Budapeştdə Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun "Mən gənc səfirəm" devizi altında keçirilən ikinci konfransının növbəti iş günündə faydalı müzakirələr aparılmışdır

Budapeştdə Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun (ASAİF) "Mən gənc səfirəm" devizi altında keçirilən ikinci konfransının son günündə keçirilmiş panel iclasları "Xaricdə təhsil alan azərbaycanlı gənclərin təşkilatlanma, diaspor və lobbiçilik fəaliyyətlərinin formalaşdırılması: baxış və perspektivlər", "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolu", "Xaricdə təhsil: insan kapitalının geri dönüşü və karyera imkanları", "Sosial şəbəkələr və KİV-lərin gənclərin ictimai-siyasi fəallıqlarının artırılmasındakı rolu" mövzularında müzakirələr ilə yadda qalmışdır.
Azərbaycanın Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova Budapeştdən bildirmişdir ki, "Xaricdə təhsil alan azərbaycanlı gənclərin təşkilatlanma, diaspor və lobbiçilik fəaliyyətlərinin formalaşdırılması: baxış və perspektivlər" mövzusunda keçirilən panel iclasının qonaqları Avropa-Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Tale Heydərov və Azərbaycan-Amerika Alyansının sədri Anar Məmmədov olmuşdur.
Paneldə çıxış edən Tale Heydərov demişdir: "Azərbaycan Xalq Cümhuriyyəti dövründə xaricə təhsil almağa göndərilmiş 100 tələbə haqqında kitab dərc etməyi planlaşdırırıq. Ayrı-ayrı Avropa ölkələrində bu barədə araşdırma aparılır. Məhz bu mövzuda sənədli film hazırlanacaq və sənədlər toplusu nəşr olunacaqdır. Fəaliyyətimizin əsas məqsədi ölkəmizin Avropada tanınması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır. Avropa-Azərbaycan Cəmiyyəti fəaliyyətinin bütün istiqamətləri üzrə, o cümlədən diaspor və lobbiçilik fəaliyyətinə dair nüfuzlu mütəxəssislər tərəfindən hazırlanmış xüsusi konsepsiyalara malikdir. Antiazərbaycan qüvvələri bizə qarşı geniş şəkildə mübarizə aparırlar. Onlar Azərbaycanın artan nüfuzundan qorxaraq ölkəmizi dəstəkləyən lobbi qrupuna qarşı, sözün əsl mənasında, informasiya müharibəsi aparırlar. Belə bir təbliğata hazır olmaq və lobbi qrupumuzun müdafiəsi də bizim əsas vəzifələrimizdən biridir".
Anar Məmmədov isə çıxışında bildirmişdir: "Mən daha çox gənclərin karyera imkanlarından danışmaq istərdim. Təşkilatımız ötən il Vaşinqton şəhərində yaradılıb. Lakin bu qısa müddət ərzində biz Xocalı soyqırımı ilə bağlı okeanın o tayında gerçəkləşdirdiyimiz təbliğat nəticəsində çox böyük işlər görə bildiyimizi sübut etdik. Sevindirici hal bizim 150 milyondan artıq insana Xocalı həqiqətlərini çatdıra bilməyimiz oldu. Bizim təşkilatın qapıları Azərbaycanı sevən, yaradıcı, bilikli gənclərin üzünə daim açıqdır".
"Xaricdə təhsil: insan kapitalının geri dönüşü və karyera imkanları" mövzusunda keçirilən müzakirənin qonaqları təhsil naziri Misir Mərdanov və Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov olmuşlar.
Gənclərin fəal şəkildə iştirakı ilə keçirilən müzakirələr digər mövzuları əhatə edən bölmə iclasları ilə davam etmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında