Sənətşünaslığımıza layiqli töhfə

Azərbaycan ədəbiyyatı və mədəniyyətinin, eləcə də Şərqin söz və sənət tarixinin görkəmli tədqiqatçısı, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Rafael Hüseynovun "İmzamız. Sənət düşüncələri" adlı yeni kitabı işıq üzü görmüşdür.
"Elm və təhsil" nəşriyyatında nəfis tərtibatla buraxılmış 800 səhifəlik bu kitab Azərbaycan mədəniyyətşünaslığına layiqli töhfə sayıla bilər.
Kitaba yazdığı "Bizliyimiz" adlı ön sözdə müəllif Azərbaycanın zəngin incəsənətini, onun şah əsərlərini, bu sərvəti yaratmış parlaq sənətkarları millətin və ölkənin tarixə həkk olunmuş imzası kimi qiymətləndirir.
Fundamental tədqiqatın "İzimiz" adlandırılmış birinci fəslində Azərbaycan rəssamlığının keçdiyi tarixi yol araşdırılır, XX əsrdə formalaşıb yüksək inkişaf mərhələsinə çatan müasir boyakarlığımızın 3 mühüm mərhələni adladığı göstərilir. Azərbaycanın qaya rəssamlığı, Qobustan təsvirləri, süjetli divar rəsmləri və freskalar mədəniyyəti, orta əsr kitab miniatürçülüyü geniş məxəzlər dairəsini cəlb etməklə yeni baxış bucağından təqdim edilir. Azərbaycanın milli kimliyinin ifadəsi olan xalça sənətimiz, tikmələrimiz, milli bayramlarımızın hər biri ayrıca təhlil edilir, bu tədqiqatların müstəvisində Azərbaycanın mənəvi zənginliyinin başlıca istiqamətləri müəyyənləşdirilir.
Rafael Hüseynovun bu vaxta qədər nəşr edilmiş əsərlərinin hər biri xalqımızın tarixini, istedadı və özünüifadəsinin müxtəlif sahələrini öyrənmək üçün vacib biliklər verən qaynaqlardır. Lakin alimin yeni kitabı müəyyən mənada bir sənətşünaslıq ensiklopediyası təsiri oyadır. Əsərdə milli kinomuzun 100 ildən artıq olan macəralı inkişaf yolu, ozan-aşıq, qopuz-saz sənətimizin 1300 ildən uzun zaman məsafəsi adlamış tükənməz irsi, yaşı on min illərlə ölçülə biləcək rəqslərimiz, tarixi xalqımızın tarixi qədər qədim olan milli oyunlarımız və xalq meydan teatrı ənənələri müfəssəl şəkildə izlənilir, əlvan illüstrasiyalar, çoxsaylı arxiv sənədləri əsasında, cəlbedici formada təqdim edilir.
Monoqrafiyanın "Zirvələr" adlı fəslində Azərbaycan musiqi tarixində mərhələ olan, yaradıcılıqları məktəbə, cərəyana çevrilmiş böyük nümayəndələrindən bəhs edilir. XIV əsr Azərbaycan alimi Əbdülqadir Marağayinin həyatı və musiqişünaslıq irsi ərəb, fars, türkdilli əlyazmaların verdiyi məlumatlar əsasında təsvir edilir, onun ədəbi mirasının bir sıra nümunələri R.Hüseynovun bədii tərcümələrində elə həmin yazının içərisində ilk dəfə olaraq Azərbaycan oxucusuna təqdim olunur. Azərbaycan milli operasının fədakar ifaçılarından biri, XX əsrin əvvəllərində qadınların hələ səhnəyə gəlmədiyi vaxtlarda çətin missiyanı yerinə yetirərək 10 ildən uzun müddətdə Leyli, Əsli, Gülçöhrə və digər bu qəbil obrazları misilsiz ustalıqla canlandırmış Əhməd Ağdamski-Bədəlbəyli, ilk pianoçu Azərbaycan qadını Xədicə Qayıbova, "Dünyanın ən gözəl Karmeni" adlandırılmış Fatma Muxtarova, müasir peşəkar musiqimizin beşiyi başında duranlardan olmuş Asəf Zeynallı, dünya şöhrətli dirijorumuz maestro Niyazi və digər korifeylər "İmzamız" əsərinin vasitəsilə xalqımıza bir az da yaxından tanıdılaraq sevdirilir.
Kitabda tarixi əhəmiyyət kəsb edən çoxlu fotolar da verilmişdir ki, onların böyük hissəsi ilk dəfə çap olunur.
Tanınmış alimlər, akademik Vasim Məmmədəliyev və AMEA-nın müxbir üzvü Cəfər Qiyasinin redaktoru olduğu bu əsər həm sənətşünaslar, həm tarixçilər, elmi ictimaiyyət, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Görkəmli mədəniyyət və ədəbiyyat tədqiqatçısı Rafael Hüseynovun "İmzamız. Sənət düşüncələri" kitabının elektron versiyası da hazırlanmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında