Uşaqlar mənsub olduqları ölkənin gələcəyi, işıqlı sabahıdırlar

Bu gün fidan balaların bayramıdır. Amma Binəqədi rayonundakı 266 saylı uşaq bağçasında düzənlənən tədbir bir neçə əlamətdar günü birləşdirirdi. "Əlvida, bağça" adlanan tədbir məzunların buraxılış gününə həsr edilmişdi. Bağçanın al-əlvan rəngli şarlar, gül-çiçəklərlə bayramsayağı bəzədilmiş zalında tərbiyəçi müəllimlər, valideynlər və qonaqlar uşaqları gözləyirdilər. 
Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra tədbirin aparıcısı, tərbiyəçi Şəfiqə İbrahimova uşaqların adlarını təqdim edərək onları zala dəvət etdi. Bir-birindən gözəl balalar - Kərim, Sərdar, Zümrüd, Münəvvər, Qabil və digərləri zala daxil olaraq yarımdairə formasında düzüldülər. Tamaşaçıları musiqi dili ilə salamlayıb vətən, ana və dövlətimizin sarsılmazlığına aid mahnılar oxudular, şeirlər səsləndirdilər. Balaca Fatimə ilə Rəsul aparıcılıq edərək valideynləri, qonaqları və tərbiyəçiləri salamladılar, uşaqları isə təbrik etdilər. Sonra fidan balaların ifasında "Mambo" məzəli rəqsi təqdim olundu. Bu rəqsi uşaqların ardıcıllıqla söylədikləri şeirlər, oxuduqları mahnılar, oyunlar əvəzlədi. Valideynlərlə keçirilən oyun nə qədər maraqlı olsa da, uşaqların üzərində hərflər yazılmış çəlləkləri fırladaraq "Əlvida, bağça" yazısını tamamlamaları daha yaddaqalan oldu. Qabilin söylədiyi
Ayrılıq vaxtı çatdı,
Gəlin bir-bir görüşək.
Vidalaşıb ayrılaq
Doğma bacı-qardaştək - şeiri uşaqları da, valideynləri də kövrəltdi.
Tədbirin aparıcısı Şəfiqə İbrahimova uşaqlara may ayında qeyd edilən bayramları xatırlatdı. Uşaqlar öncə ulu öndərin anadan olmasının 89 illiyi, sonra 3 gün əvvəl keçirilmiş 28 May Respublika Günü münasibətilə də şeirlər söylədilər. "Eurovision - 2012" mahnı müsabiqəsi ilə bağlı respublikada keçirilən tədbirlər, Gül bayramı qeyd olundu. Balaların oynadıqları milli və fransız rəqslərindən sonra bağçanın müdiri Dilbər Səmədova məzun gününün 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə keçirilməsinin təsadüfi olmadığını bildirdi. Azərbaycan Respublikasının 1992-ci ildən BMT-nin "Uşaq hüquqları haqqında Konvensiya"sına qoşulmasından söz açdı. Azərbaycanın gələcəyi olan uşaqlarımızın arasında yüzlərlə istedad olmasını qeyd etdi. Uşaqlarımızın normal inkişaf etməsi və özlərinin potensialının reallaşdırılması üçün onlara dövlət və cəmiyyət tərəfindən hərtərəfli dəstək göstərilməsini vurğuladı. Son illər ölkəmizdə uşaq problemlərinin həlli üçün bu qədər qlobal iş görülməsini, məktəbəqədər təhsilin inkişafına diqqəti Azərbaycan Prezidenti İlham Əliyevin və UNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi qayğının bariz nümunəsi olduğunu xüsusi diqqətə çatdırdı. Uşaqların ikiqat bayram sevinci yaşadıqları bu gün münasibəti ilə onları bir daha təbrik etdi.
Tərbiyəçi müəllimə Reyhan Quliyeva bağçada keçirilən digər tədbirlərdən söz açdı, uşaqların belə günlərdə fəallıq göstərmələrindən danışdı. O, bu il bağçada ikisi Azərbaycan, biri rus qrupu olmaqla, ümumiyyətlə, 85 nəfərə yaxın uşağın məzun olduğunu, bugünkü tədbirin isə 24 məzunun buraxılışına həsr olunduğunu bildirdi.
Sonra Dilbər müəllimə uşaqlara məzun günü münasibətilə hazırlatdırdığı "Bizim bağça" venetkasını hədiyyə etdi. Məzunlar "Xoşbəxt olsun uşaqlar" mahnısının ifasından sonra vals ilə tədbirə yekun vurdular.

{nl}

Zərifə BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında