, zamanın tələbidir. Lakin bu, bir faktdır ki, məlumat mənbələrinin çoxalması insanlarımızın fəaliyyətini və düşüncə imkanlarını fərqli məcrada bölmüş, beyinlərin daha çox yüklənməsinə və yorulmasına gətirib çıxarmışdır. Burada ən çox yüklənən təbəqə əsasən 15-50 yaş arası insanlardır ki, bu da ölkə əhalisinin yeniyetmə, gənc və orta yaş təbəqəsini əhatə edir. Xüsusilə yeniyetmə və gənclərimizin xeyli hissəsi bu innovasiyalardan istifadə etdiklərinə görə daha çox yükləndiyindən onlar inkişaf üçün daha vacib olan kitabdan və yazılı mətbuatdan aralı düşürlər.
Son zamanlar internetdə "odnoklassnik", "aqent", "facebook", "tvitter" kimi sosial şəbəkələrin artması və cəmiyyəti cəlb etməsi, ünsiyyətin imkanlarını daha da genişləndirsə də insanlarımızda güclü asılılıq yaratmışdır. Bu vasitələr çoxalandan sonra xüsusilə gənclərimizdə daha çox bağlılıq yaratmış və bu bağlantı mütaliə etmək, kitab oxumaq kimi daha dəyərli mənbələrdən məlumat almaq istəyini xeyli azaltmışdır. Gənclərimizin intellektual təbəqəsi isə məlumatları daha çox elektron informasiya vasitələrindən almağa üstünlük vermiş, hətta bədii və elmi ədəbiyyatı da kompyuter vasitəsilə oxumağa başlamışlar. Onsuz da informasiya yükünün çox olduğu belə bir məqamda üstəlik kitabların və məqalələrin də kompyuterdən oxunması tibbi nöqteyi-nəzərdən də təhlükəlidir. Kitabxanada satılan nəfis tərtibatla nəşr olunan kitabla, internetdən şüalanma və radiasiya təhlükəsi içində oxunan kitabın, əlbəttə ki, fərqi olmalıdır. Bu kitab oxuma davamlılığı baxımından da əhəmiyyətlidir. Təbii ki, nəfis kitab ekoloji baxımdan daha münasib, oxumaq üçün əsas vasitə olan gözlərin sağlamlığı üçün daha uyğundur, nəinki internet.
Azərbaycan cəmiyyətinin kitabla bağlantısını seyrəldən daha bir vasitə, təbii ki, bəzi telekanallarımızda tüğyan edən şou xarakterli verilişlərdir. Müğənnilərin şəxsi və bir-birinə zidd olan həyat hekayələrini daha çox işıqlandıran bəzi telekanallar reklam naminə, maddi resurslarını yüksəltmək məqsədilə cəmiyyətin düşünmə və öyrənmə imkanlarını məhdudlaşdırır, xüsusilə gənclərin intellektual inkişafına mane olurlar. Şou proqramların, bəzən isə yersiz əyləncə verilişlərinin əsas auditoriyası daha çox evdar qadınlar və gənc qızlar olur. Bu sahəyə xərclədikləri vaxtın əvəzinə onlar daha sanballı informasiya əldə etməklə, və ya daha uğurlu bir əsəri oxumaqla intellekt bazalarını yüksəldə bilərlər. Nəzərə alsaq ki, qadınlar kişilərdən daha çox uşaqların tərbiyəsi və təhsili ilə məşğul olan zümrədir, onda gələcəyimizin təminatçısı olan Azərbaycan qadınının mütləq savadlı olması vacibliyi ortaya çıxır.
Avropa və Amerika istehsalı olan piratçılığı, quldurluğu təbliğ edən filmlərin kütləvi nümayişi, bəzən isə mental düşüncəmizə söykənən dəyərlərin tapdalandığı kinoların təqdim olunması gənclərimizin müəyyən hissəsində çaşqınlıq yaradır. Onların elmə, oxumağa həvəsini azaltmaqla, yersiz əyləncələrə, səmərəsiz həyat tərzi keçirmələrinə maraq oyadır. Şübhəsiz ki, bu faktlar ölkədə kitabxanalara və kitab alıcılığına kütləvi axının qarşısını alır.
Hazırda Qərb ölkələri, xüsusilə Rusiya və ABŞ da yuxarıda adlarını çəkdiyim mənfi ünsürlərin daha geniş yayıldığı yerlərdir. Lakin bu ölkələrdə sanki cinayətkar da anlayır ki, peşəkar cinayətkar olmaq üçün mütləq çoxlu oxumaq, öyənmək gərəkdir. Bizdə isə normal ailələrin övladları, gələcəyini uğurlu qurmaq istəyən bir çox gənclərimiz də oxumağa maraqlı deyil. Axı bir şeyi anlamaq lazımdır ki, təhsilli olmaq hələ yetərincə bilik sahibi olmaq demək deyildir. Bilik daim artırılmalı, elmi və bədii ədəbiyyatı kütləvi şəkildə oxumalı, yazılı mətbuat vasitələrini, eyni zamanda televiziyalarda verilən tarixi-fəlsəfi, psixoloji diskussiyaları izləmək lazımdır.
Gəldiyimiz qənaət odur ki, Azərbaycan cəmiyyəti oxumağa borcludur. Bizim alim və yazıçı şəcərəsinin davamı mütləq olmalıdır. Bu xalq elmi axtarışlar arxasınca qaçan övladını həmişə qiymətləndirmişdir. Tarix əvvəlcə yaradılır, sonra yazılır. Yaradıcı insanlarımızın yetişməsi, güclü təxəyyülə, təfəkkürə, yüksək dünyagörüşünə sahib olan Azərbaycan vətəndaşının ərsəyə gəlməsi üçün kitab ən uğurlu seçimdir, əziz oxucu. Mütaliə tarixən bütün bilik və bacarıqların əsasında dayanmışdır. Dünya millətləri arasında davamlı rəqabət aparmaq, həll etməli olduğumuz problemləri zamanında çözmək üçün hərtərəfli biliyə sahib olmaq gərəkdir. Bunun üçün isə oxumaq, öyrənmək ən müqəddəs yoldur.

{nl}

Anar TURAN

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında