Çarlz Dikkens - 200: Bütün zəmanələrin yazıçısı

XIX əsr ingilis ədəbiyyatının dünya şöhrətli yazıçısı, bənzərsiz sosial romanların müəllifi Çarlz Dikkensin 200 illiyi Azərbaycanda da qədirbilənliklə qeyd olunur. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Dünya ədəbiyyatının əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında" 30 dekabr 2007-ci il tarixli sərəncamına müvafiq olaraq 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası"na Çarlz Dikkensin adı da daxil edilmişdir. Ç.Dikkens ingilis milli mədəniyyətinin iftixar etdiyi yazıçılar nəslinə mənsubdur. Çarlz Dikkens XIX əsrin otuzuncu illərində bədii yaradıcılığa gəlmiş, 35 il ingilis ədəbiyyatının önündə getmişdir. O, 15 romanın, hekayə və oçerklərin müəllifidir.
Ç.Dikkens 1812-ci il fevral ayının 7-də Portsmut yaxınlığında, Ləndport şəhərciyində, dənizçi məmur ailəsində anadan olmuşdur. Dikkenslər ailəsi həmişə maddi çətinliklər və məhrumiyyətlər içərisində yaşamışdır, 1823-cü ildə isə Londona köçmüşdür.
Çarlz Dikkensin bədii yaradıcılığında birinci mərhələ 1833-1841-ci illəri əhatə edir. Bu dövrdə yazıçı "Bozun oçerkləri", "Pikvik klubunun qeydləri", "Oliver Tvistin macəraları", "Nikolas Niklbinin həyatı və macəraları" romanlarını və bir sıra başqa əsərlərini yazmışdır. İlk oçerklər və hekayələr məcmuəsi ayrıca kitab şəklində 1836-cı ilin fevral ayında "Boz" təxəllüsü ilə dərc etdirmişdir. Artıq bu ilk kitabçada yazıçı yumor qabiliyyətini göstərmiş və siyasi mahiyyətli problemlərlə maraqlandığını sübut etmişdir.
O, böyük şəhərin yoxsul məhəllələrində yaşayan kasıbların həyat tərzindən, sadə insanların dərdindən bəhs etmişdir.
Ç.Dikkens hələ ilk əsərində özünəməxsus yazı üslubu ilə fərqlənirdi. Onun yaradıcılığında nəzəri cəlb edən irihəcmli əsərlərdən biri "Oliver Tvistin macəraları" romanıdır. Yaşadığı cəmiyyətə qarşı etiraz, məzlum və yoxsul kütlələrə rəğbət hissi bu əsərin əsas ideyasıni təşkil edir. Oliver Tvistin həyatı "zəhmət evində" başlanmışdır. İngilis burjuaziyası "zəhmət evlərini" "yetim uşaqların rahat yaşaya biləcəyi xeyirxah bir müəssisə kimi" qələmə verməyə çalışırdı. Ç.Dikkens bu əfsanəni böyük bir cəsarətlə ifşa etmişdir. V.Belinski bu roman haqqında yazmışdı: "Çarlz Dikkens həqiqi bir sənətkar kimi ictimai eybəcərliklərin qurbanı olmuş caniləri və qəddarları çox düzgün təsvir edir". "Oliver Tvistin macəraları" romanı XIX əsr ingilis tənqidi realizminin ən gözəl nümunələrindəndir.
Ç.Dikkens yaradıcılığının ikinci dövrü XIX əsrin qırxıncı illərinə təsadüf edir. O, bu dövrdə yazdığı əsərlərində - "Qədim əşyalar dükanı" (1841), "Amerika qeydləri" (1842), "Martin Çezlvit" (1843), "Dombi və oğlu" (1846-1848) əsərlərində özünü həm sənətkarlıq, həm də ideya cəhətdən kamil bir yazıçı kimi təqdim etmişdir. Həmin illərdə Ç.Dikkens həm də publisist kimi tanınmışdır.
1842-ci ildə yazıçını ABŞ-a dəvət etdilər. Ç.Dikkens ABŞ-ı əsl demokratiyanın, azadlığın vətəni hesab edirdi. Lakin bu səfər nəticəsində yazılmış "Amerika qeydləri" Ç.Dikkensin düşündüklərinin əksini göstərir. O, "Amerika qeydləri"ndə ABŞ-da olan saxta demokratiyanı, Amerika həyat tərzinin bir sıra qüsurlu cəhətlərini göstərmişdir. Zəncilərin məhkum vəziyyəti Ç.Dikkensi xüsusilə qəzəbləndirmişdi. Nyu-York kimi bir şəhərin ziddiyyətləri diqqətli yazıçının nəzərindən yayınmamışdı. Ç.Dikkens şəfəqlərə qərq olmuş Brodveylə yanaşı, hamının "qəbir" adlandırdığı həbsxananın qəmli görünüşünü, izdihamlı küçələri, şəhərin mərkəzi hissəsindən kəskin surətdə fərqlənən zənci məhəllərini, yetimxanaları məharətlə təsvir etmişdir.
Müəllifin 1844-cü ildə yazdığı "Martin Cezlvit" romanı onun yaradıcılığında irəli atılmış mühüm bir addım idi. Bu əsərdə cəmiyyətdə pulun oynadığı həlledici rol məsələsi əvvəlki romanların hamısından daha qabarıq şəkildə qoyulmuşdur. Yazıçının hər bir əsərində onun satira və yumor gücünə malik olan istedadına heyran qalırıq. Ç.Dikkensin tənqid hədəfi, satirik boyaları əsərdən əsərə güclənir. Yazıçı 1850-ci ildə "Ev oxusu" və 1859-cu ildə "Bütün il boyu" adlı iki ədəbi-bədii jurnal nəşr edirdi.
Ç.Dikkens yaradıcılığının üçüncü dövrü - 1848-1859-cu illərdə siyasi məzmun etibarı ilə ən güclü "Soyuq ev", "Ağır zamanlar", "Balaca Dorrit" romanlarını yazmışdır. O, XIX əsrin 50-ci illərindəki altı bədii əsərində və külli miqdarda publisist məqalələrində İngiltərənin bütün ictimai quruluşunu, siyasi sistemini, parlamentini, məhkəmələrini kəskin tənqid atəşinə tutur. Xalqa inam, xalqla təmasda olmaq, Ç.Dikkensin bu dövrdə yazdığı romanlarında ana xəttini daha da aydın nəzərə çarpdırır. Böyük rus maarifçisi N.Çernışevski buna görə də Ç.Dikkensi belə səciyyələndirmişdi: "Yoxsulların müdafiəçisi, varlıların düşməni... yalan və riyakarlığın qənimi". "Ağır zamanlar" (1854) romanında yazıçı cəmiyyətdəki ziddiyyətlərin mahiyyətini göstərməyə çalışmışdır.
Ç.Dikkensin yaradıcılığının son dövrünü 1859-1870-ci illərdə yazılmış əsərlər təşkil edir. "İki şəhər haqqında povest" (1859), "Böyük ümidlər" (1861), "Bizim ümumi dostumuz" (1864), "Edvin Drudun sirri" (1870 bitməmişdir) romanları bu dövrdə yazılmış əsərlərdir.
Yazıçının əsərləri demokratik məzmundadır. İngilis xalqının mübariz əhval-ruhiyyəsi ilə bizi yaxından tanış etdiyi üçün Ç.Dikkensi sevirik. Müəllifin əsərlərində bəzən bədbinlik duyulur, lakin bu əsərlər insana inam hissi aşılayır.
Çarlz Dikkens 1870-ci ilin iyunun 9-da, əlli səkkiz yaşında, beyinə qansızmadan, Qeydxildə vəfat etmişdir. Onun adı vəfatından sonra daha da böyük şöhrət qazanmışdır. Ədəbiyyatşünaslar silsilə sosial romanlar müəllifi Çarlz Dikkensi "ağır artilleriya ustası" adlandırırdılar. Yazıçının şöhrəti İngiltərədə XIX əsrin 80-90-cı illərində C.Bayronun populyarlığını üstələmişdi. Rus yazıçısı M.Qorki qeyd etmişdir ki, "Dikkens ən çətin bir sənətə - insanlara məhəbbət sənətinə son dərəcədə gözəl sahib olmuşdur".
Sonda Azərbaycanda ingilis dilinin və ədəbiyyatının əsaslı şəkildə tədrisi və təbliği ilə məşğul olmuş, görkəmli pedaqoq mərhum İsmixan Rəhimovu xatırladım. XX əsrin 60-cı illərində onun "məktəbini" görmüş ingilis dili mütəxəssisləri Prezident İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamının uğurla yerinə yetirilməsində fəal iştirak etmiş və 2007-ci ildə "İngilis ədəbiyyatı antologiyası"nı (iki cilddə) nəşr etdirmişlər. Bu antologiyanın ikinci cildinə Çarlz Dikkensin "Böyük ümidlər" romanının bir parçası daxil edilmişdir.
"British Counsil" şirkətinin dünya şöhrətli ingilis yazıçısının 200 illik yubileyi münasibətilə Azərbaycanda "Dikkens ili" elan etmək təşəbbüsü də təqdirəlayiqdir. İki əsr öncə yazıb-yaratmış Çarlz Dikkensin əsərlərindəki aktual problemlərin təsviri, müasir qloballaşma dövründə də öz əhəmiyyətini itirməmişdir. Onun əsərləri Dumanlı Albionun və dünya ədəbiyyatı xəzinəsinin qızıl fonduna daxildir.

{nl}

Namazəli MUSTAFAYEV, tədqiqatçı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında