Azərbaycan xalqı öz görkəmli liderinin müqəddəs xatirəsini həmişə hörmətlə yad edəcək

Azərbaycan Respublikası öz dövlət quruculuğunda, sosial-iqtisadi problemlərin həllində tutduğu strateji yolla gedir. Bizim bu yolumuz Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı dövlət qurmaqdan, demokratik prinsipləri gündən-günə inkişaf etdirməkdən, dünyanın əldə etdiyi bütün demokratik nailiyyətləri Azərbaycanda yaymaqdan, onlardan bəhrələnməkdən ibarətdir.
Heydər ƏLİYEV Ümummilli lider

{nl}


Ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli uzun illər bu böyük məktəbdən- Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, beynəlxalq aləmdə nüfuzunun daha da artması, əlaqəlarənin genişlənməsi və xalqımızın rifahı naminə faydalanacaqdır. Ümummilli liderimiz Heydər Əliyev elə nadir tarixi şəxsiyyətlərdəndir ki, hələ sağlığında xalqımızın qəlbində özünə əbədi abidə ucaldaraq, canlı əfsanəyə çevrildi. Böyük tarixi şəxsiyyət bütün zəngin və mənalı həyatı boyu həmişə xalqını, Vətənini, millətini düşünüb, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərib.
Xalqımızın və dövlətimizin tarixində özünə əbədiyyət abidəsi ucaltmış, öz ölkəsi, xalqı üçün tarixi əhəmiyyətli işlər görmüş ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətinin hər səhifəsi Azərbaycan tarixinin yüksəliş mərhələləri ilə üst-üstə düşür. Bu ömrün hər günü xalqa, millətə, dövlətə xidmət etməyin örnəyi olmuşdur.
1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əlirza oğlu Əliyevin respublika rəhbəri seçilməsi ilə ölkəmizin tarixində keyfiyyətcə yeni mərhələ başlandı. Ulu öndərin respublikaya rəhbərlik etdiyi ilk vaxtlar Azərbaycanda əsas problemlərdən biri - xalqla hakimiyyət arasında uçurumun mövcudluğu, siyasi hakimiyyət daxilində yekdilliyin olmaması idi. Yüksək vəzifəli şəxslər arasında hökm sürən intriqalar nəticəsində respublikada inkişaf yox dərəcəsində idi. Yaranmış vəziyyət xalqın bir sıra köklü məsələlərinin həllinə nəinki mane olur, hətta onu daha da dərinləşdirirdi. Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən bu problemin aradan qaldırılması istiqamətində gərgin fəaliyyətə başlayan Heydər Əliyev azərbaycanlılar arasında milli birliyə, siyasi hakimiyyət daxilində yekdilliyə, xalqla hakimiyyət arasında uçrumun aradan qaldırılmasına nail oldu. Azərbaycanlıları dövlət orqanlarında vəzifələrə gətirməklə yerli kadrların yetişməsinə şərait yaratdı. Xalqımızın böyük oğlu siyasi hakimiyyəti möhkəmləndirir, azərbaycanlı kadrları müxtəlif vəzifələrə təyin edir, milli ruhu qaldırırdı. Mənsub olduğu xalqın tükənməz yaradıcılıq enerjisinin, milli müstəqillik duyğularının reallaşmasına çalışan ulu öndər Heydər Əliyev xalqımızı dünyanın ən inkişaf etmiş xalqları səviyyəsinə çıxarmaq, Azərbaycan mədəniyyətinin zənginliyini bütün dünyaya nümayiş etdirmək üçün əlindən gələni əsirgəmirdi.
Heydər Əliyev hələ kommunist partiyasının hakimiyyətdə olduğu sərt və ciddi rejimli illərdə respublikanın rəhbəri kimi milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qayıtması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi üçün əsaslı zəmin yaratmışdır. Sərt sovet rejiminin qadağalarına baxmayaraq, Azərbaycanda milli ruhun sıxışdırılmasına nəinki yol verməmiş, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarmışdır. Milli sevgi və milli duyğu tarixdə ən mühüm hadisələrdən biri olub. Heydər Əliyevin əsas fəaliyyət istiqamətlərindən biri bu hissləri daha da qüvvətləndirmək və inkişaf etdirməkdən ibarət idi. Bu bağlılıq millətin dilinə, dininə, milli-mənəvi dəyərlərinə dərin hörmət bəsləməklə milli varlığı inkişaf etdirmək, Vətəni qorumaq və öz milləti üçün böyük uğurlar qazanmaqdan ibarərdir. Heydər Əliyev respublikaya rəhbərlik etdiyi ilk vaxtlarda həyatını riskə qoyaraq əsas fəaliyyətini məhz bu vəzifələrin həyata keçirilməsinə yönəltmişdi.
Ümummilli liderin xalqımız, millətimiz qarşısında ən böyük xidmətlərindən biri respublikaya birinci rəhbərliyi dövründə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa nail olması, sözün əsl mənasında qəhrəmanlığa bərabər addım atması olmuşdur. Bütün müttəfiq respublikalarda rus dilinin hökmranlıq etdiyi və milli dillərin sıxışdırıldığı bir vaxtda Heydər Əliyevin fəaliyyətində Azərbaycan dilinə qayğı xüsusi yer tuturdu. Hər bir xalqın milli-mənəvi dəyərlərinin ikişafında və qorunub saxlanılmasında ana dilinin müstəsna əhəmiyyət kəsb etdiyini yaxşı bilən Heydər Əliyev Azərbaycan dilinin dövlət dili statusu alması və zənginləşdirilməsi üçün bütün imkanlardan istifadə edirdi.
1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir. Həmin dövrün qayda - qanunlarına görə Azərbaycan Konstitusiyası layihəsinin geniş ümumxalq müzakirəsi keçirildi. Konstitusiya layihəsinə Azərbaycan dilinin dövlət dili kimi salınması üçün Heydər Əliyev Sovet İttifaqı rəhbərliyi ilə danışıqlar aparmağa başlayır. Digər respublikaların rəhbərləri də bundan istifadə edərək öz konstitusiyalarına dövlət dili haqqında maddə salmaq istəyirdilər. Çox ağır bir vəziyyət yaranmışdı. Belə bir şəraitdə Heydər Əliyev Sovet İttifaqının rəhbəri L.İ.Brejnevlə danışaraq vəziyyəti ətraflı və məntiqli şəkildə ona izah etdikdən sonra Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyaya salınması məsələsini birdəfəlik həll edir. Bundan sonra Konstitusiya layihəsinin ümumxalq müzakirəsinə həsr olunmuş iclas keçirildi. Həmin iclasda Heydər Əliyev birmənalı şəkildə bildirmişdir: "73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunur: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir." Bununla da Konstitusiyanın 73-cü maddəsində Azərbaycan SSR-də dövlət dili olaraq Azərbaycan dili təsbit edildi.
Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ulu öndər Heydər Əliyevin xalq, Vətən qarşısında tarixi xidmətlərindəndir. Bu, müdrik şəxsiyyətin gələcək müstəqil dövlətçiliyin mühüm atributlarından birini siyasi ustalıqla qoruduğunu göstərirdi. Heydər Əliyevin ana dilinə münasibətində Azərbaycan ədəbi dilinin saflığının qorunması və inkişaf etdirilməsi xüsusi yer tuturdu. Xalqına, millətinə qəlbən bağlı olan ulu öndər ziyalılardan, alimlərdən, bütövlükdə xalqımızdan ana dilimizin saflığını qorumağı qətiyyətlə tələb edirdi. O, ana dilinin qorunması haqqında çəkinmədən, qorxmadan, cəsarətlə deyirdi: "Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir". Ana dilinə göstərilən qayğı nəticəsində azərbaycanlıların milli ruhu yüksəlir, özlərinə olan inamı artır və müstəqillik düşüncələri güclənirdi.
Heydər Əliyevin tarixi xidmətlərindən biri də dövlət orqanlarında yerli kadrların - azərbaycanlıların işləməsinə üstünlük verməsi idi. Bundan ötrü dövrün tələblərinə cavab verən elmli, savadlı, geniş dünyagörüşə malik kadrların yetişməsinə böyük zərurət yaranırdı. Tarixi təcrübə göstərirdi ki, savadlı, siyasi hadisələrdən baş çıxara bilən və dərin elmə malik kadrlarla qurulan dövlətlər uzunömürlü, ədalətli, nüfuzlu və qüdrətli olur. Məhz bu xüsusiyyətləri diqqətdə saxlayan Heydər Əliyev Azərbaycan xalqının maariflənməsinə, mükəmməl təhsil almasına xüsusi önəm verirdi. Təhsilin inkişafı ilə əlaqədar çoxsaylı qərarlar qəbul edildi. İlk növbədə Azərbaycan Maarif Nazirliyinin tərkibi milliləşdirildi. Təhsil müəssisələrinə ayrılan vəsait xeyli artırıldı, inkişaf etmiş ölkələrin təhsil sistemi ilə əlaqələr qurmaq üçün müvafiq tədbirlər görüldü və bu sahənin maddi - texniki bazası gücləndirildi. Ulu öndərin səyi ilə çoxlu sayda yeni məktəb binaları tikildi, məktəb yaşlı uşaqlar təhsilə cəlb edildi və təhsilin kütləviləşməsi sahəsində ciddi səylər göstərildi. Azərbaycanlı qızların ali məktəblərə cəlb edilməsi məsələsinə xüsusi önəm verildi. Bunun da nəticəsində respublikada təhsilli qadınların sayı sürətlə artdı. Heydər Əliyev azərbaycanlı gənclərin SSRİ -nin müxtəlif şəhərlərində təhsil almalarına çalışırdı. O dövrdə sovet təhsil sistemi dünyanın qabaqcıl təhsil sistemi hesab olunurdu. 1970 - 1979-cu illərdə ölkənin başqa ali məktəblərini 500 nəfər azərbaycanlı bitirmişdi. Bu illər ərzində həmin ali məktəblərə azərbaycanlı gənclərin qəbulu 10 dəfə artırılmışdı. 1979-cu ildə SSRİ-nin müxtəlif şəhərlərindəki ali məktəblərdə 2800 nəfər azərbaycanlı oğlan və qız 244 ixtisas üzrə təhsil alırdı. 1982-ci ildə isə ölkənin müxtəlif ali məktəblərinin birinci kursuna 737 azərbaycanlı gənc göndərildi. Həmin gənclərə təqaüd verilməsi məsələsi də yüksək səviyyədə həll olunmuşdu. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində respublikamız savadlılar diyarına çevrildi. Ümummilli lider özü bu barədə deyirdi:"Azərbaycanda ən böyük nailiyyət ondan ibarətdir ki, bizdə savadsız adam yoxdur. Ölkəmizdə hansı bir kəndə, hansı bir dağ kəndinə getsəniz, orada savadsız adam tapa bilməzsiniz. Azərbaycan xalqının ümumi təhsil səviyyəsinin, mədəni səviyyəsinin yüksəlməsi XX əsrdə özünü çox bariz şəkildə göstərmişdir." Heydər Əliyev sonralar SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Sov. İKP MK Siyasi Bürosunun üzvü olarkən də ürəyi xalqımızla birlikdə döyünürdü, Vətəninə, xalqına əvvəlkindən də artıq bir məhəbbətlə xidmət edirdi və Azərbaycanın bütün sahələr üzrə inkişafına böyük təkan verirdi. Bütün bunlar müstəqil Azərbaycanın bərqərar olması, sonradan bu müstəqilliyin qorunub saxlanılması və inkişafı üçün işlənib hazırlanmış uzunmüddətli bir strategiya idi. Heydər Əliyevi min hiylə və məkrlə keçmuş SSRİ-nin rəhbərliyindən uzaqlaşdırmağa nail olan Azərbaycanın düşmənlərinin əlləri - qolları bundan sonra açıldı. Bununla da Azərbaycanın tarixində növbəti dəhşətli mərhələ başlandı. Heydər Əliyev hakimiyyət başında olduğuna görə Azərbaycan torpaqlarına qarşı təcavüz planlarını reallaşdıra bilməyən qüvvələr fəallaşaraq öz işğalçılıq niyyətlərini həyata keçirməyə başladılar. Xalqımız ağır faciələrlə üzləşdi. Azərbaycanın ən yeni tarixinə "qara yanvar" kimi düşmüş 1990-cı il yanvarın 19-dan 20-nə keçən müdhiş qecədə sovet ordusu və SSRİ Daxili İşlər Nazirliyinin böyük kontingenti tərəfindən yüz otuzdan artıq günahsız Azərbaycan vətəndaşı qəddarlıqla qətlə yetirildi. Həmin vaxt Moskvada ciddi nəzarət altında olan Heydər Əliyev faciədən bir gün sonra - yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək, bu dəhşətli hadisənin əsas günahkarı kimi SSRİ və respublika rəhbərliyini kəskin tənqid etdi. O, Bakıya qoşun yeridilməsi ilə əlaqədar qərar qəbul edənlərin hərəkətlərini siyasi qəbahət adlandırdı.
SSRİ-nin süqutundan sonra müstəqillik qazanmış Azərbaycanda vəziyyət getdikcə ağırlaşırdı. Ölkə dövlət idarəçiliyində təcrübəsi olmayan naşı adamlar tərəfindən idarə olunurdu. Xaos, anarxiya, özbaşınalıq baş alıb gedirdi. Daxildə hakimiyyət uğrunda gedən mübarizə torpaqlarımızın ermənilər tərəfindən asanlıqla işğalına şərait yaradırdı. 1992-1993-cü illər müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixinə hərc-mərclik, özbaşınalıq dövrü kimi daxil oldu. Bu dövrdə müstəqillik yoluna qədəm qoymuş respublikamızın qarşısında yeni mərhələdə tarixi vəzifələr dururdu. Tarix bu vəzifələrin yerinə yetirilməsi üçün ölkənin intellektual, sosial-iqtisadi potensialından, ictimai-siyasi qüvvələrindən səmərəli istifadə olunmasını tələb edirdi. Xalqı arxasınca apara bilən, dövlət idarəçiliyində zəngin təcrübəsi olan, insanların, xalqın inandığı, etimad göstərdiyi liderə böyük ehtiyac yaranmışdı. Belə bir lider yalnız və yalnız Heydər Əiyev idi. Ulu öndər Heydər Əliyevin Azərbaycana uzunmüddətli rəhbərliyinin göstəricisi də məhz azərbaycançılıq ideyasının, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması prinsipləri əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi faktlara çevrilməsidir. Məhz bu amillərə görə də 1992-ci ilin oktyabrında Azərbaycanın ziyalıları, tanınmış ictimai - siyasi xadimləri Heydər Əliyevə müraciət ünvanlayaraq onu ölkəyə rəhbərliyə dəvət etdilər. Müraciətdə deyilirdi:"Möhtərəm Heydər bəy! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz öhdəsinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübəsinə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə eləyəcək çox böyük, güclü, nüfuzlu işlək bir partiya yaratmağa qadirsiniz... Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir".
Ürəyi həmişə xalqı, Vətəni, milləti üçün döyünən qüdrətli şəxsiyyət Heydər Əliyev həyatının qalan hissəsini xalqına bağışlamağa hazır olduğunu bildirdi və 1993-cü il iyunun 9-da Bakıya gəldi . Bu qayıdış Azərbaycan xalqının qanı bahasına qazanılmış müstəqilliyin qorunub saxlanılması, ölkənin uçrumdan xilası, iqtisadi, siyasi böhrandan qurtulması idi. Heydər Əliyevin dühası, müdrikliyi, zəngin dövlətçilik təcrübəsi, polad iradəsi və gərgin səyi nəticəsində müstəqil Azərbaycanda həyat tədricən öz axarına düşdü.
Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyuldu, ölkədə cinayətkarlığın qarşısı tam alındı, bütün qanunsuz silahlı dəstələr ləğv olundu. Bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratdı. 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanılmışdır. Ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranmasına və dövlət quruculuğu prosesinin böyük vüsət almasına müstəqil Azərbaycanın ilk Konstitusiyası zəmin yaratdı. Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycan Respublikasının müstəqillik illərində bütün sahələrdə olduğu kimi, milli təhsil sahəsində də bir sıra uğurlar əldə edilib. Bu uğurların ilhamverici qüvvəsi və qarantı məhz Heydər Əliyev idi. Onun müdrik daxili və xarici siyasəti, yaratdığı sabitlik təhsilin inkişafına əlveişli zəmin yaradıb. Heydər Əliyev müstəqil Azərbaycanda milli təhsil quruculuğu sahəsində də islahatın memarı idi. Onun hakimiyyətə xilaskar missiyalı qayıdışı Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatının bütün sahələrində olduğu kimi, təhsil sahəsində də tənəzzülün, depressiyanın qarşısını almağa imkan verdi, təlim-tərbiyə müəssisələrinin ahəngdar işi bərpa olundu, təhsil sisteminin müstəqil dövlətçilik prinsipləri əsasında qurulmasına tarixi şərait yarandı.
Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. Müdrik şəxsiyyətin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur. Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır.
Məhz ümummilli liderin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlamışdır. Xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verilməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atılması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə edilməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.
Heydər Əliyevin fəal diplomatiyası nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə münasibəti əsaslı surətdə dəyişmişdir. Azərbaycanda həyata keçirilən xarici siyasətin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir. Dünya təcrübəsinin bütün nailiyyətlərini, sivil beynəlxalq normaları özündə tam əks etdirən sülhsevər xarici siyasətimizin əsasında milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsi, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanır.
"Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması daimi, əbədi olması bundan da çətindir" - deyən Heydər Əliyevin nurlu xatirəsi həmişə hörmətlə yad olunur. Ulu öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də özündən sonra möhtərəm Prezidentimiz İlham Əliyev kimi intellektual səviyyəli, dərin siyasi təfəkkürə malik, dövlət idarəçiliyini dərindən bilən bir şəxsiyyəti Azərbaycana bəxş etməsidir. Heydər Əliyev 2003-cü ilin oktyabrında xalqa müraciətində bildirmişdir:" ...O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təsəbbüşkar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulmaqdadır. Hazırda ölkəmiz regionda lider dövlətdir. Ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyması dünya birliyindəki əlaqələrini daha da genişləndirib. Dünyanın ən mötəbər qurumları bir çox tədbirlərini artıq Azərbaycanda keçirirlər. Getdikcə artan iqtisadi qüdrətimiz də buna zəmin yaradır. Azərbaycan Prezidentinin düşünülmüş xarici siyasəti sayəsində ölkəmiz dünyada söz sahibinə çevrilib. Azərbaycanın BMT kimi nüfuzlu bir təşkilatın Təhlükəsizlik Şurasına üzv seçilməsi və bu quruma sədrlik etməsi 20 illik müstəqillik tariximizdə qazanılan böyük uğurlardandır. Avropanın ən böyük mədəni tədbirlərindən olan "Eurovision-2012" mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi ölkəmizin dünya birliyində artan nüfuzunun bariz nümunəsidir. Ulu öndərin siyasi xəttini uğurla davam etdirən möhtərəm Prezidentimiz bir daha təsdiqlədi ki, Heydər Əliyev siyasi strategiyasının alternativi yoxdur. Xalqımız əmindir ki, məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi strategiya Azərbaycanın adını və bayrağını daha yüksək zirvələrə qaldıracaq.

{nl}

Aqiyə NAXÇIVANLI, Azərbaycan Müəllimlər İnstitutunun rektoru, siyasi elmlər doktoru, professor, Milli Məclisin deputatı

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında