Dünya türkologiyasının ən görkəmli simalarından biri sayılan Bəkir Çobanzadə (əsl adı Əbubəkrdir) 1893-cü ildə Kırımın Qarasubazar şəhərinin Arğın kəndində anadan olmuşdur. Yeri gəlmişkən, biz bu qədim türk yurdunun adını indiyə qədər yanlış olaraq rus manerasında - Krım kimi işlədirik. Halbuki, yerli tatar əhalinin oğuz qrupuna daxil olan dilində bu yerin həqiqi adı məhz KIRIM deyə səslənir.
B. Çobanzadə ilk təhsilini ana yurdunda - Qarasubazarda almış, 1909-1914-cü illərdə İstanbulda Sultaniyyə liseyində oxumuşdur. 1915-ci ildə İstanbul Universitetinin ədəbiyyat fakültəsinə daxil olan Bəkir az sonra macar əsilli bir müəlliminin təşviqi ilə Macarıstana gedir, 1916-cı ildən Budapeşt Universitetinin fəlsəfə fakültəsində təhsil almağa başlayır. Cəmi üc ildən sonra dissertasiya müdafiə edərək alimlik dərəcəsi alan B.Çobanzadə İsveçrənin Lozanna şəhərindəki universitetə işə dəvət edilir. Lakin bir ildən sonra gənc alim bilik və enerjisini öz doğma xalqının xidmətinə vermək niyyəti ilə əvvəl İstanbula, sonra isə Kırıma dönür. 1922-ci ildə Ağməscid (indiki Simferopol) şəhərində yerləşən Kırım Universitetinin professoru seçilir, 1924-cü ildə isə rektoru təyin olunur.
1924-cü ilin sonunda Bakıya, Azərbaycan Dövlət Universitetinə dəvət edilməsi Bəkir Çobanzadənin həyatında yeni mərhələnin başlanğıcı olur. Professor Ramiz Əskərin haqlı olaraq vurğuladığı kimi, "Bəkir Çobanzadə yaradıcılığının Bakı dövrü bu böyük zəkanın olğunlaşma, yəni püxtələşmə, bütün potensialının gerçəkləşdirilmə, özünüifadə dövrüdür." Bakıda universitetin professoru şeçilən B. Çobanzadə qısa bir zamanda respublikamızın ədəbi və elmi mühitində öncül rol oynamağa başlamış, ümumən türkologiyanın, o cümlədən Azərbaycan dilçiliyinin inkişafına təkan verən bir sıra vacib, aktual problemlərin həllində yaxından iştirak etmiş, Azərbaycanda elmi dilçilik məktəbinin yaradıcılarından biri olmuşdur.
1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji qurultayın işində fəal iştirak edən B. Çobanzadə türk xalqlarının qarşısında duran ictimai və humanitar vəzifələrin müəyyənləşdirilməsində mühüm rol oynayır. Bununla da onun adı türk dünyasında yalnız tədqiqatçı kimi deyil, həm də bir ideoloq kimi məşhurlaşır.
Sovet rejiminin qanlı repressiya genosidi bu yolda olanların çoxu kimi B. Çobanzadəyə də aman vermədi. 1937-ci il sentyabrın 12-də 20 dəqiqəlik "məhkəmə araşdırmasının" qərarı ilə türk dünyasının bu böyük oğlu edam edildi. Bu zaman Bəkir Çobanzadənin cəmi 44 yaşı vardı. Elmi fəaliyyəti ərzində o, ümumilikdə 300-dən artıq tədqiqat əsəri yazmışdı. Bu qədər böyük elmi və ictimai fəaliyyətin bu qısa ömrə necə sığışdığını təsəvvür etmək belə çətindir. Ancaq bütün bu deyilənlər də B. Çobanzadənin yaradıcılıq fəaliyyətini tam əhatə etmir. O həm də incə ruhlu şair, gözəl nasir və məhsuldar publisist idi. Hərçənd ki, onun bədii yaradıcılığı sağlığında və sonralar da bir növ elmi tədqiqatlarının kölgəsində qalmış, B.Çobanzadə bir ədib kimi o qədər də tanınmamışdır.
Bu mənada görkəmli türkoloq alim, filologiya elmləri doktoru, professor Ramiz Əskərin TÜRKSOY kitabxanası seriyasından nəşr etdirdiyi 20-ci və 22-ci kitabları məhz böyük alimin bədii yaradıcılığına həsr etməsi tamamilə yerinə düşür. 20-ci kitabda B. Çobanzadənin seçilmiş şeirləri, 22-ci kitabda isə seçilmiş bədii əsərləri əhatə olunmuşdur. Yəni buraya şeirlərdən əlavə, ədibin "Tandu" poeması, altı hekayəsi, üç məqaləsi və məktublarından seçmələr daxil edilmişdir.
Tərtibçinin ikinci kitaba yazdığı ön sözdə qeyd etdiyi kimi, ədib bədii yaradıcılıqla əsasən ilk gənclik çağlarında məşğul olmuş, şeir və hekayələrində siyasi və mənəvi baxımdan hüquqsuz vəziyyətdə olan xalqının acınacaqlı taleyini bədbin bir ruhda əks etdirmişdir. Bu mənada onun şeirləri məzmun və ideya baxımından bizim Məhəmməd Hadinin poeziyasını xatırladır. Ancaq Hadidən fərqli olaraq, B. Çobanzadə bədii əsərlərini təbii bir üslubda - doğma Kırım tatar xalqının anlaya biləcəyi sadə bir dildə yazmışdır. B. Çobanzadənin sərt realist üslubda qələmə alınmış hekayələri də mövzusunu tatar xalqının həyatından, sadə adamların taleyindən almışdır.
Ramiz Əskər kitaba B. Çobanzadənin publisistik yaradıcılığından nümunə olaraq "Bir tatar gəncinin ana yurdu-Kırım", "Yeni oyanan tatarlıq", "Macar qardaşlar " adlı üç məqaləsini də daxil etmişdir. Bu məqalələri B. Çobanzadə Budapeştdə oxuyarkən macar dilində yazmış və orada yerli mətbuatda dərc etdırmişdir. Tərtibçinin qeyd etdiyi kimi, bu yazılarda "avropalıların tatarlara, eləcə də türklərə ənənəvi mənfi baxışı tənqid edilir, rusların milyonlarla tatarı zorla assimilyasiyaya uğratdığını, rus inqilabından sonra tatarların öz milli varlıqları uğrunda apardıqları mübarizədən bəhs edilir."
Hər iki kitabın redaktoru AMEA-nın müxbir üzvü , professor Tofiq Hacıyevdir.
Böyük alim Bəkir Çobanzadənin bədii yaradıcılığını əhatə edən bu iki kitab haqqında Azərbaycan oxucusunun qənaətini dolğunlaşdırmaq üçün qeydlərimizi professor Ramiz Əskərin sözləri ilə yekunlaşdırmaq istərdik: "Bu kitabları oxuyanlar görəcəklər ki, onun butün elmi, bədii, ədəbi, publisistik yaradıcılığından qızıl xətt kimi keçən bir şey var. O da türk-tatar sevgisi, dil, millət, vətən, torpaq eşqidir. Sonsuz məhəbbətlə sevdiyi nəcib və qəhrəman türk millətini azad, müstəqil, xoşbəxt və birlikdİə görmək arzusudur."
{nl}
İlham ABBASOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.