Bu günlərdə tanınmış şair, yazıçı-publisist, "Qızıl qələm" mükafatı laureatı, Azərbaycan Yazıçılar və Azərbaycan jurnalistlər birliklərinin üzvü, əməkdar jurnalist Eldar İsmayılın 70 yaşı tamam olur.
Qəlbi daim yazmaq-yaratmaq əzmi ilə döyünən bir şair ömrü yaşayıb Eldar İsmayıl. Bu günədək irili-xırdalı 40-a yaxın kitabın müəllifidir. Yaradıcılığının sorağı yaxın-uzaq ellərdən gəlir. Eldar İsmayıl poeziyası Türkiyədə, İranda, İraqda oxunur. Könlünü sözə, ürəyini közə verən şair bir də başını qaldırdı ki, yaşı 70-i haqlayıb.
Ədəbi fəaliyyətə Eldar Ağbulaqlı imzası ilə başlayan şairin "Kəndimiz" adlı ilk şeiri 1961-ci ildə rayon qəzetində dərc olunub. Bundan sonra dövri mətbuatda müəllifin müxtəlif səpkili yazıları çıxıb. E.İsmayıl yaradıcılığa gənc yaşlarından başlasa da, ilk kitabı "Ulu Göyçə" adı ilə 1990-cı ildə "Yazıçı" nəşriyyatında işıq üzü görüb.
Görkəmli alim Yaşar Qarayevin və böyük şair Bəxtiyar Vahabzadənin xeyir-duası ilə ədəbiyyata vəsiqə alan bu kitab ədəbi ictimaiyyətdə böyük marağa səbəb olub. Ulu Göyçənin həsrət alovunu qəlbində yandıran şairin ürəyində, sanki, sözlə dolu xəzinə yatırmış:
İçim kürə, Eldar, çölüm ayazdı,
Tanrı dedim, taleyimi o yazdı.
Məni məndə tapmısansa o azdı,
Məndən yana bir dünya var, o mənəm.
Vətənin hər qarışına, qədim tarixinə, soy-kökünə dərindən bələd olan sənətkar qürbətdə qalan ellərimizi kitabların daş yaddaşına həkk etməyi ciddi vəzifə sayır.
Müəllifin narahat günlərinin, yuxusuz gecələrinin hesabına ərsəyə gələn şeir, poema, roman və publisistikadan ibarət kitablarının hər biri həyatımızın reallıqlarını əks etdirən salnaməyə çevrildi. Tanınmış ədəbiyyatşünaslar, tarixçilər bu əsərləri təhlil edib dəyərli fikirlər söylədilər. Yaşar Qarayev, Nizami Cəfərov, Hüseyn Əhmədov, Teymur Bünyatov, Mürsəl Həkimov, Qara Namazov, Hüseyn İsmayılov, Həmid Əliyev, İsmayıl Məmmədov, türkiyəli alim Mustafa Özbaş, xalq şairləri Bəxtiyar Vahabzadə, Hüseyn Arif, İlyas Tapdıq və neçə-neçə görkəmli elm-mədəniyyət adamları dövri mətbuatda və elmi-ədəbi monoqrafiyalarda Eldar İsmayılın yaradıcılığından ürək dolusu danışdılar. Eldar İsmayıl və yaradıcılığı haqqında indiyədək istər yerli mətbuatda, istər xarici mətbuatda bir-birindən sanballı fikirlər səsləndirilib. Buna görə də mən yalnız şairin ədəbi-ictimai fəaliyyətindən və onun keçdiyi mənalı ömür yolundan söhbət açmaq istəyirəm.
Eldar İsmayıl 1942-ci il martın 10-da ulu Göyçədə dünyaya gəlib. İbtidai təhsilini doğma Ağbulaq kəndində alır. Toxluca kəndində natamam orta məktəbi bitirir. Bakı Mədəni-Maarif Texnikumunu başa vurub doğma kəndə qayıdır. Əvvəlcə kənd mədəniyyət evinə müdir təyin olunur, sonralar isə "Dostluq" rayon qəzetində redaktor müavini vəzifəsində işləyir. Bakı Dövlət Universitetində ali təhsilini qiyabi davam etdirir. Ağbulaq və Şorca kəndlərinin birləşmiş sovetliyinin sədri vəzifəsində çalışır. Həmin illərdə Göyçəni qarış-qarış gəzən E.İsmayıl bədii yaradıcılıqdan da bir an belə ayrılmır, "Ulu Göyçə" poemasını yazır. O dövr Hüseyn Arif yazırdı ki, Göyçədə böyük bir şair yetişməkdədir. Eldar İsmayıl erməninin kim olduğunu yaxşı bilirdi və gec-tez Göyçənin, eləcə də əzəli türk torpaqlarının erməni məkrinin girovuna çevriləcəyini hiss edirdi və narahat olurdu.
1988-ci ildə Qərbi Azərbaycan torpaqlarının işğalından sonra Bakı şəhərinə pənah gətirən E.İsmayıl Dövlət Statistika Komitəsində iki il böyük iqtisadçı vəzifəsində çalışdıqdan sonra 1990-cı ildə Azərbaycan Qaçqınlar Cəmiyyəti yaradılır və o burada ideologiya şöbəsinə müdir təyin olunur. Burada işləyə-işləyə "Göyçə" və "Ulu Göyçə" qəzetlərinin təsisçisi və baş redaktoru olur. Bu dövr Eldar İsmayılın bədii yaradıcılıqla ən çox məşğul olduğu illərdir. Onun ictimai fəaliyyətinə diqqət yetirdikdə bir vətəndaş şair kimi keçirdiyi məclislərdən "Aşıq Alı 200-ü aşırdı", "Bir Vətən həsrəti, bir Göyçə qəmi", "Dədə Ələsgərin işığında" kimi tədbirlərin adını çəkmək yerinə düşərdi. Onun "Ələsgər" pyesi 1999-cu ildə radionun tamaşa salonunda səsləndirilib.
1997-ci ildə fəaliyyəti dayandırılmış "Təbib" qəzetinin nəşri bərpa edilir və elə o vaxtdan da Eldar İsmayıl bu qəzetin baş redaktorudur. Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov onu belə səciyyələndirir: "Eldar İsmayıl vətənpərvər şairdir. "Təbib" qəzetinin baş redaktorudur. Ləyaqətli jurnalist kimi də fəaliyyəti çox təqdirəlayiqdir".
Onun türkcə işıq üzü görən "Allah amanatı" və "Eldar İsmayılın seçilmiş şeirləri" kitabları Türkiyə Cümhuriyyəti Atatürk Universitetinin Kazım Qarabəkir təhsil fakültəsində dərslik kimi hazırlanmışdır. Müəllifin 2005-ci ildə Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkə həsr etdiyi "Türkün xilaskarı" poeması qardaş ölkədə yüksək qiymətləndirilmiş, "Türk ədəbiyyatına hizmət" ödülü ilə mükafatlandırılmışdır. "Heyrət" ədəbi dərgisinin "Məslək-Şərəf" diplomu ilə təltif edilmişdir. "Göyçənin qisası qalır" tarixi-sənədli romanı xüsusi mükafata layiq görülmüşdür.
İnsan ömrünün mənası yaşanmış illərin sayı ilə deyil, bu illərin necə və hansı məqsədlərlə yaşanması, hansı əməllərə xidmət etməsi ilə müəyyən olunur. Eldar İsmayılın keçdiyi həyat yoluna baxanda görərik ki, o, sözün əsl mənasında Ulu Tanrının ona verdiyi bu ömrü şərəflə və ləyaqətlə yaşamışdır. Mənə elə gəlir ki, belə insanlar qocalmır, zaman keçdikcə müdrikləşir:
Bu həyatda ilk ovçum mən, ovum mən,
Yerdən şəri, göydən çəni qovum mən.
Hər xətanı bu canımla sovum mən,
Ölüm gedim bu millətim yaşasın.
Bu şeirindən də göründüyü kimi, millətin yaşaması, gələcəyi, xoş günləri üçün canından belə keçməyə hazırdır Eldar İsmayıl. İnsanlıq, təmiz ad onun həyat amalıdır.
{nl}
Mənsur, "Təbib" qəzetinin məsul katibi, şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.