Azərbaycanda kütləvi bədən tərbiyəsi və idmanın inkişafı haqqında yeni kitab

Ölkəmiz dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra idman sahəsində də bir sıra uğurlar əldə edilmişdir. Bu sahənin inkişafında Milli Olimpiya Komitəsi (MOK) də mühüm rol oynamışdır. 
Qeyd edək ki, ötən müddətdə MOK idmanın maddi-texniki bazasının genişləndirilməsi və müasirləşdirilməsi istiqamətində qarşıya qoyulan vəzifələri yüksək səviyyədə reallaşdırmışdır. Bunu belə bir faktdan da aydın görə bilərik: 2000-ci ildən indiyədək ölkədə 34 olimpiya idman kompleksi və bir sıra ixtisaslaşmış idman qurğuları tikilib istifadəyə verilmiş, mövcud idman obyektləri yenidən qurulmuşdur. Bundan başqa, son üç olimpiadada idmançılarımızın 15 medala layiq görülməsi ölkəmizin idman şöhrətini əhəmiyyətli dərəcədə artırmışdır. Onu da deyək ki, ötən dövr ərzində MOK işini yalnız Olimpiya Oyunlarında iştirakla məhdudlaşdırmamış, respublikada Olimpiya ideallarının bərqərar olması və idmanın hərtərəfli, ahəngdar inkişafı naminə səmərəli fəaliyyət göstərmişdir.
Azərbaycan idmançılarının Olimpiya Oyunlarındakı uğurları, mötəbər idman yarışlarının keçirilməsində toplanmış təcrübə və beynəlxalq əlaqələrin yüksək səviyyədə qurulması MOK-u qitə olimpiya qurumlarının ön sıralarına çıxarmaqla nüfuzlu təşkilata çevirmiş, ölkəmizi dünyanın idman mərkəzlərindən biri olaraq tanıtmışdır. Respublikamızın paytaxtı Bakı şəhərinin 2020-ci il Olimpiya Oyunlarının keçirilməsi üçün namizədliyinin irəli sürülməsi, iddiaçı şəhər kimi qeydə alınması da bunun bariz ifadəsidir.
Yeni çapdan çıxmış "Azərbaycanın kütləvi bədən tərbiyəsi və idmanın inkişafı (1900-2010)" kitabında da MOK-un fəaliyyəti, eləcə də 20-ci əsrin əvvəlindən bugünədək Azərbaycanda kütləvi bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı materiallar öz əksini tapmışdır. Müxtəlif fəsillərdə ayrı-ayrı dövrlərdə həyata keçirilən tədbirlər, ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı respublika Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin ölkəmizdə kütləvi bədən tərbiyəsi və idmanın inkişafına göstərdikləri diqqət və qayğı işıqlandırılmışdır. Müxtəlif illərə aid fotomaterialların da yer alması kitabın maraqlı alınmasında mühüm rol oynamışdır.Kitabın idman ictimaiyyəti, eləcə də bu sahədə təhsil alan tələbələr üçün faydalı olacağı şübhəsizdir.
Nəzərə almaq lazımdır ki, kitab kütləvi bədən tərbiyəsi və idman tariximizi belə geniş əhatə edən ilk nəşrdir. Respublika gənclər və idman naziri Azad Rəhimov kitabın nəşrinə mənəvi və maddi yardım göstərmişdir.
Kitabın müəllifləri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru, professor, əməkdar bədən tərbiyəsi və idman xadimi Dilqəm Quliyev və Gənclər və İdman Nazirliyinin kütləvi bədən tərbiyəsi və texniki idman növləri sektorunun müdiri Aydın Məmmədovdur.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında