Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsi Azərbaycanlı İcması İctimai Birliyində AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və professor Camal Mustafayevin "Şuşa- Pənahabad" kitabının təqdimatı olmuşdur.
Nəşrin ön səhifəsində müstəqil dövlətimizin banisi, ümummilli lider Heydər Əliyevin bu kəlamları verilmişdir:
"Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir".
Milli Məclis deputatlarının, alim və mütəxəssislərin, Şuşa rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsi Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov Azərbaycan Prezidenti İlham Əliyevin "Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü haqqında" 2012-ci il 9 aprel tarixli Sərəncamının əhəmiyyətindən danışmışdır.
Təqdim olunan "Şuşa- Pənahabad" kitabı barədə danışan B. Səfərov qeyd etmişdir ki, bu nəşr tariximizi saxtalaşdırmağa cəhd göstərən qəsbkar ermənilərin yalançı uydurmalarına layiqli bir cavabdır.
Kitabın müəlliflərindən biri, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirmişdir ki, Şuşa Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən biridir. Azərbaycan xalqının yaradıcılıq dühasının möcüzəsi olan Şuşa şəhəri zəngin və şanlı tarixi keçmişə malikdir. Mənsub olduğu xalqın tarixi ənənələrinin simvolu olan Şuşa qədim Xocalı-Gədəbəy mədəniyyətinin (e.ə. ikinci minilliyin ikinci yarısı - birinci minilliyin əvvəlləri) əhatə dairəsinə daxil olan ən qədim yaşayış yerlərindən birində yaranmış və daimi insan məskəninə çevrilmişdir. Şuşa ətrafındakı qədim yaşayış yerləri, o cümlədən məşhur Cıdır düzündəki Şuşa mağarası (Üçmıx dağında) bu yerlərin Azərbaycan ərazisində ən qədim insan düşərgələrindən biri olduğunu sübut edir.
Düzənli-dağlı Qarabağ üçün, bütün Azərbaycan ellərindən ötrü uzun tarixi dövr ərzində uca, şiş dağlar başında səfalı bir yaylaq yeri olan Şuşa el arasında, xalqın təfəkküründə və ədəbiyyatında Şişə kimi də məşhur olmuşdur.
XVIII əsrin ortalarına yaxın Azərbaycan ərazisində müstəqil xanlıqlar dövrü başlandıqda qədim yurd yeri olan Şuşa yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycanın görkəmli dövlət xadimi, Qarabağ xanı Pənahəli xan Cavanşir əsası 1750-ci illərin əvvəlində qoyulmuş Şuşanı möhkəm qalaya çevirdi və Pənahabad adlandırdı. Qarabağ xanlığının paytaxtı Pənahabada - Şuşaya köçürüldü.
1756-1823-cü illərdə Azərbaycanın qüdrətli xanlıqlarından biri olan Qarabağ xanlığının paytaxtı olan Pənahabad - Şuşa sürətlə inkişaf etdi. Şəhər hərbi-siyasi mərkəz olmaqla yanaşı, Azərbaycanın ən mühüm sənətkarlıq, ticarət və mədəniyyət mərkəzlərindən birinə çevrildi.
XVIII yüzillikdə Azərbaycanın paytaxt şəhərlərindən biri olan Pənahabad - Şuşa tipik Azərbaycan şəhəri kimi formalaşmış və 1992-ci ildə erməni vandalları tərəfindən işğal olunana qədərki bütün dövrlərdə tarixi simasını olduğu kimi qoruyub saxlamışdır. Belə ki, yarandığı vaxtdan etibarən Şuşanın - Pənahabadın əhalisi ancaq azərbaycanlılar idi. Şəhərdəki bütün məhəllələrin, küçələrin, tarixi abidələrin, imarətlərin, bulaqların adları bu şəhəri yaradan, onun aborigen əhalisi olan azərbaycanlılara məxsus idi. Şəhər 17 məhəllədən ibarət idi. Hər bir məhəllənin öz məscidi, öz bulağı, öz təndiri və öz hamamı var idi. Qarabağ xanlığının paytaxt şəhərinə çevrilən Pənahabad - Şuşa böyüdü və genişləndi.
Pənahabad - Şuşa şəhərinin üç qapısı vardı. Üçü də qədim Azərbaycan ellərinə açılırdı: Gəncə, İrəvan və Ağoğlan qapıları. Şəhərdəki bütün məhəllələrin adları da Azərbaycan xalqına məxsus idi: Çuxur məhəlləsi, Qurdlar məhəlləsi, Seyidli məhəlləsi və s.
Pənahabad - Şuşanın bir şəhər kimi etnik və tarixi-memarlıq mənzərəsini müəyyən edən bütün karvansaralar, şəhərdə olan 17 məscid, o cümlədən cümə məscidləri, hamamlar, bulaqlar, qalalar, məşhur saray və imarətlər Azərbaycan xalqına məxsusdur və məhz onun tarixi keçmişidir.
Şuşa Azərbaycan mədəniyyətinin ən mühüm mərkəzlərindən biridir. Azərbaycan musiqisinin beşiyi olan Şuşa, eyni zamanda, bütün "Qafqazın Konservatoriyası" kimi şöhrət qazanmışdır.
Bu gün qədim və təkrarsız mədəniyyət beşiyi olan Şuşa Azərbaycan Respublikasının işğal olunmuş 20 faizdən çox torpaqları ilə birlikdə erməni vandallarının əsarəti altındadır. Erməni təcavüzkarları XIX yüzilliyin əvvəllərində köçüb gəldikləri Azərbaycan torpaqlarında - İrəvan xanlığının ərazisində, Zəngəzurda və başqa yerlərdə olduğu kimi Qarabağdakı, o cümlədən Şuşadakı qədim Azərbaycan abidələrini məhv edirlər.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanın hər bir şəhər və rayonuna, hər bir guşəsinə, o cümlədən Şuşa torpağına daim qəlbən bağlı olduğunu xatırladan Y. Mahmudov bədnam ermənilər tərəfindən işğal edilmiş ərazilərimizin Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində tezliklə azad olunacağına inamını bildirmişdir.
Nəşrin digər müəllifi, professor Camal Mustafayev Şuşanın tarixi və inkişaf mərhələləri barədə məlumat vermiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı şəhərdə azğın ermənilərin törətdikləri qanlı hadisələrdən danışmışdır.
Nəşr əsasında çəkilmiş eyniadlı sənədli film nümayiş etdirilmişdir.
Kitab və film barədə fikirlərini bildirən Milli Məclis sədrinin müavini Bahar Muradova qeyd etmişdir ki, nəşrdə Şuşanın tarixi, onun inkişaf mərhələləri əksini tapmış, qədim torpağın maddi-mədəniyyət nümunələri, görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyətləri ilə bağlı materiallar, tarixi faktlar, şəkillər və s. verilmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini xatırladan B. Muradova mənfur ermənilər tərəfindən zəbt olunmuş torpaqlarımızın, o cümlədən Şuşanın Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində azad ediləcəyinə əminliyini vurğulamışdır.
Ölkəmizin dinamik inkişaf etdiyini söyləyən B. Muradova Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyini xatırlatmışdır. B. Muradova nəşrin və filmin müəlliflərinə, təşkilatçılara təşəkkürünü bildirmişdir.
"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov, AMEA-nın akademik-katibi, akademik Vaqif Fərzəliyev, digər çıxış edənlər nəşrin və filmin əhəmiyyətindən bəhs etmiş, onların tariximiz üçün dəyərli töhfə olduğunu diqqətə çatdırmışlar.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.