Bakı Dövlət Universitetində "Ziya Bünyadov görkəmli Azərbaycan tarixçisi və şərqşünas alimidir" mövzusunda konfrans işə başlamışdır

Mayın 30-da Bakı Dövlət Universitetində (BDU) ictimai xadim, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun 90 illiyinə həsr olunmuş "Ziya Bünyadov görkəmli Azərbaycan tarixçisi və şərqşünas alimidir" mövzusunda respublika elmi konfransı işə başlamışdır.
AzərTAc xəbər verir ki, professor və müəllimlərin, tələbələrin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, akademik Vasim Məmmədəliyev görkəmli alim Z.Bünyadovun mənalı ömür yolundan, tarix və şərqşünaslıq elmlərinə verdiyi böyük töhfələrdən, elmi irsinin əhəmiyyətindən danışmışlar.
Bildirilmişdir ki, Ziya Bünyadov 1923-cü il dekabrın 21-də Astara şəhərində anadan olmuşdur. 1941-ci ildə hərbi məktəbi bitirdikdən sonra leytenant Z.Bünyadov 1941-1945-ci il Böyük Vətən müharibəsində iştirak etmiş, Belarus, Ukrayna və Polşada, eləcə də Almaniyanın paytaxtı Berlin uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmişdir. 1945-ci ildə Z.Bünyadov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
1946-cı ildə Sovet ordusu sıralarından tərxis edildikdən sonra Z.Bünyadov N.Nərimanov adına Moskva Şərqşünaslıq İnstitutuna, 1950-ci ildə isə həmin institutun aspiranturasına daxil olmuşdur. 1954-cü ildə Z.Bünyadov ilk tədqiqat işi olan "Afrikada İtaliya imperializmi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Həmin il Z.Bünyadov Bakıya qayıtmış və Azərbaycan EA Tarix İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmış, 1958-1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsində müəllim işləmişdir. 1964-1981-ci illərdə o, Yaxın və Orta Şərq Xalqları İnstitutunun Şərqin orta əsrlər tarixi şöbəsinə rəhbərlik etmiş, 1981-1986-cı illərdə Azərbaycan EA Şərqşünaslıq İnstitutunun direktoru olmuşdur.
Z.Bünyadovun elmi yaradıcılığı iki istiqamətdə - Yaxın və Orta Şərq ölkələri feodalizm dövrü tarixinin tədqiqi, Yaxın və Orta Şərq xalqlarının tarixinə, elm və mədəniyyətinə dair orta əsr müəlliflərinin əsərlərinin araşdırılması, izahlı tərcüməsi və nəşri istiqamətində inkişaf etmişdir.
1964-cü ildə Z.Bünyadov "Azərbaycan VII-IX əsrlərdə" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1965-ci ildə ona professor elmi adı verilmişdir. 1967-ci ildə Z.Bünyadov Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir.
1988-1990-cı illərdə Z.Bünyadov Azərbaycan EA Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində çalışmışdır. 1988-ci ildə türk xalqları tarixinin öyrənilməsində xidmətlərinə görə Türk Tarix Qurumunun fəxri üzvü, 1990-cı ildə isə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti seçilmişdir. 1992-ci ildə yenidən AMEA-nın Şərqşünaslıq İnstitutuna rəhbərlik etmişdir. 1990-cı ildə "Qurani-Kərim"in tərcüməsinə görə H.Z.Tağıyev adına mükafata layiq görülmüşdür. 1992-ci ildə Z.Bünyadov Yeni Azərbaycan Partiyası sədrinin müavini seçilmişdir.
Akademik Z.Bünyadovun xidmətləri yüksək qiymətləndirilmiş, alim bir çox orden və medallarla təltif olunmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Nailə Vəlixanlı, AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və digər alimlər akademik Ziya Bünyadovun zəngin elmi yaradıcılığından, qazandığı nailiyyətlərdən bəhs etmiş, onunla bağlı xatirələrini söyləmişlər.
Sonra müxtəlif mövzularda məruzələr dinlənilmişdir.
Konfrans mayın 31-də öz işini davam etdirəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında