Heydər Əliyev ideyaları Azərbaycanın davamlı inkişafının əsasıdır

XX əsr Azərbaycan tarixinin ən parlaq siması olan Heydər Əliyevin siyasi obrazı Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir. Tarixşünaslıq elmi Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bugününü, gələcəyini, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu prosesini, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını, milli mədəniyyətimizi öyrənir. Çağdaş tariximizdə Azərbaycan dövlətinin özünütəsdiq faktına çevrilmiş Heydər Əliyev fenomeni respublikaya rəhbərliyi dövründə möhkəm təməllərə əsaslanaraq fundamental dövlətçilik ənənələri formalaşdırmış, milli müstəqilliyimiz əbədiləşmişdir. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizi bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.
Bu dahi insanın ümummilli lider obrazı, ilk növbədə, onun şəxsi keyfiyyətlərində özünü təcəssüm etdirir. Ulu öndərin şəxsi keyfiyyətlərinin prinsipiallıq, qətiyyətlilik və siyasi iradə komponentləri onun üzərinə götürdüyü tarixi missiyanın uğurunu zərurətə çevirən başlıca amil kimi nəzərdən keçirilir. Ümummilli liderin siyasi kursu Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənir. Hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda demokratik cəmiyyətin qurulması, milli təhlükəsizlik və xarici-siyasət problemlərinin həlli, milli-mənəvi dəyərlərin inkişafı istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki baxımdan bərqərar olmasına yönəlmişdir.
Tarixin konkret məqamında ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun davam etdirilməsininin labüdlüyünü şərtləndirən amillər Azərbaycanın dövlətçilik maraqlarının həyata keçirilməsinə yönəlməsindən ibarət olmuşdur. Belə bir zamanda Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun, milli dövlətçilik konsepsiyasının varisliyinin təmin olunması zərurəti həmin konsepsiyanın uğurlarını öz həyatında yaşayan Azərbaycan xalqının sosial sifarişi kimi ortaya çıxmışdır. Azərbaycanda müstəqil dövlətçilik ənənələrini formalaşdıran Heydər Əliyevin xalq qarşısındakı ən böyük xidməti də məhz bundan ibarətdir ki, ümummilli liderimiz müəllifi olduğu ənənələrin davamlılığını təmin etmiş, dərin zəkası hesabına respublikamızın gələcək uğurlarına təminat yaratmışdır.
Azərbaycan üçün strateji əhəmiyyət daşıyan bu kursun davam etdirilməsi istəyinin cəmiyyətdə ciddi sosial sifarişə çevrilməsi isə ilk növbədə ulu öndərimizin öz siyasətində hər bir fərdin maraq və mənafelərini incəliklə nəzərə alınmasından irəli gəlmişdir. Yalnız ümummilli liderimiz Heydər Əliyev kimi böyük dühanın ailəsində yetkinləşən, zəngin dövlətçilik məktəbi keçən, müasir bilik və təcrübəyə yiyələnən kamil şəxsiyyət onun layiqli siyasi və mənəvi varisi olmaq iddiasına düşə və bunun üçün cəmiyyətdən dəstək ala bilərdi.
Təsadüfi deyildir ki, ulu öndərimiz Heydər Əliyev 2003-cü il prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına tarixi müraciətində cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü bildirmiş, bir çox işlərin onun tərəfindən uğurla başa çatdırılacağına dərin inamını ifadə etmişdir: "O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Son doqquz ilin gerçəklikləri əminliklə söyləməyə əsas verir ki, ümummilli lider Heydər Əliyevin ideyaları əsasında ölkəni irəli aparıb sivil ölkələr səviyyəsinə çatdırmaq məqsədi daşıyan strateji inkişaf kursu cənab İlham Əliyev tərəfindən məharətlə və böyük uğurla davam etdirilmişdir.
Cənab İlham Əliyev hələ dövlət başçısı seçilməzdən əvvəl çox gözəl bilirdi ki, ölkəni prezident səviyyəsində idarə etmək üçün hər şeydən əvvəl yüksək dövlət idarəçilik təcrübəsinə malik olmaq lazımdır. Məhz o, dövlət başçısı olmazdan əvvəl çox mühüm vəzifələrdə - MOK-un prezidenti, ARDNŞ-in vitse-prezidenti, Milli Məclisin deputatı kimi AŞPA-da ölkəmizin nümayəndə heyətinin rəhbəri və nəhayət Azərbaycan Respublikasının Baş naziri kimi fəaliyyət göstərmiş, böyük idarəçilik səriştəsi əldə etmişdir.
Dövlət başçısı kimi də cənab İlham Əliyev ona bəslənilən ümidləri doğrultmuş, özünü qətiyyətli və praqmatik siyasətçi kimi təsdiqləmiş, yüksək intellekti, işgüzarlığı, mütərəqqi idarəçilik prinsipləri ilə cəmiyyətdə böyük nüfuz qazanmışdır. Prezident İlham Əliyev müasir dünyanın qloballaşma və yeni geosiyasi reallıqlarından irəli gələn siyasi mənzərəsini qiymətləndirməyi bacaran dövlət xadimi kimi özünü təsdiq etmişdir..
Dünyanın görkəmli siyasətçiləri, ictimai xadimləri, elm və mədəniyyət adamları, tanınmış dövlət nümayəndələri cənab İlham Əliyevin fəaliyyətini izləyir və onu çox yüksək dəyərləndirirlər. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri, politoloq Zbiqnev Bjezinski İlham Əliyevin liderlik keyfiyyətlərindən bəhs edərək bildirir ki, "mən onu on ildən artıq bir müddətdir ki, tanıyıram. Bu müddət ərzində onun Prezident vəzifəsinə kimi yüksələ bilmək qabiliyyəti mənə yaxşı təəssürat bağışlayır. O, enerjili, ağıllı bir gənc idi. İndi isə o, özünə inamlı, ciddi dövlət adamıdır və Avropanın həmin hissəsində öz mühüm rolu və konstruktiv mövqeyi ilə seçilir".
"Xalqınıza sadiqliyiniz, yüksək təhsil və bilik səviyyəniz, idarəçilik qabiliyyətiniz kifayət qədər bəllidir və mən əminəm ki, siz Azərbaycanı daha böyük tərəqqiyə və təhlükəsizliyə doğru aparacaqsınız. Siz peşəkarcasına rəhbərlik etmək qabiliyyətinizi müxtəlif forumlarda nümayiş etdirirsiniz". (Brenda Şaffer). İlham Əliyevi Azərbaycan üçün şans adlandıran respublikaçı konqresmen Kurt Yeldon yazır: "Fikirlərini bu qədər aydın ifadə edən milli liderə rast gəlməmişdim. Yüksək təhsilli İlham Əliyev uzaqgörən dövlət xadimidir. O, ölkənin ən çətin problemləri barədə açıq danışır və bunları həll etmək qərarında qətidir".
Ölkə Prezidenti İlham Əliyevin özü isə qeyd edir ki, mənim siyasətim ondan ibarətdir ki, əməli-praktiki işlərlə məşğulam. Azərbaycana xarici investisiyalar cəlb etməklə, yeni iş yerlərinin açılması ilə məşğulam. Mənim aləmimdə siyasət belə olmalıdır. Yəni siyasət hansısa konkret nəticə ilə yekunlaşmalıdır... Əsl siyasət - konkret, real iş görməkdən ibarətdir.
Yuxarıda qeyd olunun və bu qəbildən olan yüzlərlə fikirlər bir daha onu göstərir ki, ulu öndər Heydər Əliyevin siyasi xətti uğurla davam etditilir və bu siyasi xətt müstəqil dövlətimizin dünya birliyindəki mövqelərini getdikcə möhkəmləndirir. İlham Əliyevin gendən gələn istedadı ilə yanaşı, həyatda, mühitdə qazandığı nadir idarəetmə keyfiyyətləri onun praqmatik, modern siyasətçi olmasını təsdiq edir. İlham Əliyevin prezidentlik dövrü təhlil edildikdə bütün bunlar qabarıqlığı ilə özünü göstərir, Heydər Əliyev ideyalarına, siyasi kursuna sadiqliyini təsdiq edir.
Prezident İIlham Əliyevin həyata keçirdiyi siyasi kursun bir sıra aspektlərinə diqqət yetirməklə dövlətçiliyin inkişafına, milli maraqların müdafiəsinə, xalqın sosial rifahının yaxşılaşmasına, iqtisadiyyatın inkişaf etdirilməsinə nə kimi töhfələr verdiyini görmək olar. İlk növbədə Prezident İlham Əliyev ulu öndərin müəllifi olduğu yeni neft strategiyasını uğurla davam etdirdi. Strateji neft və qaz kəmərlərinin inşasının başa çatdırılması Azərbaycanın bölgədəki lider mövqeyini daha da möhkəmləndirdi, regionun digər dövlətlərindən fərqli olaraq müstəqil xarici və iqtisadi siyasət yeritdiyini bütün dünyaya sübut etdi. Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin çəkilişinə dair razılığa gəlinməsi və bu işə başlanması isə artıq regionun lider dövləti olan Azərbaycanın xarici maddi və mənəvi dəstək olmadan iri maliyyə tutumlu layihələrin reallaşdırılmasına qadir olduğunu göstərdi.
Prinsipiallıq, zamanında sözünü demək, radikal tədbirlər görmək bacarığı dövlətin inkişafını, müxtəlif sferalarda qazanılan uğurları şərtləndirən əsas amillərdir. Heydər Əliyev kimi zəngin dövlətçilik və idarəçilik təcrübəsi, siyasi iradəsi Azərbaycan dövlətçiliyinin daha da qüdrətlənməsinin, ölkənin inkişafının leytmotivini təşkil edir. Bu baxımdan şərəfli bir missiyanı çiyinləri üzərinə götürən cənab İlham Əliyev özünün yüksək keyfiyyətləri, dövlət idarəçiliyi bacarığı sayəsində bu müddət ərzində siyasi varisliyə alternativsiz lider olduğunu təsdiqləyib.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş balanslaşdırılmış və milli maraqları özündə tam ehtiva edən xarici siyasət kursu yeni taktiki gediş və manevrlərlə daha da zənginləşdirilmişdir. Elə bunun nəticəsidir ki, son illərdə Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu daha da artıb. Keçən ilin oktyabrında Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, müstəqilliyimiz tarixində qazanılan ən parlaq, ən yaddaqalan qələbədir. Bu, cox böyük tarixi hadisədir. Prezident İlham Əliyevin Heydər Əliyev ideyalarına əsaslanaraq həyata keçirdiyi xarici siyasət müstəqilliyimizin 20-ci ilində Azərbaycanın ən yeni tarixinə əbədi səhifə yazdı. BMT-nin 193 ölkəsindən 155-nin Azərbaycanı dəstəkləməsi ölkəmizin beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasından xəbər verir. Möhtərəm Prezidentimiz deyib: "Azərbaycanın beynəlxalq nüfuzu, bizə qarşı hörmət artır, bu reallıqdır. Bu gün Azərbaycan regionda ən yüksək mövqelərə malik olan bir ölkədir". Prezident İlham Əliyev xarici siyasətdə varislik prinsipini gözləyərək, bu siyasətə bir dinamizm və yeni istiqamətlər gətirmişdir. Bura dünya ölkələri ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlarla qarşılıqlı surətdə faydalı əməkdaşlığın inkişaf etdirilməsi, Dağlıq Qarabağ münaqişəsinin həllində qəti və prinsipial mövqe nümayiş etdirilməsi və digər məsələlər daxildir. "Dağlıq Qarabağ problemi ancaq Azərbaycanın ərazi bütövlüyü daxilində həll edilməlidir" - ölkə Prezidentinin qəti və yekdil fikri bundan ibarətdir.
Ötən illərin uğurları əminliklə deməyə imkan verir ki, Heydər Əliyevin yarımçıq qalmış işləri uğurla davam etdirilir.
Ölkə başçısı prezidentlik fəaliyyətinin ilk günlərində respublikamızın sosial-iqtisadi cəhətdən sürətli və dinamik inkişafına, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, regionların inkişafına çox böyük önəm vermişdir. Azərbaycan Prezidentinin 24 noyabr 2003-cü il tarixli "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında"kı fərmanı ölkə iqtisadiyyatında mütərəqqi inkişaf meyllərinə böyük təkan vermişdir. Ölkə rəhbəri İlham Əliyevin 11 fevral 2004-cü il tarixdə təsdiqlədiyi "Azərbaycan Respublikası regionlarının sosial-iqtisai inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı" isə Azərbaycan regionlarının tarazlı və davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulmasına səbəb olmuşdur. Dövlət Proqramı çərçivəsində atılmış ardıcıl addımlar indiyə qədər regionların sosial-iqtisadi tərəqqisinə mane olan köklü problemləri aradan qaldırmış, yerlərdə infrastrukturun yeniləşdirilməsinə maddi zəmin yaratmışdır. Regional inkişaf proqramı sonrakı illərdə də davam etdirilmişdir. Dövlət başçısı İlham Əliyevin xüsusi fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əsas məqsədi isə bu sahədə həyata keçirilən siyasətin davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır.
Ölkə başçısının mütəmadi olaraq regionlara səfərləri sürətli inkişafa səbəb olur, rayonların sosial-iqtisadi inkişafı üçün əlavə maliyyə dəstəyi göstərilir. Regional inkişaf proqramlarının icrası sayəsində respublikada 40 mindən çox yeni müəssisə, 1 milyonadək yeni iş yerləri yaradılmışdır. Regionların inkişafına 20 milyard dollar investisiya yönəldilmişdir. Təkcə 2011-ci ildə regionlarda 110-dan artıq müəssisə, o cümlədən 30-a yaxın sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir.
Dövlət büdcəsinin görünməmiş səviyyədə artması, ümumi daxili məhsulun artım tempi, işsizliyin və yoxsulluğun azaldılması, sahibkarlığa kömək, qeyri-neft sektorunun inkişafı, çadır şəhərciklərinin ləğv edilməsi, qaçqın və məcburi köçkünlər üçün yeni-yeni qəsəbələrin istifadəyə verilməsi, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl olaraq atılan addımlar əldə olunan böyük uğurlardan xəbər verir. Son illərdə respublikamız əsl quruluculuq meydanını xatırladır. Regionlar, Bakı şəhəri və Bakıətrafı kəndlər çox sürətlə qurulur, infrastrukturlar yaradılır - körpülər salınır, yollar çəkilir, şəhər və kəndlər müasirləşdirilir, abadlaşdırılır, qaz və enerji xətləri yeniləşdirilir... Bir sözlə, əhalinin normal yaşayışı üçün nə lazımdırsa edilir, bunlar isə ölkə Prezidentinə respublika əhalisinin məhəbbətini, inam və sevgisini, hörmət və dəstəyini qazandırır. "Azərbaycanda yoxsul adam olmamalıdır" - prinsipi cənab İlham Əliyevin fəaliyyətində önəmli yer tutur və bu istiqamətdə əhəmiyyətli addımlar atılır.
Dövlət başçısı İlham Əliyevin prezidentlik dövrü cəmiyyət həyatının bütün sahələrində uğurlu nəticələri təmin etmişdir. Ölkə rəhbərinin fəaliyyəti eyni zamanda respublikanın inkişafı baxımından strateji sahə olan elm və təhsilə qayğı nümunələri ilə də zəngindir. Bu sahələrin inkişafında mühüm mərhələ ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf edir. Həmin illərdə elm, təhsil, mədəniyyət çox yüksək səviyyədə inkişaf etmişdi. Çünki ölkə başçısı Azərbaycanda elmin, təhsilin, mədəniyyətin inkişaf etdirilməsini prioritet vəzifə kimi qarşıya qoymuşdu. Cənab İlham Əliyevin elm, təhsil və mədəniyyətimizin inkişafı istiqamətində həyata keçirdiyi siyasət ulu öndərin formalaşdırdığı ənənələrin uğurlu davamıdır. Elm, təhsil və mədəniyyət sahəsində qazanılmış nailiyyətlər möhkəmləndirilmiş, onlara diqqət və qayğı artırılmış və uğurlu inkişafı təmin edilmişdir. Təsadüfi deyil ki, ölkə Prezidenti respublikanın zəngin iqtisadi potensialının insan kapitalı ilə əvəzlənməsini son dərəcə vacib sayaraq demişdir: "...İqtisadı inkişaf sürətinə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Biz bu maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik, çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə, ölkənin intellektual potensialı da möhkəmlənir".
Son illərdə yeni təhsil müəssisələrinin tikilməsi, köhnə məktəblərin əsaslı sürətdə təmir edilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, elm və təhsilə ayrılan vəsaitin artırılması,bu sahələrdə çalışan işçilərin sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində görülən işlər Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsini bir daha təsdiq edir.
Azərbaycan xalqının ümummilli liderinin siyasi kursunun davamçısı İlham Əliyevin Azərbaycan Prezidenti kimi fəaliyyətinin təhlili göstərir ki, ulu öndərimiz tərəfindən müəyyənləşdirilmiş bütün konsepsiyalar ardıcıllıqla həyata keçirilmiş, zəruri hallarda dövrün tələblərinə uyğun keyfiyyət dəyişikliklərini özündə əks etdirmişdir. Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti, gördüyü işlər onu deməyə əsas verir ki, o, Heydər Əliyev ideyalarının sadəcə davamçısı yox, eyni zamanda bu ideyaları XXl əsrin tələblərinə, dövrün, zamanın ruhuna uyğun olaraq təkmilləşdirən və inkişaf etdirən dövlət xadimidir. Artıq doqquz ildir ki, Heydər Əliyev siyasi məktəbinin yetirməsi olan Prezident İlham Əliyev özünün yüksək keyfiyyətləri, dövlət idarəçiliyi, bacarığı sayəsində məhz ölkə üçün taleyüklü, strateji əhəmiyyətli hadisələrin müəllifinə çevrilmiş, onun ardıcıl və sistemli sürətdə həyata keçirdiyi islahatlar cəmiyyətin mənəvi yüksəlişinə və birliyinə xidmət etmişdir. Dövlət başçısının özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, ölkənin maraq və mənafeyini ümumi bir nöqtədə birləşdirmək bacarığı Azərbaycan xalqının ona hörmət və məhəbbətini qazandırmışdır. "İlham Əliyev daxili və xarici siyasətdə dəqiq koordinatlar sistemi qura bilmişdir. O, ardıcıl olaraq özünün əsas məqsədinə-Azərbaycanı inkişaf etmiş sabit iqtisadiyyata malik, ictimai münasibətlərdə demokratik prinsiplərin bərqərar olduğu müasir dövlətə çevirmək məqsədinə" (Mixail Pojivanov) nail olmuşdur.
Göründüyü kimi, əsası qüdrətli siyasi xadim Heydər Əliyev tərəfindən qoyulmuş siyasi strategiya Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub. Ulu öndərin ideyalarının davamçısı İlham Əliyevin Azərbaycan Prezidenti kimi fəaliyyəti, onun dövlət idarəçiliyi prinsipləri, qəbul olunan əzəmətli və proqram xarakterli qərarlar və onların yüksək səviyyədə yerinə yetirilməsi, cəmiyyətdə hökm sürən milli birlik və həmrəylik, siyasi kursa sadiqlik, habelə verdiyi vədlərin əməli fəaliyyətə praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu göstərmişdir.
Görkəmli dövlət xadimi Heydər Əliyevin ideyaları ölkəmizin hərtərəfli və dinamik inkişafına istiqamət verdiyi kimi, həm də bu ideyalar Azərbaycanın davamlı inkişafının əsasını təşkil edir.

{nl}

İsmayıl HACIYEV, Milli Məclisin deputatı, AMEA-nın Naxçıvan bölməsinin sədri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında