Böyük Nobellər ailəsi və onların təsis etdiyi mükafatlar barədə mülahizələr
{nl}
Üçüncü minillikdə də başa çatan hər ilin son ayında Stokholmdan maraqlı xəbərlər gözləyirik. Görəsən bu dəfə bəşər nümayəndələrindən kimi yaxşıların ən yaxşısı hesab edəcəklər? Ulu Tanrının yaradıcılıq dühası bəxş etdiyi bəndələrindən hansı bu planetdə həyatın təkmilləşdirilməsinə və tərəqqiyə inqilabi töhfələr verə bilmişdir? Kimin adı bəşər tarixinin salnaməsinə həmişəlik yazılacaqdır? Obrazlı şəkildə desək, görəsən şöhrət, xatirə və ölməzlik çələngi kimə qismət olacaqdır?
Əslində, bizim burada istifadə etdiyimiz obrazlı ifadələr bəşəriyyətin təkmilləşməyə doğru bir addım atmasına öz fəaliyyəti ilə imkan vermiş müxtəlif şəxsiyyətlərin uğurlarının qlobal miqyasda etiraf edilməsindən ibarət olan yüksək mənanın yalnız metaforik ifadə formasıdır. Təbii ki, burada söhbət dəfnə çələngindən deyil, yüksək əyarlı qızıl medaldan gedir. Bu medalın üzərində olduqca sadə və eyni zamanda, görkəmli, fenomenal bir insan olan Alfred Nobelin şəkli həkk olunmuşdur. Bax bu məqamda biz qürur hissi ilə qeyd etməliyik ki, bu medalın parlaq işığının iki mühüm tərkib hissəsi vardır. Şübhəsiz, bunlardan birincisi, Nobelin özünün dühası, ikincisi isə karbohidrogenlərlə çox zəngin olan bizim doğma Bakı torpağıdır. Bunlar bir-birini tamamlayır və biri olmasaydı, o biri də olmazdı. Burada heç bir mübaliğə yoxdur...
Alfred Bernhard Nobel hələ 9 yaşında ikən Rusiya imperiyasına gəlmiş və uzun müddət burada yaşamışdır. O, rus dilini və öz parlaq taleyinin qismətindən, yaşayıb yaratmalı olduğu ölkələrin xalqlarının ləhcələrini çox yaxşı bilirdi. O, fransız, alman və ingilis dillərində ana dilində olduğu kimi sərbəst danışırdı. Təbii ixtiraçılıq istedadı kimi, poliqlotluq da onun üçün tamamilə təbii hal idi. İsveç və Norveç kralı İkinci Oskarın kamergeri Arne Ulof Svensonun gündəliyində belə bir qeyd var: "...Zati-aliləri Ryudbeklər nəslindən olan cənab Nobel ilə də uzun müddət söhbət etdi. Söhbət zamanı Nobel bir dildən digərinə çox asanlıqla keçirdi. Zati-aliləri bu məqamı qeyd edəndə Ryudbeklər nəslindən olan Nobel hələ Qafqaz tatarlarının (azərbaycanlıların - Müəllif) dilini də bilməsi ilə öyünmək fürsətini əldən vermədi. Orada o, iyli qara maye sayəsində Krez şöhrəti qazanmışdı...".
Monarxın kamergerinin gündəliyindəki bu qeydin məzmunundan görünür ki, o, Ryudbeklər nəslindən olan Alfred Nobeli xoşlamırmış, "iyli qara maye" dedikdə isə aşkardır ki, Bakı neftini nəzərdə tuturmuş. Burada biz onunla mübahisə edə bilərik. Nobel Bakıya gələndə artıq imkanlı adam idi.
Alfred də atası kimi kimya ilə maraqlanırdı və tezliklə özünün ilk, o vaxtlar yazıldığı kimi, "epoxal ixtirasını" etmişdir. Söhbət "Nobel partladıcısından" gedir. Sonra o, dinamit, tüstüsüz barıt ixtira etmiş, nitroqliserini partlayıcı maddə kimi təkmilləşdirmişdir. Bununla əlaqədar xüsusi qeyd etmək istərdik ki, o, öz yeniliklərini yaradarkən, ilk növbədə, onlardan dinc məqsədlər üçün istifadə edilməsi barədə düşünürdü. Bu yeniliklər şaxtalar, yollar və tunellər tikintisi işində dönüş yaratmalı idi. A.Nobel sintetik materiallar istehsalı sahəsində də çalışmış və o vaxtlar yeni yaranmaqda olan rabitə sistemləri üçün çox iş görmüşdür. Onun aktivində 355 patentləşdirilmiş ixtira vardı.
Eyni zamanda o, gərgin sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. Nobel bu sahədə özünü çox mürəkkəb və hərtərəfli şəxsiyyət kimi göstərmişdir. Bakıdakı Nobel Qardaşları Ortaqlığının üzvü kimi, əvvəllər malik olduğundan qat-qat çox sərvət toplamışdı. Onun Almaniya, İngiltərə, İtaliya, Fransa və İsveçdə laboratoriyaları vardı. Ömrünün axırlarında onun imperiyası dünyanın 20 ölkəsində təqribən 90 şirkət və müəssisəni əhatə edirdi.
Nobel Rusiyanı tərk edəndən sonra bir müddət Stokholmda yaşamış, sonra isə Parisə köçmüş və uzun müddət orada yaşamışdır. Ölümündən 1 il əvvəl, 1895-ci il noyabrın 27-də Parisdə qeyri-adi bir vəsiyyətnamə tərtib etmişdir. Bu vəsiyyətnamə elan ediləndən sonra onun doğurduğu effekt Nobelin özünün yaratdığı dinamitin günün günorta vaxtında partlaması nəticəsində yaranan effektə oxşayırdı. Bütün dünya heyrət içində idi. Nobel özünün bütün daşınmaz əmlakını satmağı, əldə edilmiş vəsaitdən fond yaratmağı və qazandığı bütün kapitalı "təhlükəsiz qiymətli kağızlara" çevirməyi vəsiyyət etmişdir. Bəri başdan deyək ki, indi onun fondundakı kapital təqribən 400 milyon İsveç kronuna bərabər məbləğlə ifadə olunur.
Nobel vəsiyyətnamədə öz əli ilə yazmışdı ki, həmin kapitaldan yaranan gəlir "hər il əvvəlki ildə bəşəriyyətə ən böyük fayda gətirmiş insanlar arasında mükafatlar şəklində bölüşdürülsün... fizika və kimya sahəsində mükafatlar İsveç Akademiyası tərəfindən, fiziologiya və təbabət sahəsində işlərə görə mükafatlar Stokholmdakı Karolina İnstitutu tərəfindən, ədəbiyyat üzrə mükafat Stokholm Akademiyası tərəfindən, sülh uğrunda mübarizəyə görə mükafat isə Norveç Stortinqinin seçdiyi 5 nəfərdən ibarət komitə tərəfindən veriləcəkdir".
Məlum olduğu kimi, Nobel mükafatlarının təqdim edilməsi mərasimi ənənəyə görə dekabrın 10-da, Alfred Nobelin ölüm günündə, hərtərəfli işlənib hazırlanmış ssenari üzrə keçirilir. Demək olar ki, bütün dünya bu mərasimi izləyir. Lakin qeyd etmək lazımdır ki, Nobellər ailəsi, konkret desək Nobel qardaşlarının böyüyü Lyudviq, sonra isə onun oğlu Emmanuel də mükafatlar təsis etmişlər. Bir məqamı qeyd edək: bu mükafatların hamısı eyni dəyərə malik idi və onların vahid stimul ideyası vardı - planetin texniki tərəqqisini maddi və mənəvi cəhətdən təşviq etmək. Mükafatların maddi tərəfi Nobellər tərəfindən Bakı neft yataqlarının istismarı hesabına əldə edilmiş kapitaldan ibarət idi. İsveçli tarixçi və maliyyəçi E.Bergenqren obyektiv mövqedən çıxış edərək yazır: "...Rusiya Nobellərinin məhz vəsaitlərin müəyyən hissəsinin, xüsusən Bakı neft mədənlərinin istismarı nəticəsində toplanmış vəsaitlərin Nobel Mükafatları Fonduna köçürülməsi barədə qərarı ümumiyyətlə Nobel mükafatlarının yarana bilməsində həlledici amil olmuşdur".
Azərbaycanın ikinci neft bumu dövrünü yaşadığı indiki vaxtda respublikamızda neft işinin inkişafında Nobel qardaşlarının rolunu yada salmamaq çətindir. Bir əsrdən çox bundan əvvəl Binəqədi neft yatağının sənaye miqyasında istismarı məhz Nobel qardaşları tərəfindən başlanmışdır.
1896-cı ildə onlar tarixdə ilk dəfə olaraq zərbə-kanat üsulu ilə dərinliyi 403 metr olan 1004 nömrəli neft quyusunu qazmışdılar. O dövr üçün bu dərinlik rekord göstərici idi. Xüsusi qeyd etmək lazımdır ki, qazma avadanlığını Nobel qardaşları özləri yaratmışdılar. Bu avadanlıq Azərbaycanda neft maşınqayırma sahəsinin yaranmasının əsasını təşkil etmişdir. Buna görə də Nobel qardaşlarının bizim Bakı şəhəri qarşısında xidmətlərini yada salmamaq olmaz. Bu, ilk növbədə Alfred Nobelə aiddir. Azərbaycan paytaxtının ən uzun və gözəl küçələrindən birinə onun adı verilmişdir. Bundan əlavə, qədirbilən bakılılar Nobel qardaşlarının Villa Petrolea ofisinin binasını da qoruyub saxlamışlar. Bununla əlaqədar, 1996-cı il avqustun 24-də Bakının köhnə mədən ərazisi olan Bayıl qəsəbəsində Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) ofisinin açılışında şirkətin prezidenti Terri Adamsın çıxışı yada düşür.
O demişdir: "Biz öz ofisimizi "II Villa Petrolea" adlandırmışıq. Bu onu göstərir ki, Azərbaycanın neft sənayesinin ənənələri qədim tarixə malikdir. Əvvəlki Villa Petrolea Nobellər ailəsinə mənsub idi və bu bina Qaraşəhərdəki gözəl parkda indiyə qədər qorunub saxlanmışdır. Nobel qardaşlarının və Azərbaycan mühəndislərinin neft texnologiyası sahəsində uğurları və nailiyyətləri hələ də istifadə edilir və bu gün bütün dünyada məlumdur. Bakı haqlı olaraq dünya neft sənayesinin paytaxtı hesab edilir. Nobellər ailəsi maarifçilik tərəfdarları olmuş, həmişə azərbaycanlılara qayğı göstərmiş və onları qiymətləndirmişdir. Biz ümid edirik ki, indi ABƏŞ bu ənənələri davam etdirəcəkdir".
Prezident Heydər Əliyev həmin mərasimdə yekun sözündə demişdir: "Azərbaycanın gözəl binalarından biri, indi önündə toplaşdığımız bu bina konsorsiumun Beynəlxalq Əməliyyat Şirkətinin sərəncamına verilibdir. Cənab Terri Adams mənə bildirdi ki, onlar bu binanı təmir ediblər, modernləşdiriblər, dediyi kimi, Azərbaycan rəssamlarının əsərləri ilə bəzəyiblər və bu gün bizi binanın açılışına dəvət ediblər. Bu binanın adını "Villa Petrolea" qoyublar və mənə verilən izahatdan belə başa düşdüm ki, "II Villa Petrolea" vaxtilə Nobel qardaşlarının ofisinin adı olubdur. Azərbaycanın neft sənayesində Nobel qardaşlarının gördükləri işlər ölkəmizin tarixinə həkk olubdur və bunu biz bu gün də xatırlayırıq. O işlər XIX əsrin son dövründə başlanmışdısa, indi müstəqil Azərbaycan Respublikasının dünyanın böyük neft şirkətləri ilə əməkdaşlığı XX əsrin sonunda başlayıbdır. Şübhəsiz ki, bugünkü işlər bir əsr bundan öncə görülən işlərdən bütün xüsusiyyətlərinə görə qat-qat fərqli olmalıdır".
Məhz o vaxt Heydər Əliyev tədbir iştirakçılarının məhdud dairəsində çox maraqlı bir fikir söyləmişdir. Bizim bugünkü mülahizələrimiz həmin fikirlə bağlıdır.
Ulu öndər demişdir: "Açığını deyim ki, mən bəlkə də bilmirəm, lakin Bakıda Nobel mükafatına layiq görülmüş neft mütəxəssislərinin adları yadıma düşmür..."
Prezident bu sözləri tam səmimi deyirdi. Onunla işləyənlərin hamısı yaxşı bilirdi ki, o həmişə iştirak edəcəyi hər bir tədbirin mövzusunun əhatə dairəsini çox diqqətlə öyrənirdi. Doğrudan da, biz nə qədər çalışsaq da, Nobel mükafatı laureatlarının bütün siyahısında, belə demək mümkündürsə, xalis neftçi adları tapa bilmərik. Belə laureatlar üç nəfər olmuşdur, lakin onların hamısının neft işinə dolayısı ilə aidiyyəti olmuşdur. Hərçənd, Bakı Neft İstehsalı Ortaqlığının banisi və rəhbəri Lyudviq Nobelin xatirəsinə təsis edilmiş mükafatın əsasnaməsində hərfən bu sözlər yazılmışdır: "metallurgiya və neft sənayesi üzrə ən yaxşı əsərə və ya tədqiqata görə ... və ya bu istehsalatların texnikasında hər hansı görkəmli ixtira və ya təkmilləşdirmələrə görə verilsin".
Mükafatın 5 ildə bir dəfə verilməsi planlaşdırılırdı. A.Stepanov "Lampalar nəzəriyyəsinin əsasları" (kerosin lampaları nəzərdə tutulurdu) işinə görə; V.Baskakov yaşayış evlərinin və dəmirçi kürələrinin qızdırılmasında "Neftin mükəmməl yanması" probleminin həllinə görə; A.Nikiforov neftdən aromatik karbohidrogenlərin ayrılması metodunun işlənib hazırlanmasına görə bu mükafatın ilk laureatları olmuşlar. Yalnız beş ildən sonra 1909-cu ildə Emmanuil Lyudviqoviç Nobel neftçıxarma və neft emalı texnikasına və ya ona yaxın elmlərə, məsələn, geologiyaya həsr edilmiş əsərlərə görə illik mükafat təsis edəndən sonra birinci Nobel laureatı bakılı neftçi-kimyaçı Viktor Gerr olmuşdur.
Təəssüf ki, indi həmin mükafat tamamilə unudulmuşdur. Hərçənd tarixi reallıq belədir ki, Nobelləri bu mükafatları təsis etməyə ruhlandırmış əsas amil olmuş ilk YÜKSƏK TEXNOLOGİYALAR məhz NEFT İŞİNƏ aid idi. Orijinal mühəndis qərarları sayəsində sürətlə inkişaf etməkdə olan neft hasilatından əldə edilən gəlirlərin kifayət qədər artması, Nobel Fondunun elmin və həyatın başqa sahələrini - fizika, kimya, təbabət və fiziologiya, ədəbiyyat, sülhün möhkəmlənməsi üzrə fəaliyyəti və nəhayət, iqtisadiyyatı da dəstəkləməyə imkan vermişdir. Yeri gəlmişkən, sonuncu mükafat - iqtisadiyyatda nailiyyətlərə görə verilən mükafat İsveç Dövlət Bankının təşəbbüsü sayəsində nisbətən yaxın vaxtlarda, 1968-ci ildə təsis edilmişdir. Neftçıxarma və neft emalı texnikasına həsr edilmiş əsərlərə gəldikdə isə, nə qədər qəribə olsa da, onlar zəruri stimullaşdırmadan kənarda qalmışlar. Buna baxmayaraq, fondun bu məsələyə lazımınca diqqət yetirməməsinə rəğmən, məhz neft sənayesində tətbiq edilən yüksək texnologiyalar, çox cəhətdən, bütün planetdə elmin sürətli inkişafını təmin etmişdir.
XX əsrin ikinci yarısında həqiqətən inqilabi xarakterli elmi və mühəndis-texniki dəyişikliklər nəticəsində neft sənayesi, belə bir müqayisə aparmaqdan çəkinməyərək, mükəmməllik həddinə yaxınlaşmışdır. Fundamental elmi araşdırmaların nəticələri nəşr edilmiş, neftçıxarma, maili qazma, dənizin əvvəllər təsəvvürə gətirilməyən ucsuz-bucaqsız ənginliklərində karbohidrogen yataqlarının mənimsənilməsi texnikasının ən yeni metodları işlənib hazırlanmışdır. Bütün bunlar ilk dəfə Azərbaycanın təbii neftli-qazlı sahələrində və Xəzər dənizinin Bakıya bitişik şelfində yaranmış və tətbiq edilmişdir. Burada hələ keçən əsrin 50-ci illərində Bakıdan 100 kilometr məsafədə açıq dənizdə sütunlar üzərində şəhər salınmışdır. "Neft daşları" adlanan bu şəhər indi də fəaliyyət göstərir. Keçən əsrin 70-ci illərində burada üzən qazma qurğusu (ÜQQ) yaradılmış və dənizə buraxılmışdır... Bundan əlavə, bir məsələni də yada salmaya bilmərik ki, bizim inkişaf etmiş neftçıxarma və neftayırma sahələrimiz, görkəmli milli alim və mütəxəssislərimiz olmasaydı, faşizm üzərində Qələbə bəlkə də mümkün olmazdı. Müharibə illərində cəbhəyə göndərilən yanacağın 80 faizdən çoxunu Bakı verirdi. Dünya şöhrətli azərbaycanlı alim Yusif Məmmədəliyev isə müharibənin o ağır dövründə yüksək oktanlı benzin və məşhur "Molotov kokteyli" ixtira etmişdir.
Marşal G.Jukov faşizm üzərində Qələbədə Bakı yanacağının çox böyük rol oynamasını hərbçilərə xas olan soyuqqanlılıqla bu sözlərlə ifadə etmişdir: "Bakı neftçiləri Vətənimizin müdafiəsi üçün, düşmən üzərində Qələbə üçün cəbhəyə və ölkəyə lazım olan miqdarda yanacaq vermişlər".
Digər əfsanəvi marşal K.Rokossovski Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə ünvanladığı məktubunda bu işə bələd olan bir adam kimi yazırdı: "Aviasiyanın hər bir döyüş zərbəsində, sovet tankçılarının hər bir reydində, alman-faşist qüvvələri üzərində hər bir qələbədə Bakı neftçilərinin töhfəsi çoxdur".
İkinci Dünya müharibəsinin iştirakçısı olmuş əsas ölkələrin bütün liderləri - Ruzvelt, Çörçill, De Qoll, İden və başqaları həmin müharibədə Bakının rolunu dəfələrlə qeyd etmişlər.
Bu barədə düşüncələr bizi haqlı olaraq belə bir mühakimə yürütməyə yönəldir ki, sırf neft sahəsində nailiyyətlərə görə Nobel mükafatları verilməsini bərpa etmək yaxşı olardı. Bizim fikrimizcə, Fond onun təsisçiləri Lyudviq və Emmanuil Nobellərin vəsiyyətini nəzərdən qaçırmışdır. Onlar neftçıxarma və neft emalı texnikasına həsr edilmiş əsərlərə görə mükafat verilməsini dəqiq qeyd etmişlər. Bütün dünya neftçiləri özlərinin novator araşdırmaları və konkret işləri ilə sübut etmişlər ki, onlar böyük Nobel qardaşları tərəfindən planetin ən yaxşı adamlarına vəsiyyət edilmiş ölməzlik rəmzi olan qızıl dəfnə çələnglərinə layiqdirlər.
{nl}
Arif PAŞAYEV, Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, akademik
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.