İlyas Əfəndiyev və bədii yaddaşda istiqlal düşüncəsi

İstiqlal düşüncəsinin milli-tarixi kökləri və xalqımızın milli mənlik şüurunu özündə ehtiva edən, qürbət diyarda həsrətli ömür sürən həmvətənlərimizin taleyinin bədii təcəssümü XX əsr Azərbaycan ədəbiyyatının klassiki, xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığında ayrıca mövzu kimi seçilir. 
Bu baxımdan Vətən həsrəti "Tənha iydə ağacı" (1991) pyesində yüksək bədiiliklə təsvir edilmişdir. Pyesdəki hadisələr əsasən bir ailənin ətrafında cərəyan etsə də, bütövlükdə istiqlal məfkurəmiz, mühacirətin doğurduğu ictimai ideal geniş əhatə edilmişdir.
Əsərdə təsvir edilən hadisələr İstanbulda baş verir. Kərim bəy əlli ildən artıqdır ki, öz vətənindən və doğmalarından ayrı düşüb. İllər ötsə də, onun qəlbindəki Vətən məhəbbətini əsla soyuda bilməyib. O, doğulduğu torpağı, onun səfalı yerlərini, qıjıltılı Quruçayı xoş duyğularla xatırlayır, Azərbaycana on beş günlüyə səyahətə getmiş qızı Sürəyyanın yolunu intizarla gözləyir. Sürəyya evlərinə atasının ən yaxın dostu, tarix elmi üzrə professor Behbud bəy və uşaq həkimi Altayla dönür. Uzun illərin ayrılığından sonra Behbud bəy dostu Kərim bəyə deyir ki, "Vətən" cəmiyyəti vasitəsilə onun əvvəlcə İtaliyada, sonra isə İstanbulda olduğundan xəbər tutub. Kərim bəy qızı Sürəyyadan öncə xəbər aldığı ata ocağı olur.
Sürəyyanın söylədiyi səfər hekayəti və Bakıda yazdığı "Tənha iydə ağacı" qəmli bəstəsi Kərim bəyin ürəyini kövrəldir. Vətən torpağının bütün yerləri - sıldırım qayalı Qarabağ dağları, yaşıl meşələr, zümrüd bulaqlar Sürəyya xanımı ona görə duyğulandırmışdı ki, "babalarının qanı o yerlərin havasından, torpağından yaranmışdır".
Kərim bəyin atası inqilabdan əvvəl varlı olduğundan səs hüququndan məhrum edilmiş, evləri və var-yoxları talanmışdır. O, "kulak oğlu" olduğu üçün Bakıda heç bir ali məktəbə daxil ola bilmir. Həmin dəhşətli illəri xatırlayaraq Kərim bəy deyir: "Biz xalqımızı iki yerə parçalayan çarizmə də, İran şahlığına da dərin kin bəsləyirdik. Biz lənətə gəlmiş Türkmənçay müqaviləsini tikə - tikə eləyib küləyə sovuracağımız haqqında qızğın xəyallara dalırdıq. Elə bu vaxtlar atamın hökumət işində olan bir dostu gizlincə ona xəbər verir ki, "tutulub güllələnəcək adamların siyahısı hazırlanır, o siyahıda sən də varsan. Başına çarə qıl". Biz, atamın tutulmaq qorxusu olan dörd nəfər dostu ilə gecənin birində Arazı keçib Təbrizə getdik. Təbrizdə yerləşib, özümüzə gələndən sonra köçdük İstanbula. Mən tibb institutuna girdim".
Kərim bəyin Vətən ayrılığına arvadı Tutubəyimin nisgilli ölümü də əlavə olunur. İndi Kərim bəyi ən çox düşündürən qızları Sürəyya və Gülnazın gələcək ailə həyatıdır. Əslində, onun İtaliyadan İstanbula köçməsi də qızlarının gələcək ailə həyatı ilə bağlı olmuşdur. Xalça taciri Ağayi Əşrəfi Gülnazı sonsuz məhəbbətlə sevdiyini bildirsə də, dramaturq onun timsalında pula, var - dövlətə hərisliyin yeni bir surətini yaratmışdır. O, Gülnaz üçün ən bahalı ləl - cəvahirat sifariş verir. Parisin moda kralı müsyö Pyer Kardenin hesabına qabaqcadan beç yüz min frank pul köçürür. Kərim bəy ona deyir ki, "Biz mühacir azərbaycanlılar, puldan başqa heç nə haqqında düşünmürük! Biz milli xüsusiyyətimizi getdikcə itiririk". Ağayi Əşrəfinin milli təəssübkeşlik hissi olduqca aşağıdır, azərbaycanlı olması barədə bir an belə düşünmür. Özünün dediyi kimi: "Mən azəri olduğum haqqında heç zaman düşünməmişəm, mən özümü həmişə əhli İran hesab etmişəm. Müsəlman hesab etmişəm". İlyas Əfəndiyev ağrılı bir həqiqəti gündəmə gətirir: Ağayi Əşrəfi kimi farslaşmış cənubi azərbaycanlılar özlərini İran əhli sayaraq hansı millətə mənsub olduqlarını bilmirlər, nə vətən, nə torpaq, nə millət hissi onları düşündürmür.
Ağayi Əşrəfinin "məhəbbətinə" Gülnaz olduqca soyuq münasibət bəsləyir, hətta ona istehza edib ələ salır. Gülnaz Ağayi Əşrəfinin mühafizəçisi Eyvazı sevir. Məğrurluğu, igidliyi, hətta öz şəxsiyyətini varlılardan belə üstün tutması Gülnazın gözündə onu ucaldır. O, Qarabağın Şahsevən obasındandır. Kərim bəyin tərəkəmə nənəsinin yaşadığı Kürdmahmudlu obası Şahsevən ilə yaxın imiş. Eyvazın atası 30-cu illərdə didərgin düşüb. Eyvaz da Gülnaz kimi yurdsevərdir, doğma Azərbaycanın taleyi ilə maraqlanır. Gülnaz Eyvaza birlikdə Azərbaycana getmələrini xahiş edir. Gülnazın ona məhəl qoymaması və Eyvazı istəməsi Ağayi Əşrəfini sarsıdır: "Kasıb bir tərəkəmə oğlu istədiyin qızı əlindən alıb, səni bu qədər yandırırsa, nəyə lazımdır milyonların?!".
Eyvaz İran həbsxanasından qaçdığı üçün onu axtarırlar. Əsərin finalında Eyvaz uzun illər həsrətlə yaşadığı doğma Vətəninə dönərkən İranda qətlə yetirilir. Gülnaz uğursuz taleyindən şikayətlənərək deyir: "Sənin xatirinə, igidliyinə, alicənablığına layiq olacağam. Öləndə vəsiyyət edəcəyəm ki, aparıb məni sənin yanında dəfn eləsinlər. Mən inanıram... İnanıram ki, mənim ruhum, haradasa, səni axtarıb tapacaq". Əsərdə qadın obrazlarından biri də Sürəyyadır. O, Azərbaycan haqqında yalnız atasının söhbətlərindən eşitmişdir. On beş günlük səyahətdən sonra o, doğma yurda, onun qədim mədəniyyətinə və incəsənətinə qəlbən bağlanır. Bakıda ilk dəfə "Tənha iydə ağacı" mahnısını ifa edərkən ona dərin bir maraqla qulaq asan həkim Altaya qəlbən vurulur. İlk gündən həkim Altay Kərim bəyin xoşuna gəlir. "Görəsən, müasir Azərbaycan gəncləri içində həyata belə dərin baxanlar çoxdur?" - deyə düşünür. Sürəyya daima işıqlı bir gələcəyə can atır. O, özünü xoşbəxt sanır, ona görə ki, Vətən torpağında ağıllı, sağlam, geniş dünyagörüşə malik Altaya könül vermişdir. Hər iki gənci düşündürən Azərbaycanın taleyi məsələsidir. Vətənin istiqlaliyyəti naminə onlar fədakarlıq göstərməyə, mübarizə aparmağa hər zaman hazırdırlar. Və bunun üçün "nisgilli, ürəyi sınıq vətənlərində" xoşbəxt ailə həyatı qurmaq, doğma yurddaşlarına dayaq durmaq üçün geriyə dönürlər. Maraqlı və ən yadda qalan yerlərdən biri Kərim bəyin övladlarını Vətənə yola salması səhnəsidir. Qızları ona Azərbaycana dönmələrini təklif etdikdə "özüm ora gedə bilmərəm" deyir. Və bunun səbəbini Azərbaycanda həqiqi suverenliyin, azadlıq və müstəqilliyin olmaması ilə izah edir.
O, daim "tək və köməksiz Azərbaycanın" taleyi haqqında düşünür. İnanır ki, bir gün gələcək bütün ayrılıqlara son qoyulacaq. Müəllifi maraqlandıran əsas problemlərdən biri də mühacirətdə yaşayan soydaşlarımızın doğma vətəndə baş verən siyasi - ictimai - mədəni məsələlərə nüfuz etmələri və bu hadisələrdə necə iştirak etməsi olmuşdur. Bu mənada "Tənha iydə ağacı" pyesi çağımızın tarixi - mədəni hadisələri kontekstində olduqca müasir səslənir. Əsərdə Behbud surəti də bitkin obraz kimi oxucuya təsir edir. O, tarix elmi üzrə professordur. Lakin son yetmiş ildə yazdıqlarının hamısının saxta və yalan olduğunu, "stalinizm cəlladlarına xoş gəlsin deyə tariximizin böyük hadisələrini saxtalaşdırdığını" yaxşı anlayır: "Mən əsrlər boyu cəhənnəm əzabı çəkmiş xalqımızın fərəhlə qurduğu bərabərlik, sülh, demokratiya təbliğ eləyən Müsavat hökumətini böyük kapitalistlərin, böyük bəylərin, xanların hökuməti kimi qələmə verib tarixindən xəbərləri olmayan avam kəndliləri, bisavad fəhlələri aldatmışam"... Mən çarın istilaçı qoşununun Azərbaycanı işğal edərkən xalqa tutduğu divanı ondan gizlətmişəm... Mən saxtakar bir xain olmuşam! Allah da məni bağışlamayacaq". Əlbəttə, onun və yüzlərlə onun kimilərinin bu xəyanəti "qırmızı imperiya"nın, "doğma sovetlər ittifaqı"nın yetirdiyi mühitin və təbliğatın nəticəsi idi. Bütün bu aldanışlar bir fərdin deyil, bütöv xalqın idi.
Behbud gec də olsa anlayır: "Azərbaycan xalqı yaşayacaqdır. Bu cavan doktor demişkən, "ola bilməz yer üzündə yaşayan qırx milyon cəsur azəri xalqı bir gün öz arzusuna çatmasın". Digər pyeslərində olduğu kimi, bu əsərində də İlyas Əfəndiyev tarixi faktlara istinad edərək ənənəvi bədii axtarışlarına və novatorluğa sadiq qalmışdır.
"Tənha iydə ağacı" pyesi İlyas Əfəndiyevin başqa dram əsərləri kimi müasirlik ruhunun güclülüyü və xalqın tarixi keçmişini əks etdirmək baxımından dramaturgiyamızada uğurlu əsər kimi diqqətəlayiq yer tutur. Əsər nə üçün "Tənha iydə ağacı" adlanır? Bunun dərin ictimai - siyasi mənası var. İydə ağacı obrazı rəmzi məna daşıyır, qürbətdə yaşayanların vətən həsrəti rəmzinə çevrilir. Adama elə gəlir ki, bu iydə ağacı tamaşaya poetik ovqat, hava gətirməkdən əlavə, həm də Vətən həsrətlilərinin arzu və diləyindən göyərmişdir. Xalq yazıçısının milli teatrımızla sıx əməkdaşlığı, rejissor və aktyor kollektivi ilə qırılmaz əlaqəsi həm səhnəmizin, həm də onun özünün bir dramaturq kimi inkişafında böyük rol oynadı. Dramaturqun digər pyesləri kimi "Tənha iydə ağacı" dramı da Akademik Milli Dram Teatrının səhnəsində böyük müvəffəqiyyət qazandı.
Əbədiyaşar qüdrətli qələm sahibinin qaldırdığı əxlaqi- etik problemlər bu gün də aktualdır. Çox əlamətdar və sevindirici haldır ki, İlyas Əfəndiyevin oxucu auditoriyası öz çevrəsini mütəmadi olaraq genişləndirməkdədir. Təbii ki, zaman keçdikcə mütəfəkkir sənətkarın yaradıcılığına olan dərin maraq və sevgi daha da artacaq.

{nl}

Vəfa XANOĞLAN, sənətşünas


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında