Respublika elmi konfransı alimin yubileyinə həsr olunmuşdur

İyunun 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda "Radiasiya və ətraf mühit" mövzusunda Respublika elmi konfransı işə başlamışdır.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribovun 60 illik yubileyinə həsr olunmuş konfransda alim və mütəxəssislər iştirak edirlər.
AMEA-nın fizika-riyaziyyat və texnika elmləri bölməsinin akademik-katibi, akademik Akif Hacıyev görkəmli alimin Azərbaycan elminin inkişafındakı xidmətlərindən danışmış, ona yeni elmi nailiyyətlər arzulamışdır.
Professor İslam Mustafayevin "AMEA-nın müxbir üzvü A.Qəribovun həyatı və elmi fəaliyyəti" mövzusunda məruzəsi dinlənilmişdir.
Bildirilmişdir ki, Adil Qəribov 1950-ci il martın 28-də Şəkinin İbrahim kəndində anadan olmuşdur. O, 1966-cı ildə Kiçik Dəhnə kənd orta məktəbini gümüş medalla, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Tədqiqatları Bölməsinin aspiranturasına daxil olmuşdur. 1979-cu ildə namizədlik, 1995-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmiş, 1998-ci ildə professor elmi adına layiq görülmüşdür.
A.Qəribov 1974-1980-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində, Q.Qubkin adına Neft-Kimya, Karpov adına Fizika-Kimya Tədqiqatları, SSRİ EA-nın Fiziki Kimya İnstitutunda və İ.V.Kurçatov adına Atom Enerjisi İnstitutunda böyük məktəb keçmişdir. 1990-1995-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Sektorunda heterogen sistemlərin radiasiya kimyası qrupunun, 1995-2001-ci illərdə heterogen sistemlərin radiasiya kimyası laboratoriyasının rəhbəri vəzifələrində çalışmışdır. 2002-ci ildən AMEA Radiasiya Problemləri İnstitutunun direktorudur. 2005-ci ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüş, 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 200-dən artıq elmi əsərin və 17 müəlliflik şəhadətnaməsinin müəllifidir.
Vurğulanmışdır ki, A.Qəribovun elmi fəaliyyəti atom enerjisinin çevrilməsi və ondan istifadə olunması, atom-hidrogen energetikası, nüvə, neft-kimya komplekslərinin yaradılması, nüvə reaktorlarının təhlükəsizliyi, radiasiya materialşünaslığı, radiasiya katalizi və adsorbsiyası, respublikanın nüvə və radiasiya təhlükəsizliyi kimi aktual problemləri əhatə edir.
Diqqətə çatdırılmışdır ki, A.Qəribov Azərbaycanda heterogen sistemlərin radiasiya kimyası elmi istiqamətinin əsasını qoymuş və bu sahədə onun aldığı nəticələr MDB-də və digər xarici ölkələrin alimləri tərəfindən yüksək qiymətləndirilmişdir.
Alim bir sıra beynəlxalq miqyaslı qurumlarda Azərbaycan Respublikasını təmsil edir. A.Qəribov Radiasiya Problemləri İnstitutunun dünyanın bir çox elmi mərkəzləri ilə geniş beynəlxalq əlaqələrini qurmuşdur. ABŞ-ın Energetika Nazirliyi Batell Memorial İnstitutu, ABŞ Arqon Milli Laboratoriyası, CRDF fondu, NATO, BAEA, TAEK, UNTÇ (STCU) və digər qurumlarla qrant proqramları, layihələr əsasında birgə işlər aparılır.
A.Qəribov dərin nəzəri-elmi biliyi, qeyri-adi tədqiqatçılıq qabiliyyəti ilə yanaşı, geniş dünyagörüşünə, güclü məntiqə, nəticələri dərin təhlil etmək qabiliyyətinə, ümumiləşdirmək bacarığına malik olan ciddi alimlərdən biridir.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev, akademiklər Telman Əliyev, Nadir Seyidov, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov və başqaları öz işinə yüksək məsuliyyət hissi ilə yanaşan A.Qəribovun görkəmli alim, bacarıqlı təşkilatçı, nəcib insani keyfiyyətlərindən danışmış, ona elmi fəaliyyətində uğurlar, cansağlığı arzulamışlar.
Konfrans iyunun 2-də başa çatacaqdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında