Mirzə Ələkbər Sabirin yubileyinə Nizami Muzeyinin töhfəsi

Böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi 2 nəfis kitab nəşr etdirmişdir. 
Tanınmış alim və ictimai xadim, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, Milli Məclisin deputatı Rafael Hüseynovun qələmə aldığı "Şirvan şairləri" və "Poets of Shirvan" adlı kitablar Azərbaycan və ingilis dillərində buraxılmışdır. Kitabda əsas yer Mirzə Ələkbər Sabirə, onun ədəbi irsinin əbədiyaşar gücünə ayrılsa da, böyük satirikin şeirlərinə çəkilmiş miniatürlərdən, ölməz sənətkarın rəssamlarımız tərəfindən canlandırılan həyat yolundan bəhs edən tablolara geniş yer verilsə də şairin sələfləri və müasirləri də unudulmamışdır.
R.Hüseynov kitablardakı "Göydəki və yerdəki ulduzlar" adlı araşdırmasında Azərbaycanın qədim və zəngin ədəbiyyat tarixində mövcud olmuş ədəbi məktəblərdən bəhs etmiş, orta əsrlərdə formalaşaraq inkişaf etmiş Gəncə, Təbriz, Qarabağ, Abşeron və digər şeir, sənət məktəblərimiz cərgəsində Şirvanın xüsusi yerini vurğulamışdır. Şirvanda doğulub böyümüş, bu ədəbi mühitdə yetişmiş və sonra yalnız Azərbaycanın deyil, bütöv Yaxın və Orta Şərqin ən məşhur sənətkarları sırasında şöhrətlənmiş Xaqani Şirvani, Fələki Şirvani, Zülfüqar Şirvani, Molla Qasım Şirvani, İmadəddin Nəsimi və digərlərinin yaradıcılığını bir növ Sabiri hazırlayan bünövrə adlandıran müəllif onların həyat və yaradıcılığı haqqında maraqlı təfərrüatları diqqətə çatdırmışdır. Lakin Sabirin Seyid Əzim Şirvani və Abbas Səhhət kimi müasirləri, məsləkdaşları da unudulmamış, onların hamısı bütöv bir ədəbi axının daxilində təsvir edilmişlər. Hər iki kitabda Azərbaycanın görkəmli fırça ustaları Salam Salamzadə, Kazım Kazımzadə, Mikayıl Abdullayev, Nəcəfqulu, Baba Əliyev, Əyyub Məmmədov, Böyükağa Mirzəzadə, Oqtay Sadıqzadənin, məşhur heykəltəraşlar Elcan Şamilov, Əhməd Salikov, Qorxmaz Sücəddinov, Münəvvər Rzayeva, Akif Əsgərovun mövzu ilə bağlı əsərlərinin rəngli reproduksiyalarının verilməsi kitabların cəlbediciliyini xeyli artırmışdır. "Şirvan şairləri" kitabının ingilis variantının isə başlıca məziyyəti bundan ibarətdir ki, Xaqani, Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət haqqında məlumat verilməklə yanaşı, onların seçmə şeirlərinin ingiliscəyə poetik tərcümələri də təqdim edilmişdir. Bu, ingilisdilli oxucuların adıçəkilən şairlərin sənət qüdrəti haqqında əyani təsəvvür əldə etməsi üçün münasib imkan yaradacaqdır.
"Elm və təhsil" nəşriyyatının yüksək poliqrafik səviyyədə nəşr etdiyi əlvan "Şirvan şairləri" və ingiliscə "Poets of Shirvan" kitabları dahi Sabirin yubileyinə layiqli hədiyyə olmaqla yanaşı, klassik ədəbiyyatımızın müasir nəsillərə çatdırılması yolunda əhəmiyyətli addım hesab edilməyə layiqdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında