Şriftin ölçüsü:
07.04.2012 10:16 | Oxunma sayı: 962
Azərbaycanın müstəqillik illərində davamlı yüksəlişi ulu öndərimiz, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək, ardıcıl və tarazlı tərəqqinin təmin edilməsi üçün elmin və təhsilin rolunu yüksək dəyərləndirməsi və bu sahəyə xüsusi qayğı göstərməsi nəticəsində mümkün olmuşdur. Ölkə prezidenti 1998-ci ildə Azərbaycan Respublikası təhsil sistemində islahatlar keçirilməsi ilə bağlı sərəncam imzaladıqdan sonra az bir vaxtda islahatlar Proqramı hazırlandı. Bu proqramda Azərbaycan təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasının vacibliyi də öz əksini tapmışdı.
Ali məktəbimizin Avropa Birliyi ilə TEMPUS proqramı çərçivəsində əməkdaşlığı da məhz həmin ildən başlayır. Səylərimizin nəticəsində Fransanın Sofiya-Antipolis və İtaliyanın Genuya universitetləri ilə birlikdə Azərbaycan Dövlət Neft Akademiyasında magistr səviyyəsində yeni ixtisaslaşmanın yaradılması üçün Respublikada ilk dəfə olaraq bu proqramın qrantı ayrılmışdır. 1999-cu ildən etibarən "Ətraf mühit və neft sənayesi" istiqaməti üzrə həyata keçirilən birgə mütəxəssis hazırlığı tələbələrimiz arasında çox böyük nüfuz qazanmışdır. Avropa standartlarına uyğun olan tədris planları əsasında aparılan təhsil fakültələrarası mahiyyət daşıyır. Bu layihənin ofisi, kompyuter şəbəkəsi, daxilində müasir tədris vasitələri və dərsliklər olan kitabxanası yaradılmışdır. Ölkə sənayesi üçün vacib olan ixtisaslaşma üzrə bu günə 153 magistr hazırlanıb, 24 tələbə isə təhsilini davam edir.
Yuxarıda qeyd olunan partnyorlarımızla yanaşı Almaniyanın Zigen Universiteti, Polşanın Bıdqoş şəhərindəki Texnologiya və Həyat haqqında Elmlər Universiteti və Yunanıstanın Afina Dövlət Texniki Universiteti ilə birlikdə 2008-ci ildə TEMPUS proqramı çərçivəsində ali məktəblər arasında əlaqələrin müasir səviyyədə qurulmasına aid layihə başlanmışdır. Nəticədə biz təhsil müəssisəmizdə beynəlxalq əlaqələr ofisinin yaradılmasına, onun lazımi avadanlıqlarla təchiz edilməsinə, konsorsiuma daxil olan Avropa universitetlərinin təcrübəsi ilə tanışlığa nail olmuşuq. Hazırda bu sahədə təcrübəmizi Azərbaycanın digər universitetləri ilə bölüşürük.
2010-cu ildən ali məktəbimizdə "Sənaye müəssisələri ilə əlaqələrin inkişafı üçün universitetlərarası innovasiya şəbəkəsinin yaradılması" adlı yeni TEMPUS layihəsi həyata keçirilir. İsveçin Kral Texnologiya Universiteti, Böyük Britaniyanın Varvik Universiteti, Polşanın Krakov Universiteti, Rusiyanın, Ukraynanın, Belarusun ali neft məktəblərini birləşdirən bu layihə yerinə yetirilən elmi-tədqiqat işlərinin nəticələrinin dünya bazarına çıxarılmasına imkan yaradacaqdır. Bu layihə çərçivəsində Azərbaycan Dövlət Neft Akademiyasında videokonfrans zalı quraşdırılmış və istifadəyə verilmişdir.
Neft Akademiyasının Avropa tərəfdaşlarının sırasında Almaniyanın Köln Tətbiqi Elmlər Universiteti xüsusi yer tutur. Burada çalışan professor Reza Talebi-Daryani ali məktəbimizdə TEMPUS xətti ilə həyata keçirilən bir neçə layihənin koordinatoru kimi fəallıq göstərmişdir.
Belə ki, 2002 - 2004-cü illərdə Almaniyanın Köln Tətbiqi Elmlər Universiteti, Hollandiyanın Heerlen Tətbiqi Elmlər Universiteti və Azərbaycanın bir neçə təhsil müəssisəsi ilə birgə "Azərbaycan ali məktəblərində müasir mühəndis hazırlığı" layihəsi həyata keçirilmiş, Azərbaycan Dövlət Neft Akademiyasında "Avtomatlaşdırma və informasiya texnikası" və "Elektroenergetika" ixtisasları üzrə Avropa standartlarına uyğun tərtib olunmuş tədris planları əsasında bakalavr hazırlığı başlamışdır.
2006-cı ildə isə ali məktəbimiz Köln Tətbiqi Elmlər və Varşava Texnologiya universitetləri ilə birgə Avropa Birliyinin Təhsil və Mədəniyyət üzrə Komissiyasının keçirdiyi müsabiqənin qalibi olmuş və "Neft sənayesi üçün enerji menecmenti üzrə magistr hazırlığı" adlı layihəni həyata keçirməyə başlamışdır. Nəticədə, Azərbaycanda ilk dəfə olaraq sənaye müəssisələri üçün vacib olan bu ixtisaslaşma üzrə kadrların hazırlığı həyata keçirilir.
Yuxarıda qeyd olunan layihələr çərçivəsində ADNA-nın müvafiq kafedralarında müasir avadanlıqlarla təchiz olunmuş tədris laboratoriyaları yaradılmışdır. Yeni ixtisaslar üzrə mütəxəssis hfazırlığına cəlb olunmuş müəllimlər alman dili kursları keçmiş, Köln, Heerlen və Varşava universitetlərinə ezam olunaraq, öz peşə biliklərini artırmışlar. Tərəfdaş ali məktəblərin nümayəndələri isə, Bakıya gələrək, yeni ixtisasların açılması ilə bağlı yaranan problemlərin həllində bizə metodiki kömək göstərmişlər. Qeyd etmək yerinə düşərdi ki, Bakıda və Kölndə layihələrin nəticələrinin müzakirələrinə həsr olunmuş konfranslar da vacib rol oynamışdı. Səmərəli əməkdaşlığın davamı 2011-ci ildə yeni qrantın udulması ilə qeyd olunmuşdur. Bu dəfə Brüsseldə yerləşən Avropa Birliyinin Təhsil, Audiovizual vasitələr və Mədəniyyət üzrə İcraçı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan üçün mühəndis təhsilində tədris prosesinin Bolonya prosesinə uyğunlaşdırılması" TEMPUS layihəsi həyata keçiriləcəkdir. Əlamətdar bir faktdır ki, işin təşkilinə Köln Tətbiqi Elmlər, Varşava Texnologiya və Graz (Avstriya) Texniki Universitetləri ilə yanaşı Almaniyanın ASIIN Consult GmbH akkreditasiya agentliyi də cəlb olunmuşdur. Əsas məqsədi ali təhsildə mühəndislik və təbiət elmləri ixtisasları sahələrində yüksək standartların təmin edilməsindən ibarət olan bu təşkilat Azərbaycanın tərəfdaş universitetlərində tədris prosesi üçün keyfiyyətə təminat və attestasiya mərkəzlərinin qurulmasına dəstək verəcəkdir. 2013-cü il üçün Azərbaycan Dövlət Neft Akademiyasında, Azərbaycan Texniki Universitetində və Sumqayıt Dövlət Universitetində yaradılacaq pilot xarakterli bu qurumlar ölkəmizdə texniki təhsilin Bolonya prosesinə uyğunlaşması yollarını göstərəcək, verilən diplomların Qərbdə tanınmasına zəmanət yaradacaqdır. Bu səbəbdən Azərbaycan Respublikası Təhsil Nazirliyi layihənin reallaşmasında ilk gündən fəal iştirak edir. Ali məktəbimizin professor-müəllim heyətinin TEMPUS proqramı üzrə layihələrdə iştirakı onların elmi-pedaqoji potensialının artmasına, böyük təcrübə əldə etmələrinə zəmin yaradır. Qəbul imtahanlarında abituriyentlər arasında yeni ixtisaslar üzrə müsabiqə sabit olaraq yüksəkdir, müvafiq akademik qruplarda tədris prosesinin keyfiyyəti bütün tələb olunan standartlara uyğundur. Belə layihələrin həyata keçirilməsi Azərbaycan ali məktəblərinin Avropa təhsil məkanına inteqrasiyasında və Bolonya prosesinə qoşulmasında böyük təcrübə əldə etməyə imkan verir. Əminik ki, Avropa Birliyi ilə işgüzar əməkdaşlığımız gələcəkdə də davam edəcəkdir.
{nl}
Siyavuş QARAYEV, Azərbaycan Dövlət Neft Akademiyasının rektoru, akademik
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.