Pedaqoji təhsilimizin flaqmanı

"Müəllim adı dünyada ən yüksək addır. Şəxsən mən Yer üzündə müəllimdən yüksək ad tanımıram. Çünki hər birimizə təhsil, bilik verən, bu səviyyəyə qaldıran məktəbdir və məktəbdə təhsil verən də müəllimdir. Mən müəllim qarşısında baş əyirəm".
Ümummilli lider Heydər ƏLİYEV

{nl}


Ulu öndərimiz Heydər Əliyevin fəaliyyətinə yüksək dəyər verdiyi Azərbaycan müəllimləri, həqiqətən də, çox şərəfli və ləyaqətli yol keçmiş, müstəqil respublikamızın intellektual potensialının formalaşmasında böyük əmək sərf etmişlər. Bu möhtəşəm işlərin həyata keçirilməsində, yüksəkixtisaslı pedaqoji kadr hazırlığında 90 il şərəfli tarix yaşamış Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim heyətinin və onun məzunlarının xüsusi payı vardır. Bu illər ərzində Pedaqoji Universitet böyük inkişaf yolu keçmiş, zəngin ənənələrə malik şöhrətli elm və tədris ocağına çevrilmişdir. Pedaqogika, psixologiya və ayrı-ayrı fənlərin tədrisi metodikası elmləri məhz burada təşəkkül tapmış, inkişaf edərək indiki yüksək səviyyəyə çatmışdır.
Azərbaycan XKS-nin sədri N.Nərimanovun imzaladığı 1921-ci il 26 avqust tarixli dekret əsasında milli dildə fəaliyyətə başlayan bu ilk ali pedaqoji təhsil ocağı yeni təşkil olunan təhsil sistemini yüksək ixtisaslı pedaqoji kadrlarla təmin etmək məqsədilə yaradılmışdı. Fəaliyyəti dövründə institut bu missiyanı şərəflə yerinə yetirdi, 150 minə yaxın müəllim kadrları hazırladı, bir çox ixtisaslar üzrə elmi-pedaqoji mərkəzə çevrildi.
İnstitut tədris və elmi-pedaqoji fəaliyyətində müxtəlif çətinliklərlə də üzləşməli oldu: iki dəfə (1927-1929 və 1941-1943-cü illərdə) öz fəaliyyətini dayandırdı, Azərbaycan Dövlət Universiteti ilə birləşdirildi. Lakin bütün çətinliklərdən şərəflə çıxaraq Azərbaycanda milli mədəniyyətin, elmin və təhsilin inkişafında xüsusi xidmətləri olan müəllim kadrları yetişdirməklə, millətimizin mənəvi potensialının formalaşmasında önəmli rol oynadı.
İnstitut yaradılarkən Odessa Universitetinin məzunu Fətulla bəy Rzabəyli direktor, Tiflis Müəllimlər İnstitutunu bitirmiş Həbib bəy Mahmudbəyov isə direktor müavini vəzifəsinə təyin olundular.
Sonralar direktor vəzifəsində çalışan M.Əfəndiyev, H.Mahmudbəyov, Ş.Manafov və C.Məmmədzadə Pedaqoji İnstitutun təşkilatlanmasına, kollektivin fəaliyyətinin nizamlanmasına xeyli qüvvə sərf etdilər. Onların həyata keçirdikləri tədbirlər yeni təhsil müəssisəsinin maddi-texniki bazasının formalaşdırılmasına, fakültə və şöbələrin elmi-pedaqoji kadrlarla təmin edilməsinə, gənclərin ali təhsilə cəlb olunmasına şərait yaratdı. Qərbi Avropa, Rusiya, Türkiyə və Şərqin bir sıra tədris və elm mərkəzlərində təhsil almış yüksək ixtisaslı milli kadrlar burada pedaqoji fəaliyyətə cəlb edildilər.
30-cu illərdə və 40-cı illərin əvvəllərində APİ-də təşkilati məsələlərin həllində, tədris və elmi-tədqiqat işlərinin düzgün qurulmasında direktor vəzifəsində çalışmış P.Qasımovun, M.Bayramovun, B.Bünyadovun, M.Məmmədovun, D.Rəsulzadənin böyük xidmətləri olub. Onların fəaliyyət göstərdikləri dövr tariximizin çox mürəkkəb, ziddiyyətli və faciələrlə dolu bir mərhələsidir. 30-cu illərin repressiya dalğası çoxlu sayda Azərbaycan ziyalıları kimi Pedaqoji İnstitutun da bir çox müəllimlərinin cismən məhv olunmasına və ya sürgünə göndərilməsinə səbəb oldu. APİ-nin kafedralarına rəhbərlik edən əksər milli kadrların yerinə maneəsiz olaraq ermənilər yerləşdirildi.
Böyük Vətən müharibəsinin ilk illərində Azərbaycan XKS və Azərbaycan K(b)P MK-nın qərarı ilə institut ADU ilə birləşdirildi. Müharibənin gedişində əsaslı dönüş yarandıqdan sonra APİ yenidən müstəqil ali təhsil ocağı kimi fəaliyyətə başladı. Bu dövrdə instituta rəhbərlik ardıcıl olaraq A.Abdullayev, M.Ələkbərli və Ə.Seyidova həvalə edildi. APİ-nin yenidən qurulması onun maddi-texniki bazasının xeyli möhkəmlənməsinə, tələbələrin sayının artmasına imkan verdi. Cəbhədə həlak olan müəllimləri əvəz edə biləcək elmi-pedaqoji kadrlar hazırlamaq məqsədilə məqsədyönlü işə başlandı.
50-70-ci illərdə tanınmış elm və maarif xadimləri - C.Hacıyev, M.Mehdizadə, H.Qədirov, C.Ələsgərov, M.Vəkilov, M.Əliyev, Ş.Ağayev APİ-nin rektoru vəzifəsində çalışdılar.
50-60-cı illərdə M.Muradxanov, Ə.Zəkuzadə və Ə.Əbdülrəhmanova professor elmi adının verilməsi, prof. A.Abbaszadənin RSFSR PEA-nın müxbir üzvü, M.Mehdizadənin SSRİ PEA-nın həqiqi üzvü seçilməsi fərəhli hadisə kimi gənc elmi kadrların inkişafına təkan verən amilə çevrildi. Qeyd etmək yerinə düşər ki, SSRİ PEA-nın həqiqi və müxbir üzvü seçilmiş azərbaycanlı alimlərin hamısı - M.Mehdizadə, A.Abbaszadə, H.Əhmədov, Ş.İmanov məhz ADPU-nun əməkdaşları olmuşlar.
Ali pedaqoji təhsilin öncülü və bayraqdarı olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin 90 illik tarixinin bütöv bir mərhələsində (1969-1987 və 1993-2003-cü illər) qazanılan uğurlar bilavasitə ulu öndər Heydər Əliyevin unudulmaz adı və fəaliyyəti ilə bağlıdır. O, bir neçə dəfə Pedaqoji Universitetdə olmuş, professor-müəllim və tələbə kollektivinə çox dəyərli tövsiyələr, məsləhətlər və göstərişlər vermiş, əməkdaşların arzu və istəkləri ilə maraqlanmışdır. Onun dəyərli tövsiyələri universitetimizdə təhsil-tərbiyənin səmərə və keyfiyyətinin yüksəldilməsində, qəbul imtahanlarında obyektivlik və ədalətin bərqərar edilməsində, nöqsanların aradan qaldırılmasında, gənclərin ictimai fəallığının artırılmasında, yüksək səviyyəli elmi və pedaqoji kadr hazırlığında həlledici rol oynamışdır.
Onun APİ-nin 60 illik yubileyi ilə bağlı təntənəli mərasimdə "Azərbaycan Dövlət Pedaqoji İnstitutu böyük və çətin yol keçmişdir. Onun kollektivi Azərbaycan ümumtəhsil məktəbinin inkişafında böyük xidmət göstərmiş, institut xalq maarifi üçün yüksəkixtisaslı kadrlar bazasına çevrilmişdir" - cümlələri ilə verdiyi yüksək qiymət institut əməkdaşlarının sonrakı fəaliyyətinin leytmotivinə çevrilmişdir.
70-80-ci illərdə institutda tədris və elmi fəaliyyətin səviyyəsini yüksəltmək, yüksəkixtisaslı müəllim kadrları hazırlamaq, maddi-texniki bazanı genişləndirmək, yeni tədris korpusları və tələbə yataqxanaları tikmək istiqamətində konkret tədbirlər həyata keçirildi. APİ-nin rəhbərliyi dəyişdirildi. Əvvəlcə H.Ağayev, sonra A.Qurbanov instituta rektor təyin olundular.
80-ci illərin sonu, 90-cı illərin əvvəllərində ölkədə mövcud olan ictimai-siyasi şərait, hakimiyyət uğrunda gedən savaşlar, ermənilərin işğalçılıq siyasəti tədris prosesində və elmi-tədqiqat işlərində geriləməyə səbəb oldu. Belə çətin bir şəraitdə Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən respublika rəhbərliyinə gəldi və "öz ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" - söyləməklə müasir Azərbaycan dövlətini qurmaq missiyasını həyata keçirməyə başladı. Ölkədə alovlanmaqda olan vətəndaş müharibəsinin qarşısını aldı, qanunsuz yolla hakimiyyətə gəlmək cəhdlərinə birdəfəlik son qoydu, ölkədə daxili sabitliyi təmin etdi. Hərbi əməliyyatlar dayandırıldı, münaqişəni dinc yolla həll etmək üçün ilkin şərait yarandı. Qonşu dövlətlərlə yaranmış gərginlik tədricən aradan qaldırıldı. Ölkədə və cəbhədə yaranmış sabitlik və Heydər Əliyevə inam nəticəsində dünyanın ən iri neft şirkətləri ilə "Əsrin müqaviləsi" imzalandı. Respublikada sosial-iqtisadi problemlərin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirildi. Ümummilli lider Heydər Əliyev böyük siyasi məharətlə Azərbaycanı, dövlətçiliyimizi, müstəqilliyimizi hədələyən bütün təhlükələri dəf etdi, iqtisadiyyatımızın, beynəlxalq əlaqələrimizin, milli birliyimizin möhkəm özülünü quraraq bizlərə miras qoydu. Cəmiyyətin bütün potensialı mənəvi-psixoloji, sosial-iqtisadi mühitin sağlamlaşmasına, millətin tərəqqisinə, intibahına və inkişafına yönəldi. Bütün tədris və elm müəssisələri kimi ADPU-nun da səmərəli fəaliyyəti üçün münbit şərait yarandı.
Universitet statusu qazanan Ali məktəbimizə 1989-1994-cü illərdə S.Aslanov, 1994-1996-cı illərdə N.Xudiyev, 1996-2006-cı illərdə B.Ağayev rəhbərlik etdilər.
2006-cı ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Universitetin rektoru vəzifəsinə mən təyin olundum.
İşimizi Boloniya prosesinin prinsiplərinə müvafiq olaraq ali pedaqoji təhsilin məzmununun zamanın tələblərinə uyğun qurulması, keyfiyyətin yüksəldilməsi, şəffaflıq və ədalətlilik prinsiplərinin təmin olunması, maliyyələşdirmə və idarəolunmanın təkmilləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, pedaqoji kadr hazırlığında yeni modellərin tətbiqi sahələrinə yönəltməyə çalışdıq və hesab edirəm ki, bu istiqamətdə universitetimizdə diqqətəlaiq nailiyyətlər qazanıldı. Bu uğurların əldə edilməsi, bütövlükdə təhsilimizlə, o cümlədən ali təhsilimizlə bağlı Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətin müəyyənləşdirdiyi strategiya və konsepsiya, ölkədə həyata keçirilən təhsil islahatları, Prezident və onun Administrasiyası, Təhsil Nazirliyi tərəfindən göstərilən diqqət və qayğı sayəsində mümkün olmuşdur. Etiraf etmək lazımdır ki, çatışmazlıqlar da yetərincədir, dövlətin gözlədiyi səviyyəyə qalxmaq üçün hələ çox işlər görülməlidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda siyasi, sosial-iqtisadi, hüquqi islahatların həyata keçirilməsində, vətəndaş cəmiyyətinin qurulmasında, milli və bəşəri dəyərlərin bərqərar edilməsində, insan hüquqlarının və azadlıqlarının təmin olunmasında, demokratik təsisatların yaradılmasında əldə edilən nailiyyətlərin mühüm bir hissəsi təhsilin payına düşür. Təhsil cəmiyyətin inkişafının özülünü təşkil etməklə yanaşı, həm də ölkənin təhlükəsizliyinin, sabitliyinin təmin edilməsində mühüm amil kimi çıxış edir. Ölkəmizdə təhsillə bağlı on altı Dövlət Proqramının uğurla həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Təhsil Nazirliyində düşünülmüş proqram, konsepsiya vardır" - fikrinin real təsdiqidir. Təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təhlili əsasında hazırlanıb təsdiq edilmiş bu proqramların reallaşdırılması nəticəsində təhsil sisteminin infrastrukturu müasir tələbələrə uyğun qurulmuş, təhsilin məzmunu yeniləşdirilmiş, "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli kurikulum)" təsdiq olunmuş, yeni dərslik siyasəti reallaşdırılmış, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlər tətbiq edilmiş, kadr hazırlığı və təminatı yaxşılaşdırılmış, təhsil müəssisələri informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilmiş digər bu kimi sahələrdə əhəmiyyətli nailiyyətlər əldə olunmuş, maddi dəyərlərdən əldə edilən kapital ölkədə insan kapitalının inkişafına yönəldilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə təhsil, səhiyyə, elm və mədəniyyət sahəsində inkişafyönümlü proqram və lahiyələrin həyata keçirilməsində Heydər Əliyev Fondunun, şəxsən onun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Fondun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində 300-ə yaxın yeni məktəb, uşaq bağçası, uşaq evi, internat məktəb binası tikilib istifadəyə verilmiş, müasir avadanlıqlarla təchiz edilmişdir. Azərbaycan təhsilinin, elminin inkişafına, milli-mənəvi dəyərlərimizin qorunmasına, bütün dünyada təbliğinə önəmli töhfələr verən Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələr, humanitar yönümlü proqramlar Azərbaycandan çox-çox uzaqlarda da böyük rəğbətlə qarşılanır.
2006-2007-ci tədris ilindən başlayaraq universitetimizdə Kredit Transfer Sisteminin tətbiqinə başlanılmış, onun tələblərinə uyğun yeni tədris planları, fənlərin reyestri, tədris qrafikləri, sillabuslar, fənlərin semestrlər üzrə bölgüsünü göstərən sənədlər hazırlanmış, 40 nəfər tyutor hazırlanaraq tədris prossesinə cəlb olunmuşdur.
2007-2008-ci tədris ilində universitetimizdə "Kompyuter Mərkəzi" təşkil edilmişdir. Mərkəz öz fəaliyyətini "2007-2012-ci illərdə ADPU-da təhsilin informasiyalaşdırılması üzrə 5 illik strategiya"nın tələblərinə uyğun qurmağa çalışır. Universitetimizdə müasir tələblərə cavab verən kompyuter mərkəzinin təşkili kollokviumların və imtahanların test üsulu ilə keçirilməsinə şərait yaratmışdır. Tələbələrin biliklərinin qiymətləndirilməsində dünyanın bir çox qabaqcıl universitetlərində uğurla tətbiq edilən "Elektron-test sistemi" layihəsi müvəffəqiyyətlə tətbiq olunmaqdadır. Universitetimiz üçün elektron dərsliklərin yaradılması, tədris resurslarının hazırlanması, elektron kitabxananın, universitetin avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması da nəzərdə tutulur.
Ulu öndər Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, onun nəzəri irsini öyrənmək, təbliğ etmək, gələcəyin müəllimlərini dövlətçiliyə sədaqət və azərbaycançılıq ruhunda tərbiyə etmək ADPU-nun professor-müəllim heyətinin ən ümdə vəzifələrindəndir. Heydər Əliyev irsində Vətən sevgisi, azərbaycançılıq hissi, xalq, millət, dil sevgisi, insanın Vətəninə, xalqına, dövlətinə sədaqət duyğusu mühüm yer tutur. Bu irsin qorunması və gələcək nəsillərə çatdırılması, hər bir gəncdə azərbaycançılıq ideyasının formalaşdırılması, gənc nəslin dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyə olunması ən vacib şərtlərdən biridir. Bu məqsədlə universitetimizdə geniş tədbirlər həyata keçirilməkdədir. Ulu öndərin xatirəsinə ehtiram əlaməti olaraq universitetimizin foyesində abidəsi qoyulmuş, nadir eksponatlarla təchiz edilmiş, professor-müəllimlərin, tələbələrin və Universitetimizin qonaqlarının ziyarət məkanına çevrilən Xatirə muzeyi yaradılmış, zəngin irsinin gənc nəslə çatdırılması məqsədilə "Heydər Əliyev Məktəbinin Auditoriyası" təşkil edilmişdir. Heydər Əliyevin nəzəri irsini dərindən öyrənmək məqsədilə universitetimizin professor-müəllim heyəti, magistr və doktorantları üçün xüsusi kurslar təşkil edilmişdir.
Hazırda universitetin 12 fakültəsində ali təhsilin bakalavr pilləsində 23 ixtisas üzrə 8000-dən artıq tələbə, magistratura pilləsində 11 istiqamət, 39 ixtisas üzrə 802 nəfər magistrant təhsil alır. Onların təhsil-tərbiyəsi ilə 69 nəfər elmlər doktoru, professor, 380 nəfər elmlər namizədi, dosent, 330 nəfər müəllim və baş müəllim məşğul olur. Universitetimizdə fəlsəfə doktoru proqramı üzrə 28 nəfər doktorant, 42 nəfər dissertant, elmlər doktoru proqramı üzrə isə 30 nəfər doktorluq dissertasiyası üzərində çalışır.
Hazırda ADPU-da maddi-texniki bazanın möhkəmləndirilməsi, ali pedaqoji təhsilin məzmununun təkmilləşdirilməsi, professor-müəllim və tələbə kollektivi arasında mənəvi-psixoloji mühitin sağlamlaşdırılması istiqamətində ciddi islahatlar aparılır. Universitetimizdə müxtəlif ölkələrlə tələbə mübadiləsi və birgə elmi tədqiqatlar aparmaq, konfrans, konqres, simpozium keçirmək, beynəlxalq və regional təhsil proqramlarına qoşulmaq və onlarda fəal iştirak etmək istiqamətində uğurlu iş görülür.
Əməkdaşlarımızın elmi-tədqiqat əsərləri Avropanın, Rusiyanın və Türkiyənin ən nüfuzlu elmi nəşrlərində çap edilir. Onların elmi yaradıcılıq nümunələrinin işıq üzü görməsində respublika nəşriyyatları və elmi jurnalları ilə yanaşı, 3 seriyada nəşr olunan Azərbaycan Pedaqoji Universitetinin "Xəbərlər"inin və "Təhsildə İKT" elmi-nəzəri jurnalının mühüm rolu vardır.
1958-ci ildən indiyə kimi universitetimizdə nəşr olunan "Gənc müəllim" qəzeti ADPU-nun elmi-mədəni həyatında baş verən hadisələrin fəal iştirakçısı və şərhçisi kimi fəaliyyətini davam etdirir. 1948-ci ildə yaradılmış nəşriyyat şöbəsi proqram, metodik göstəriş və dərs vəsaitləri nəşr etməklə tələbələrin tədris ədəbiyyatına olan tələbatını ödəməyə çalışır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş universitetimiz öz inkişafının yeni mərhələsinə qədəm qoymuş, elmi fəaliyyətin həm strukturu, həm də məzmununda əhəmiyyətli keyfiyyət dəyişiklikləri baş vermişdir. Elmi-tədqiqat laboratoriyalarının maddi-texniki bazası gücləndirilmiş, zəruri avadanlıqla təchiz edilmiş, tədqiqat mövzuları müasir dövrün tələblərinə uyğunlaşdırılmış, "Türk odası" və "Dədə-Qorqud" elmi-tədqiqat laboratoriyasının strukturunda əsaslı dəyişiklik edilmiş, yeni elmi-tədqiqat laboratoriyaları ("Pedaqoji təhsilin problemləri", "Bioinformatika") yaradılmışdır. Universitetimizdə professor-müəllimlərin, magistr və doktorantların apardıqları elmi-tədqiqat işləri daha çox pedaqoji təhsilin məzmununun yeniləşdirilməsinə, pedaqoji kadr hazırlığının nəzəri və praktik məsələlərinin araşdırılmasına, yeni dərslik, dərs vəsaiti və metodik tövsiyələrin hazırlanmasına istiqamətlənmişdir.
1990-cı illərin əvvəllərindən başlayaraq universitetin əməkdaşları müxtəlif beynəlxalq konfrans və simpoziumlarda iştirak etmişlər. Əgər 1991-2000-ci illərdə xarici ölkələrdə konfrans və simpoziumlarda 79 nəfər iştirak etmişdisə, 2001-2010-cu illərdə onların sayı 191 nəfər olmuşdur. Son illərdə ADPU-nun beynəlxalq əlaqələri xeyli genişlənmiş, müxtəlif ölkələrlə müəllim-tələbə mübadiləsi, birgə elmi tədqiqatlar, beynəlxalq forum, konqres və simpoziumlarda iştirak, beynəlxalq və regionlararası təhsil proqramlarına qoşulmaq və onların işində fəal iştirak etmək kimi istiqamətlərdə həyata keçirilən tədbirlərdə keyfiyyət dəyişikliyi xüsusi nəzərə çarpmaqdadır. Bu baxımdan ADPU ilə Türkiyənin Hacəttəpə Universiteti arasında yaradılmış pedaqoji və elmi istiqamətlərə söykənən əlaqələrin günü-gündən daha da möhkəmlənməsini xüsusi qeyd etmək yerinə düşər. Həmin universitetin nümayəndələri dəfələrlə universitetimizdə olmuşlar. Eləcə də ADPU-nun nümayəndə heyəti Hacəttəpə Universitetinin iş təcrübəsi ilə tanış olmaq üçün bir neçə dəfə Türkiyə Cümhuriyyətində olmuşdur. Hər iki universitetin əməkdaşlarının iştirakı ilə dörd dəfə beynəlxalq konfrans keçirilmişdir. 2007-ci ilin may ayının 12-14-də Bakıda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 84-cü ildönümünə həsr olunmuş "Müəllim hazırlama siyasəti və problemləri" mövzusunda Beynəlxalq Elmi Konfransı xüsusi qeyd etmək lazımdır. Türkiyənin, Şimali Kipr Türk Respublikasının, Almaniyanın, Qırğızıstanın, Amerikanın 29 universitetindən 175 tədqiqatçının və Azərbaycanın 21 ali məktəbindən nümayəndələrin iştirak etdiyi həmin konfransda 11 bölmə üzrə 300-dən artıq məruzə dinlənilmişdir. Konfransın materialları iki cilddə toplu halında çap edilmişdir.
Qara Dəniz Hövzəsi Ölkələrinin Universitetləri Assosiasiyasının üzvü olan ADPU 2009-cu ildən Avropa Müəllim Hazırlığı Birliyinə də üzv seçilmişdir.
Bütün bunlar Azərbaycan Dövlət Pedaqoji Universitetində elmin və təhsilin inkişafının real göstəriciləridir. Azərbaycan Dövlət Pedaqoji Universitetində aparılan islahatlara ən yüksək qiymət ali məktəbimizin 85 illik yubileyi ilə bağlı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən verilmişdir. Prezidentin 26 dekabr 2006-cı il tarixli Sərəncamı ilə 2 nəfərə "Şöhrət" ordeni, 16 nəfərə "Tərəqqi" medalı, 2 nəfərə Əməkdar elm xadimi, 19 nəfərə Əməkdar müəllim fəxri adı və 1 nəfərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilmişdir. Yubileydən sonra 2 nəfərə "Şöhrət" ordeni, 1 nəfərə Əməkdar elm xadimi, 1 nəfərə Əməkdar Mədəniyyət işçisi, 1 nəfərə Əməkdar bədən tərbiyəsi və idman xadimi fəxri adı, 2 nəfərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilmişdir.
Universitetimizin 2 nəfər professoru AMEA-nın müxbir üzvü, 1 nəfər professoru isə Rusiya Təhsil Akademiyasının əcnəbi üzvüdür. Fəaliyyəti dövründə ADPU təkcə respublikamız üçün deyil, Gürcüstan, Ermənistan, Mərkəzi Asiya respublikaları, Bolqarıstan və b. ölkələr üçün də yüksəkixtisaslı müəllimlər və elmi kadrlar hazırlamış, son illərdə ABŞ, İngiltərə, Fransa, Almaniya, İtaliya, Türkiyə, İran və Yəmən Ərəb Respublikasının ali pedaqoji təhsil ocaqları, elm mərkəzləri ilə əməkdaşlığa başlamışdır.
Pedaqoji Universitet Azərbaycanda elmin və təhsilin inkişafına dəyərli töhfələr verən çoxsaylı alimlər hazırlamış, fəaliyyəti ərzində elmi mərkəz kimi formalaşıb inkişaf etmişdir. Bu ali təhsil və elm məbədində bir çox görkəmli elm adamları müxtəlif sahələr üzrə elmi məktəblər və istiqamətlər yaradaraq inkişaf etdirmişlər.
Xalqımızın fəxr etdiyi yüzlərlə tanınmış alim, yaradıcı ziyalı, ictimai və dövlət xadimi ADPU-da təhsil almışlar. Universitetin məzunlarından Y.Məmmədəliyev, H.Hüseynov, Z.Xəlilov, H.Abdullayev, M.Rəsulov, Ə.Hüseynov, İ.Hüseynov, S.Rəhimov, Ş.Qurbanov, A.Qarayev, Ə.Sumbatzadə, M.Dadaşzadə, M.Cəfərov, İ.İbrahimov, M.Şirəliyev, İ.Şıxlı, H.Əmirxanov kimi tanınmış elm və mədəniyyət xadimləri xalqımızın şöhrət simvollarına çevrilmişlər. Onların adları həm ölkəmizdə, həm də respublikamızın sərhədlərindən uzaqlarda keçirilən nüfuzlu elmi məclislərdə böyük iftixarla çəkilir. Fəxrlə qeyd etməliyəm ki, AMEA-ya rəhbərlik etmiş 9 prezidentdən 3 nəfəri (Yusif Məmmədəliyev, Zahid Xəlilov, Həsən Abdullayev) Pedaqoji Universitetin məzunlarıdır.
Bu günlərdə ADPU-nun 90 illik şərəfli tarixinin yeni-yeni səhifələri yazılır. Universitet kollektivi ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin daxili və xarici siyasətini birmənalı olaraq dəstəkləyir, ona dayaq olmağı mənəvi borc bilir, onun Azərbaycan təhsili qarşısında qoyduğu tələblərə və eləcə də təhsil işçilərinə diqqət və qayğısına cavab olaraq elmdə və təhsildə daha böyük uğurlar qazanmaq üçün gərgin yaradıcılıq axtarışlarını inamla davam etdirirlər. ADPU-nun professor-müəllim heyəti "Yeniləşən Azərbaycana yeni məktəb" çağırışına qoşularaq müasir düşüncəyə, yeni təhsil-tərbiyə texnologiyalarına, əxlaqi və mənəvi saflığa, yüksək peşə və ixtisas hazırlığına malik müəllim kadrları hazırlamaq işini özünün ən ümdə məqsəd və vəzifəsi hesab edir.

{nl}

Yusif MƏMMƏDOV, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında