Şriftin ölçüsü:
08.05.2012 10:31 | Oxunma sayı: 776
Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda "Ulu öndər Heydər Əliyevin mənəvi irsi və müasir Azərbaycan fəlsəfəsi" mövzusunda respublika elmi konfransı keçirildi. İnstitutun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə bildirdi ki, qarşıdan ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü gəlir və budəfəki elmi konfrans ulu öndərin xatirəsinə həsr olunub.
Professor İlham Məmmədzadə ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinə həsr olunmuş geniş məruzə ilə çıxış edərək bildirdi ki, böyük siyasi xadimin irsinin öyrənilməsi və tədqiqi sahəsində mövcud təcrübələrə əsaslanaraq əldə olunmuş nailiyyətlər, habelə ulu öndərin irsinin müasir inkişaf strategiyamızda roluna dair elmi təhlil aparılmışdır. Ölkəmizin qloballaşma şəraitində yeni dünya məkanına inteqrasiyası proseslərinin əsası ulu öndərin siyasi strategiyası ilə qoyulmuşdur. Müasir şəraitdə bu strategiya Prezident İlham Əliyev tərəfindən modernləşmə xətti ilə davam etdirilir.
Direktorun sözlərinə görə, Heydər Əliyevin Azərbaycan xalqına xidmətləri içərisində onun təhsil, elm və mədəniyyətin inkişafına göstərdiyi qayğı xüsusi yer tutur. Heydər Əliyev sovet dövründə respublikaya rəhbərlik etməyə başladığı ilk illərdən ölkəmiz üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını xüsusi nəzarətdə saxlamış, ikinci dəfə respublika rəhbərliyinə qayıdışından sonra bu iş daha geniş miqyasda davam etdirilmişdir. İlham Məmmədzadə qeyd etdi ki, ulu öndər Azərbaycana sovet dönəmində rəhbərlik edərkən Bakıda beynəlxalq elmi konfransların keçirilməsi üçün Moskva ilə inadlı danışıqlar aparır, son nəticədə istəyinə nail olurdu. Natiq 1978-ci ildə Heydər Əliyevin böyük səyi nəticəsində Bakıda etika problemlərinə həsr olunmuş beynəlxalq tədbir keçirildiyini minnətdarlıq hissi ilə xatırladığını söylədi. 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdanda da Heydər Əliyev ilk görüşünü Elmlər Akademiyasında ziyalılarla keçirib və o zaman hamı inanıb ki, Azərbaycanın xilaskarı gəlib ölkəni düşdüyü böyük problemlərdən - ictimai-siyasi hərc-mərclikdən, qanunsuzluqlardan, inflyasiyadan qurtaracaq. Direktor bildirdi ki, hazırda ölkədə mövcud olan ictimai-siyasi sabitlik hamımızın ürəyincədir, ancaq bu sabitliyin yaradılması üçün Heydər Əliyevin necə böyük səylər göstərdiyini unutmamalıyıq. Hazırda Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət indiyədək yaradılmış sosial-iqtisadi bazanın üzərində Azərbaycanın daha xoşbəxt gələcəyini təmin etməyə hesablanıb.
Tədbirdə Heydər Əliyevin azərbaycançılıq ideyasının daha da möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən söhbət açılmışdır. Bu mövzuda institutun alimlərindən fəlsəfə elmləri doktoru Azər Mustafayev, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov və digərləri çıxış etdilər. Azər Mustafayev Heydər Əliyevin güclü şəxsiyyət olduğunu, vətənini, dövlətini və xalqını böyük məhəbbətlə sevdiyini qeyd etdi, ulu öndərin azərbaycançılıq ideologiyasının həm nəzəri, həm də praktiki daşıyıcısı olduğunu bildirdi.
Azərbaycançılıq ideologiyasının mahiyyəti haqqında ətraflı fikir söyləyən Füzuli Qurbanov dedi ki, azərbaycançı olmaq bu vətəni, bu torpağı sevmək, Azərbaycan dövlətini qəbul etmək, bu dövlətə, bu millətə sədaqətlə xidmət etmək deməkdir. Ulu öndər Heydər Əliyev məhz belə bir xidmətin böyük nümunəsi idi.
Fəlsəfə elmləri doktorları Adil Əsədov, Habil Həmidov və Əyyud Kərimov da Heydər Əliyevin Azərbaycan elmi və təhsilinin inkişafına böyük töhfələr vermiş şəxsiyyət olduğunu qeyd etdilər.
Sonda AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun "Heydər Əliyev məktəbi" tərəfindən nəşr edilmiş "Ulu öndər Heydər Əliyevin irsi və politologiyanın aktual problemləri" kitabının təqdimatı da oldu. Kitabda ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə və institutun "Heydər Əliyev məktəbi"nin 5 illik fəaliyyətinə həsr olunmuş ümumrespublika elmi-praktik konfransının materialları əksini tapıb.
{nl}
Paşa ƏMİRCANOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.