Aprelin 6-da Macarıstanda Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun (ASAİF) Budapeşt forumu öz işinə başlayacaqdır. ASAİF-dən bildirmişlər ki, Azərbaycan gəncliyinin tarixində növbəti mühüm yer tutacaq bu forumda 27 ölkədən 250-dən çox gənc iştirak edəcəkdir.
Forumun əsas məqsədlərindən biri xarici ölkələrdə təhsil alan gənclərimizin ortaq bir platformada birləşərək təcrübə mübadiləsində iştirak etmək, dövlət rəsmiləri ilə birbaşa ünsiyyət qurmaq, onlarla fikir mübadiləsi aparmaq, müzakirələr və panellərdə Azərbaycanın xaricdə təmsil olunmasının yeni metodlarını öyrənməkdir. Forumun ilk günü azərbaycanlı gənclərin ölkəmizin Litva, Avstriya, Yunanıstan, Almaniya, Böyük Britaniya, İtaliya və digər ölkələrdəki səfirləri ilə görüşləri keçiriləcək, fikir mübadiləsi aparılacaq və ASAİF-in gələcək planları müzakirə ediləcəkdir.
Qeyd edək ki, həmçinin Azərbaycanın nüfuzlu gənclər təşkilatlarının rəhbərləri ilə Macarıstan gənclər təşkilatlarının rəhbərləri arasında da ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır. Bu görüşlərdə birgə layihələr, əməkdaşlıq perspektivləri müzakirə olunacaq, macar gəncləri ölkələrində olan bir sıra nüfuzlu universitetlərin təqdimatlarını edəcəklər.
Günün ikinci yarısı Macarıstan Parlamentində ASAİF "Mən gənc səfirəm" adlı Budapeşt forumunun rəsmi açılış mərasimi keçiriləcəkdir. Mərasimdə hər iki ölkənin bir sıra dövlət rəsmilərinin çıxışı planlaşdırılır. Tədbirdə ASAİF sədri Orxan Əkbərov, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Macarıstan parlamentinin vitse-spikeri İştvan Yakab, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Macarıstan Milli Ehtiyatlar Nazirliyinin sosial təminat, ailə və gənclər üzrə dövlət katibi Mikloş Şoltes, Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Azərbaycan Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəhbəri Səməd Seyidov çıxış edəcəklər. Forumun ilk günü konsert proqramı ilə başa çatacaqdır.
Forumun ikinci günü "Xaricdə təhsil alan azərbaycanlı gənclərin təşkilatlanma, diaspor və lobbiçilik fəaliyyətlərinin formalaşdırılması; baxış və perspektivlər", "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolu", "Xaricdə təhsil: İnsan kapitalının geri dönüşü və karyera imkanları", "Sosial şəbəkələr və KİV-lərin gənclərin ictimai-siyasi fəallıqlarının artırılmasındakı rolu" mövzusunda panel iclaslarda müzakirələr aparılacaqdır.
Qeyd edək ki, panellərdə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin deputatları Ceyhun Osmanlı, Fuad Muradov, Rasim Musabəyov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin sektor müdiri Fərhad Məmmədov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Tale Heydərov, Amerika-Azərbaycan Alyansının sədri Anar Məmmədov, TürkPA-nın baş katibi Ramil Həsənov, Ümumrusiya Azərbaycanlılar Konqresinin baş katibinin müavini Nemət Nağdəliyev, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin gənclərlə iş şöbəsinin müdiri Vaqif Seyidbəyli, NOVCO şirkətlər qrupunun prezidenti Fərid Novruzi, "Antenn" Fm-in rəhbəri Rüstəm Əliyev, "İRƏLİ" gənclər təşkilatının baş katibi Rauf Mərdiyev, Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov, İTAR-TASS informasiya agentliyinin əməkdaşı, politoloq Səadət Kadırova, "Bakinski raboçi" qəzetinin baş redaktoru Rəhman Hacıyev, APA informasiya agentliyinin direktoru Vüsalə Mahirqızı və digər tanınmış ekspertlər iştirak edəcəklər.
Forumun bağlanış mərasimində təşkilatın fəaliyyətində və inkişafında xüsusi rolu olan insanlara müxtəlif nominasiyalar üzrə plaketlər və sertifikatlar təqdim ediləcəkdir.
{nl}
AzərTAc
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.