Avropa Parlamentinin ədalətsiz qətnaməsi bu quruma qarşı inamsızlıq yaradır

Avropa Parlamentinin Azərbaycanda insan haqlarına dair qəbul etdiyi qətnamə ciddi etirazlarla qarşılanıb. İctimaiyyət nümayəndələri, həmçinin ictimai - siyasi xadimlər qətnaməni birmənalı şəkildə əsassız və qərəzli hesab edirlər. Xüsusən də, qətnamədə söz və mətbuat azadlığı ilə əlaqədar sadalanan "faktlar" həqiqətə uyğun deyil. Qətnamədə qeyd olunur ki, Azərbaycanda cinsi azlıqlara qarşı haqsızlıqlar edilir. Belə əxlaqsız, mənəviyyatsız insanların paradını keçirmək adət - ənənəmizə, milli-mənəvi dəyərlərimizə uyğun deyil. Avropa Parlamentinin qənaətinə görə, guya Azərbaycanda onların hüquqları pozulur.
Mitinqlər, küçə yürüşləri və digər aksiyaların keçirilməsi ilə bağlı da Avropa Parlamenti ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirir. Məlum olduğu kimi, Azərbaycanda mitinqlərin keçirilməsi ilə əlaqədar müvafiq yerlər ayrılıb. Qanunla müəyyənləşdirilmiş həmin ərazilərdə səliqə - sahman yaradılmış, hətta aksiya iştirakçılarının təhlükəsizliyi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qorunur. Amma Avropa Parlamentinin qərəzlə dolu qətnaməsində göstərilir ki, müxalifətin mitinqlərinə yer verilmir.
Azərbaycanda bütün partiyaların mitinq və ya hər hansı bir aksiya keçirməsi üçün eyni yer müəyyənləşdirilib. Qaldı ki, icazəsiz aksiyaların qarşısının alınmasına, Avropanın elə bir ölkəsi yoxdur ki, orada razılaşdırılmamış aksiya keçiriləndə insanlara zor tətbiq olunmasın. Təəssüf edirik ki, Avropa Parlamenti bütün bunları nəzərə almamış, bir milyona yaxın soydaşımızın öz doğma ocaqlarından didərgin salınmasını, torpaqlarımızın 20 faizinin hələ də Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılmasını bu vaxta qədər görməməzliyə vurur, ikili mövqe nümayiş etdirməklə insanların hiddətinə səbəb olan qətnamə qəbul etmişdir. Bütün bunlar ölkəmizə qarşı təzyiqdir və məqsədli şəkildə atılan addımılardır. Ziyalılar, tanınmış ictimai - siyasi xadimlər və siyasi partiya sədrləri Avropa Parlamentinin qərəzlə dolu qətnaməsini kəskin pisləyir və Azərbaycanın Avropa İttifaqının üzvü olmadığı təqdirdə belə qətnamə qəbul edilməsinin qanuna uyğun olmadığını bildirirlər.
Səməd SEYİDOV, Milli Məclisin komitə sədri, Azərbaycan Parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri:
- Mən Avropa Parlamentinin ikili standart nümayiş etdirməsinin çoxdan şahidiyəm. 2001-ci ildə biz Avropa Şurasının tam səlahiyyətli üzvü olduq. Azərbaycan işğala məruz qalmasına baxmayaraq, işğalçı və insan haqlarının pozulduğu bir dövlət kimi göstərildi. Azərbaycanın inkişafı, görünür, bir sıra qüvvələrin xoşuna gəlmədi. Bundan narahat olan erməni lobbisi başqa istiqamətdə iş aparmağa başladı. İndi də onlar insan hüquqlarını əldə əsas tutub Azərbaycana təzyiq göstərməyə çalışırlar. Mən əminəm ki, qətnamədə erməni faktoru var. Ermənilər hüquqi müstəvidə Dağlıq Qarabağ müharibəsində məğlub olduqları üçün bu addımı atmağa çalışırlar. Biz Avropa Məhkəməsinin üzvü olduqdan sonra da Azərbaycana qarşı iradlar tutulmağa başlandı. Ona görə də Azərbaycanın mövqeyini beynəlxalq təşkilatlara çatdırmalıyıq. Azərbaycan dövləti xalqımızın istəyi ilə Avropa strukturlarında təmsil olunur. Ancaq bizə qarşı çox təzyiqlər ortaya çıxacaqsa, düşünməliyik.Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamə qurumla ölkəmiz arasında ikitərəfli münasibətlərə xələl gətirir.
Bu qərar qeyri-obyektivdir, qərəzlidir və reallığı əks etdirmir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Avroatlantik məkana inteqrasiya edir. Biz 2000-ci ildən AŞPA, ATƏT PA, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq qurumlarla faydalı əməkdaşlıq edirik. Bu gün Azərbaycan 155 ölkənin səsini qazanmaqla BMT Təhlükəsizlik Şurasının tribunasından çıxış edir. Bütün bunlar güclü, müstəqil Azərbaycanı sevməyənləri narahat edir. Qeyd etməliyəm ki, əslində biz bu cür əks qüvvələrlə 2000-ci ildən üzləşmişik, lakin həmişə dözümlülük nümayiş etdirmişik, səbrlə, təmkinlə cavab vermişik. Bəzi qüvvələr hesab edirlər ki, İslam və demokratiya bir-biri ilə ziddiyyət təşkil edir. Əhalisinin 90 faizindən çoxu müsəlmanlardan ibarət olan Azərbaycanda bu cür demokratik cəmiyyətin inkişaf etdiyi, ailə dəyərlərinə qiymət verildiyi, müxtəlif dinlərin nümayəndələrinin birgə yaşadığı, inkişaf etdiyi təkzibolunmaz faktlardır. Bu gün Avropa Birliyinə üzv olan ölkələrin bir çoxunda insan haqları kobud şəkildə pozulur və elə ölkələr var ki, onlardan Avropa İnsan Haqları Məhkəməsinə ildə 7000 müraciət daxil olur, ancaq Avropa Birliyinin üzvü olmayan Azərbaycan üzrə bu rəqəm isə 1000-ə yaxındır.
Bu da öz növbəsində kimin demokrat və azad cəmiyyətdə yaşadığının göstəricisidir. Avropa Parlamentinin bu qətnaməsi bizə həmin qurumla münasibətlərə yenidən baxmağa zərurət yaradır.
Qənirə PAŞAYEVA, Milli Məclisin deputatı:
- Azərbaycan çox sürətlə inkişaf edir və təbii ki, bəzi qüvvələr, o cümlədən erməni lobbisi bundan narahatdır. Avropa Parlamentinin belə bir qətnamə qəbul etməsinin arxasında Azərbaycanın güclənməsini, inkişafını, onun Avropaya inteqrasiyasını istəməyən güclər dayanır.O güclər istəmirlər ki, Azərbaycan bütün parametrlər üzrə Avropanın, Avropa ailəsinin, məkanının bərabərhüquqlu üzvünə çevrilsin. Onlar güclü, inkişaf etmiş, insan hüquqları və dəyərlərinə qiymət verən bir Azərbaycanın olmasında maraqlı deyillər. Qeyd edim ki, bu qətnamə qərəzli olduğu qədər də, qeyri-səmimidir. Avropa Parlamentinin qətnaməsinə səs verənlər o şəxslərdir ki, onlar hər zaman Azərbaycanın ərazi bütövlüyünün əleyhinə tutduqları mövqeləri ilə tanınıblar.Bir dəfə olsun belə, Azərbaycan torpaqlarının işğalı, Ermənistan tərəfindən zəbt olunması məsələsini dilə gətirməyiblər, işğal nəticəsində qaçqın, didərgin düşmüş insanların taleyindən bircə dəfə də olsun danışmayıblar.
Əgər doğrudan da onları insan haqları bu qədər düşündürür, maraqlandırırsa, niyə bir dəfə də olsun qaçqınların, köçkünlərin vəziyyətindən, pozulmuş insan hüquqlarından danışmırlar. İşğalçı Ermənistana öz təzyiqlərini göstərmirlər. Bütün bunlar bir daha onu göstərir və sübut edir ki, həmin anti - Azərbaycan dairələrini nə demokratiya məsələləri, nə də insan hüquqları maraqlandırır. Bu məsələlər onları qətiyyən düşündürmür. Onlar sadəcə çalışırlar ki, necə olursa-olsun, Azərbaycanın dünyada artan nüfuzunu, onun beynəlxalq imicini zədələsinlər, xələl yetirsinlər. Avropa Parlamentinin qətnaməsi son dərəcədə ədalətsiz və qərəzlidir.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında