"Son zəng" tədbirləri ənənəvi olaraq Səbail rayonunun 17 orta məktəbində də təntənəli şəkildə qeyd olunmuş, əlamətdar hadisəyə çevrilmişdir. Rayonun orta məktəblərində 2268 nəfər pedaqoji işçi çalışır, 20862 şagird təhsil alır. Bu il onların 1506 nəfəri məzundur.
Şəhərin mərkəzindəki 6 saylı tam orta məktəbdə keçirilən "Son zəng" də maraqlı və yaddaqalan olmuşdur. Tədris ilinin əvvəlində yenidən tikilib istifadəyə verilmiş, Azərbaycanda oxşarı olmayan, beynəlxalq standartlara uyğun bu təhsil müəssisəsinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə keçirilmişdir. Yeni binada keçirilən ilk "Son zəng" mərasimində çıxış edən 6 saylı tam orta məktəbin direktoru, əməkdar müəllim Gülşən Orucova kollektivin qazandığı uğurlardan söz açaraq qeyd etmişdir ki, bu il 66 şagird orta təhsili başa vurur. Məktəb rəhbəri şagirdlərin təhsili üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə kollektivin adından minnətdarlığını bildirmişdir.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov müstəqil həyatın astanasında duran məzunlara uğurlar və xalqımız üçün layiqli övlad olmalarını arzulamışdır. Natiq respublikamızda təhsil sahəsində aparılan işlər və Səbail rayonunda həyata keçirilən layihələr barədə ətraflı məlumat vermişdir. Kollektivə gələcək işlərində uğurlar arzulayan A.Əsgərov vurğulamışdır ki, Prezident İlham Əliyev də bu məktəbin məzunu olmuşdur və burada oxuyan hər bir şagird bununla fəxr etməlidir.
Qeyd olunmuşdur ki, son iki il ərzində rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində 1 məktəb yenidən tikilmişdir. 10 orta təhsil müəssisəsi, 10 uşaq bağçası, 2 uşaq musiqi məktəbi, 2 uşaq texniki-yaradıcılıq mərkəzi, 2 idman məktəbi, 1 uşaq poliklinikası əsaslı təmir olunmuşdur. 2 orta məktəb üçün əlavə tədris korpusu tikilmişdir. Bu müəssisələr lazımi avadanlıqlarla təchiz olunmuşdur. Hazırda Badamdar qəsəbəsində 880 şagird yerlik yeni məktəb və 120 yerlik uşaq bağçası inşa olunur. Rayonda daha 3 məktəbin əsaslı təmiri, 1 uşaq musiqi məktəbinin yenidən tikintisi aparılır.
Qonaqlar məzunlara uğurlar, ölkəmiz üçün layiqli övlad olmalarını arzulamışlar.
190 saylı məktəb bu il özünün 65-ci buraxılışını keçirir və 5 sinifdə 102 şagird orta təhsili başa vurur. 1212 şagirdin təhsil aldığı məktəbdə "Ən yaxşı müəllim" müsabiqəsinin 5 qalibi, 3 elmlər namizədi, 1 əməkdar müəllim çalışır. Buraxılış tədbirinə toplaşanlar qarşısında çıxış edən 190 saylı orta məktəbin direktoru, əməkdar müəllim Afət Bakıxanova bu il 11-ci sinfi bitirən məzunlara uğurlar arzulamışdır. O, məktəbi əla qiymətlərlə bitirmiş, həmçinin müxtəlif miqyaslı fənn olimpiadalarının qalibi olmuş bir qrup məzuna fəxri fərmanlar və hədiyyələr təqdim etmişdir.
Milli Məclisin İqtisadiyyat komitəsinin sədri, akademik Ziyad Səmədzadə və Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev məzunları təbrik etmiş, onlara müstəqil həyatda uğurlar arzulamışlar. Məktəb həyatına əlvida deyən məzunlar bu ilki birincilərə hədiyyələr təqdim etmiş və tədbir bədii proqramla başa çatmışdır.
Səbail rayonunun 2, 7, 49, 50, 51, 91, 132-134, 160, 162, 163, 189, 236, 239 saylı məktəblərində də "Son zəng" tədbirləri təntənəli keçmiş və məzunların həyatında unudulmaz bir günə çevrilmişdir.
{nl}
* * *
Uşaqların Beynəlxalq Müdafiəsi Günü də Səbail rayonunda geniş qeyd olunmuşdur.
Tədbirlər planına uyğun olaraq "Park Bulvar" Ticarət və İstirahət Mərkəzindəki "Park Sinema" kinoteartrında uşaq filmləri həftəsi təşkil olunmuş, bir həftə ərzində hər gün 200 nəfər uşağa pulsuz "3 D" həcmli uşaq filmləri nümayiş etdirilmişdir. Bayram ərəfəsində rayonun müxtəlif orta təhsil müəssisələrindən 150 nəfər uşağın "Vətən" gəmisi ilə Bakı buxtasında gəzintisi təşkil olunmuşdur.
Bayramla əlaqədar iyunun 1-də Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Monte-Kristo" şadlıq sarayında əlil və sağlamlığı məhdud, uşaq evlərində tərbiyə alan və aztəminatlı ailələrdən olan 150 uşaq üçün əyləncəli bayram keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov uşaqları və onların valideynlərini 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik etmiş, onlara cansağlığı, xoşbəxt həyat və səadət arzulamışdır. Başçı bildirmişdir ki, hazırda Azərbaycanda əhalinin 29 faizini 18 yaşınadək uşaqlar təşkil edir. Onlar dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunmuşlar.
Azərbaycanda uşaq siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoymuşdur. Ulu öndərin ənənələri bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili Mehriban xanım Əliyevanın gördüyü işlər uşaqların taleyində əhəmiyyətli rol oynayır. Ölkə başçısının 2009-cu ilin "Uşaq ili" elan olunması ilə bağlı sərəncamı Azərbaycan dövlətinin uşaqlara qayğısının daha bir təzahürü oldu.
Şənlikdə bildirilmişdir ki, Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi əsasında ötən illər ərzində respublikamızın müxtəlif bölgələrində yüzlərlə müasir məktəb binası tikilib istifadəyə verilmiş, 40-dan çox körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunmuşdur. Bu gün dövlətimiz hər bir uşağın yüksək sosial-mənəvi mühitdə böyüməsinə çalışır. Məqsəd uşaqların firavan yaşayış səviyyəsinin, yüksək təlim-tərbiyəsinin, etibarlı, sosial müdafiəsinin təşkil edilməsidir.
Bayramda populyar müğənnilər uşaqları musiqi nömrələri ilə təbrik etmiş, əyləncəli proqram göstərilmişdir.
Sonda uşaqlara təşkilatçıların hədiyyələri paylanmışdır.
{nl}
R.TAHİR, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.