Dolğun yaradıcılıq, doğrulan etimad

Qoynunda əmin-amanlıqla yaşadığımız - hərtərəfli tərəqqisi, misilsiz nailiyyətləri, beynəlxalq aləmdə anbaan artan nüfuzu ilə fəxr etdiyimiz Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin bəsirətinin bəhrəsidir. O, hələ ölkəmiz sovet qəlibində olduğu dövrdə milli mənliyimizi qoruyub saxlamaq naminə çox vacib işlər görür, yaradıcı ziyalıların şüurunda azərbaycançılıq ideyasının hakim kəsilməsinə çalışırdı. 
Ümummilli lider istedad sahiblərinin inkişaf yolunu izləyir, müvəffəqiyyətləri ilə öyünür, məqamında yüksək kürsüdən adlarını çəkir, milli təəssübkeşliyi meyar götürərək, dəqiq qiymətlərini verirdi. Azərbaycan Yazıçılarının IX qurultayındakı nitqində "Elmira xanım Axundova çox dəyərli bir insandır" - söyləyəndə də, zənnimizcə, onun yenilməz vətəndaşlıq mövqeyini nəzərdə tutmuşdur. Ulu öndərin bu fikrində Elmira xanımın potensial imkanının gələcək uğurlar üçün yetərliyinə bir inam da var idi...
Budur, on beş ildən sonra qətiyyətlə deyə bilərik ki, bəslənilən inam, göstərilən etimad tamamilə doğrulub. "Şöhrət" ordenli əməkdar jurnalist Elmira Axundova yaradıcılığının məhsuldar çağını yaşayır. Artıq ikinci dəfədir Milli Məclisə deputat kimi fəaliyyət göstərməklə yanaşı, Azərbaycanda və xarici ölkələrdə çapdan çıxmış neçə-neçə kitabın, çoxsaylı ədəbi-bədii məqalənin, oçerkin, ssenarinin müəllifidir. Nəhayətsiz zəhmətin, gərgin axtarışların məhsulu olan "Heydər Əliyev. Şəxsiyyət və zaman" adlı altıcildlik əsəri isə ona oxucular arasında böyük rəğbət qazandırmışdır.
Bu yaxınlarda işıq üzü görmüş "Uğurlu inqilablar olmur... Publisistin polemik qeydləri" kitabında da Elmira Axundova obyektiv əliyevşünas bioqraf kimi öz əzəli mövzusuna müraciət edir, Azərbaycan həqiqətlərini yaxın keçmişin hadisələri fonunda ümummilli liderinin fəaliyyətinə bağlı şəkildə açıqlayır, tutarlı faktlara söykənən dolğun fikirlərini oxucularla bölüşür. Topluya 2005-ci ildən bəri "Zerkalo", "Exo", "Bakinski raboçi" qəzetlərində dərc olunmuş dörd məqaləsi (iki dildə-rusca və azərbaycanca) daxil edilmişdir. Çox önəmli haldır ki, Azərbaycan rəhbərliyi tərəfindən müstəqilliyin möhkəmləndirilməsinə, demokratiyanın inkişafına, dövlətin gücləndirilməsinə istiqamətlənmiş siyasi kursa dəstəyini müəllif hamının başa düşəcəyi sadə mülahizələrlə bildirir. Ulu öndərin başladığı, möhtərəm Prezidentimiz İlham Əliyevin ləyaqətlə davam etdirdiyi bu işıqlı yolun doğruluğuna, yeganəliyinə oxucunu inandırmağı bacarır. Kitab boyu aydın duyulan bir orijinal cəhəti xüsusi ilə qeyd etmək istəyirəm. Məqalələr, ədəbi əsərlərində sözlə işləmək məharətini yetərincə sübuta yetirmiş, yazıçı-publisistin qələmindən çıxsa da, əsasən esse janrında yazılsa da, bəlağətdən, bədii bər-bəzəkdən, yozumlardan uzaqdır. Nəticədə maraqla oxunur. Dünyagörüşü sovet dövründə formalaşmış mənim kimi insanlar "inqilab" sözünü oxuyanda - eşidəndə, istər - istəməz yadına silah, ölüm, qan düşür. Yəni dinc formada həyatın axarını yaxşılığa doğru dəyişmək qeyri-mümkündür. Mürtəce qüvvələr bunu analoji şəkildə bir daha postsovet məkanında yaranmış ölkələrə yaşada bilməyəcəklərini anlayıb taktikanı dəyişdi. Əvvəlinə "narıncı", "çəhrayı" epitetlərini qoşub gündəmə gətirdilər. Hətta milli liderdən məhrum bir neçə dövlətə ixrac etməyi də bacardılar. Bizə isə gücləri çatmadı. Çünki Heydər Əliyevimiz vardı və onun layiqli davamçısı İlham Əliyev var. Azərbaycan mənəviyyatda, iqtisadiyyatda həyata keçirilən inqilabla bolluq, əmin-amanlıq diyarına çevrilmişdir... Müəllif düzgün olaraq, dəbdəbəli görünsün deyə, "ənənəvi" üsula əl atmır, kəlməbaşı fikrini bu sahədə ideyalar irəli sürmüş tədqiqatçılardan götürülən sitatlara bələmir, oxucunu yükləmir, əvvəldən-axıra sadə yazı dilinə sadiq qalır. Bu isə əsərə lakoniklik, səmimilik gətirir.
Elmira Axundova "Uğurlu inqilablar olmur... Publisistin polemik qeydləri" kitabında iqtidar-müxalifət münasibətini çox etik bir tərzdə təhlil edir. Onun ziyalılığı, qərəzsizliyi, əxlaq saflığı, elitarlığı yaradıcılığından da bir ana xətt kimi keçir. Müəllif ötən əsrin doxsanıncı illərinin başlanğıcında, nəyin bahasına olursa-olsun, Heydər Əliyevin Bakıya gəlişinin qarşısını almaq istəyən, lakin çox keçmədən xalqın təkidi ilə bu zəruri gəlişin reallaşmasından ötrü yalvaran, dəridən-qabıqdan çıxan naşı siyasətçilərin ittihamını tarixin ixtiyarına verir, onların aqibətinin puçluğuna, karyeralarının acınacaqlı sonluğuna, bir təəssübkeş azərbaycanlı xanım kimi təəssüfünü bildirir... Əsəri oxuyarkən Azərbaycana illər uzunu yağlı tikə kimi yanaşmış iri dövlətlərin maliyyələşdirdiyi çoxgedişli siyasi kombinasiyaların mahiyyətini aydın başa düşürsən.
Kitabda diqqət çəkən cəhətlərdən biri də təhlil boyu müəllifin öz obrazının fəallığıdır. Bu çevik üslubun sayəsində Elmira xanım hadisələri kənardan araşdırmır. Sanki onların əhatəsində dayanaraq əhəmiyyətlilərini seçib fikrini əsaslandırır. Müşahidələrindən çıxış etməklə yazır: "Məsələn, gözümlə görməsəydim heç vaxt inana bilməzdim ki, öz-özünü bu cür ifşa etmək mümkündür: AXC, Müsavat və ADP-nin daxil olduğu "Azadlıq" blokunun mitinq-yürüşündə nümayişçilər əllərində ABŞ prezidentinin portretini aparırdılar... Müxalifət sanki açıq göstərmək istəyirdi ki, daxili qüvvələrə, xalqın dəstəyinə yox, okeanın o tayındakı havadarların mənəvi (daha çox maddi) dəstəyinə arxalanır".
Həmin məqalənin başqa bir yerində vicdanlı jurnalistlər üçün çətin olan doxsanıncı illərin başlanğıcında qarşılaşdığı hədə-qorxunu yada salır: "Literaturnaya qazeta"nın səhifələrində yeni partiyanın yaranması və quruma Naxçıvan parlamentinin sədri Heydər Əliyevin rəhbərlik etməsi haqqında yazım dərc edildikdən sonra mənə Elçibəyin mətbuat xidmətindən zəng vurub bildirdilər ki, bəs, mən həddimi aşıram və yazılarımda ehtiyatlı olmalıyam".
Bütün bunları müəllif, özü də qeyd etdiyi kimi, populizm xatirinə yazmır, əsərin təsir gücünün artmasına, söykənc olaraq qələmə alır. Postsovet məkanındakı məlum siyasi-psixoloji oyanış dövründən - 1990-cı ildən "Literaturnaya qazeta", "Delovoy mir", "Obşaya qazeta", "Svoboda" radiostansiyası kimi rus və qərb kütləvi informasiya vasitələrinin xüsusi müxbiri olarkən Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq naminə dəfələrlə həyatını risk altına qoyan, vaxtıilə çoxları susub kiriyəndə, AXC hakimiyyəti üzvlərinin qəzəbindən çəkinmədən ölkəmizin, dövlətçiliyimizin vahid xilas yolunun Heydər Əliyev dühasından keçdiyini açıqca bildirən Elmira xanım Axundova öz universal fəaliyyəti, dönməz azərbaycançılıq mövqeyi ilə bu gün də mübarizə meydanındadır.
Dəyərli əsərlər müəllifini "Uğurlu inqilablar olmur... Publisistin polemik qeydləri" kitabının işıq üzü görməsi münasibəti ilə təbrik edir, Azərbaycan gəncliyi üçün belə gərəkli mənəvi vəsaiti yazıb ərsəyə gətirdiyinə görə dərin təşəkkürümüzü bildirir, yeni əsərlərini gözləyirik.

{nl}

Ayıq SƏMƏDOV

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında